11.
09. 2026
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstanın Batumi şəhərində işgüzar
səfərdə olub.
Sentyabrın 9-da Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik
etdiyi nümayəndə heyəti Gürcüstanın Batumi şəhərində işgüzar səfərdə olub.
Nümayəndə heyətinin tərkibində
Konstitusiya Məhkəməsinin hakimi Rəşid Rzayev və Aparat rəhbəri Anar Babayev
olublar.
Səfər çərçivəsində Gürcüstan
Konstitusiya Məhkəməsinin sədri Revaz Nadariya və məhkəmənin hakimləri ilə
görüş keçirilib.
Gürcüstan Konstitusiya Məhkəməsinin
sədri Revaz Nadariya Azərbaycan nümayəndə heyətini salamlayaraq, 2025-ci ildə
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr
olunmuş tədbirdə iştirak etmək məqsədilə ölkəmizə etdiyi səfərlə bağlı xoş təəssüratlarını
bölüşüb.
Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayev səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycan və
Gürcüstan arasında müxtəlif sahələrdə inkişaf edən dostluq və əməkdaşlıq
münasibətlərini qeyd edib, eləcə də iki ölkə arasında mövcud əlaqələrin hüquq və
məhkəmə sistemləri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm
əhəmiyyət daşıdığını vurğulayıb.
Tərəflər Azərbaycan-Gürcüstan
münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişaf dinamikasını nəzərdən keçirərək,
iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd ediblər.
Daha sonra qanunun aliliyinin
möhkəmləndirilməsi məqsədilə Konstitusiya məhkəmələri arasında dialoq və əməkdaşlıq
mövzusunda geniş müzakirələrə yer verilib.
Həmçinin qanunun aliliyinin təmin
olunması, konstitusiya ədalət mühakiməsinin inkişaf tendensiyaları, habelə
Konstitusiya məhkəmələri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi
ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılıb.
Bununla yanaşı, məhkəmə təcrübəsində
qarşıya çıxan konstitusiya hüquq məsələləri nəzərdən keçirilib, həmin məsələlərə
dair tərəflərin hüquqi və praktiki yanaşmaları təqdim olunub.
Görüşdə, habelə məhkəmə
sistemlərində həyata keçirilən müasir islahat və proseslər barədə qarşılıqlı
fikir və təcrübə mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Azərbaycan
Konstitusiya Məhkəməsi ilə Gürcüstan Konstitusiya Məhkəməsi arasında mövcud əməkdaşlığın
əhəmiyyəti xüsusi vurğulanıb. Qanunun aliliyinin möhkəmləndirilməsi və
konstitusiya ədalət mühakiməsinin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı
dialoqun davamlı şəkildə genişləndirilməsinin vacibliyi qeyd olunub.
Sentyabrın 10-da Azərbaycan
nümayəndə heyəti Acarıstan Muxtar Respublikası hökumətinin sədri Zurab
Pataradze və Ali Şurasının sədri Tsotne Ananidze ilə görüşüb.
Görüş zamanı Azərbaycan-Gürcüstan
məhkəmə-hüquq münasibətlərinin inkişaf səviyyəsi, əməkdaşlığın genişləndirilməsi
imkanları, eləcə də hüquq və məhkəmə sahəsində əlaqələrin perspektivləri ətrafında
müzakirələr aparılıb.
Eyni zamanda, müasir dövrdə Azərbaycan-Gürcüstan
arasında dostluq və qardaşlıq tərəfdaşlıq münasibətləri barəsində geniş məlumatlar
verilib, bütün sahələrə aid inkişaf dinamikası olduğu qeyd edilib.
Səfər çərçivəsində görüşlərdə Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov iştirak edib.
