07.05.2025
Mayın
7-də Konstitusiya Məhkəməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər
Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası: müasir
hüquqi dövlətçiliyinin təməli kimi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Tədbirdə
açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev
müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi
xidmətlərindən, böyük xilaskarlıq rolundan danışaraq ölkəmizdə müstəqilliyin bərpasından
sonra Ümummilli Liderin xalqın təkidli tələbi nəticəsində hakimiyyətə
qayıtmasının Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas etdiyini, ölkənin
ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün
yarandığını, bütün sahələrdə qazanılan uğurların dahi rəhbər Heydər Əliyev
siyasətinin bəhrəsi olduğunu qeyd edib.
Sədr
Azərbaycan tarixinin bütöv bir mərhələsinin Ümummilli Liderin adı ilə bilavasitə
bağlı olduğunu, görkəmli siyasətçi Heydər Əliyevin Vətənin müstəqilliyi,
inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün önəmli işlər həyata keçirdiyini,
Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini
qoyaraq inkişaf etdirdiyini vurğulayıb.
Dahi
şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən
bəhs edən Fərhad Abdullayev qeyd edib ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi
ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə
dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin
yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşdırılmasına
geniş imkanlar açıb, həmin proses çərçivəsində ölkəmizdə ilk dəfə olaraq
konstitusiya ədalət mühakiməsi institutu təsis edilib.
Vurğulanıb
ki, bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin
qorunmasına yönələn müqəddəs ideyaları onun layiqli davamçısı olan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilir. Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları Ulu Öndər Heydər
Əliyevin siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun və Konstitusiyanın
aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına xidmət
edir.
Sədr
diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan məqsədyönlü
daxili və xarici siyasətin, ordu quruculuğu strategiyasının müasir dövrdə Müzəffər
Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıb, torpaqlarımızın
uzun illər davam edən işğalına son qoyularaq ərazi bütövlüyümüz, tarixi ədalət
və beynəlxalq hüquq bərpa edilib. Bu Qələbə regionda yeni reallıqlar yaradaraq
Konstitusiyanın hüquqi qüvvəsini və vətəndaşların konstitusiya hüquqlarının bərpasını
işğaldan azad edilmiş torpaqlarımızda təmin etdi.
Vurğulanıb
ki, 2023-cü ilin sentyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda həyata
keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Rəşadətli Ordumuz
dövlətimizin suverenliyini onun bütün ərazisində tam təmin etdi və xalqımızın
milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi.
Qeyd
edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr
2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il
“Konstitusiya və Suverenlik İli” elan edilib və bununla bağlı, ölkədə bir sıra
tədbirlər keçirilməkdədir. Həmçinin, Konstitusiya Məhkəməsi tərəfindən bu il
bir sıra tədbirlərlə yanaşı iyul ayında Azərbaycan Respublikası
Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr edilmiş beynəlxalq
konfrans təşkil ediləcək.
Konfransda
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə
Əliyeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli
Aviasiya Akademiyasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə
Akademiyasının, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin,
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyasının nümayəndələri iştirak ediblər.
Çıxış
edənlər bildiriblər ki, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin
hakimiyyətə qayıdışı ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı olub. Ulu
Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda
əsası qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələr gələcəkdə
Azərbaycan xalqının istiqlaliyyət qazanması üçün zəmin yaradıb.
Daha
sonra Konfransın praktiki hissəsində müxtəlif hüquqi mövzular üzrə məruzələr
təqdim edilib, geniş fikir mübadiləsi aparılıb.
Tədbirə
yekun vuran Fərhad Abdullayev xüsusilə qeyd edib ki, Ümummilli Lider Heydər
Əliyevin ölkəmizin parlaq gələcəyinə hesablanmış uğurlu siyasəti zamanın tələblərinə
uyğun olaraq, bu gün onun siyasi varisi Dövlət Başçısı cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir, Azərbaycan dünyada bir çox yeni layihələrə imza ataraq
məğlubedilməz və güclü dövlətə çevrilir, hərtərəfli inkişaf edərək zəfərdən-zəfərə
doğru addımlayır. Konstitusiya Məhkəməsi də öz növbəsində müəllifi Ulu Öndər
Heydər Əliyev olan Əsas Qanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi
dövlət quruculuğu prosesinin möhkəmlənməsi və qanunçuluğun qorunması istiqamətində
Prezident cənab İlham Əliyevin həyata keçirdiyi mütərəqqi fəaliyyətinə dəstək
olaraq üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq.
Tədbirin sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev aprelin 25-də Bakı şəhərinin Qaradağ rayonunun orta məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilmiş “Konstitusiya və Suvenrenlik İli” hüquq olimpiadasının qaliblərinə mükafatlar təqdim edib.