01.05.2025
Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin
sədrliyi ilə növbəti iclası keçirilib.
Məhkəmə iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin
V hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələbləri baxımından Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-ci maddəsinin şərh edilməsinə
dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim
R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı Ağır Cinayətlər Məhkəməsinin
müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Azərbaycan
Respublikasının Prokurorluğu, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası
tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət
Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru,
professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək,
qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası
Konstitusiyasının 125-ci maddəsinin V hissəsinin və 60-cı maddəsinin I hissəsinin
tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 522-ci maddəsindən kənar qaydada xarici dövlətin məhkəməsinin
hökmünün tanınması və təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin
edilərkən xarici dövlətin məhkəməsinin hökmü ilə çəkdiyi cəzanın ona təyin ediləcək
cəza müddətinə hesablanması yolverilməzdir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.