Qərarlar

06.01.21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair

 

6 yanvar 2021-ci il                                                                                 Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Balakən Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.             

İş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Balakən Rayon Məhkəməsinin hakimi Z.Tahirov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri S.Sadıqovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Murquzovun və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi O.İsayevin mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ :

 

Balakən Rayon Məhkəməsinin icraatında F.Hüseynovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Cinayət işinin materiallarından görünür ki, o, Türkiyə Respublikasında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,624 qram “metamfetamin” psixotrop maddəsini əldə etmiş və saxlamış, Gürcüstan Respublikasından tranzit keçməklə Azərbaycan Respublikasına daşımış və 3 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay gömrük postunda gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirmişdir.

Həmin cinayət işi ilə bağlı Balakən Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək:

         Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından artıq olduğu təqdirdə  şəxsin  əməlinin Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinin tərkibini (cinayətlərin ideal məcmusu) yaratması və ya Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə münasibətdə əməlin daha ciddi sayılan Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə əhatə olunaraq, yalnız həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməsi məsələsinin;

         gömrük sərhədindən qanunsuz keçirilən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda (bundan sonra – “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”) göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda olmadıqda şəxsin Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cinayət məsuliyyətinə, yaxud Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub-olunmaması məsələsinə aydınlıq gətirilməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 8.2 və 234.1-ci maddələrinə, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na münasibətdə Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən, cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalardır.

Pozulmuş ictimai münasibətlərin bərpası üçün dövlət məcburetmə vasitələrinin tətbiq edilməsi onların ictimai təhlükəlilik dərəcəsindən irəli gəlir və bu zaman belə əməllərlə ictimai münasibətlərə vurula biləcək zərərin digər hüquqi vasitələrlə qarşısının alınmasının mümkünsüzlüyü nəzərə alınır.

Qanunverici ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 2019-cu il 14 oktyabr tarixli Qərarı).

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının 1972-ci il tarixli protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələr haqqında” 1961-ci il tarixli Vahid Konvensiyasına (bundan sonra – “Narkotik vasitələr haqqında” Vahid Konvensiya) və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyasına  qoşulmuşdur.

Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair I Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a” yarımbəndi).

“Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyaya müvafiq olaraq, Tərəflər istənilən narkotik vasitənin və ya psixotrop maddənin şəxsi istehlak məqsədilə saxlanmasının, əldə edilməsinin, yaxud becərilməsinin, qəsdən törədildiyi halda, öz qanunvericiliyinə müvafiq olaraq hüquqpozma kimi qiymətləndirilməsi üçün tələb oluna biləcək tədbirləri görür; Tərəflər bu maddədə nəzərdə tutulmuş istənilən hüquqpozmalar barəsində hüquq mühafizə tədbirlərinin maksimal effektivliyinə nail olmaq məqsədilə və belə hüquqpozmaların törədilməsinə mane olmağın zəruriliyini nəzərə almaqla, həmin hüquqpozmalara görə şəxslərin cinayət təqibinə aid istənilən diskresion hüquq səlahiyyətlərinin öz milli qanunvericiliklərinə müvafiq olaraq istifadəsini təmin etməyə çalışırlar (3-cü maddənin 2 və 6-cı bəndləri).

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar yaranan ictimai münasibətləri tənzimləyən, bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Eyni zamanda Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərindən irəli gələrək  qaçaqmalçılığa və qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının hazırlanması, istehsal edilməsi, əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və ya satılmasına görə Cinayət Məcəlləsinin 206 və 234-cü maddələrində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.

Cinayət Məcəlləsinin 206.1-ci maddəsində qaçaqmalçılıq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların keçirilməsi kimi təsbit edilmişdir. Həmin Məcəllənin 206.2-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edilməlidir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra – Gömrük Məcəlləsi) və sahəvi normativ hüquqi aktlarla tənzimlənir. Gömrük Məcəlləsi Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir.

Gömrük orqanlarının vəzifələri Məcəllənin 8-ci maddəsində göstərilmişdir. Onların arasında gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların və başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq vəzifəsini göstərmək olar.

Öz növbəsində Gömrük Məcəlləsinin 214.1.2-ci maddəsində milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan olan malların sırasında gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları göstərilmişdir.

Beləliklə, şəxs tərəfindən malların və ya digər əşyaların gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti kimi tövsif edilir ki, cinayət əməlini törətmiş şəxs Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasındakı cinayətin obyektiv cəhətini təşkil edən və Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun.

“Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016-cı il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir.

Nəzərə alınmalıdır ki, qaçaqmalçılıq bu cinayətin predmetini təşkil edən əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir.

Şəxs tərəfindən  Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinin dispozisiyası ilə əhatə olunan, obyektiv cəhətdən əhəmiyyətli dərəcədə fərqlənən  əməllərin törədilməsi istisna deyildir. Belə ki, Məcəllənin 206.2-ci maddəsinin obyektiv cəhətini Azərbaycan Respublikasının gömrük sərhədindən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz keçirilməsi təşkil etdiyi halda, həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımada ifadə olunur. Müvafiq olaraq qeyd olunan cinayət əməllərinin subyektiv cəhətinin məzmunu da fərqlidir.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsi narkotik vasitələrin və psixotrop maddələrin ümumiyyətlə dövriyyəsi ilə bağlı ictimai marağın təmin edilməsinə yönəldiyi halda, həmin Məcəllənin 206.2-ci maddəsi müstəsna olaraq bu maddədə göstərilən predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmə qaydalarına riayət olunması sahəsində dövlət və ictimai maraqların təmin edilməsinə xidmət edir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsi həmin Məcəllənin “İqtisadi fəaliyyət sahəsində olan cinayətlər” qrupunun yerləşdiyi 24-cü fəsildə, 234.1-ci maddəsi isə “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” adlanan 26-cı fəslində yer almışdır.

Eyni zamanda qeyd olunmalıdır ki, qanunverici Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin dispozisiyasında şəxsi istehlak miqdarının müəyyən edilməməsində törədilən cinayətin obyektiv və ya subyektiv cəhətinin həmin şəxsi istehlak miqdarının həcmi ilə birbaşa və dolayı yolla əlaqəli olmaması mövqeyindən çıxış etmişdir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində narkotik vasitə və psixotrop maddələrin miqdarının müəyyən edilməməsinin məqsədli olmasını, həmin maddədəki əməlin törədilməsi niyyəti ilə şəxsi istehlak miqdarının həcmi arasında əlaqənin olmaması ilə izah olunmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə malların və digər əşyaların xeyli miqdarda keçirilməsi predmetin konkretləşdirici əlaməti kimi göstərildiyi halda, həmin Məcəllənin 206.2-ci maddəsində qeyd edilən mallara və digər əşyalara münasibətdə bu meyar nəzərdə tutulmamışdır.

Göründüyü kimi, Məcəllənin 206.2-ci maddəsində sadalanan mallar və digər əşyalar, o cümlədən narkotik vasitələr və psixotrop maddələrin qanunsuz keçirilməsi miqdar ilə şərtləndirilməmişdir.

Bundan fərqli olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Burada qanunverici narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinin yaranmasını məhz şəxsi istehlak miqdarı ilə şərtləndirmişdir. Bu baxımdan satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr və ya psixotrop maddələrin gömrük nəzarətindən qanunsuz olaraq keçirilməsi eyni zamanda Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hər iki maddənin təhlilindən belə qənaətə gəlir ki, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır.

Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqi mövqeyi “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016-cı il 2 iyun tarixli Qərarında ifadə olunmuş mövqeyi ilə də uyğundur.

Eyni zamanda Cinayət Məcəlləsinin 17.2 və 17.3-cü maddələrinə müvafiq olaraq, bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. Şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir.

Həmçinin bir daha qeyd olunmalıdır ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz.

 Konstitusiyada və cinayət qanununda təsbit edilmiş bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsini əks etdirən non bis in idem prinsipi yalnız şəxsin eyni bir cinayət əməlinə görə təkrar məhkum edilməsinin və cəzalandırılmasının qarşısını alan qayda kimi dar mənada təfsir olunmur. Bu prinsip həm də cinayət-hüquqi əhəmiyyəti olan eyni bir halın iki dəfə, həm cinayətin tövsifi zamanı, həm də cəza təyin edilməsi zamanı nəzərə alınmasını istisna edir. Belə ki, bu prinsip hər hansı bir cinayət-hüquqi xarakterli tədbirin cinayət əməlinə hüquqi qiymət verilərkən təkrarən tətbiq olunmasına qadağa qoyur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin  Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” 2013-cü il 4 mart tarixli Qərarı).

Beləliklə, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin normaları Ümumi Hissənin cinayətlərin məcmusu və cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini tənzimləyən normaları ilə birgə cinayət qanununun tətbiqi zamanı ədalət prinsipinin həyata keçirilməsini təmin etməlidirlər.

Belə ki, Məcəllənin 8.1-ci maddəsinə uyğun olaraq, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Şəxs tərəfindən müxtəlif cinayət tərkibli əməllər törədildikdə isə məcmu qaydasında əməllərin tövsif edilməsi və cəza təyin etməklə Məcəllənin 8.1-ci maddəsində əks olunan ədalət prinsipinin tələblərini təmin etmək olar.  Başqa yanaşma Cinayət Məcəlləsinin prinsip və vəzifələrinə, cəzanın məqsədinə zidd olardı.

“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilmiş narkotik vasitələrin və ya psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından artıq olmadıqda şəxsin Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cinayət məsuliyyətinə yaxud İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub- olunmaması ilə bağlı məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, İnzibati Xətalar Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

Məcəllənin inzibati xəta anlayışını təsbit edən 12.2-ci maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin Xüsusi Hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.

İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi yalnız qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət müəyyən etmişdir. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir.

İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi Məcəllənin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətalar”ı tənzimləyən Fəslində yer alır və qaçaqmalçılıq cinayətinin dispozitiv şərti olan malların gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz keçirilməsini nəzərdə tutmamışdır. Bu halda şəxs tərəfindən gömrük nəzarətindən keçirilən narkotik vasitələrin və ya psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından artıq olmadığı halda belə, bu əməl inzibati xəta kimi tövsif edilə bilməz.

Həmçinin qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin “Gömrük qaydaları əleyhinə olan inzibati xətalar”ı tənzimləyən Fəsli yalnız malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qanunsuz olaraq keçirilməsinə görə inzibati məsuliyyət müəyyən etmişdir.

Beləliklə, qanunverici narkotik vasitələrin və psixotrop maddələrin hər hansı bir miqdarda gömrük qaydalarının pozulması ilə keçirilməsinə görə məqsədli şəkildə həmin əmələ görə cinayət tərkibi yaratdığı üçün inzibati məsuliyyət müəyyən etməmişdir.

Belə olan halda satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin gömrük sərhədindən gömrük nəzarətindən kənar qanunsuz olaraq keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na münasibətdə şərh edilməsi ilə bağlı qeyd edir ki, həmin siyahılar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdar və külli miqdarlarına dair məsələləri tənzimləyir və yalnız Cinayət Məcəlləsinin 26-cı fəslində yer alan “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə münasibətdə tətbiq edilir. Bu baxımdan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə münasibətdə tətbiq edilə bilməz.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır;

- satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır;

- “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə münasibətdə tətbiq edilməməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır.

2. Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır.

3. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə münasibətdə tətbiq edilmir.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. 

 

Sədr                                                                                           Fərhad Abdullayev