Qərarlar

04.12.25. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin 3 hissəsinin “ğ” bəndinin Nazirlər Kabinetinin 23/11/92 il tarixli 631 № Qərarının 1-ci hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair QƏRARDAD


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R D A D I  

 

 

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 23 sentyabr tarixli Qanununun 67-ci maddəsinin üçüncü hissəsinin “ğ” bəndinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 1-ci hissəsinin on dördüncü abzası ilə əlaqəli şəkildə şərh edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müraciətinə dair 

 

 

4 dekabr 2025-ci il                                                                              Bakı  şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk (məruzəçi-hakim) və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müraciəti əsasında “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 23 sentyabr tarixli Qanununun 67-ci maddəsinin üçüncü hissəsinin “ğ” bəndinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 1-ci hissəsinin on dördüncü abzası ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.  

İş üzrə hakim F.Tutayukun məruzəsini, maraqlı subyektlər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru L.Ələsgərovanın və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru F.Əliyevanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ :

 

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)  müraciət edərək  “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 23 sentyabr tarixli Qanununun 67-ci maddəsinin üçüncü hissəsinin “ğ” bəndinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının (bundan sonra – 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərar) 1-ci hissəsinin on dördüncü abzası ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir. 

Müraciətdən görünür ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatında P.Qəribovun 1996-cı il iyulun 2-dən 1997-ci il oktyabrın 21-dək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması tələbi ilə bağlı inzibati mübahisəyə dair iş vardır.

Müraciətə əsasən P.Qəribovun daxili işlər orqanlarında xidmət müddəti 1997-ci il iyulun 30-dan 2017-ci il avqustun 2-dək təqvimi hesablama ilə 20 il, 1 gün, imtiyazlı hesablama ilə 28 il, 10 ay, 15 gün təşkil edir.

Həmçinin P.Qəribov 1996-1997-ci tədris ilində Naxçıvan Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə əyani şöbəsinin I kursuna qəbul olmuş və 1997-1998-ci tədris ilində təlim məşğələlərində iştirak etmədiyindən rektorluğun 1997-ci il 21 oktyabr tarixli əmri ilə həmin ixtisasın II kursundan tələbələr sırasından xaric edilmişdir.

Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2024-cü il 6 may tarixli qərarı ilə P.Qəribovun iddia tələbi rədd edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 16 avqust tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2024-cü il 6 may tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.   

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 27 fevral tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 2024-cü il 16 avqust tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Müraciətdə qeyd edilmişdir ki, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərin pensiya təyinatı ilə bağlı uzun müddət xidmət illərinin hesablanmasına dair hüquq tətbiqetmə təcrübəsində fikir ayrılığı mövcuddur.

Belə ki, bir qrup hüquq tətbiqedənlərin mövqeyinə əsasən, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə digər təhsil müəssisələrində keçirdikləri təhsil vaxtının (beş ilədək müddət daxilində təhsilin bir ilinin altı ay sayılmaqla) uzun müddət xidmətə daxil edilməsi yalnız həmin şəxslərin təhsil aldıqları mülki ali təhsil müəssisələrində, habelə digər təhsil müəssisələrində təhsillərini başa vurduqları halda mümkündür.

Digər mövqe ondan ibarətdir ki, 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarın 1-ci hissəsinin on dördüncü abzasında “bitirmək”, "təhsili başa vurmaq” anlayışı nəzərdə tutulmadığından, tamamlanmamış təhsil müddəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada uzun müddət xidmətin hesablanması zamanı nəzərə alınmalıdır.

Qeyd olunanlara əsasən, müraciət edən hüquqi müəyyənlik, bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin təmin edilməsi məqsədilə yuxarıda göstərilən normaların əlaqəli şəkildə şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 12-ci maddəsinin I hissəsinə uyğun olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 16-cı maddəsinin I hissəsi).

Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə görə, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

Subyektiv hüquq olaraq sosial təminat hüququ, ilk növbədə, hər kəsin qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir.

Bu hüquq bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 22-ci maddəsinə əsasən cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir.

“İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ vardır. Pensiya təminatı sahəsində vətəndaşların hüquqları bilavasitə onun əmək və ya digər ictimai faydalı fəaliyyətindən, həmin fəaliyyətin həcm və xarakterindən asılıdır.

Konstitusiya insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarı).

Hüququn aliliyi prinsipinə əsaslanan qanunçuluq prinsipi, digər məsələlərlə yanaşı, dövlət orqanlarının məhz qanunla müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq, bu hüdudlar və müddətlər çərçivəsində hərəkət etmək vəzifəsini də nəzərdə tutur. Qanunçuluq prinsipinin bu təzahürü birbaşa Konstitusiyanın 71-ci maddəsinin X hissəsində təsbit edilmişdir. Həmin normaya əsasən, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 21 və 27-ci maddələrinin bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 23 fevral tarixli Qərarı).

Qeyd  olunmalıdır ki, Azərbaycan Respublikasında pensiya islahatlarının ilkin mərhələsində 1992-ci il aprelin 29-da “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun), 1992-ci il sentyabrın 23-də isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra “Vətəndaşların pensiya təminatı haqqında” Qanun) qəbul edilmişdir. Sonradan həmin qanunlarla tənzimlənən məsələlər vahid normativ hüquqi aktda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının  2006-cı il 7 fevral tarixli Qanununda  (bundan sonra “Əmək pensiyaları haqqında” Qanun) birləşdirilmiş, 2007-ci il 6 mart tarixli və 19 oktyabr tarixli qanunlarla isə “Vətəndaşların pensiya təminatı haqqında” və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunlar qüvvədən düşmüşdür.   

“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində iş stajına daxil edilən əmək fəaliyyətinin növləri sadalanmışdır. Həmin maddənin üçüncü hissəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də iş stajına daxil idi. Lakin həmin Qanunun 4-cü maddəsinin ikinci hissəsində zabit heyətinin, praporşiklərin, miçmanların və müddətdən artıq xidmət hərbi qulluqçularının, habelə müvafiq icra hakimiyyəti orqanlarının (o cümlədən Daxili İşlər Nazirliyinin) sıravi və rəis heyətinin və onların ailə üzvlərinin pensiya təminatının “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla müəyyən edilməsi nəzərdə tutulmuşdur.

Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, habelə müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti, onların ailələri üçün Azərbaycan Respublikasının ərazisində vahid dövlət pensiya sistemi müəyyən edilirdi.

Həmin Qanunun 16-cı maddəsinin birinci hissəsinə əsasən hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyindən, buna uyğun olaraq 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərar qəbul edildiyi vaxt onun preambulasında da göstərildiyi kimi bu qərarın hüquqi əsası qismində “Vətəndaşların pensiya təminatı haqqında” Qanun deyil, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun çıxış etmişdir.

Qeyd olunmalıdır ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 462-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşdükdən sonra 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarın mətni üzrə müvafiq istinadlar “Əmək pensiyaları haqqında” Qanuna istinadlarla əvəz edilmişdir. Belə ki, sonuncu Qanunun 22.4-cü maddəsində də hərbi xidmət müddətinin hesablanması qaydasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edildiyi göstərilib.

Göründüyü kimi, 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarın hüquqi əsasını “Vətəndaşların pensiya təminatı haqqında” Qanun deyil, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinin birinci hissəsi, sonuncu Qanun qüvvədən düşdükdən sonra isə  “Əmək pensiyaları haqqında” Qanunun 22.4-cü maddəsi təşkil edir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun (o cümlədən bu Qanun əsasında qəbul edilmiş 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarın) tənzimləmə sahəsinə aid subyektlərin fərqli olması “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarın müvafiq müddəaları arasında əlaqəni istisna etməklə onların əlaqəli şəkildə şərh edilməsini mümkünsüz edir.

Belə ki, Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə əsasən məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Əlavə olaraq o da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – Nazirlər Kabineti) 2025-ci il 30 oktyabr tarixli 322 nömrəli Qərarı ilə 1992-ci il 23 noyabr tarixli 631 nömrəli və “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarlarında dəyişikliklər edilmişdir (2026-cı il yanvarın 1-dən qüvvəyə minir). Həmin dəyişikliklərə əsasən “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-1-ci hissəsində hərbi və xüsusi rütbəli şəxslərin təqvimi xidmət müddətinə aid edilən dövrlərlə bağlı oxşar müddəalar nəzərdə tutulmuşdur. Belə ki, Qaydaların 2-1.14-cü bəndinə görə hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən müvafiq təhsil müddəti təhsilin bir ili altı ay sayılmaqla (ən çoxu iki il altı ay hesablanmaqla) hərbi və xüsusi rütbəli şəxslərin təqvimi xidmət müddətinə aid edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 53-cü maddəsinə əsasən normativ hüquqi aktın mətni normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə tərtib edilməlidir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müraciətindən göründüyü kimi, 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 1-ci hissəsinin on dördüncü abzasının müddəaları hüquq tətbiqedənlər tərəfindən fərqli təfsir edilmişdir. Həmçinin Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 2025-ci il 30 oktyabr tarixli 322 nömrəli Qərarı ilə də ziddiyyətli təfsirin istisna edilməsi istiqamətində hər hansı təkmilləşdirmə həyata keçirilməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli, “Palladium Defence and Security Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2022-ci il 16 sentyabr tarixli qərarlar).  

Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuş hakimiyyətlərin bölünməsi prinsipinə görə, Konstitusiya Məhkəməsi normayaratma fəaliyyətinin subyekti, yəni hər hansı hüquq münasibətlərinin tənzimlənməsinə dair normativ hüquqi aktı hazırlayan, o cümlədən onların müddəalarının mətnini dəyişən və ya əlavə normaları daxil edən orqan və ya normayaratma təşəbbüsünün subyekti deyil, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, vətəndaşların şikayətləri əsasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən qəbul olunmuş aktlar üzərində konstitusiya nəzarətini həyata keçirən ali konstitusiya ədalət mühakiməsi orqanıdır.

Yuxarıda qeyd olunduğu kimi, Konstitusiya hər kəsin sosial təminat hüququna zəmanət verərək (Konstitusiyanın 38-ci maddəsinin III hissəsi), bu konstitusion hüququn həyata keçirilməsinin şərtlərinin və qaydalarının, o cümlədən pensiya hüququnun yaranması əsaslarının, pensiyanın növlərinin və hesablama qaydalarının müəyyən edilməsini qanunvericinin səlahiyyətlərinə aid etmişdir. Qanunverici öz növbəsində pensiya təyin olunmasının həm ümumi əsasları, həm də həyata keçirilən peşəkar fəaliyyətin xarakterindən çıxış edərək, müəyyən kateqoriyadan olan vətəndaşlar üçün pensiya hüququnun xüsusiyyətlərini, o cümlədən imtiyazlı şərtlərini də müəyyən etmək səlahiyyətinə malikdir.  

Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasına əsasən Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi məsələləri həll edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq hərbi xidmət müddətinin hesablanması qaydasını müəyyən etmək Nazirlər Kabinetinin səlahiyyətinə aid edilmişdir.

Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 53-cü maddəsinin tələblərinə əsasən Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-1.14-cü bəndinin müddəalarının təkmilləşdirilməsi Nazirlər Kabinetinə tövsiyə edilməlidir.

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə uyğun olaraq məhkəmə iclasının gedişində sorğu, müraciət və ya şikayətin icraata qəbul edilməsindən imtina olunması əsasları aşkar edildikdə Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə icraata xitam verir.

Konstitusiyanın 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 37.0.2, 49, 60, 62 və 68.1-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi nəticələr nəzərə alınsın.

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müraciəti üzrə konstitusiya işinin icraatına xitam verilsin.

3. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasının və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 53-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-1.14-cü bəndinin müddəalarının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin.

4. Qərardadın surəti 7 gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə göndərilsin.

 

  

Sədr                                                                                      Fərhad Abdullayev