Qərarlar

24.11.25. Konstitusiyanın 71-ci mad.VIII və X his. baxımından AR İXM-in 326-cı maddəsinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

  

24 noyabr 2025-ci il                                                                           Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov (məruzəçi-hakim), İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmin Nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru N.Şükürovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 326-cı maddəsinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Avtomobil nəqliyyatı haqqında” Qanun) 26.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsi tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlərə baxılması nəticəsində qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2025-ci il 2 aprel tarixli qərarı ilə “Foodini” Məhdud Məsuliyyətli Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.

Göstərilən qərardan verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi hesab etmişdir ki, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanın hansı hüquqi və vəzifəli şəxslərə münasibətdə tətbiq olunmasında qeyri-müəyyənlik yarandığından, həmin maddənin “Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə zərurət var.

Belə ki, “Avtomobil nəqliyyatı haqqında" Qanunun 26.3-cü maddəsi ilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcıların üzərinə qoyulmuş vəzifəyə əsasən, onlar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücülərin reysqabağı tibbi müayinəsini təşkil etməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində isə “sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi” inzibati xəta tərkibi kimi müəyyən olunmuşdur.

Həmçinin “Avtomobil nəqliyyatı haqqında” Qanunla daşıyıcıya verilən anlayışda onun daşıma xidmətlərini müəyyən haqq müqabilində həyata keçirən şəxs olduğu göstərilmişdir.

Müraciətdən görünür ki,  İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində qeyd olunan inzibati xətanın subyekti ilə bağlı yaranmış qeyri-müəyyənlik, belə subyekt qismində yalnız haqq müqabilində daşıma xidmətlərini həyata keçirən şəxslərin deyil, sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin öz hesabına daşınmasını yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarların da çıxış edə bilməsinin mümkün olub-olmaması ilə bağlıdır.  

Bakı Apellyasiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və qanunvericiliyin eyni qaydada tətbiqinə nail olmaq, həmçinin hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl olunması məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 72-ci maddəsinin II hissəsinin və 80-ci maddəsinin tələblərindən irəli gələrək insan hüquq və azadlıqlarının təminatı məqsədilə qanunvericilikdə cinayət, inzibati xəta və digər əməllərlə bağlı mühafizəedici hüquq normaları müəyyən edilmişdir.

Belə normaların öz əksini tapdığı İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

Göründüyü kimi inzibati xətalar qanunvericiliyi ilə inzibati xəta tərkibinin məhz bütün əlamətlərini (subyekt, obyekt, subyektiv cəhət, obyektiv cəhət) ehtiva edən əməli törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulmuşdur.

Qeyd olunmalıdır ki, bu qayda Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi hüquqi müəyyənlik, həmçinin 71-ci maddəsinin VIII və X hissələri, eləcə də İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsi ilə nəzərdə tutulan qanunçuluq prinsiplərinin tələblərindən irəli gəlir.  

Belə ki, Konstitusiyanın qanunçuluq prinsipinin təzahürü olan tələblərinin yerinə yetirilməsi, öz növbəsində, dövlət orqanlarının hərəkətlərinin proqnozlaşdırıla bilən olmasına zəmanət verməklə, hər kəsin hüquq və azadlıqlarının mühüm təminatı kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 11 oktyabr tarixli Qərarı).

Hüquqi müəyyənlik prinsipi ilə bağlı qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilməsi zamanı hüquqi dövlətin ali prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyi ilə bağlı mövqeyini ifadə etmişdir.

Bu prinsip hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik yaratmalıdır. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiq etmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasını təşkil etməli olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar).

Qeyd edilməsi zəruridir ki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından qanunvericilik aktlarının, xüsusən İnzibati Xətalar Məcəlləsinin müddəalarının dəqiq müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. Hər hansı əməlin inzibati xəta hesab edilməsi həmin əməli törədən şəxs barəsində inzibati-hüquqi nəticələr yarada biləcəyindən, hər bir inzibati xəta və onun törədilməsinə görə sanksiya qanunla elə dəqiq müəyyən edilməlidir ki, müvafiq normanın mətninə əsasən hər kəs hansı əməlin qadağan olunduğunu və dövlət məcburiyyət tədbirlərinin tətbiqinə səbəb olduğunu, yəni öz hərəkətinin və ya hərəkətsizliyinin inzibati-hüquqi nəticələrini qabaqcadan görə bilsin (Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il 8 iyun tarixli Qərarında da ifadə olunmuşdur).

İnzibati məsuliyyət müəyyən edən hüquq normaları ilə bağlı yuxarıda qeyd olunan tələblər qanunvericinin blanket normalardan istifadə etdiyi hallarda xüsusi əhəmiyyət daşıyır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin bir sıra normaları blanket xarakterlidir, yəni pozulması məsuliyyətə səbəb olan müvafiq davranış qaydaları həmin Məcəllənin özündə deyil, ayrı-ayrı normativ aktlarda öz əksini tapır. Bu hal isə yalnız inzibati məsuliyyəti müəyyən edən mühafizəedici normaların deyil, həm də tənzimləyici, yəni davranış qaydalarını müəyyən edən normaların da hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab verməsini zəruri edir. Həmin normalar elə şəkildə ifadə olunmalıdır ki, oradakı anlayışlar, subyektiv hüquqlar, vəzifələr, hüquqi prosedurlar və s. inzibati-hüquqi məsuliyyətin aydın anlaşılmasına və tətbiqinə maneə yaratmasın.

Əks halda, bu, təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə, fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi təminatlarının zəifləməsinə səbəb ola bilər.

Göstərilənlərlə yanaşı qeyd edilməsi vacibdir ki, istənilən hüquq sahəsində (həmçinin inzibati xətalar qanunvericiliyində) norma nə qədər dəqiq olsa da, məhkəmə şərhi istisna olunmur və anlaşılmayan məqamların izah olunmasına ehtiyac yarana bilir. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş funksiya isə belə məqamları aradan qaldırmaqdan ibarətdir (Oxşar mövqe Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərarında ifadə olunmuşdur).

Bu səbəbdən hüquqi müəyyənlik məsuliyyət müəyyən edən hüquq normalarının şərh vasitəsilə dəqiqləşdirilməsini istisna edən prinsip kimi başa düşülməməlidir.

Bununla belə nəzərə alınmalıdır ki, məsuliyyətə səbəb olan hüquqazidd əməlin tərkib elementlərinin formalaşdırlmasında istifadə olunan anlayışlara normayaradıcının verdiyi təriflərin məhkəmə tərəfindən genişləndirici təfsiri proqnozlaşdırma meyarının pozulması ilə nəticələnə bilər. 

Belə ki, inzibati xətalar qanunvericiliyində hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Genişləndirici şərhə isə yalnız normativ hüquqi aktın mətni və mənası arasında açıq-aşkar fərq olanda yol verilir (“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 13.5 və 90.4-cü maddələri).

Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik və qanunçuluq prinsipləri cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsini (lex stricta) də tələb edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi  müddəalarının şərh edilməsinə dair” 2013-cü il 25 fevral tarixli Qərar).

İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqinin onların nisbətən yüngül ictimai təhlükəli əməllərə görə məsuliyyət müəyyən etməsi ilə əlaqədar olduğu nəzərə alınarsa (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 5 mart tarixli Qərarı), genişləndirici təfsirin qadağan edilməsi ilə bağlı yuxarıda göstərilən mövqelər şəxsin məsuliyyətə cəlb edilməsi ilə nəticələnən inzibati xətalar qanunvericiliyinə münasibətdə də keçərli olmalıdır.

Müraciətdə göstərilən məsələ ilə bağlı qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur.

Göstərilən norma blanket xarakter daşımaqla, icra edilməməsi həmin maddə ilə məsuliyyətin yaranmasına səbəb olan vəzifələr “Avtomobil nəqliyyatı haqqında” Qanunda öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 26.3-cü maddəsinin tələblərinə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 №-li Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edilmiş qaydada təşkil etməlidirlər.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin həlli ilə əlaqədar qeyd olunan Qanunun tətbiq dairəsinin, həmin Qanunda izahı verilmiş bəzi anlayışların, həmçinin avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətinin yoxlanılması və sürücülərinin tibbi müayinəsinin məqsədlərinin təhlil olunmasını vacib hesab edir.

 “Avtomobil nəqliyyatı haqqında” Qanun avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, həmçinin avtomobil nəqliyyatının infrastruktur obyektləri ilə əlaqədar dövlət orqanları (qurumları), daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və avtomobil nəqliyyatı xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərə tətbiq olunur (3.1-ci maddə).

Həmin Qanunun 1-ci maddəsi ilə bəzi anlayışlara aydınlıq gətirilmiş, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli və təsərrüfat ehtiyacları üçün daşımaların tərifi müəyyənləşdirilmişdir. Belə ki, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalara “sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar” kimi anlayış verilmişdir. Təsərrüfat ehtiyacları üçün daşımalar isə “hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalar” olaraq müəyyən edilmişdir. Həmçinin göstərilmişdir ki, bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır (1.0.4 və 1.0.5-ci maddələr).

Göründüyü kimi qanunverici daşımanın bu iki növünü Qanunun məqsədləri və müəyyən etdiyi qaydalar baxımından bir-birindən fərqləndirilməsini zəruri hesab etmişdir.

“Avtomobil nəqliyyatı haqqında” Qanunun 1.0.9-cu maddəsində daşıyıcıya da anlayış verilərək göstərilmişdir ki, o, daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır.

Qanunverici tərəfindən yuxarıda göstərilən anlayışlara verilmiş izahlar belə nəticəyə gəlməyə əsas verir ki,  kommersiya məqsədli daşımalar müqavilə yaxud digər qanuni əsaslarla və məhz daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar, daşıyıcı isə mülkiyyət, icarə və ya istifadə hüququ üzrə malik olduğu nəqliyyat vasitəsi ilə belə daşımaları icra edən şəxsdir.

Nəzərə alınmalıdır ki, daşıyıcıya verilmiş anlayışa “haqq müqabilində” sözləri sonradan, 2020-ci il 24 aprel tarixli 60-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Bu hal isə “daşıyıcı”ya verilən tərifin Qanunun məqsəd və funksiyalarına tam cavab verməsi baxımından onun dəqiqləşdirilməsinə, həmin ifadənin bu anlayışa əlavə edilməsinə zərurətin olduğuna dəlalət edir. Yəni, qanunverici bu dəyişiklik vasitəsilə daşıyıcının məhz haqq müqabilində və kommersiya məqsədilə daşıma fəaliyyəti göstərən şəxs olaraq qəbul olunması ilə bağlı niyyətini ifadə etmişdir. Həmçinin daşıyıcının anlayışını müəyyən edən müddəada müvafiq dəyişiklik həyata keçirilərkən həmin anlayışın istifadə edildiyi “Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.3-cü maddəsinə münasibətdə hər hansı istisna nəzərdə tutulmamışdır.

 “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 54.2-ci maddəsinin tələbinə görə isə normativ hüquqi aktda eyni terminlər bir mənada işlədilməli və vahid formaya malik olmalıdır.

O da göstərilməlidir ki, “Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.3-cü maddəsinin tətbiqini təmin etmək məqsədilə ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın (bundan sonra – Qaydalar) 1.2-ci bəndinə əsasən, bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir.

Göründüyü kimi “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsaslanaraq qəbul edilmiş həmin Qaydalarda da onun hüquqi şəxs və fərdi sahibkarların həyata keçirdiyi istənilən sərnişin daşımasına deyil (məsələn, hüquqi şəxsin özünə məxsus olan avtobusla işçilərinin iş yerinə gediş-gəlişini təşkil etməsi), məhz kommersiya məqsədli sərnişin daşımalarına aid edildiyi öz əksini tapmışdır.

Beləliklə, qanunvericilik normalarının yuxarıda göstərilən təhlilindən göründüyü kimi “Avtomobil nəqliyyatı haqqında” Qanunla daşıyıcıya konkret anlayış verilmiş, həmin anlayışa “haqq müqabilində” sözlərinin əlavə edilməsi ilə bağlı müvafiq düzəlişlər aparılması zamanı Qanunun 26.3-cü maddəsinə münasibətdə hər hansı xüsusi hal nəzərdə tutulmamış, bu yanaşma Qaydalarda da davam etdirilərək onun kommersiya məqsədli daşımalara şamil edildiyi müəyyənləşdirilmişdir.  

Odur ki, “Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.3-cü maddəsində öz əksini tapmış daşıyıcı anlayışının qanunverici tərəfindən ona verilmiş tərifə zidd (contra legem) təfsir olunması, inzibati məsuliyyət müəyyən edən normaya münasibətdə genişləndirici şərhə gətirib çıxarmaqla,  bir tərəfdən qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinin tələblərinin pozulması, digər tərəfdən isə fiziki və hüquqi şəxslərin hüquq, azadlıq və qanuni mənafelərinin əsassız məhdudlaşdırılmasından müdafiəyə dair dövlət təminatını zəiflədən hüquq tətbiqetmə təcrübəsinin yaranması ilə nəticələnərdi.

Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının və reysqabağı tibbi müayinənin əsas məqsədləri onların reysqabağı texniki vəziyyətinin qüvvədə olan təhlükəsizlik və istismar qaydalarının, normativlərinin, standartlarının tələblərinə uyğun olmasını, reysə çıxmazdan əvvəl sürücülərin sağlamlıq vəziyyətinin tibbi norma və tələblərə müvafiq olmasını, həmçinin insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. Bu məqsədlər “Avtomobil nəqliyyatı haqqında” Qanunun 26-cı maddəsinin tənzimləmə predmetindən (avtomobil nəqliyyatı ilə daşımaların təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin təmin olunması) irəli gəlməklə yanaşı, Qaydaların 2.1 və 3.1-ci bəndlərində də öz əksini tapmışdır.     

Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istismar edilən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması texniki nasazlığı olan nəqliyyat vasitələrinin yola çıxmasının qarşısını almaqla yol hərəkəti təhlükəsizliyini təmin etməyə və qəza risklərini azaltmağa xidmət edir.

Reysqabağı tibbi müayinə isə iş vaxtının əhəmiyyətli hissəsini sükan arxasında keçirən sürücünün səhhətinə nəzarətin zəruriliyi ilə bağlı olmaqla, sürücülərdə nəqliyyat vasitəsini təhlükəsiz idarəetməyə təsir göstərə biləcək sağlamlıq problemlərinin vaxtında aşkar olunmasında və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır.

O da qeyd olunmalıdır ki, istehlakçıların qanuni maraqlarının qorunması və daşımaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin həyata keçirilməsi yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli orqanlardan müvafiq icazələrin alınması əsasında mümkündür. Dövlət tərəfindən verilən icazələr istehlakçıda daşımaları həyata keçirən şəxs və ya təşkilatın qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərdiyinə və bu fəaliyyətə dövlət tərəfindən nəzarət edildiyinə dair əminlik yaradır.  

Odur ki, qanunvericinin daşıma xidmətini göstərən şəxslərin üzərinə texniki və tibbi müayinələrin aparılması ilə bağlı vəzifə qoyması da onların fəaliyyətlərində mövcud olan risklərlə bağlı məsuliyyətlərinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, reysqabağı müvafiq yoxlamaların həyata keçirilməsinə dair tələb daşıyıcıların peşəkar fəaliyyətlə məşğul olmaları və bundan irəli gələn daşıma xidmətlərinin təhlükəsiz şəkildə icra edilməsi ilə bağlı yüksək məsuliyyətləri nəzərə alınaraq məhz kommersiya məqsədli avtomobil nəqliyyatı ilə daşımalara münasibətdə müəyyən edilmişdir və istehlakçıların etimadını və qanuni maraqlarının müdafiəsini təmin edən hüquqi mexanizmin tərkib hissəsidir.

Bununla yanaşı, qanunvericiliyin göstərilən tələbləri yalnız daşınan yüklərin və sərnişinlərin deyil, bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına münasibətdə əhəmiyyətlidir.

İstər işçilərin qrup halında, istərsə də müxtəlif növlü yüklərin (iri qabaritli, ağır çəkili və s.) daşınması, hətta şəxsi ehtiyaclar üçün və öz nəqliyyat vasitələri ilə həyata keçirilsə belə, yol hərəkətinin təhlükəsizliyi baxımından sifariş əsasında və haqq müqabilində həyata keçirilən daşımalarla eyni dərəcədə riskə malikdir.

Müraciətlə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Aparatının təqdim etdiyi mülahizədə də göstərilmişdir ki, yük sahibinin özünə məxsus yükü öz nəqliyyat vasitəsi ilə müntəzəm olaraq daşıması və üçüncü şəxslər tərəfindən daşınmanın icra edilməsi eyni təhlükəsizlik tələblərinə riayət olunmasını şərtləndirir.

Qeyd olunmalıdır ki, avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən bütün subyektlərin mülkiyyət növündən asılı olmayaraq hüquq bərabərliyi, ictimai maraqların üstünlüyünün təmini, fəaliyyətin təhlükəsizliyinin vahid norma, standart və qaydalar əsasında təmin olunması bu sahədə fəaliyyətin əsas prinsiplərinə aiddir (“Avtomobil nəqliyyatı haqqında” Qanunun 5-ci maddəsi).

O cümlədən, həmin Qanunun 3.2-ci maddəsindən göründüyü kimi hüquqi şəxslərin və fərdi sahibkarların təsərrüfat ehtiyacları üçün yerinə yetirdikləri daşımalar (ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirilən texnoloji və təsərrüfatdaxili avtomobil nəqliyyatı ilə daşımalar istisna olmaqla) bu Qanunun şamil edilmədiyi daşımaların siyahısında öz əksini tapmamışdır.

Bu baxımdan “Avtomobil nəqliyyatı haqqında” Qanunla, onun məqsəd və funksiyalarından irəli gəldiyi və buna zərurət olduğu təqdirdə, müəyyən qayda və tələblərin şəxsi ehtiyaclar üçün yük və ya sərnişin daşımalarını həyata keçirən sahibkarlıq subyektlərinə tətbiq olunması da nəzərdə tutula bilər.

Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, reysqabağı texniki yoxlama və  tibbi müayinələrlə bağlı tələblərin təsərrüfat ehtiyacları üçün daşımanı həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara qanunvericiliyə dəyişikliklər edilməklə şamil olunması mümkündür və belə tənzimləmə bu tələblərin yönəldiyi əsas məqsədlə (daşımaların təhlükəsiz icrası və insanların həyat və sağlamlığının qorunması) ziddiyyət təşkil etmir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- Konstitusiyanın 71-ci maddəsinin VIII və X hissələrinin tələblərinə, “Avtomobil nəqliyyatı haqqında” Qanunun 1.0.4, 1.0.5, 1.0.9 və 26.3-cü maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən, sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə öz hesabına daşımaları yerinə yetirən hüquqi şəxslərin və fərdi sahibkarların hazırkı vəziyyətdə İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində göstərilən inzibati xətanın subyekti hesab edilməsi mümkün deyil.

“Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.3-cü maddəsində göstərilən tələbin təsərrüfat ehtiyacları üçün daşımaları yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil olunması yalnız qanunvericiliyə bununla bağlı dəyişikliklərin edilməsi vasitəsilə mümkündür.

Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə görə nəqliyyat işi ilə bağlı məsələlərə dair ümumi qaydaların müəyyənləşdirilməsi, həmçinin qanunların qəbulu və onlara dəyişiklik edilməsi Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aiddir.

  Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 6567 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələrinin tələblərinə, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4, 1.0.5, 1.0.9 və 26.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən, sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə öz hesabına daşımaları yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində göstərilən inzibati xətanın subyekti deyillər.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                        Fərhad Abdullayev