Qərarlar

20.10.25 AR Konstitusiyasının 80-ci m. baxımından AR Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3, 263.1 və 263.1-1-ci m. həmin Məcəllənin 2.2, 5.1 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3, 263.1 və 263.1-1-ci maddələrinin həmin Məcəllənin 2.2, 5.1 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

  

20 oktyabr 2025-ci il                                                                              Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov (məruzəçi-hakim), Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3, 263.1 və 263.1-1-ci maddələrinin həmin Məcəllənin 2.2, 5.1 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

  

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 206.1-1, 206-1.2, 206-1.3, 263.1 və 263.1-1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş əlavə cəzaların hansı əsas cəzalara əlavə olaraq təyin edilməsi ilə bağlı həmin normaların Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 80-ci maddəsi və həmin Məcəllənin 2.2, 5.1 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin bir sıra maddələrinin sanksiyalarında təsbit olunmuş əlavə cəzaların təyin olunması ilə əlaqədar fərqli yanaşmalar mövcuddur.

Belə ki, cəza təyinində mübahisə yaradan əsas məqam Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3-cü maddələrinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulmuş cərimə cəzasının əsas cəzalardan yalnız azadlığın məhdudlaşdırılması cəzasına, yoxsa həm azadlığın məhdudlaşdırılması, həm də müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına əlavə cəza kimi təyin edilməli olması ilə bağlıdır.

Bir neçə cinayət işinə istinadən Prokurorluq qeyd etmişdir ki, həmin işlər üzrə məhkəmələrin yanaşmasına əsasən Cinayət Məcəlləsinin 206-1.2 və 206.1-1-ci maddələrinin sanksiyalarında əlavə cəza kimi təsbit olunmuş cərimə əsas cəzalardan yalnız azadlığın məhdudlaşdırılması cəzasına münasibətdə nəzərdə tutulmuşdur və digər əsas cəzaya münasibətdə tətbiq oluna bilməz.

Bununla yanaşı, mövcud məhkəmə təcrübəsində həmin maddələr üzrə təqsirləndirilən şəxslərə əlavə cəza kimi cərimə cəzasının azadlıqdan məhrum etmə əsas cəzasına əlavə olaraq təyin edilməsi hallarına da rast gəlinir.

Həmçinin Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələri üzrə işlərlə bağlı məhkəmə təcrübəsi də göstərir ki, eynilə Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3-cü maddələrində nəzərdə tutulduğu kimi, bu maddələrin sanksiyalarında da nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza bir əsas cəzanın əvvəlində ifadə olunmasına və alternativ əsas cəzalar bir-birilə “və ya” bağlayıcısı vasitəsilə əlaqələnməsinə baxmayaraq, məhkəmələr sanksiyada nəzərdə tutulan istənilən əsas cəzaya münasibətdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanı da təyin edir.

Qeyd olunanlara əsasən sorğuverən hesab etmişdir ki, Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3, 263.1 və 263.1-1-ci maddələri ilə cəza təyin olunarkən hüquq tətbiqetmə prosesindəki ziddiyyətlərin aradan qaldırılması, bu istiqamətdə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət qanunu normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə göstərilən normaların əlaqəli şəkildə şərh edilməsinə zərurət yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Konstitusiyanın 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

Bu maddənin tələblərindən irəli gələrək, insan hüquq və azadlıqlarının təminatı məqsədilə qanunvericilikdə cinayət, inzibati xəta və digər əməllərlə bağlı mühafizəedici hüquq normaları müəyyən edilmişdir.

Nəzərə alınmalıdır ki, Konstitusiyanın 80-ci maddəsində öz əksini tapan “qanunla müəyyən edilən” müddəası məsuliyyətə səbəb olan əməlin, o cümlədən cinayət əməlinin və onun hüquqi nəticəsi kimi cəzanın qanunda göstərilməli olması ilə yanaşı, aydın və birmənalı şəkildə müəyyən edilməli olmasını da nəzərdə tutur.

Bu həmçinin Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi hüquqi müəyyənlik və 71-ci maddəsinin X hissəsindən irəli gələn qanunçuluq prinsiplərinin tələbidir.

Hüquqi müəyyənlik prinsipinə görə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalı, şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər.

Cinayət Məcəlləsinin 5.1-ci maddəsində cinayət məsuliyyətinin prinsipi kimi öz əksini tapmış qanunçuluq prinsipi də cinayət və cəzanın qanuna əsaslanmasını və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını (lex certa) tələb edir. Bu prinsip yalnız cinayət hüquq normalarının bütün hüquq tətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində təmin edilə bilər. 

Hüquq normasının məzmununun qeyri-müəyyənliyi isə hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxarır.

Bu baxımdan, cinayət hüquq normalarının sanksiyalarının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab verməsi xüsusi əhəmiyyət daşıyır. Belə ki, cəzaların növ və hədlərini müəyyən edən sanksiyaların aydınlığı və ikimənalı olmaması məhkəmələr tərəfindən ədalətli cəza təyin edilməsinə və həmin orqanların fəaliyyətində qanunçuluq prinsipinin gözlənilməsinə imkan yaradır.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 53-cü (Normativ hüquqi aktın mətninə dair irəli sürülən linqvistik tələblər) və 56-cı (Normativ hüquqi aktın mətninə dair üslub tələbləri) maddələrində göstərilən tələblər nəzərə alınmaqla sanksiyaların düzgün formalaşdırılması və bu zaman sabit texnikadan istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu həmin sanksiyaların birmənalı başa düşülməsini təmin edir və tətbiqində yarana biləcək çətinliklərin qarşısını almış olur.

Əks hal şəxsin qabaqcadan öz hüquqazidd əməlinin nəticəsini bilməsini, hüquq tətbiqedənin hərəkətlərinin proqnozlaşdırıla bilən olmasını çətinləşdirməklə yanaşı, şəxsə ədalətsiz cəzanın tətbiq olunması ilə nəticələnə bilər.

Qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən həmin Məcəllə cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. 

Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

Azərbaycan Respublikasının cinayət qanunvericiliyində cəzanın sistemi (növləri), təyin edilməsinin ümumi əsasları da müəyyən olunmuşdur.

Cəzanın sistemi dedikdə, bir-biri ilə qarşılıqlı əlaqədə olan, müəyyən funksiyaya malik, qanunda ağırlığına görə müəyyən edilən qaydada düzülmüş cəza növlərinin qəti siyahısı başa düşülür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 14 noyabr tarixli Qərarı). 

Cinayət qanunvericiliyində cəza sisteminə daxil olan cəzalar 3 qrupa bölünür (Cinayət Məcəlləsinin 43-cü maddəsi):

·       əsas cəzalar (ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə);

·       əlavə cəzalar (xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma);

·       həm əsas, həm də əlavə cəza qismində təyin oluna bilən (qarışıq) cəzalar (cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə).

Cinayət məsuliyyətinin diferensiallaşdırılması qanunverici tərəfindən digər vasitələrlə yanaşı, həmçinin əsas cəzalarla birlikdə əlavə cəzaları da nəzərdə tutan sanksiyaların müəyyən edilməsi yolu ilə həyata keçirilir. Əlavə cəzalar müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Hüquq nəzəriyyəsində əlavə cəzaların nəzərdə tutulduğu sanksiyalar kumulyativ sanksiyalar adlandırılır.

Cinayət Məcəlləsində öz əksini tapan kumulyativ sanksiyalar da iki qrupa bölünür:

·       əlavə cəzanın mütləq qaydada təyin olunmasının nəzərdə tutulduğu kumulyativ sanksiyalar (140.4, 195-2, 199.2.4, 206.1, 263-1.1, 313-cü və s. maddələr);

·       əlavə cəzanın fakültativ qaydada nəzərdə tutulduğu (tətbiqi məhkəmənin mülahizəsindən asılı olan) kumulyativ sanksiyalar (142.1,174, 222-1.1, 255.2, 302.1-ci və s. maddələr).

Cinayət Məcəlləsinin şərh edilməsi xahiş olunan maddələrinin sanksiyaları isə aşağıdakı qaydada müəyyən edilmişdir:

·       206.1-1-ci maddə: ... cərimə edilməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə;

·       206-1.2-ci maddə: ... cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə;

·       206-1.3-cü maddə: ... cərimə edilməklə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə;

·       263.1-ci maddə: ... nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə;

·       263.1-1-ci maddə: ... nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə.

Göründüyü kimi, ilk üç maddədə cəriməni, digər maddələrdə isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməni əlavə cəza kimi nəzərdə tutan qanunverici onları mütləq kumulyativ sanksiya şəklində formalaşdırmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin həlli ilə əlaqədar, göstərilən maddələrin sanksiyalarını normayaratma texnikasının xüsusiyyətləri baxımından, eləcə də cəzanın məqsədləri və təyin edilməsi əsaslarını tənzimləyən qanunvericilik normaları ilə funksional əlaqəli şəkildə təhlil olunmasını vacib hesab edir.

Qeyd olunmalıdır ki, qanunverici sanksiyaları, yəni hər bir cinayət əməlinə görə təyin oluna biləcək cəzaların növ və hədlərini o şəkildə formalaşdırır ki, onlar cəzanın məqsədləri ilə uyğunluq təşkil etsin və ədalətli cəzanın təyininə imkan yaratsın. Əsas cəzaların tətbiq edilməsinin cəzanın məqsədlərinə nail olunmasına yetərli olmayacağı halda sanksiyalarda müəyyən edilən hər bir əlavə cəza xüsusi funksiya daşıyır.

Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

Cinayət qanunvericiliyində cəzaya münasibətdə sosial ədalətin nədən ibarət olması Cinayət Məcəlləsinin ədalət prinsipini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan 8 və 58-ci maddələrində öz əksini tapmışdır.

Törədilmiş cinayət əməli ilə onun ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də, onu törədən şəxsin şəxsiyyəti arasında mütənasiblik, həmin cinayətə görə cəza təyini zamanı ədalətlilik meyarı kimi çıxış edir. Bu baxımdan, o halda sosial ədalətin bərpası məqsədinə nail oluna bilər ki, təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olsun və yalnız zərərçəkmiş şəxsdə deyil, bütövlükdə cəmiyyətdə ədalətin bərqərar olduğuna dair əminlik yaratsın.

Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsinin həmin Məcəllənin 520.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2025-ci il 18 iyun tarixli Qərarında da öz əksini tapmışdır.

Beləliklə, cinayət törətməkdə təqsirli bilinən şəxslərə təyin olunan əsas və əlavə cəzalar vəhdətdə cəzanın yuxarıda göstərilən məqsədlərini təmin etmiş olur.

Nəzərə alınması vacibdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza, eləcə də əlavə cəza arasında məqsədyönlü və əsaslı bağlılıq mövcuddur.

Belə ki, cərimə məhkəmə tərəfindən təyin edilən pul tənbehi olmaqla cinayət törətmiş şəxsin maddi məhrumiyyətlərə məruz qalması ilə nəticələnir.

Cinayət Məcəlləsinin cərimənin əlavə cəza kimi müəyyən edildiyi maddələrinin təhlilindən görünür ki, bu cəza əsasən iqtisadi fəaliyyət əleyhinə, yaxud dövlətə və ya cəmiyyətə maddi zərərin vurulması ilə nəticələnən cinayətlərin sanksiyalarında nəzərdə tutulmuşdur. Təqsirkarın üzərinə maliyyə məsuliyyətinin qoyulması həm bu növ cinayətlərin törədilməsinə münasibətdə maddi marağın aradan qaldırılmasına, həm də əsas cəzanın təsirini gücləndirməklə cəzanın fərdiləşdirilməsinə xidmət edir.

Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası isə bir qayda olaraq, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin sanksiyalarında öz əksini tapmışdır. Qeyd olunan cəzanın tətbiqi təqsirkarın sürücülük hüququndan müvəqqəti olaraq məhrum olunması ilə nəticələnir ki, bu da onun yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsindən istifadə edərək yenidən cinayət törətməsinin qarşısının alınmasına yönəlməklə, cəmiyyətin digər üzvlərinə də çəkindirici təsir göstərir.

Təhlil edilən müvafiq maddələrin sanksiyalarında əlavə cəzaların fakültativ deyil, mütləq cəza kimi nəzərdə tutulması belə nəticəyə gəlməyə əsas verir ki, həmin cinayətlərin obyektini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini və digər amilləri nəzərə alan qanunverici sanksiyanın törədilən əmələ mütənasib olması və ədalətli cəza prinsipinin tələbinə cavab verməsi üçün həmin cəzaların əsas cəzalara birləşdirilməsini zəruri hesab etmişdir.

O da nəzərə alınmalıdır ki, normayaratma texnikası baxımından sanksiyalar əsas cəzaların ağırlığına görə (az ağırdan daha ağır cəzaya doğru) sıralanması əsasında formalaşır.

Cinayət qanunvericiliyinin tələblərinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələri).

Göründüyü kimi, məhkəmələr cəza təyin edərkən alternativ əsas cəzalardan daha ağırını o halda tətbiq edir ki, təqsirkarın şəxsiyyəti, cəzanı ağırlaşdıran halların mövcudluğu və s. bu cəzanın seçilməsini zəruri edir. Belə olan halda əlavə cəzaların alternativ əsas cəzalardan məhz birincisinin (yəni daha yüngülünün) önündə qeyd edilməsi əsası ilə yalnız həmin cəzaya əlavə edilə biləcəyinə dair mövqe onunla nəticələnər ki, yol hərəkət qaydalarını kobud şəkildə pozan, bu baxımdan şəxsiyyəti daha ictimai təhlükəli olduğuna görə daha ağır cəza təyin edilməli olan şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsi məcburi xarakter daşımaz. Əksinə, daha yüngül ictimai təhlükəliliyi ilə xarakterizə edilən şəxslər isə belə məhrumiyyətlərə məruz qalmalı olar. Halbuki belə yanaşma, yəni əsas cəza ağırlaşdıqda əlavə cəzadan azad olunma, cəzanın məqsədləri və əlavə cəzanın məsuliyyətin fərdiləşdirilməsilə bağlı funksiyası ilə uyğunsuzluq təşkil etməklə ədalətli cəza prinsipinin tələblərinə də cavab verməmiş olardı. 

Eyni mövqe Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3-cü maddələrinin sanksiyalarına münasibətdə də nəzərə alınmalıdır.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2013-cü il 15 noyabr tarixli Qərarında göstərmişdir ki, Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəza həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq tətbiq edilməlidir.

Belə yanaşma Azərbaycan dilinin qrammatik quruluşundan da irəli gəlir. Belə ki, təhlil olunan maddələrin sanksiyalarında öz əksini tapmış “cərimə edilməklə” və  “nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə” ifadələri zərflik olmaqla digər cümlə üzvləri ilə deyil, birbaşa xəbərlə (“cəzalandırılır”) sintaktik əlaqədədir və bu da, əsas cəzaların hansının təyin edilməsindən asılı olmayaraq əlavə cəza ilə cəzalandırılmanı zəruri edir.

Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmi-işgüzar üslubuna əməl etməklə tərtib edilir (53-cü maddə). Əlavə cəzanın alternativ əsas cəzalardan yalnız birincisinin əvvəlində göstərilməsi Azərbaycan dilinin qrammatik quruluşundan irəli gəlməklə yanaşı, eyni ifadənin hər dəfə təkrarlanmasının da qarşısının alınmasına yönəlmişdir.

Eyni normayaratma texnikası ilə qurulmuş sanksiyaların müxtəlif formada başa düşülməsi və tətbiq edilməsi isə hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinin tələblərinin pozulmasına səbəb olmaqla, hüquq və azadlıqların müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiqetmə təcrübəsinin yaranması ilə nəticələnə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Odur ki, göstərilən əsaslar olduqda məhkəmələr Cinayət Məcəlləsinin şərh edilən maddələrinin sanksiyasında nəzərdə tutulan və təyin olunması məcburi olan əlavə cəzanı təyin etməyə bilərlər.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- Konstitusiyanın 80-ci, Cinayət Məcəlləsinin 43 və 58-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3-cü maddələrinin sanksiyalarında göstərilən cərimə, 263.1 və 263.1-1-ci maddələrinin sanksiyalarında göstərilən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar həmin sanksiyalarda öz əksini tapmış əsas cəzalardan hər birinə əlavə olaraq təyin edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.Azərbaycan Respublikası Konstitusiyasının 80-ci, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 43 və 58-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3-cü maddələrinin sanksiyalarında göstərilən cərimə, 263.1 və 263.1-1-ci maddələrinin sanksiyalarında göstərilən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar həmin sanksiyalarda öz əksini tapmış əsas cəzalardan hər birinə əlavə olaraq təyin edilir.

2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4.Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 Sədr                                                                                          Fərhad Abdullayev