AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə
R A R D A D I
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 77 və 102-ci
maddələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may
tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin
aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya)
başqa gəlirlərinin növləri”nin 1.1-ci bəndi və 5-ci hissəsi ilə əlaqəli şəkildə
şərh edilməsinə dair
21 oktyabr 2025-ci il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay
Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid
Rzayev (məruzəçi-hakim), Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət
tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 77 və 102-ci maddələrinin Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və
xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin
1.1-ci bəndi və 5-ci hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxdı.
İş
üzrə hakim R.Rzayevin məruzəsini, maraqlı subyektlər Sumqayıt Apellyasiya Məhkəməsinin
müraciətini, Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan
Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və
Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri,
hüquq üzrə fəlsəfə doktoru Ş.Yusifovun və həmin kafedranın müəllimi və
doktorantı N.Eminlinin rəyini, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Sumqayıt
Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
müraciət edərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 77 və 102-ci maddələrinin
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat
və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin
növləri”nin 1.1-ci bəndi, 3, 5 və 6-cı hissələri ilə əlaqəli şəkildə şərh edilməsini
xahiş etmişdir.
Müraciətdən
görünür ki, R.Bayramov (borclu) Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun
hərəkətlərindən şikayətlə məhkəməyə müraciət edərək, ilin yekunlarına görə birdəfəlik
pul mükafatı və məzuniyyət pulundan alimentin tutulması haqqında qərarın ləğv
edilməsi və həmin ödənclərdən tutulmuş aliment miqdarının geri qaytarılmasından
imtina olunması barədə hərəkətsizliyin qanunsuz hesab edilməsini xahiş
etmişdir.
Sumqayıt
Şəhər Məhkəməsi belə nəticəyə gəlmişdir ki, ilin yekunlarına görə birdəfəlik
pul mükafatı və məzuniyyət müavinəti daimi xarakter daşımadığından həmin gəlirlərdən
aliment tutula bilməz. Lakin bu səlahiyyətlər həddində icra məmurunun hərəkətsizliyi
müəyyən edilməmiş, belə ki, icra məmuru təşkilata icra üçün yönəltməni həyata
keçirmişdir. Digər məsələlər isə təşkilatın və onun mühasibat strukturunun vəzifəsidir.
Hazırkı məsələ qanunun təfsiri ilə bağlı olduğundan icra məmurunun hərəkətlərinə
aidiyyəti yoxdur.
İddiaçı
həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
İşə
baxan Sumqayıt Apellyasiya Məhkəməsi müvafiq qanunvericilikdə ilin yekunlarına
görə birdəfəlik pul mükafatı və məzuniyyət pulunun daimi xarakter daşımayan pul
təminatlarına aid olub-olmamasının dəqiqliklə müəyyən edilmədiyinin, həmin ödənişlərdən
alimentin tutulub-tutulmaması ilə bağlı məhkəmə təcrübəsində vahid yanaşmanın
olmadığı qənaətinə gəlmişdir.
Müraciətdə
göstərilmişdir ki, Ailə Məcəlləsinin 77-ci maddəsinə əsasən, uşaqlar üçün
valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək
haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur. Həmin normaya uyğun olaraq, Nazirlər Kabinetinin Qərarı
ilə uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə
aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri təsdiq
edilmişdir. Həmin Qərarın 5 və 6-cı hissələrində bəzi mükafat növlərinə, o cümlədən
işdənçıxarma və birdəfəlik müavinətlərə alimentin tutulmasının yönəldilməsi məhdudlaşdırıldığı
halda, 1.1-ci bəndində və 3-cü hissəsində başqa gəlir növləri kimi işçiyə pul və
ya natura ilə verilən birdəfəlik mükafatlardan və işdənçıxarma müavinətlərindən
də alimentin tutulması nəzərdə tutulub.
Göstərilənlərə
əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmələrdə mübahisələrin həllində
yaranmış fərqli yanaşmanın aradan qaldırılması, vahid məhkəmə təcrübəsinin
formalaşdırılması məqsədilə yuxarıda göstərilən normaların əlaqəli şəkildə şərh
edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etməyi zəruri hesab etmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsinə müvafiq olaraq
insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına
layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Konstitusiyanın
16-cı maddəsinin I hissəsinə görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi
qayğısına qalır.
Azərbaycan
Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin
sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə,
insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin
edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət
öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan
təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək
iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə
və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir.
Lakin
dövlət bütün əmək qabiliyyəti olmayan əhalisinin maddi təminatını tam ödəyə
bilməz. Bu baxımdan, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının
Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə
görə yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin
borcudur (Konstitusiyanın 38-ci maddəsinin II hissəsi). (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin
bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 27 yanvar tarixli Qərarı).
İnsanın
şəxsiyyət olaraq formalaşmasında, cəmiyyətin inkişafında ailənin əvəzolunmaz
rolu nəzərə alınaraq Konstitusiyanın 17-ci maddəsi ilə ailənin dövlətin himayəsində
olduğu bəyan edilmişdir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək
valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Uşaq
hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət
kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin
əsas istiqamətlərindən biridir.
Uşaqlar
barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində
böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının,
layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və
132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 5 oktyabr tarixli Qərarı).
1959-cu
ildə Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Bəyannaməsinin qəbulu ilə
geniş yayılmış “uşağın ən yaxşı maraqları” anlayışına görə uşağa təsir edən hər
hansı qərar qəbul edilərkən onun rifahı, təhlükəsizliyi və inkişafı prioritet
olmalıdır, uşağın fiziki, psixoloji və emosional inkişafına kömək etməlidir. Bu
termin daha sonra 1989-cu il BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasında
öz əksini tapmışdır. Belə ki, Konvensiyanın 3-cü maddəsinin 1 və 2-ci bəndlərinə
görə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha
yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri
ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə
də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı
dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət
daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı
üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə
bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.
Həmin
Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər uşağın
tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması
prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər.
Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq
hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas
qayğı obyektidir.
Konvensiyanın
27-ci maddəsinin 1 və 2-ci bəndlərinə müvafiq olaraq, iştirakçı dövlətlər hər
bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat
səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn(lər) və ya uşağı tərbiyə
edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri
və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
Beləliklə,
hər bir xalqın gələcəyi yetişməkdə olan nəsillərdən asılı olduğundan, habelə
fiziki və psixi cəhətdən tam formalaşmayan və bu səbəbdən hüququn həssas
subyektlərindən olan uşağın hüquqlarının qorunması dövlətin ən vacib vəzifələrindən
birini təşkil etdiyindən, o, bu sahədə pozitiv öhdəliklər daşıyır. Bu öhdəliklərin
hansı formada və meyarlar əsasında həyata keçirməsi isə sahəvi qanunvericiliklə
müəyyən edilmişdir.
“Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və
hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların
hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan
Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə
zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər
gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
Həmçinin
Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat
almaq hüququ vardır. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri
vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə
etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf
etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin
mühafizəsi valideynlərin əsas vəzifələridir (“Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsi).
Cəmiyyətdə
sosial sabitliyin, iqtisadi inkişafın, hüquqi nizam-intizamın cəmiyyətin sosial
strukturunun əsasını təşkil edən ailənin (onun üzvlərinin) rifah içində olmasından
birbaşa asılılığı nəzərə alınaraq və qeyd edilənlərlə bağlı dövlətin pozitiv
öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə qanunvericilikdə nikah münasibətlərinin
pozulmasından sonra da keçmiş ər-arvadın və uşaqların hüquq və mənafelərinin
müdafiəsi üçün xüsusi hüquqi tədbirlər müəyyən edilmişdir. Bu tədbirlər ailə
üzvlərinin sosial müdafiəsinə yönəlməklə qarşılıqlı maddi məsuliyyət prinsipini
reallaşdırmağa xidmət edir. Belə tədbirlərdən biri də aliment institutudur.
Aliment
ailə hüququnun ən vacib hüquqi mexanizmlərindən biri olmaqla əsas məqsədi ailə
üzvlərinin bir-birinə yardım göstərməsini təmin etməkdir. Bu institut
qanunvericiliklə müəyyən edilmiş hallar üzrə bir ailə üzvünün digərinə maddi dəstək
göstərməsini hüquqi məcburiyyət halına gətirir.
Ailə
Məcəlləsinin beşinci bölməsi valideynlərin və uşaqların aliment öhdəliklərini nəzərdə
tutur. Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər öz yetkinlik yaşına
çatmamış uşaqlarının saxlanılması üçün məsuliyyət daşıyırlar.
Həmin
Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, Nazirlər Kabinetinin təsdiq
etdiyi Qərarın 1-ci hissəsi ilə uşaqlar
üçün valideynlərinin aliment tutulan əmək haqqının və (və ya) başqa gəlirlərinin
növləri müəyyən olunmuşdur ki, buraya əmək
müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə ödənilə bilən əmək haqqı, o cümlədən
pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşları, əmək haqqına olan bütün
növ əlavələr, qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əmək haqqı, pul
və ya natura ilə verilən mükafatlar, xidmət illərinə görə verilən birdəfəlik
mükafatlar, il üzrə işin yekunlarına görə verilən mükafatlar və s. aid
edilmişdir.
Eyni
zamanda, Nazirlər Kabinetinin Qərarının 5-ci hissəsində alimentin tutulmadığı
konkret gəlir növlərinin də siyahısı təsbit olunmaqla yubiley və bayram günləri,
anadan olan günlərlə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən
(mükafatlar da daxil olmaqla), maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdən,
yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatlarından, elm, ədəbiyyat
və incəsənət sahəsində mühüm işlərə görə verilən mükafatlardan və sair bir sıra
ödənişlərdən alimentin tutulması istisna edilmişdir.
Bundan başqa, Nazirlər Kabinetinin Qərarının 3
və 6-cı hissələrində hərbi qulluqçular, həmçinin hüquq-mühafizə orqanlarının
sıravi və komanda heyətindən olan şəxslərlə bağlı xüsusi qayda müəyyən edilərək,
həmin şəxslərin uşaqları üçün alimentin tutulduğu və tutulmadığı gəlir növləri
göstərilmişdir.
Qeyd
edilən normalardan görünür ki, qanunverici uşaqlar üçün valideynlərinin aliment
tutulan və tutulmayan gəlir növlərinin siyahısını müəyyən edərkən bu və ya digər
ödənişin iqtisadi-hüquqi təyinatından, məqsədindən çıxış etmişdir. Belə ki, Qərarın
1.1-ci bəndi ilə şəxsin əmək münasibətlərindən irəli gələn, əsasən müntəzəm
(daimi) xarakter daşıyan əmək haqqı
komponentlərinin alimentə cəlb edildiyi müəyyən edilmişdir. Nəzərə alınmalıdır
ki, əmək haqqı işçinin gördüyü işə görə ödənilən məbləğ olmaqla onun özünün və
ailəsinin əsas maddi təminat vasitəsi kimi çıxış edir. Azərbaycan Respublikası
Əmək Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsinə görə, əmək haqqı —
müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi
ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən
tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ,
habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin
Məcəllənin 157-ci maddəsi əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı ilə
yanaşı, əlavələr və mükafatların da daxil olduğunu təsdiqləyir. Əmək Məcəlləsinin
157-ci maddəsinin altıncı hissəsinə əsasən, mükafat — əməyin kəmiyyət və
keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək
haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul
vəsaitidir.
Göstərilənlər
baxımından ilin yekunlarına görə mükafat əmək haqqı sistemində (daxili
qaydalarla) nəzərdə tutularaq, əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə
işçinin maddi marağının artırılması məqsədilə ödənilməklə Nazirlər Kabinetinin
Qərarının 1.1-ci bəndinin əhatə dairəsinə düşür.
Həmçinin
məzuniyyət hüququ işçinin əsas hüquqlarından biri olmaqla məzuniyyətdə olduğu
müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və orta əmək haqqı saxlanılır
(Əmək Məcəlləsinin 111-ci maddəsi). Əmək Məcəlləsinin 139-cu maddəsinə uyğun
olaraq, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin
qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu
Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı
anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Eləcə də işçi müvafiq
iş ilində əmək məzuniyyətindən istənilən
səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş
əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir
(Əmək Məcəlləsinin 135-ci maddəsi).
Odur ki, məzuniyyət haqqı işçinin əmək haqqı sisteminə
aid olmaqla Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndi ilə aliment
tutulmasının yönəldildiyi ödənişlərdəndir.
Nazirlər
Kabinetinin Qərarının 5-ci hissəsi ilə aliment tutulmasının istisna edildiyi ödənişlərin
isə mahiyyət etibarı ilə əsasən qeyri-müntəzəm olmaqla şəxsi xarakterli, özəl, əlamətdar
günlərdə (ad günü, yubiley və s.) və ya şəxsin
hər hansı xüsusi xidmətinə (elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə,
habelə ixtiralara və səmərələşdirici təkliflərə) görə həvəsləndirici məqsədlərlə
verilən, eləcə də konkret, kompensasiya təyinatlı (maddi yardım şəklində verilən
ödənclər, işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərin, yanacağın, nəqliyyatda
gediş biletlərinin dəyəri və ya onların kompensasiyası, sanatoriya-kurort
müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri) ödənişlər olduğu
görünür.
Qeyd
edilməlidir ki, qanunvericilikdə məzuniyyət müavinəti anlayışı da nəzərdə
tutulmuşdur ki, Əmək Məcəlləsinin məzuniyyətdə olan işçiyə əlavə sosial-məişət
müavinətlərinin ödənilməsi adlı 141-ci maddəsinə əsasən, əmək müqaviləsində və
ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə
büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin
smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması
— müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti
hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət
şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın
verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı müəyyən
edilmiş müavinətlər, yardımlar da ödənilir. Maddədən göründüyü kimi, belə
müavinət işçiyə konkret məqsədlər üçün maddi yardım olaraq ödənildiyindən
Nazirlər Kabinetinin Qərarının 5-ci hissəsinin əhatə dairəsinə aiddir.
Beləliklə,
qanunvericinin yanaşmasına görə alimentin tutulmalı
olduğu ödəniş əsasən daimi (müntəzəm) xarakterli, proqnozlaşdırıla bilən olmaqla
əmək haqqı sisteminə daxil olmalı və işçinin sabit və əsas gəlir mənbəyini təşkil
etməlidir.
Həvəsləndirici
və ya kompensasiya xarakterli ödənişlər isə müəyyən bir hadisənin baş verməsi
ilə əlaqədar həyata keçirilən, konkret təyinatlı, epizodik xarakter daşımaqla
işçinin daimi (müntəzəm) gəlirlərindən olmayan ödənişlərdir və qanunverici bu
tipli gəlirləri aliment tutulmalarından azad etmişdir.
Alimentin
ödənilməsi və tutulması qaydasına gəlincə isə göstərilməlidir ki, Ailə Məcəlləsinin
102-ci maddəsinə müvafiq olaraq, şəxsin işlədiyi təşkilatın müdiriyyəti
notariat qaydasında təsdiq edilən aliment ödənilməsi barədə saziş əsasında və
ya icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və (və ya) başqa gəlirindən
aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əmək
haqqı və (və ya) başqa gəlirlər verilən gündən sonra ən geci 3 gün müddətində
verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur.
Həmçinin
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi ilə müəyyən
edilmişdir ki, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət
icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata
keçirilir.
Həmin
Qanunun 88-ci maddəsi ilə isə icra sənədi üzrə tələbin hüquqi şəxs tərəfindən
vaxtında icra edilməməsi ilə bağlı tələbkarın hüquqlarının müdafiəsi məsələsi tənzimlənmişdir.
Qeyd edilən maddəyə əsasən tələbkar borcludan tutulmalı olan məbləğin, əgər həmin
məbləğ hüquqi şəxsin təqsiri üzündən tutulmamışdırsa, müvafiq hüquqi şəxsdən
tutulması barədə ona qarşı iddia qaldıra bilər.
Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər
orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə
yetirilməməsinə görə də məsuliyyət müəyyən edilmişdir.
Göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müvafiq münasibətləri tənzimləyən
qanunvericilik normaları mövcud olduğundan, həmin normaların hüquqi mahiyyəti və
məzmunu, habelə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda ifadə etdiyi hüquqi
mövqelər rəhbər tutulmaqla işin faktiki hallarının, toplanmış sübutların tam və
hərtərəfli araşdırılması əsasında məhkəmələr tərəfindən aidiyyəti işlər üzrə müvafiq
hüquqi nəticəyə gəlinə bilər.
Bu baxımdan Konstitusiya
Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin
müraciətində qaldırılan hüquqi məsələlərin mövcud qanunvericiliyin müvafiq
normalarına, eləcə də bu Qərardadda göstərilən əsaslara uyğun həll edilməsi
mümkün olduğundan, hazırkı vəziyyətdə müraciət üzrə Konstitusiya Məhkəməsinin
Plenumu tərəfindən ayrıca qərar qəbul edilməsinə zərurət duyulmur.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 49, 60, 62 və 68.1-ci maddələrini rəhbər
tutaraq,
QƏRARA
ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumun Qərardadının təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi nəticələr nəzərə alınsın.
2.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı
hissəsində göstərilən əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsinin
müraciəti üzrə müvafiq qərar qəbul edilməsinə
ehtiyac olmadığından konstitusiya işinin icraatına xitam verilsin.
3. Qərardadın surəti
7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.
4. Qərardad “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
Sədrlik edən Fərhad Abdullayev