AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsi və 71-ci maddəsi
baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211.2 və
218.3-cü maddələrinin əlaqəli şəkildə şərh
olunmasına dair
16 oktyabr 2025-ci il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay
Əfəndiyeva (məruzəçi-hakim), Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa
Nəcəfov, Rəşid Rzayev, Fərhad
Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və
32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili
Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının
yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası
Prokurorluğunun sorğusu əsasında Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsi və 71-ci maddəsi
baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211.2 və
218.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə
baxdı.
İş üzrə hakim H.Əfəndiyevanın məruzəsini,
maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Azərbaycan
Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikası Ali
Məhkəməsinin Cinayət Kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyası, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar
Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri
Mərkəzi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis
mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Cinayət prosesi kafedrasının professoru, hüquq elmləri doktoru F.Abbasovanın və
həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru L.Məmmədovanın rəyini və
iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının
Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə
müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan
sonra – Cinayət-Prosessual Məcəllə) 211.2-ci maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin II hissəsi və
həmin Məcəllənin 218.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh olunmasını xahiş
etmişdir.
Sorğuverənin qənaətinə
görə, Cinayət-Prosessual Məcəllənin 50.1, 50.3, 211.2–211.7-ci maddələrində cinayət təqibi üzrə icraatın ayrılmasının şərtləri
və qaydaları müəyyən olunsa da, ayrılmış cinayət işi üzrə ibtidai istintaq müddətinin
axımının başlanmasına münasibətdə qanunvericilikdə qeyri-müəyyənlik mövcuddur.
Prokurorluq hesab
etmişdir ki, hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə cinayət
işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması
hallarında ibtidai istintaq müddətinin axımının hansı andan başlanması məsələsinə
aydınlıq gətirilməsinə zərurət yaranmışdır.
Konstitusiya Məhkəməsinin
Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın
71-ci maddəsinin I hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş
hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin II hissəsində göstərilir ki,
insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra
bilməz.
Konstitusiyanın 60-cı
maddəsinin I və II hissələri ilə hər kəsin hüquq və azadlıqlarının inzibati
qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan hüquq və
azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və
azadlıqların təminatı kimi çıxış edir. Məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə
müraciət etmək imkanını deyil, həmçinin pozulmuş hüquq və azadlıqların
qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva
edən ədalət mühakiməsini də nəzərdə tutur. Hər kəsin hüququ var ki, onun işinə
qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində
ağlabatan müddətdə baxılsın.
Pozulmuş insan
hüquqlarının bərpa edilməsinin səmərəliliyinin göstəricilərindən biri ədalət
mühakiməsinin vaxtında həyata keçirilməsidir. Bu baxımdan, ədalət mühakiməsi
yalnız iş məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmış və həll edilmiş olduğu
halda həqiqətən “ədalət” meyarlarına cavab vermiş olur.
İnsan Hüquqları
üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq
hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinin pozulması ilə
bağlı şikayətlərə baxarkən ibtidai araşdırmanın ağlabatan müddətə aparılmasının
vacibliyini xüsusilə qeyd etmişdir.
Cinayət-prosessual
qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində
xüsusi rol oynayır. Məhz bu müddətlərdə cinayət mühakimə icraatı
iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam
verilir.
Prosessual müddətlərin
əhəmiyyəti özünü təkcə prosessual vəzifələrin icra edilməsində deyil, həmçinin
cinayət prosesi orqanının həyata keçirdiyi cinayət təqibi üzrə icraatın ardıcıl
və fasiləsizliyinin təmin olunmasında da göstərir. Qeyd olunmalıdır ki, cinayət
prosesinin məhkəməyədək icraat və məhkəmə icraatı mərhələlərinə bölünməsi Cinayət-Prosessual
Məcəllədə nəzərdə tutulmuş prosessual müddətlərin də eyni mərhələ üzrə bölgüsünə
səbəb olmuşdur. Belə ki, cinayət prosesi həm məhkəmə icraatı, həm də məhkəməyədək
icraat mərhələsində konkret zaman kəsiyində həyata keçirilir və bu zaman kəsiyi
prosessual müddətləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının,
158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair” 2011-ci il 10 oktyabr
tarixli Qərarı).
Avropa Məhkəməsinin
formalaşdırdığı hüquqi mövqeyə görə “ağlabatan müddət” təkcə məhkəmə mərhələsini
deyil, həmçinin ilkin istintaq mərhələsini də əhatə edir. Eyni zamanda, bu müddət
cinayət işinin materialları məhkəməyə təqdim edilməmişdən əvvəl, yəni ibtidai
araşdırma mərhələsindən, şəxsə ittiham elan olunduğu andan və ya azadlığın məhdudlaşdırıldığı
tarixdən, hətta şəxs cinayət təqibinə məruz qaldığı andan hesablanmağa başlayır
(Deweer Belçikaya qarşı iş üzrə 1980-ci il 27 fevral, Neumeister
Avstriyaya qarşı iş üzrə 1968-ci il 27 iyun, Rıngisen Avstriyaya
qarşı iş üzrə 1971-ci il 16 iyul il tarixli qərarlar).
Konstitusiya Məhkəməsinin
Plenumu sorğuda qaldırılan məsələnin həlli üçün, ilk növbədə, Cinayət-Prosessual
Məcəllənin bir-biri ilə sistemli əlaqədə olan bəzi müddəalarının təhlilini
vacib hesab edir.
Cinayət-Prosessual
Məcəllənin 1.2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının cinayət-prosessual
qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi
cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin
özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək
mümkün olmasın, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə,
insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz
qalmasın.
Cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə
bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq və cinayət törətmiş
şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək isə cinayət mühakimə
icraatının vəzifələri sırasında müəyyən edilmişdir (Cinayət-Prosessual
Məcəllənin 8.0.3 və 8.0.4-cü maddələri).
Qeyd olunmalıdır
ki, həmin Məcəllənin 10–36-cı maddələrində göstərilmiş cinayət
mühakimə icraatının əsas prinsipləri və şərtləri cinayət təqibinin həyata
keçirilməsinin qaydalarını müəyyən etməklə
şəxsin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması
hallarından müdafiəsinə, hər bir cinayət təqibinin qanuniliyinin və əsaslılığının
təmin edilməsinə xidmət edir. Cinayət prosesini həyata keçirən orqanlar üçün
cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş
insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmək əsas vəzifələri
kimi müəyyən edilmişdir (Cinayət-Prosessual Məcəllənin 9.1 və 12.1-ci maddələri).
Cinayət-prosessual qanunvericiliyin təyinatına
müvafiq olaraq və cinayət mühakimə icraatının vəzifələrinin icrasına nail
olunması məqsədilə qanunvericilikdə cinayət təqibi üzrə icraatın
birləşdirilməsi və cinayət təqibi üzrə icraatın ayrılması ilə bağlı müddəalar
nəzərdə tutulmuşdur.
Cinayət-Prosessual Məcəllənin 50-ci maddəsinə
əsasən, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və
vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması
mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol
verilir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirak
etmiş, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxs
digər şəxslərlə birlikdə cinayət təqibinə məruz qalarsa, onun barəsindəki
icraat ibtidai araşdırma zamanı mümkün qədər ayrıca icraata ayrılmalıdır.
Cinayət təqibi üzrə icraatın ayrılması müstəntiqin, prokurorun və ya məhkəmənin
qərarı ilə həyata keçirilir.
Nəzərə alınmalıdır ki, cinayət mühakimə icraatının
məqsədləri yalnız cinayətdən zərərçəkmişlərin hüquqlarının müdafiəsini deyil,
həmçinin cinayət təqibinə məruz qalan şəxslərin hüquq və azadlıqlarının
müdafiəsini ehtiva edir. Bu baxımdan, cinayət işinin ayrıca icraata ayrılması
cinayət prosesinin obyektivlik, qərəzsizlik, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi kimi prinsiplərin realizəsinə
xidmət edir.
Ümumiyyətlə, cinayət-prosessual qanunvericilikdə
təsbit olunmuş cinayət təqibi üzrə icraatın birləşdirilməsi və ayrılması ilə
bağlı münasibətləri tənzimləyən normalar iki başlıca məqsədin təmin edilməsinə
istiqamətlənmişdir:
· prosessual qənaət prinsipinin
gözlənilməsi;
· cinayət təqibi ilə bağlı bütün
halların hərtərəfli, tam və obyektiv araşdırılması.
Məhz bu məqsədlərdən irəli gələrək qanunverici
cinayət təqibi üzrə icraatın birləşdirilə bildiyi, icraatın birləşdirilməsinin
qadağan olunduğu, cinayət təqibi üzrə icraatın ayrılmasına yol verildiyi,
həmçinin cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata
ayrılmalı olduğu halları müəyyən etmişdir.
Cinayət işinin ayrıca baxılmasının mümkünlüyü
dedikdə həm ilkin, həm də ayrılmış cinayət təqibi üzrə bütün halların müəyyən
edilməsi üçün istintaqın, zəruri prosessual hərəkətlərin, o cümlədən məhkəmə
baxışının müstəqil surətdə həyata keçirilə bilməsi başa düşülür (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
49.4.2-ci maddəsinin həmin Məcəllənin 8.0.3, 8.0.4 və 48.1-ci maddələri və
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə əlaqəli şəkildə
şərh edilməsinə dair” 2023-cü
il 8 may tarixli Qərarı).
Cinayət-Prosessual Məcəllənin 211.2-ci maddəsi ilə
müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurorun öz icraatında olan cinayət işinin materiallarından başqa cinayət
işini ayrıca icraata ayırması şərtləri müəyyən edilmişdir.
Həmin maddə ilə nəzərdə tutulmuş şərtlərdən biri və
ya bir neçəsi mövcud olsa da, cinayət təqibi ilə bağlı bütün halların
hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa
cinayət işi ayrıla bilməz (Cinayət-Prosessual Məcəllənin 211.3-cü maddəsi).
Beləliklə, cinayət-prosessual qanunvericiliyin
tələbləri nəzərə alınmaqla cinayət təqibi üzrə icraatların ayrılması barədə
qərar qəbul edilərkən cinayət işlərinin ayrılmasının səmərəliliyi meyarından
çıxış edilməlidir ki, bununla da prosessual qənaət prinsipinə əməl edilməsi və
cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv
araşdırılması təmin edilmiş olsun.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə
dair” 2020-ci il 8 yanvar tarixli Qərarında qeyd etmişdir ki,
Cinayət-Prosessual Məcəllənin 50.3-cü maddəsi həmin Məcəllənin 9.1.3 və 211-ci
maddələri ilə əlaqəli şəkildə cinayət işinin ayrıca icraata ayrılması barədə
qərar qəbul edərkən müstəntiq, prokuror və hakimin üzərinə müvafiq hüquqi və
faktiki əsasların göstərilməsi vəzifəsini qoyur. Cinayət işinin ədalətli həlli
üçün bu cür qərar onun qəbul olunmasının vacibliyini təsdiq edən və iş
materiallarında öz əksini tapmış konkret hallara, həmçinin maddi və prosessual
hüquq normalarına əsaslanmaqla qəbul edilməlidir.
Cinayət işinin ayrıca icraata ayrılması hallarında
ibtidai istintaq müddətinin axımının hansı andan başlanması ilə əlaqədar qeyd
olunmalıdır ki, Cinayət-Prosessual Məcəllənin 48.1.2-ci maddəsinə əsasən,
cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə
tərəfindən həmin Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və
qurtarmalıdır ki, şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını
və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər.
Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq,
ibtidai istintaq müddəti cinayət işinin başlandığı gündən hesablanır, işin
məhkəməyə göndərilməsi və ya icraatına xitam verilməsi haqqında qərarın
çıxarıldığı gün bitir.
Göstərilməlidir ki, cinayət-prosessual
qanunvericilikdə ibtidai istintaqın müddətinin axımının başlanma anı ilə bağlı
yuxarıda qeyd edilən qaydadan hər hansı bir istisna nəzərə tutulmamışdır və bu
qayda ibtidai istintaq müddətinin hesablanmasının zəruri olduğu bütün hallara,
o cümlədən Cinayət-Prosessual Məcəllənin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş
hallara şamil olunur.
Burada nəzərə alınmalıdır ki, Cinayət-Prosessual
Məcəllənin 211.2.2–211.2.6-cı maddələrində təsbit edilən şərtlərlə ayrılmış
cinayət işi üzrə ibtidai istintaq, eyni bir cinayətə görə başlanmış ibtidai
araşdırmanın yeni icraatda davamıdır və belə hallarda ayrılmış cinayət işi üzrə
istintaq müddətinin axımının ayrılma haqqında qərar qəbul edildiyi andan
hesablanması, ayrılma haqqında qərar qəbul edilənə qədər keçən müddətin ibtidai
istintaq müddəti qismində qiymətləndirilməməsi ilə nəticələnəcəkdir ki, bununla
həmin müddət ərzində əldə edilmiş sübutların mümkünlüyü, mötəbərliyi, qəbul
edilmiş qətimkan tədbirlərinin qanuniliyi şübhə altına alınmış olar. Son
nəticədə bu halda ibtidai istintaq müddətinin cinayət işinin ayrılması barədə
qərar qəbul edildiyi andan hesablanması cinayət prosesi tərəflərinin (həm
təqsirləndirilən (şübhəli), həm də zərərçəkmiş şəxsin) prosessual hüquqlarının
pozulmasına şərait yaratmaqla cinayət-prosessual qanunvericiliyin əsas
prinsiplərinin inkar edilməsinə gətirib çıxarar.
Bununla belə o da xüsusilə qeyd edilməlidir ki,
Cinayət-Prosessual Məcəllənin 211.2.1-ci maddəsi ilə müəyyən edilmiş əsasla,
yəni təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlə bərabər onunla bağlı
olmayan, təqsirləndirilən şəxs tərəfindən deyil, digər məlum və ya naməlum
şəxslər tərəfindən təqsirləndirilən şəxsin iştirakı olmadan törədilmiş başqa
cinayətin müəyyən edilməsi əsası ilə cinayət işi ayrıldıqda, cinayət işinin
materiallarından başqa cinayət işinin ayrılması ilə yanaşı, yeni cinayət hadisəsinə
görə cinayət işinin başlanması tələb olunur. Çünki ilkin işdəki cinayət işinin
başlanması barədə qərar tamamilə fərqli əmələ görə çıxarılmış sənəd kimi çıxış
etməklə yeni cinayət təqibinin aparılmasının başlanğıcını ehtiva etmir.
Nəzərə alınmalıdır ki, Cinayət-Prosessual
Məcəllənin 46, 204–210-cu maddələrinin mənasına görə, cinayət işinin başlanması
üçün səbəb və əsas olduğu bütün hallarda, o cümlədən həmin Məcəllənin
211.2.1-ci maddəsində göstərilən əsasla cinayət işinin materiallarından başqa
cinayət işi ayrıldıqda və cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillər
olduqda cinayət işi başlanmalıdır.
Eyni zamanda, Cinayət-Prosessual Məcəllənin
211.2.1-ci maddəsində nəzərdə tutulmuş əsasla cinayət işi ayrıldıqda yeni
cinayət işinin başlanılmaması cinayətin törədilməsində təqsirləndirilən
(şübhəli) şəxslərin statusunu sual altına qoymuş olar ki, bu da onların
hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər.
Halbuki Konstitusiyada demokratik hüquqi dövlətin
təbiətini, mahiyyətini əks etdirən və cinayət mühakimə icraatında insan və
vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra prinsiplər
təsbit edilmişdir (Konstitusiyanın 25, 28, 32, 33, 60, 61, 63, 65, 66, 67, 68,
125 və 127-ci maddələri). Bu baxımdan cinayət prosesinin digər iştirakçıları
kimi təqsirləndirilən (şübhəli) şəxsin də əsas hüquqlarının təmin edilməsi
mühüm əhəmiyyət kəsb etməklə, belə hüquqların həyata keçirilməsi cinayət mühakimə
icraatının istənilən mərhələsində mümkün olmalıdır.
Qeyd edilməlidir ki, cinayət işinin başlanılması
mərhələsi cinayət prosesinin cinayət işinin başlanılması üçün əsasların,
cinayətin əlamətlərinə işarə edən dəlillərin qiymətləndirildiyi, cinayət
təqibini istisna edən, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən,
habelə cinayət təqibinin həyata keçirilməsinə mane olan halların və s. müəyyən
edildiyi vacib mərhələsidir.
Burada yeganə istisna, Cinayət-Prosessual
Məcəllənin 45.3-cü maddəsi ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə
törətməyən aşkar cinayətə dair şikayət üzrə təhqiqatçının cinayət işi
başlamadan sadələşdirilmiş icraat aça bilməsi halıdır. Bununla belə, Konstitusiya
Məhkəməsi Plenumunun ifadə etdiyi hüquqi mövqeyə əsasən, cinayət qanunu ilə
nəzərdə tutulmuş əməli törətmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraatda da
təqsirləndirilən şəxs statusuna malikdir.
Nəzərə alınmalıdır ki, məhkəməyədək sadələşdirilmiş
icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin
hüquqlarının təmin edilməsi, ona qarşı irəli sürülmüş ittihamın mövcudluğundan,
onun təqsirliliyinin sübuta yetirilməsinə yönəlmiş müvafiq prosessual
qərarların qəbul edilməsindən və xüsusən də, təxirəsalınmaz istintaq
hərəkətlərinin aparılmasından irəli gəlir. Bu zaman həmin şəxsin cinayət təqibi
üzrə yalnız formal prosessual vəziyyətinin deyil, həmçinin faktiki vəziyyətinin
nəzərə alınması zərurəti yaranır (“Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 293.1-ci maddəsinin və 297.0.4-cü maddəsinin bəzi müddəalarının
şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərar).
Qeyd edilənləri nəzərə alaraq, Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət-Prosessual Məcəllənin 211.2.1-ci
maddəsi ilə nəzərdə tutulmuş əsasla cinayət işinin materiallarından başqa
cinayət işi ayrılarkən ayrılma haqqında qərarda yeni cinayət işinin
başlanılması məsələsi həllini tapmalıdır.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiyanın
60-cı maddəsinin II hissəsi, 71-ci
maddəsi və Cinayət-Prosessual Məcəllənin 218.3-cü maddəsinin müddəalarından
irəli gələrək, həmin Məcəllənin 211.2.2–211.2.6-cı maddələrində müəyyən
edilən əsaslarla cinayət işinin materiallarından başqa cinayət işi ayrıca
icraata ayrıldıqda istintaq müddətinin axımı ilkin cinayət işinin başlandığı
gündən hesablanır;
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Konstitusiyasının
60-cı maddəsinin II hissəsi, 71-ci maddəsi və Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 218.3-cü maddəsinin müddəalarından irəli gələrək, həmin Məcəllənin
211.2.2–211.2.6-cı
maddələrində müəyyən edilən əsaslarla cinayət işinin materiallarından başqa
cinayət işi ayrıca icraata ayrıldıqda istintaq müddətinin axımı ilkin cinayət
işinin başlandığı gündən hesablanır.
2. Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 211.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əsasla ayrılmış cinayət
işi üzrə ibtidai istintaq müddəti ayrılma haqqında qərar qəbul edildiyi (yeni
cinayət işi başlanıldığı) gündən hesablanır.
3. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
4. Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında
yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan
və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad
Abdullayev