AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan
Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri və 80-ci maddəsi
baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 12.5-ci maddələrinin
əlaqəli şəkildə şərh olunmasına dair
30 sentyabr 2025-ci il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev
(məruzəçi-hakim), Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev,
Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və
32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili
Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının
yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası
Prokurorluğunun sorğusu əsasında Azərbaycan
Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri və 80-ci maddəsi
baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 12.5-ci maddələrinin
əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Quliyevin
məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası
Prokurorluğunun sorğusunu və Azərbaycan
Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikası Ali
Məhkəməsinin Cinayət Kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təqdim olunmuş
mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri
doktoru, professor Ş.Səmədovanın, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və
hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor A.Rüstəmzadənin rəylərini və
iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan
sonra – Cinayət Məcəlləsi) 12.5-ci maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 80-ci maddəsi və Cinayət Məcəlləsinin
12.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Sorğuda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən,
Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi
yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda
törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan
Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə
əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum
olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
Cinayət Məcəlləsinin 12.5-ci maddəsinə görə, həmin Məcəllənin 12.1-ci
maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən
təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə
tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz.
Oxşar tələb 2002-ci il oktyabrın 7-də Kişinyov (Kişineu) şəhərində
imzalanmış, Azərbaycan Respublikasının 2004-cü il 13 yanvar tarixli Qanunu ilə
təsdiq edilmiş “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında” Konvensiyanın (bundan sonra – Kişineu Konvensiyası)
91-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında əks olunmuşdur. Həmin normaya
müvafiq olaraq, şəxs törədilmiş cinayətə görə məhkum edilərkən ona təyin
edilmiş cəza sorğu edən Razılığa Gələn Tərəfin qanunvericiliyində nəzərdə
tutulan cəzadan sərt olmamalıdır.
Sorğuverən qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə
tutulmuş şəxslərə təyin edilən cəzanın yuxarı həddi ilə bağlı qanunvericilikdə
məhdudiyyətin mövcud olduğu halda, aşağı həddin müəyyən edilməməsi təcrübədə cəzanın
tətbiqi ilə bağlı fərqli yanaşmalara səbəb olur.
Belə ki, bir sıra hüquq tətbiqedənlərin qənaətinə görə, cinayət
qanununun humanizm və ədalət prinsiplərinin tələblərinə uyğun olaraq xaricdə
cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə münasibətdə xarici
dövlətin cinayət qanununun şəxsin vəziyyətini yaxşılaşdıran, daha yüngül cəza
müəyyən edən normaları tətbiq edilməlidir.
Digər yanaşma isə ondan ibarətdir ki, həmin şəxslərlə bağlı Azərbaycan
Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən cəzanın aşağı həddi
kimi həmin əmələ görə Azərbaycan
Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulan cəzanın aşağı həddi tətbiq
edilməlidir.
Göstərilənlərə əsasən Prokurorluq cinayət qanununun eyni qaydada tətbiqinin,
hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi
ilə müvafiq normaların əlaqəli şəkildə şərh edilməsi üçün Konstitusiya
Məhkəməsinə müraciət edilməsini zəruri hesab
etmişdir.
Sorğu ilə əlaqədar Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakıları qeyd edir.
Konstitusiyanın 71-ci maddəsinin I və X hissələrinə görə, Konstitusiyada
təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və
qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət
orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və
hüdudlarda
fəaliyyət göstərə bilərlər.
Hüququn aliliyi prinsipindən irəli gələn qanunçuluq prinsipi, digər məsələlərlə
yanaşı, dövlət orqanlarının qanunla müəyyən edilmiş hədlərdə hərəkət etməsini
ehtiva edir. Müvafiq səlahiyyətverici əsaslar olmadan dövlət orqanı tərəfindən
edilən hər hansı bir hərəkət qanuni sayıla bilməz (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I və II
hissələrinin və 71-ci maddəsinin X hissəsinin tələbləri baxımından Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.2, 159.1, 159.3, 159.3-1,
159.8-1, 163.2 və 163.4-cü maddələrinin həmin Məcəllənin 84.5.11, 84.5.16,
151.2, 172.2, 290.5.2 və 290.5.3-cü maddələri ilə əlaqəli
şəkildə şərh edilməsinə dair” 2023-cü il 4 noyabr tarixli Qərarı).
Konstitusiyanın 80-ci maddəsinə görə, Konstitusiyanın və qanunların
pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən
edilən məsuliyyətə səbəb olur.
Konstitusiyanın
cinayət mühakimə icraatının əsas prinsiplərindən birini müəyyən edən 28-ci maddəsinin
II hissəsinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada
tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
Göründüyü kimi,
əsas insan hüquqlarından biri kimi azadlıq hüququ mütləq hüquq deyildir və yalnız
qanun qüvvəli normativ hüquqi aktla müəyyən edilmiş əsaslarla və qaydada, səlahiyyətli
vəzifəli şəxslər tərəfindən məhdudlaşdırıla bilər. Əks hal şəxsin azadlıq
hüququnun pozulmasına səbəb olur.
Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan
Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, II və III hissələrinə, 26-cı maddəsinin II hissəsinə,
28-ci maddəsinin I hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin I və III
hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2010-cu
il 2 mart tarixli Qərarında ifadə olunmuşdur.
Azərbaycan
Respublikası Cinayət-Prosessual
Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 10-cu maddəsinə
müvafiq olaraq, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu
ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə
şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə,
tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər
prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə,
cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına
yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri
cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin Qərarında verilmiş olsun. Qanunun
bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin
və qəbul olunmuş
qərarların hüquqi qüvvəsi yoxdur.
Cinayət təqibinin
həyata keçirilməsi üzrə hüquqi yardımın, o cümlədən cinayət işləri üzrə şəxsin
verilməsinin (ekstradisiyanın) əsasları və qaydaları isə Cinayət Məcəlləsi ilə
yanaşı müvafiq beynəlxalq hüquq normaları ilə də tənzimlənir.
Azərbaycan
Respublikası cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın
inkişafı və səmərəliliyinin artırılması məqsədi ilə “Ekstradisiya haqqında”
1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyasına,
“Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” 1959-cu il 20 aprel
tarixli Avropa Konvensiyasına, “Mülki,
ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında”
1993-cü il 22 yanvar tarixli Minsk və Kişineu Konvensiyalarına
qoşulmuşdur. Beynəlxalq aktlarda şəxsin verilməsi (ekstradisiya) ilə yanaşı,
sorğu edilən dövlətin ərazisində cinayət törətmiş şəxsin vətəndaşı olduğu dövlətin
cinayət təqibi orqanları tərəfindən cinayət təqibinin həyata keçirilməsi üçün
verilməsi vəzifəsi də göstərilmişdir.
Qeyd edilməlidir
ki, Konstitusiyada və cinayət qanunvericiliyində şəxsin verilməsini məhdudlaşdıran bir
sıra şərtlər mövcuddur.
Belə ki, Konstitusiyanın 53-cü maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının
vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.
Konstitusiyada təsbit olunmuş vətəndaşlıq hüququnun təminatından irəli gələrək
Cinayət Məcəlləsinin 13.1-ci maddəsində müəyyən edilmişdir ki, xarici dövlətin ərazisində
cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətə verilə
bilməz. Həmin
şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi
bu Məcəllənin 12-ci maddəsinə müvafiq qaydada həll edilir.
Nəzərə alınmalıdır ki, dövlətin öz vətəndaşlarına olan müstəsna
yurisdiksiyası vətəndaşlıq prinsipinə əsaslanır. Həmin prinsipdən irəli gələrək
Cinayət Məcəlləsinin 12.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, Azərbaycan
Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ
(hərəkət və ya hərəkətsizliyə) görə iki şərtin mövcud olduğu halda cinayət məsuliyyətinə
cəlb edilə bilərlər:
- törədilən əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi
xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayıldıqda;
- cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmadıqda.
Birinci şərt ikili kriminallaşdırma (ikili
cinayətkarlıq və ya məsuliyyət) qaydası kimi tanınır.
Cinayət Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulan ikinci şərt isə
Konstitusiyanın və cinayət qanununda təsbit edilmiş və şəxsin eyni bir cinayət əməlinə
görə təkrar məhkum edilməsinin, cəzalandırılmasının qarşısını alan non bis
in idem prinsipindən irəli gəlir.
Cinayət Məcəlləsinin 12.5-ci maddəsinə əsasən, bu Məcəllənin 12.1-ci
maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən
təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə
tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz.
Qeyd edilməlidir ki, cinayət qanunvericiliyində Azərbaycan
Respublikasının vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində daimi
yaşayan vətəndaşlığı olmayan şəxslərin xarici ölkədə törətmiş olduqları cinayətlərə
görə məhkum edilərkən cəzanın yuxarı həddinin cinayətin törədildiyi ölkənin
cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddi ilə məhdudlaşdırılması
cinayətə görə məsuliyyətin, cəzanın məhz əməlin ictimai münasibətlərə vurduğu zərərə,
bununla da ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq müəyyənləşdirilməsindən
irəli gəlir.
Əks yanaşma, yəni şəxsin, əməlinin baş verdiyi ölkədə ictimai təhlükəlilik
dərəcəsinə uyğun olaraq nəzərdə tutulmuş məsuliyyət həddindən artıq məsuliyyətə
cəlb edilməsi cəzanın mahiyyət və məqsədlərinə uyğun olmazdı.
Göstərilənlərlə yanaşı, şəxsin vətəndaşı olduğu və ya vətəndaşlığı
olmadan daimi yaşadığı ölkədə məhz cinayəti törətdiyi ölkədə üzləşə biləcəyi
maksimum cəza həddində cəzalandırılması hüquqi müəyyənlik prinsipinin mühüm
elementini təşkil edən proqnozlaşdırıla bilənlik tələbi ilə də uzlaşır.
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə törədilən
əmələ görə təyin edilən cəzanın aşağı həddi ilə bağlı hüquqi müəyyənlik və
qanunçuluq prinsiplərinin tələbləri baxımından aşağıdakıların qeyd edilməsini
vacib hesab edir.
Konstitusiya
hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın
Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri
kimi tanıyır. İnsan hüquqlarının həyata keçirilməsinin əsasını təşkil edən ədalət
və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən
olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin
iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda
qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş
hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə
etibarını artırır (Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların
pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi
baxımından şərh edilməsinə dair” 2014-cü il 27 mart tarixli Qərarı).
Hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi
meyarları həmçinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən
irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin I hissəsi).
Bu cür bərabərlik normaların bütün hüquq tətbiqedicilər tərəfindən
yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq
normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz
(qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik,
qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda, hər bir cinayət, habelə
onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır.
Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin)
cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq
normalarının dəqiq, aydın, birmənalı
müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu
tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir.
(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).
Qanunun aliliyi konstitusiya prinsipindən irəli gələn cinayət məsuliyyətinin
əsas prinsiplərindən biri olan qanunçuluq prinsipinin tələblərinə əsasən, əməlin
(hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və
digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən
edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi).
Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun
islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin
törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Cinayət qanunvericiliyində ədalət prinsipi və cəzanın təyin edilməsinin
ümumi əsasları Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrində açıqlanmışdır.
Həmin maddələrə uyğun olaraq, cinayət törətmiş şəxs haqqında tətbiq edilən
cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni
cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi
hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun
olmalıdır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza
növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi
cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin
xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən
cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin
islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli
bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla
Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza
təyin edilir.
Göründüyü kimi, törədilmiş əmələ görə təyin edilən cəza ilə həmin əməlin
ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onu törədən şəxsin şəxsiyyəti
arasında gözlənilən proporsionallıq cəzanın ədalətlilik meyarı kimi çıxış edir.
Odur ki,
ədalətin bərpası təyin edilmiş cəzanın cinayətin
xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o
cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olduğu təqdirdə mümkündür.
Göstərilənlər Cinayət Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə
Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəzanın, ərazisində
cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın aşağı həddi
ilə məhdudlaşdırılmasını mümkünsüz edir və bu məsələ məhz milli cinayət qanunvericiliyi
ilə həll edilir.
Əlavə olaraq qeyd edilməlidir ki, Kişineu Konvensiyasının 99-cu maddəsinin
1-ci hissəsinə əsasən, Razılığa gələn Tərəflərdən hər biri cinayətlərin
istintaqı aparılarkən və məhkəmələr tərəfindən cinayət işlərinə baxılarkən
öz qanunvericiliyində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və
ağırlaşdıran halları, hansı Razılığa gələn Tərəfin ərazisində baş
verib-verməməsindən asılı olmayaraq nəzərə ala bilər.
Konstitusiya Məhkəməsinin Plenumu onun da qeyd edilməsini zəruri hesab
edir ki, Cinayət Məcəlləsində cinayətə
görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsinin mümkünlüyü nəzərdə
tutulmuşdur.
Belə ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi
və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi
zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin
ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə
də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal
kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən
edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə
müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi
olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı
hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
Göründüyü kimi cəzanın aşağı həddinin, habelə daha yüngül cəzanın təyin
edilməsi cəzanın məqsədlərinə nail olmağa imkan verdiyi və şəxsin islah
olunmasına kifayət etdiyi hallarda onun tətbiqi
ədalətli cəza kimi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən
cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun
tarixli Qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirləndirildiyi
Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında
alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin
şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin
sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə mane
olmur.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu
aşağıdakı nəticəyə gəlir:
Konstitusiyanın
71-ci maddəsinin I və X hissələrinə və 80-ci maddəsinə, qanunçuluq
və hüquqi müəyyənlik prinsiplərinə, Cinayət
Məcəlləsinin 5.1 və 12.5-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun bu
Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən
həmin Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə xarici ölkənin
ərazisində törətdikləri cinayətə görə cəzanın aşağı həddi Cinayət Məcəlləsinin
Xüsusi hissəsinin müvafiq maddələri ilə müəyyən edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələrinə və 80-ci
maddəsinə, qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1 və 12.5-ci
maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun
bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə
əsasən həmin Məcəllənin 12.1-ci maddəsində
nəzərdə tutulmuş şəxslərə xarici ölkənin ərazisində törətdikləri cinayətə görə
cəzanın aşağı həddi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin
müvafiq maddələri ilə müəyyən edilməlidir.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev