Qərarlar

20.06.25. Konstitusiyanın 13-cü maddəsinin I hissəsinin və 29-cu maddəsinin I və II hissələrinin tələbləri baxımından Mülki Məcəllənin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin və 29-cu maddəsinin I və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

20 iyun 2025-ci il                                                                                   Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Fikrət Məmmədov, İsa Nəcəfov, Kamran Şəfiyev və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin və 29-cu maddəsinin I və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Ş.Yusifovun və həmin kafedranın doktorantı H.İrzayevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra  Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra  Mülki Məcəllə) 329, 339.1, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, R.Mahmudova V.Əliyevaya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək cavabdehin Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən evdən istifadə hüququna xitam verilməsini və onun həmin evdən çıxarılmasını xahiş etmişdir.

V.Əliyeva isə cavabdehlər R.Mahmudova və Bakı şəhəri 27 saylı notariat ofisinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla R.Mahmudova arasında rəsmiləşdirilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən R.Mahmudovanın adına verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir.

Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, həmin alğı-satqı müqaviləsi R.Mahmudova tərəfindən onun oğluna verilmiş borcun təminatı olaraq rəsmiləşdirilmişdir.

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia rədd olunmuş,  qarşılıqlı iddia isə təmin edilmişdir.

R.Mahmudova apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

İşə baxan Bakı Apellyasiya Məhkəməsi yalan əqdlə bağlı münasibətlərin tənzimlənməsi ilə əlaqədar məhkəmə təcrübəsində qeyri-müəyyənliyin olduğunu təsbit edərək Mülki Məcəllənin müvafiq maddələrinin şərh edilməsinin zəruri olduğu qənaətinə gəlmişdir. 

Müraciətdə qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəflər arasında borc və ipoteka münasibətlərinin mövcudluğu nəticəsinə gəlmiş və alğı-satqı müqaviləsini yalan əqd olması əsası ilə etibarsız hesab etmişdir.

Bakı Apellyasiya Məhkəməsi isə göstərmişdir ki, alğı-satqı müqaviləsinin yalan əqd olması qənaətinə gəlmək üçün “əqd barədə yanlış təsəvvür yaratmaq niyyəti” yalan əqdin tərkib əlaməti kimi mövcud olmalı, həm də bu niyyət “hər hansı bir mənfəət əldə etmək” məqsədini güdməlidir.

Bu məsələ ilə bağlı bir qrup hüquq tətbiqedənlər hesab edirlər ki, tərəflərin əqd barədə yanlış təsəvvürünü yaratmaq istədikləri şəxs həmin müqaviləni notarial qaydada təsdiq edən notariusdur. Digərlərinin fikri ondan ibarətdir ki, iki şəxsin yalan əqd bağlayarkən həmin əqd barədə yanlış təsəvvürünü yaratmaq istədikləri şəxs (şəxslər) bu və ya digər formada həmin əqddə maraqlı olan şəxslər ola bilər, notariusun isə bu əqddə heç bir marağı olmamaqla yalnız əqdi təsdiq edir və onun üçün tərəflərin bağladıqları əqdin hansı məqsəd güdməsinin əhəmiyyəti ola bilməz.

Müraciət edənin qənaətinə görə, tərəflərin əqd barədə yanlış təsəvvür yaratmaq istədikləri şəxs notarius olmadıqda, yalan əqdin müvafiq tərkib əlaməti (üçüncü şəxs və şəxslərə münasibətdə) mövcud olmadığından, onu yalan əqd kimi qiymətləndirmək mümkün deyil və belə olan halda həmin əqdin ümumiyyətlə etibarsız olub-olmamasının, etibarsız olduqda isə etibarsız əqdlərin hansı növünə aid olmasının müəyyən edilməsinə zərurət yaranır.

Müraciətdə o da qeyd edilmişdir ki, tərəflər arasında münasibətlərin alğı-satqı predmeti olan əşyanın yenidən alınmasına (satın alınmasına) yönələn alğı-satqı müqaviləsi kimi qiymətləndirilməsinin, həmçinin alğı-satqı müqaviləsi üzrə borc qismində verilmiş məbləğlə daşınmaz əmlakın orta bazar qiyməti arasında mövcud olan kəskin fərqin həmin müqavilənin borc alanın ağır vəziyyətə düşməsi və kreditorun bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) kimi qiymətləndirilərək etibarsız hesab edilməsinin (Mülki Məcəllənin 339.1-ci maddəsinin tətbiqinin) mümkünlüyü məsələlərinin həll edilməsi üçün mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddələrinin əlaqəli şəkildə şərh edilməsi zəruridir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin I hissəsinə və 29-cu maddəsinin I və II hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı).

Mülki hüquq sahəsində qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir ki, Mülki Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələrində nəzərdə tutulmuş iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz bu məqsədə nail olunmasına xidmət edir.

Mülki dövriyyənin davamlılığının təmin edilməsinə yönəlmiş önəmli hüquqi vasitə kimi əqdlərin arzu olunan hüquqi nəticələri yarada bilməsi üçün isə etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.

Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etmişdir ki, əqdin etibarlılığı, bununla da arzu olunan hüquqi nəticəyə səbəb olması əqdin subyekt tərkibinə, məzmununa, iradə sərbəstliyinə və formasına dair şərtlərə əməl edilməsini tələb edir.

Əks təqdirdə, yəni Mülki Məcəllənin müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

Əqdlərin ən çox müraciət edilən növlərindən olan müqaviləyə qanunvericilikdə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması kimi anlayış verilmişdir (Mülki Məcəllənin 324 və 389.1-ci maddələri).

Müqavilə tərəflərin qarşılıqlı və üst-üstə düşən iradə ifadələri olduğundan etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik iradə sərbəstliyi, müqavilə azadlığı prinsiplərindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel, T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli və s. Qərarları).

Müraciətdə şərh edilməsi xahiş olunan Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.

Yalan əqd aşağıda sadalanan əlamətlərə malikdir:

-  pərdələyən (yalan) əqd üzrə hər hansı hüquqi nəticə yaratmaq niyyəti və məqsədi mövcud olmur, tərəflərin hüquqi niyyəti əsl iradələrini gizlətməklə pərdələnən (gizlədilən) müqavilə üzrə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlir;

- pərdələmə əqdin hər iki tərəfinin birbaşa qəsdi ilə əhatə olunur;

- pərdələyən və pərdələnən əqdlərdə tərəf kimi eyni subyektlərin iştirakı ilə yanaşı, bu əqdlərin subyekt tərkibinin fərqli olması da mümkündür. Belə ki, bəzi hallarda pərdələnən əqdin tərəfi pərdələyən əqddə iştirak etməsə də, sonuncu əqd ilə gizlədilən məqsəddən məlumatlı olur və onun bağlanmasına yardım edir.

Konstitusiya Məhkəməsi Plenumunun oxşar mövqeyinin ifadə edildiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 2022 il 18 mart tarixli Qərarında göstərilmişdir ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

“Üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq” dedikdə isə yalan əqd tərəflərinin üçüncü şəxslərdə sanki görüntüdə göstərilən əqdin bağlandığı təəssüratını yaratmağa istiqamətlənmiş hüquqazidd davranışı başa düşülür.

O da xüsusilə qeyd edilməlidir ki, üçüncü şəxslərin dairəsi konkret şəxslərlə məhdudlaşmayaraq buraya yalan əqdi təsdiqləyən notariusun da aid edilməsi istisna edilməməlidir. Belə ki, görüntüdə bağlanan əqd və ya pərdələyən əqd tərəflərin bütövlükdə istənilən cəmiyyət üzvündə həmin əqdin bağlanmasına dair yanlış təəssürat yaratmaq  məqsədi ilə bağlanır və bu müxtəlif səbəblərdən (məsələn, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulan notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqlardan yayınma, qarşı tərəfin razılaşma şərtlərinə, işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan inam və s.) irəli gələ bilər. Yalan əqd halında ümumilikdə hüquq sisteminə zidd davranış olaraq həqiqi iradənin gizli tutulub görünüş üçün əqdin bağlanması çıxış edir ki, bu da publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Bu səbəbdən yalan əqdin əhəmiyyətsiz əqd olaraq qanunvericiliklə etibarsız əqdlər üçün müəyyən edilmiş nəticələrdən başqa hər hansı hüquqi nəticələr yaratması Mülki Məcəllə ilə qadağan edilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlarında da qeyd edilmişdir ki, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqazidd bir hərəkətdir.

Görüntüdə bağlanan əqdin yalan əqd hesab edildiyi halda məhkəmənin öz təşəbbüsü ilə pərdələnən əqddən irəli gələn qaydaları tətbiq etməsinin mümkünlüyü ilə bağlı göstərilməlidir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

Göründüyü kimi, qanunverici görüntü üçün bağlanan müqavilə tərəflərinin həqiqi iradə ifadəsi olan digər bir müqaviləni pərdələdiyi halda (yalan əqd halında), pərdələnən əqdə aid qaydaların tətbiqini mümkün hesab etmişdir. Həqiqi niyyət, əsl iradə ifadəsi isə müqavilənin bağlanmasına əsas olmuş şərait və motivin, müqaviləyə qədərki danışıqların, tərəflər arasındakı gerçək münasibətlərin araşdırılması əsasında təsbit edilə bilər.

İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 324.5, 404.1 və 404.2-ci maddələri).

Burada diqqətə alınmalı olan əsas məsələ isə odur ki, pərdələnən müqavilə tərəflərin həqiqi iradə ifadəsini əks etdirsə də, yalnız mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdiyi təqdirdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola və həmin əqdə dair qaydalar müvafiq olaraq məhkəmə tərəfindən tətbiq edilə bilər.

Bu baxımdan, müvafiq mübahisələr üzrə məhkəmə təcrübəsində daşınmaz əşyanın alğı-satqı müqaviləsi üzrə tərəflərin müqavilə bağlanarkən heç də müqavilə predmeti olan daşınmaz əşyanın qarşı tərəfin mülkiyyətinə keçirilməsi ilə bağlı hüquqi niyyətinin olmadığı, əslində bu müqavilənin onlar arasında mövcud olan gerçək borc münasibətlərinin təminatı məqsədilə bağlandığı müəyyən edildiyi halda,  həmin təminat xarakterli müqaviləyə (pərdələnən müqaviləyə) ipoteka müqaviləsinin qaydalarının tətbiqi mülki qanunvericiliyin tələbləri ilə uzlaşmır.

Belə ki, əşyanın yüklü hala gətirilməsi ilə bağlı əqd əşyaya sərəncam xarakterli olmaqla belə əqd Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən notarial qaydada təsdiqlənməlidir. Həmin maddəyə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

Həmin Məcəllənin 329.1-ci maddəsində təsbit edilmişdir ki, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdin forması ilə bağlı tələbə isə müqavilənin bütün mühüm şərtlərinin məhz qanunvericiliklə müəyyən edilmiş formada razılaşdırılması halında riayət edilmiş olur. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılan şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

Həmin müqavilənin müraciətdə göstərildiyi kimi alğı-satqı predmeti olan əşyanın yenidən alınmasına yönələn alğı-satqı müqaviləsi olaraq qiymətləndirilməsi isə Mülki Məcəllənin qeyd edilən 405.1 və 659.2, 661-ci maddələrinin tələblərinə uyğun gəlmir. Sonuncu maddələr ilə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə münasibətdə satılmış əşyanın yenidən alınması (satın alınması) hüququnun etibarlı sayılması, belə müqavilənin notarial qaydada təsdiq edilməsi tələbinə riayət edilməsi ilə şərtləndirilmişdir.

Göstərilənlərlə yanaşı o da nəzərə alınmalıdır ki, tərəflər aralarındakı borc münasibətlərini yalan əqd olaraq alğı-satqı müqaviləsi vasitəsilə təminat altına almış olduqları təqdirdə, sonradan borclu tərəfindən alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi, bəzi hallarda hüquqlardan istifadə edilməsi zamanı vicdanlılığın qorunması prinsipinə zidd olmaqla kreditorların mənafelərinin, mülki dövriyyənin sabitliyinin  pozulmasına gətirib çıxara bilər.

Belə ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrası böyük iqtisadi-sosial əhəmiyyətə malikdir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi borc və ya kredit müqavilələri üzrə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə yönəlməklə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).

Bu baxımdan, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq etibarsızlığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilib-keçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında da qeyd olunmuşdur ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 13-cü maddəsinin I hissəsinin, 29-cu maddəsinin I və II hissələrinin, Mülki Məcəllənin 340.2-ci maddəsinin məzmununa və hüquqi təyinatına, habelə Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı əqd yalan əqd olmaqla əhəmiyyətsizdir;

- Mülki Məcəllənin 329 və 340.2-ci maddələrinin tələblərinə uyğun olaraq, yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi, pərdələnən əqdin mülki qanunvericilikdə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verməsi halında mümkün hesab edilməlidir;

- Mülki Məcəllənin 405.1, 659.2 və 661-ci  maddələrinin mənasına görə, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin mühüm şərti kimi tərəflərin satılmış əşyanın yenidən alınması ilə bağlı razılaşması yalnız notarial qaydada təsdiq olunduğu halda etibarlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 6567 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.    Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin, 29-cu maddəsinin I və II hissələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin məzmununa və hüquqi təyinatına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

2.    Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329 və 340.2-ci maddələrinin tələblərinə uyğun olaraq, yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi, pərdələnən əqdin mülki qanunvericilikdə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verməsi halında mümkün hesab edilməlidir.

3.    Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 659.2 və 661-ci  maddələrinin mənasına görə, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin mühüm şərti kimi tərəflərin satılmış əşyanın yenidən alınması ilə bağlı razılaşması yalnız notarial qaydada təsdiq olunduğu halda etibarlıdır.

4.    Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5.    Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

6.    Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                   Fərhad Abdullayev