AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə
R A R I
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair
19 iyun 2025-ci il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim),
Fikrət Məmmədov, İsa Nəcəfov, Kamran Şəfiyev və Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri
üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair
konstitusiya işinə baxdı.
İş
üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin
müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini,
Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən
təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri, hüquq üzrə
fəlsəfə doktoru Ş.Yusifovun və həmin kafedranın müəllimi H.İrzayevin rəylərini
və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı
Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək iddia müddətinin
başlandığı günə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan
sonra – Mülki Məcəllə) 377.1-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.
Müraciətdən
görünür ki, "Muğanbank" Açıq Səhmdar Cəmiyyəti borclunun ölümü ilə əlaqədar
olaraq borcun vərəsələrdən tutulması barədə iddia qaldırmış, Bakı şəhəri Sabunçu
Rayon Məhkəməsi iddia müddətinin keçməsinə əsaslanaraq iddianı rədd etmişdir.
Apellyasiya
şikayəti üzrə məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi
iddia müddətini iddiaçının öz hüququnun pozulduğunu bildiyi gündən hesablamışdır.
Lakin işin hallarından görünür ki, iddiaçı hüququnun pozulduğunu bilsə də,
iddia verə bilməmişdir. Belə ki, iddia ərizəsində ölmüş şəxsin cavabdeh kimi
göstərilməsi mümkün olmadığından, vərəsənin cavabdeh kimi göstərilməsi üçün
onun şəxsiyyətinin müəyyənləşdirilməsi və mirası qəbul etməsinin gözlənilməsi zəruri
olur.
Bakı
Apellyasiya Məhkəməsi hesab etmişdir ki, iddia müddətinin axımının başlandığı
günə münasibətdə Mülki Məcəllənin 377.1-ci maddəsinin məzmunu ilə həmin Məcəllənin
372.1-ci maddəsi, habelə Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)
50.3, 54.1 və 149.2.2-ci maddələrinin məzmunu arasında fərqin olması belə vəziyyətin
yaranmasına gətirib çıxarır.
Müraciətdə
qeyd edilir ki, Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin əvvəli iddiaçının
hüququnun pozulmasını bilməsi ilə əlaqələndirilsə də, Mülki Prosessual Məcəllənin
yuxarıda qeyd olunan maddələrinin məzmununa əsasən hüququ pozulan şəxs əsl
cavabdehin kim olduğunu bildiyi və ya bilməli olduğu günə qədər onun məhkəmə
müdafiəsindən istifadə etməsi mümkün deyil.
Habelə
müraciət edənin qənaətinə görə, Mülki Məcəllənin 372.1-ci maddəsində “başqa şəxs”
ifadəsi ilə əsl cavabdeh nəzərdə tutularaq iddia müddətinin axımının əsl
cavabdehin kim olduğunun müəyyən olunduğu gündən başlanmalı olmasına baxmayaraq,
həmin Məcəllənin 377.1-ci maddəsində bu qayda əks olunmamış və nəticədə iki
maddə arasında fərq yaranmışdır.
Göstərilənlərə əsasən
Bakı Apellyasiya Məhkəməsi məhkəmə müdafiəsi hüququnun, eləcə də hüquqi müəyyənlik
prinsipinin təmin edilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək
qərarına gəlmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri
hesab edir.
Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin
hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat
verilir. Bu hüquq əsas insan hüquq və azadlıqları sırasında olmaqla yanaşı,
eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Məhkəmə
müdafiəsi hüququ yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin
pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində
səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur.
Konstitusiya
Məhkəməsinin Plenumu əvvəlki Qərarlarında da qeyd etmişdir ki, həm milli, həm də
beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan
maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən
mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə
məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin
birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və
azadlıqları bərpa etmək təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının
60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü
maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu
maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli
Qərar).
Mülki
hüquq münasibətlərində bu təminat şəxsin pozulmuş və ya mübahisələndirilən hüquqlarının
müdafiəsi üçün tələblə məhkəməyə müraciət etmək imkanında ifadə olunur. Tələb
hüququnun məhkəmə qaydasında müdafiəsi üçün
qanunvericiliklə müəyyən edilmiş hüquqi mexanizm olaraq iddianın qaldırılması
çıxış edir. İddiaçının tələbi cavabdehi
müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur
etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş
etdiyi maddi-hüquqi tələbdir.
Məlum
olduğu kimi, məhkəmə müdafiəsi hüququ da mütləq deyil və qanunvericiliklə nəzərdə
tutulmuş müəyyən məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququ ilə
bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətləri
ilə əlaqədardır.
Mülki
Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti
yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət
şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət
iddia müddəti sayılır.
İddia
müddəti ilə bağlı tənzimetmənin əsas məqsədlərindən biri hüquqi müəyyənlikdir
ki, bu müddət potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qorumaqla, məhkəmələri
müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanıb qərar
çıxarmaq zərurətindən azad edir.
Konstitusiya
Məhkəməsi Plenumunun iddia müddəti ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyə əsasən,
iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini
və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq
münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət
baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə
ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin
olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və
saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin
qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin
ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini
əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını
vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci
il 27 dekabr, “Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü
il 3 iyun tarixli və s. Qərarlar).
Qeyd
olunmalıdır ki, şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi
üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi məhkəmə müdafiəsi
hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqların bərpa edilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir
tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli
şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.
Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi
iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
Mülki
Məcəllənin 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə
maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və
qaydalarını tənzimləyir.
Mülki
Məcəllənin iddia müddətinin axımının başlanması ilə bağlı ümumi qaydanın müəyyən
olunduğu 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun
pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
Göründüyü
kimi, qanunverici əmlak və şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi ilə bağlı tələb
hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun
pozulduğunu bildiyi və ya bilməli olduğu günlə əlaqələndirilmişdir.
Şəxsin
öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır
ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu
hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu
bilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin
36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi
ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarı).
Şəxsin
öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə
elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın
normal axarına uyğun gəlməməklə mümkünsüz olur.
Bu
istər müqavilə, istərsə də qeyri-müqavilə münasibətləri ilə bağlı hüququ
pozulmuş şəxsin hüququnun müdafiəsi üçün tətbiq edilən müddətin başlanmasının
ümumi qaydasıdır.
Həmçinin
Mülki Məcəllənin 377-ci maddəsinin digər normalarında müvafiq müqavilə öhdəliklərinin
icra müddətinin şərtləri nəzərə alınmaqla, iddia müddətinin axımının başlanmasının
xüsusi qaydaları öz əksini tapmışdır. Belə ki, icra müddəti müəyyənləşdirilmiş
öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş
öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini
irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin
icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət
bitdikdən sonra hesablanmağa başlanır (Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələri).
Öhdəliklərin
icra müddəti ilə bağlı qanunvericiliyin tələblərinə əsasən, əgər öhdəliyin
icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə
bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası
müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə,
kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan
müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə
də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun
icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur,
bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya
öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin
(Mülki Məcəllənin 427.1, 427.2, 427.4-cü maddələri).
Qeyd
olunanlara əsasən belə nəticəyə gəlinir ki, icra müddəti müəyyənləşdirilmiş
müqavilə öhdəlikləri üzrə bu müddətin bitdiyi, icra müddəti müəyyənləşdirilməmiş
və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə Mülki Məcəllənin
427.2 və 427.4-cü maddələrində göstərilən müddətlərin bitdiyi gün öhdəlik icra olunmamışdırsa,
həmin gün artıq kreditorun öz hüquqlarının pozulduğunu bilməli olduğu tarixdir.
Həmin
günün ertəsi günü isə kreditorun müqavilə üzrə hüquqlarının müdafiəsi üçün tələb
hüququna münasibətdə iddia müddətinin axımı başlamış olur.
Həmçinin
ayrı-ayrı müqavilələrdən irəli gələn tələblərin xarakteri diqqətə alınmaqla
Mülki Məcəllədə iddia müddətinin başlanması anı ilə əlaqədar bir sıra xüsusi
müddəalar öz əksini tapmışdır (Mülki Məcəllənin 776, 861-ci və s. maddələri).
Beləliklə,
müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə
tələbləri üzrə iddia müddəti isə altı il olmaqla (Mülki Məcəllənin 373.2-ci
maddəsi) həmin müddətin axımı öhdəliyin icra müddətinin şərtlərindən asılı
olaraq Mülki Məcəllənin 377-ci maddəsində müəyyən olunan andan başlanır.
Müraciətdə
qaldırılan məsələnin həlli ilə əlaqədar o da qeyd olunmalıdır ki, Mülki Məcəllənin
378-ci maddəsinə uyğun olaraq, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin
və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.
Habelə
nəzərə alınmalıdır ki, mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi
halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq
və öhdəliklər aradan qalxmır, vərəsələri tərəfindən həyata keçirilməsi üçün
hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi
təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
Konstitusiya
Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci
maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII
hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 dekabr tarixli Qərarında
qeyd etmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata
keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul
etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları
qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün
yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar
vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu
nəzərdə tutmuşdur.
Bununla
belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras
qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan
istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.
Belə
ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını
bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə
bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər.
Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
İmtina
müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə
borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq
hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr
baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin
qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının
qarşısını almaq baxımından olduqca mühümdür.
Bu
baxımdan, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə
mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın
bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
Odur
ki, müraciətə səbəb olan mübahisədə olduğu kimi, borclunun ölümü halında Mülki
Məcəllənin 427-ci maddəsi ilə müəyyənləşdirilmiş icra müddəti ərzində öhdəlik
icra edilməzsə, Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələri ilə nəzərdə
tutulmuş müddətdən etibarən kreditorun hüquq varisliyi prinsipinə əsasən
borclunun vərəsələrinə qarşı iddia qaldırmaq hüququ yaranmış olur. Müqavilələrdən
yaranan öhdəliklər üzrə iddia müddətlərinin mirasdan imtina üçün
qanunvericiliklə müəyyənləşdirilmiş 3 aylıq (məhkəmə qaydasında uzadıldıqda isə
ən çoxu 5 aylıq) müddətlərə münasibətdə uzun olması nəzərə alınarsa, kreditor
borcluya, onun ölümü halında isə mirasdan imtina etməmiş vərəsələrinə qarşı
iddia qaldırmaq üçün kifayət qədər zamana malik olur.
Mülki
Məcəllənin 1312-ci maddəsində də qeyd olunmuşdur ki, əgər kreditor tələbi icra
müddəti çatanadək irəli sürmüşdürsə, vərəsə icranı müddət çatanadək təxirə sala
bilər. Müddət çatdıqda kreditor ümumi iddia müddəti ərzində icranı tələb edə
bilər.
Əks
yanaşma, yəni borclunun ölümünün iddia müddətinin axımının kəsilməsinə və ya
dayandırılmasına səbəb olan hal kimi qəbul edilməsi, iddia müddətinin axımının
vərəsələrin müəyyən edilməsindən sonra başlanmış hesab olunması kreditora əsassız
üstünlüyün tanınması ilə nəticələnməklə yanaşı, iddia müddətinin məqsəd və
mahiyyətinə də uyğun olmazdı.
Konstitusiya
Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 2023-cü il 26 dekabr tarixli Qərarı qəbul
edilənədək yaranmış vərəsəlik münasibətləri ilə bağlı isə qeyd olunmalıdır ki,
miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini
şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu
mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan,
kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin
miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli
sürməsi yolveriləndir.
Kreditorun
bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsinin əsas
məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi
etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd
olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması
hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan
maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə
şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı).
O
da göstərilməlidir ki, Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən,
iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli
olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması
yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl
iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və
ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol
verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
Bu
baxımdan, vərəsələrə və ya onlardan birinə qarşı iddia qaldırdıqdan sonra məhkəmə
baxışı gedişində vərəsələrin dairəsində hər hansı dəyişiklik baş verərsə, qanunverici
kreditora cavabdehi əsl cavabdehlə dəyişməklə bağlı hüquqi imkan tanımışdır.
Qeyd
olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 378, 379 və 380-ci maddələrinin tələblərindən
irəli gələrək borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin
axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur.
Konstitusiya
Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, mülki hüququn istənilən
sahəsində, eləcə də öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən
biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı
maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə
də, Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq
vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri
öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı
onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin
irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən
etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən
olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan
vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər
formalarda sui-istifadə edilməsinə yol verilmir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və
449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24
dekabr tarixli Qərarı).
Mülki
Məcəllənin 560.1, 560.2 və 506.3.2-ci maddələrinə görə, mülki hüquqlar hüquqa
uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi
ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas
üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şəxsin
öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi
hüquqdan sui-istifadə hesab olunur.
Digər
tərəfdən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin
1309-cu maddəsinə görə, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması
barədə miras qoyanın kreditorlarına məlumat vermək vərəsələrin borcu kimi müəyyən
olunmuşdur.
Beləliklə,
vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində
borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı,
ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən
mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə,
mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun
tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin
tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə
hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiyanın 60-cı maddəsi baxımından Mülki
Məcəllənin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək və bu Qərarın
təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq
müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi
iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur;
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və
69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər
üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının
dayandırılmasına və ya kəsilməsinə səbəb olmur.
2.
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 427-ci maddəsi ilə müəyyən edilmiş icra müddətləri
ərzində öhdəlik icra edilməzsə kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin
Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli
sürmək hüququna malik olur.
3.
Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
4.
Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5.
Qərar qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr Fərhad Abdullayev