Qərarlar

17.06.25. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin I hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin  I hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair

 

 

17 iyun 2025-ci il                                                                               Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Fikrət Məmmədov, İsa Nəcəfov, Kamran Şəfiyev və Xanlar Vəliyevdən  ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 17, 39 və 41-1-ci maddələrinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin və Göyçay Rayon Məhkəməsinin müraciətləri əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin I hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim Ceyhun Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin, Göyçay Rayon Məhkəməsinin müraciətlərini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Hüquqi məsələlər üzrə Ekspert Qrupu tərəfindən təqdim edilən mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 232-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilir ki, A.Kərimov məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi uzun müddət icra edilmədiyindən həmin qətnaməyə əsasən borcludan onun xeyrinə tutulmalı olan 8450 manatın ödənilməmiş hissəsinin – 7400 manatın indeksasiya olunmasını xahiş etmişdir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı ilə ərizə qismən təmin edilmiş, 7400 manat indeksasiya olunaraq 9605,20 manata bərabər tutulmuşdur.

A.Kərimli həmin məbləğin az olması səbəbilə apellyasiya şikayəti vermişdir.

İşin apellyasiya baxışı zamanı məhkəmə belə nəticəyə gəlmişdir ki, qanunvericilikdə indeksasiyanın qaydalarının (dövrü, meyarı, formulu və s.) müəyyən edilməməsi hüquq tətbiqedənlər tərəfindən bu məsələyə münasibətdə fərqli yanaşmaların sərgilənməsinə səbəb olur.

Müraciət edən hesab edir ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir.

Belə ki, tutulmalı olan pulun məbləği məhkəmə aktının qəbul edildiyi gün müəyyənləşdirilir. Məhkəmə aktının qanuni qüvvəyə minməsi isə aktın məhz çıxarıldığı zaman müəyyən edilən məzmununun qanuniliyini və icrasının məcburiliyini təsdiq edir (Mülki Prosessual Məcəllənin 15.2, 214.1 və 222.2-ci maddələri).

 Bununla yanaşı, pul vəsaitlərinin tutulması haqqında məhkəmə aktının qanuni qüvvəyə minməsi xeyli müddətdən sonra da mümkündür. Bu müddətdə məhkəmə aktında göstərilən məbləğin inflyasiya nəticəsində tədricən alıcılıq qabiliyyətini itirməsi istisna edilmir. Belə hallarda məhkəmə aktının qanuni qüvvəyə mindiyi günün indeksasiya dövrünün başlanğıcı kimi qəbul edilməsi ərizəçinin məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər.

Göstərilənlərə əsasən, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, qanunvericiliyin eyni qaydada və düzgün tətbiq edilməsinə nail olunması, bununla da ödənilməli pul məbləğlərinin indeksasiyası zamanı tərəflərin hüquq və mənafelərinin qorunmasının, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət etməyin zəruri olduğu qənaətinə gəlmişdir.

Eyni zamanda, Göyçay Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 439.1, 439.2, 439.7 və 445.7-ci maddələri, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanun) 3 və 6-cı maddələri, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Valyuta tənzimi haqqında” Qanun) 1, 3 və 4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, məhkəmənin icraatına Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli icra vərəqəsində göstərilən borcdan müəyyən məbləğ ödənilmədiyindən 11 fevral 2020-ci il tarixindən başlayaraq 1 mart 2024-cü il tarixinədək olan müddət üçün həmin məbləğin indeksasiyası ilə bağlı ərizə daxil olmuşdur.

Göyçay Rayon Məhkəməsi ərizəni təmin etməmiş, ərizəçinin apellyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsi isə icra vərəqəsi üzrə qalıq pul məbləğinin indeksasiyasının müəyyən edilməsinə dair ərizəyə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işi Göyçay Rayon Məhkəməsinə qaytarmışdır.

İndeksasiya barədə ərizəni rədd edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki,  xarici valyuta ilə tutulan pul vəsaiti inflyasiyaya məruz qala bilmədiyindən, bu kimi hallarda pul məbləğinin indeksasiyasının istər “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanun, istərsə də Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinin tələblərinə uyğun olaraq aparılması mümkün deyil.

Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, məhkəmə qərarları üzrə alınmalı olan pul vəsaitlərinin indeksləşdirilməsi ilə bağlı münasibətlər Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsi ilə tənzimlənməklə həmin normada bu hüquqi alətin tətbiqi ilə bağlı hər hansı istisnalar nəzərdə tutulmamışdır.

Bununla əlaqədar olaraq Göyçay Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, hüquqi müəyyənlik prinsipinin tələblərinə riayət olunması məqsədi ilə məhkəmə qətnaməsi ilə xarici valyutada məbləğin tutulması qət edildiyi halda Mülki Prosessual Məcəllənin 232-ci maddəsinə əsasən indeksasiyanın xarici valyutaya münasibətdə həyata keçirilib-keçirilməməsi, həmçinin pul tələbinin xarici valyutada ifadə edilməsinə baxmayaraq, məhkəmə qətnaməsinin yekun hissəsində xarici valyutanın ödəmə gününə tətbiq olunan məzənnə əsasında tutulması qət olunduğu hallarda indeksasiyanın məhz manatla ifadə edilən pul məbləğinə münasibətdə həyata keçirilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməsi zərurəti yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin və Göyçay Rayon Məhkəməsinin müraciətlərində qaldırılan məsələlərin predmetinin eyni olmasını nəzərə almaqla  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 17-ci maddəsinə uyğun olaraq işlərin bir icraatda birləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarı).

Konstitusiyanın 129-cu maddəsinin I hissəsinə müvafiq olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərar).

İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir.

Ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqla  məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasından irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin  I, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin  21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2025-ci il 15 aprel tarixli Qərarı).

O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər.

İndeksasiya ilə bağlı ərizənin hansı andan etibarən verilməsinin mümkünlüyü məsələsinə gəldikdə isə göstərilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllənin 232-ci maddəsində indeksasiyanın həyata keçirilməsini qətnamənin icrası mərhələsi ilə əlaqələndirmişdir. Mülki Prosessual Məcəllənin 233.1-ci maddəsi ilə həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin məhz qanuni qüvvəyə mindikdən sonra icra edildiyi təsbit edilmişdir.

Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər.

Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 2025-ci il 15 aprel tarixli Qərarında da göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi həmin Məcəllənin “birinci instansiya məhkəməsində icraat” adlı ikinci bölməsində yerləşməklə, məhz bilavasitə məhkəmənin özü tərəfindən baxılaraq həll olunmuş mübahisə üzrə qəbul edilmiş və Azərbaycan Respublikasının adından çıxarılan yekun məhkəmə aktı əsasında tutulmalı pul məbləğlərinin indeksasiyasını nəzərdə tutur.

Qeyd edilməlidir ki, indeksasiya institutunun tətbiqində yaranan qeyri-müəyyənlik əsasən indeksasiyanın həyata keçirilmə anı ilə bağlı olmaqla Mülki Prosessual Məcəllənin 232-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqi tənzimetmənin natamamlığından irəli gəlir. Belə ki, indeksasiyanın məqsədinin məhz məhkəmə aktının icra olunduğu gün üçün tutulmalı olan pul məbləğinin dəyərinin həmin aktın qanuni qüvvəyə mindiyi gün mövcud olmuş dəyərə münasibətdə bərabərləşdirilməsini təmin etmək olduğu, məhkəmə aktının borclu tərəfindən icra olunacağı günün isə əvvəlcədən məhkəməyə bəlli olmasının mümkünsüzlüyü nəzərə alınarsa, indeksasiyanın qərarın icra gününə uyğun iqtisadi göstəricilərə əsasən aparılmasında qeyri-müəyyənlik yaranmış olur.

Habelə nəzərə alınmalıdır ki, indeksasiya ilə bağlı ərizələr əsasən icrası uzanan məhkəmə qərarları üzrə irəli sürülür. Belə hallarda, eləcə də məhkəmə qərarlarının qismən icrası zamanı kreditor tərəfindən tutulmalı pul məbləğlərinin indeksasiya edilməsi üçün məhkəməyə təkrarən müraciət etməsi ilə bağlı da qeyri-müəyyənlik yaranmış olur. Mülki Prosessual Məcəllənin 232-ci maddəsi ilə belə imkan istisna edilmiş olmasa da, bu prosessual qənaət prinsipi ilə uzlaşmamaqla  məhkəmələrin artıq iş yükü ilə yüklənməsinə səbəb olur.

Qanunvericilikdə yol verilmiş bu qeyri-müəyyənliklər isə Bakı Apellyasiya Məhkəməsinin və Göyçay Rayon Məhkəməsinin müraciətlərindən də göründüyü kimi məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olan məhkəmə qərarının icrasının dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiqetmə təcrübəsinin yaranması ilə nəticələnə bilir.

Konstitusiya Məhkəməsinin Plenumu bir çox Qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla biləcəyinə əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarları).

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Posessual Məcəllənin 232-ci maddəsinin qanunverici orqan tərəfindən təkmilləşdirilməsi məqsədəmüvafiqdir.

İndeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir.

Həmin Qanunun 2-ci maddəsində vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsası kimi istehlak qiymətlərinin indeksi nəzərdə tutulmuşdur.

İstehlak qiymətlərinin indeksi isə əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır.

İstehlak qiymətlərinin dəyişməsinə respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir.

İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir.

Pul gəlirləri isə aylıq minimum əmək haqqının nisbəti ilə müəyyən olunur.

İstehlak qiymətlərinin indeksi cari dövrdə faktiki təsbit olunmuş və xidmətlər məcmusu dəyərinin onun bazis dövründəki dəyərinə nisbətini ölçür. Hesablama dövlət, kooperativ və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formalarından asılı olmayaraq, xidmət sahəsinin bütün obyektlərində, pullu xidmətlərin tariflərinin dəyişməsi üzərində aparılan müşahidələr nəticəsində əldə edilən statistik məlumatlar əsasında, hər rüb artan yekunla aparılır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin  “Mal və xidmətlərin qiymət və tariflərinin dəyişməsi üzərində müşahidə aparılması, vətəndaşların pul gəlirləri və əmanətlərinin indeksləşdirilməsi üçün tətbiq edilən istehlak qiymətləri indeksinin müəyyənləşdirilməsi qaydası haqqında” 1992-ci il 1 sentyabr tarixli Qərarı ilə təsdiq olunmuş Əsasnamənin Ümumi müddəaları).

Konstitusiya Məhkəməsinin Plenumu pul öhdəliyinin xarici valyutada icra edilməli olmasının şərtləşdirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasın aparılmasının mümkünlüyü ilə bağlı qeyd edir ki, indeksasiyanın hüquqi təbiəti və həyata keçirilməsi qaydaları onun xarici valyutaya münasibətdə aparılmasını istisna edir.

Belə ki, Azərbaycan Respublikasının ərazisi vahid valyuta ərazisidir və bu ərazidə milli valyuta kimi manatın alıcılıq qabiliyyətinin möhkəmləndirilməsini təmin edən pul-kredit və valyuta siyasəti yeridilir (“Valyuta tənzimi haqqında” Qanunun 5-ci maddəsinin I hissəsi).

Yuxarıda qeyd edildiyi kimi, istehlak qiymətlərinin indeksi ölkə iqtisadiyyatının istehlak mallarının istehsalı və əhaliyə göstərilən ödənişli xidmətlər sahəsində tələb və təklif əsasında, ölkə üzrə minimum əmək haqqına nisbətlə müəyyən olunur. Bu isə indeksləşdirilmənin məhz manatla ifadə olunan pul gəlirlərinə münasibətdə aparılmasını nəzərdə tutur.

Belə ki, Mülki Məcəllənin 439.1-ci maddəsində pul öhdəliyinin manatla ifadə edilməsi müəyyən edilmişdir.

Həmin Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq isə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa o, manatla ödənilir. Göründüyü kimi, qanunverici pul öhdəliyinin xarici valyutada müəyyən edilməsini də mümkün hesab etmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 may tarixli Qərarında Mülki Məcəllənin 439.1-ci maddəsinin “əgər  tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəalarının Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin tələbləri ilə ziddiyyət təşkil edilmədiyi ifadə edilmişdir.

Odur ki, müqavilə üzrə xarici valyutada ifadə olunan ödənilməli pul məbləğinin ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməsi şərtləşdirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi mümkün hesab edilməlidir. Oxşar qayda iddia tələbi xarici valyuta ilə göstərildiyi, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması hallarına münasibətdə də keçərlidir.

Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

-  Konstitusiyanın 60 və 129-cu maddələrinin I hissələrindən irəli gələrək Mülki  Prosessual Məcəllənin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər;

- məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir;

Mülki Məcəllənin 439.1-ci maddəsinə uyğun olaraq, müqavilə üzrə pul öhdəliyinin xarici valyutada icra edilməli olmasının şərtləndirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi istisna edilir.

Xarici valyuta ilə irəli sürülən pul tələbi ilə bağlı iddialara baxılması nəticəsində alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunduğu halda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi mümkün hesab edilməlidir. 

hüquqi müəyyənlik prinsipinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Mülki Posessual Məcəllənin 232-ci maddəsi üzrə məhkəmələr tərəfindən indeksasiyanın həyata keçirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsinin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 41-1-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.              Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin  I hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər.

2.              Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir.

3.              Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə uyğun olaraq, müqavilə üzrə pul öhdəliyinin xarici valyutada icra edilməli olmasının şərtləndirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi istisna edilir.

Xarici valyuta ilə irəli sürülən pul tələbi ilə bağlı iddialara baxılması nəticəsində alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunduğu halda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indekssiyasının həyata keçirilməsi mümkün hesab edilməlidir. 

4.    Hüquqi müəyyənlik prinsipinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 232-ci maddəsi üzrə məhkəmələr tərəfindən indeksasiyanın həyata keçirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsinin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

5.    Qərar dərc edildiyi gündən qüvvəyə minir.

6.    Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

7.    Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

        

Sədr                                                                                             Fərhad Abdullayev