AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R D A D I
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
32.2.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 93-cü maddəsi
ilə əlaqəli şəkildə şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin
müraciətinə dair
10 iyun 2025-ci
il Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun
Qaracayev, Fikrət Məmmədov, İsa Nəcəfov, Kamran Şəfiyev və Xanlar Vəliyevdən
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin
39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin
32.2.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 93-cü maddəsi
ilə əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim
R.İsmayılovun məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin
müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini,
Azərbaycan Respublikasının Ali Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi,
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspertlər
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının
dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının, Martin Lüter adına
Halle-Vittenberq Universitetinin professoru A.Əliyev və həmin Universitetin
doktorantı N.Rəsulzadənin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək icraatında
olan mülki iş ilə əlaqədar korporativ hüquqlara münasibətdə ər-arvad arasında əmlakın
bölünməsi məsələsi ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin
32.2.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 93-cü maddəsi
ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.
Müraciətdə qeyd
olunmuşdur ki, R.Həsənov birgə nikah dövründə əldə olunmuş ümumi əmlakın bölünməsi
barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı arvadı F.Əliyevanın təsisçisi
olduğu “OK Tours” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının ¼ hissəsinə
payının tanınmasını xahiş etmişdir. Cavabdeh bu tələbə etiraz edərək, payın əvəzini
nizamnamə kapitalının miqdarına uyğun olaraq pul ilə ödəməyə razı olduğunu
bildirmişdir. Lakin iddiaçı bununla razılaşmayaraq korporativin
iştirakçılarından biri sayılmasını tələb etmişdir.
Bakı şəhəri Yasamal
Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Birinci
instansiya məhkəməsi qətnaməni belə əsaslandırmışdır ki, təsisçilər ilə
korporativ arasındakı münasibət korporativ münasibətdir, ər nikah dövründə əldə
edilmiş dividendlərin (gəlirin) bölünməsini tələb edə bilər, lakin bu barədə tələb
irəli sürülməmişdir. Qətnamədən narazı qalan iddiaçı Bakı Apellyasiya Məhkəməsinə
şikayət vermişdir.
İşə baxan Bakı
Apellyasiya Məhkəməsi qanunvericilikdə ər-arvad arasında subyektiv korporativ
hüquqların bölünməsinin mümkünlüyü məsələsində qeyri-müəyyənliyin olduğu qənaətinə
gəlmişdir. Belə ki, Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, kommersiya təşkilatlarına
qoyulmuş paylar və kapitalda olan paylar kimin adına və ya kim tərəfindən
qoyulmasından asılı olmayaraq, əgər ər-arvadın ümumi gəliri hesabına əldə
edilmişdirsə onların ümumi birgə mülkiyyəti sayılır. Lakin “ümumi birgə mülkiyyət”
sayılmanın korporativin iştirakçısı olmayan ər (arvad) üçün korporativ hüquq
yaradıb-yaratmadığı qanunvericilikdə qeyri-müəyyənlik təşkil edir.
Müraciət edənin qənaətinə
görə, ər-arvadın ümumi əmlakının bölünməsi zamanı nizamnamə kapitalındakı paya
olan hüququn məzmunu iki komponentə bölünməlidir: əmlak komponenti və
korporativ komponent. Ər-arvad arasında bölünmənin predmeti yalnız əmlak
komponenti ola bilər və məhkəmə əmlak komponentində ər-arvadın payının müəyyən
edilməsi barədə qətnamə qəbul edə bilər. Həmin qətnamə korporativin üzvü
olmayan ərin (arvadın) avtomatik olaraq korporativə üzv qəbul edilməsi ilə nəticələnməyəcək.
Qətnamə qanuni qüvvəyə mindikdən sonra korporativ proses başlanmalıdır, yəni ər
(arvad) üzvlüyə qəbul edilməsi üçün korporativə müraciət etməlidir. Əgər
korporativ əri (arvadı) üzvlüyə qəbul etməkdən imtina edərsə, onun öz payının həqiqi
dəyərini korporativdən tələb etmək hüququ yaranacaqdır. Tələb könüllü təmin
olunmadıqda, ər (arvad) korporativə qarşı iddia qaldıra bilər. Bu halda mübahisənin
tərəfi hüquqi şəxs olduğundan həmin iddiaya ayrıca icraatda baxılmalıdır.
Bakı Apellyasiya Məhkəməsinin
gəldiyi nəticəyə əsasən, yuxarıda qeyd edilən mövqenin hüquqi əsası kimi Mülki
Məcəllənin 93.3-cü maddəsinin göstərişi çıxış edir. Bu maddənin məzmununa əsasən,
payın əqd əsasında üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilməsinə qanunla məhdudiyyət
qoyulub, buna görə də nizamnamədə belə məhdudiyyətin müəyyən edilib-edilmədiyinin
əhəmiyyəti yoxdur. Həmçinin ər-arvadın ümumi əmlakının məhkəmə qaydasında
bölünməsi əqd sayılır, çünki birgə mülkiyyətə münasibətdə ər-arvadın hüquq və vəzifələrinin
əmələ gəlməsi, dəyişməsi və xitamına əsas olur. Qanunvericiliyə görə, əqd mülki
hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş
birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin
324.1-ci maddəsi). Ər-arvadın iradə ifadəsi (məhkəməyə müraciəti) olmadan məhkəmə
öz təşəbbüsü ilə onların ümumi əmlakını bölə bilməz. Ər-arvadın ümumi əmlakının
bölünməsi zamanı məhkəmənin rolu ər-arvadın iradə ifadəsini (əqdi) yalnız
qanunun göstərişlərinə uyğunlaşdırmaqdır. Odur ki, Mülki Məcəllənin 93.3-cü
maddəsində əqdlər üçün müəyyən edilmiş məhdudiyyət ər-arvadın ümumi əmlakının
bölünməsi barədə qətnaməyə də şamil edilməlidir.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətdə qaldırılan məsələ ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri
hesab edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan
Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya
başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam
vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin
qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən
məhrum edilə bilməz.
Konstitusiyanın
34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər hüquqa malik
olduqları müəyyən edilmişdir.
Bir qayda olaraq,
bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət
adlanır. Bir əşya üzərində birdən çox şəxsin mülkiyyət hüququ olduqda ümumi
mülkiyyət halı yaranır. Mülki Məcəllənin 213-cü maddəsinə görə, iki və ya bir
neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə
(paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət)
ümumi mülkiyyətdə ola bilər.
Birgə mülkiyyət
qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət
rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır.
Ər-arvadın ümumi
birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225 və Ailə Məcəlləsinin
31–37-ci maddələri ilə müəyyən edilmişdir.
Mülki Məcəllənin
225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər
nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə
tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Ailə Məcəlləsinin
32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz
ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir.
Göründüyü
kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak
qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı
razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi və s.) istisna
olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin
rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci
maddəsi).
Ailə Məcəlləsinin
32.2-ci maddəsinə müvafiq olaraq, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər
birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri
gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan
digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində
əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və
s.) habelə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar,
qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına
qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin
adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən
qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı
sair əmlak daxildir.
Əmlakın ər-arvadın
birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir:
• əmlakın ər-arvadın
nikah müddətində əldə olunması;
• əmlakın ər-arvadın
ümumi gəlirləri hesabına əldə olunması.
İkinci şərt müvafiq əmlakın
ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində
ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh
edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).
Qeyd olunanlar əsasında
gəlinən mübahisəsiz qənaət ondan ibarətdir ki, ər-arvad (keçmiş ər-arvad) nikah
dövründə ərinin (arvadının) adına rəsmiləşdirilmiş təsərrüfat cəmiyyətinin səhmlərinə
(paylarına) birgə mülkiyyətçi qismində əmlak hüquqlarına malikdir.
Eyni zamanda Ailə Məcəlləsinin
31.1 və 31.2-ci maddələrinə uyğun olaraq, ər-arvadın birgə mülkiyyətinin rejimi
onların əmlakının qanuni rejimi hesab olunur və nikah müqaviləsində başqa hal nəzərdə
tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
Yəni ər-arvad
arasında əmlakın qanuni rejimi mövcud olduqda, onların nikah dövründə əldə
etdikləri bütün əmlak ümumi birgə mülkiyyət sayılır. Mülki Məcəllənin 222.1-ci
maddəsinə müvafiq olaraq, əgər birgə mülkiyyətin mülkiyyətçiləri
arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə
sahiblik edir və ondan birgə istifadə edirlər.
Mülki Məcəllənin
müraciətdə qeyd olunan 93.2 və 93.3-cü maddələrinin tələblərinə əsasən məhdud məsuliyyətli
cəmiyyətin iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə
yol verilir. Cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini)
öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna
malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək
istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin
digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar
edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun
iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük
hüququndan istifadə etmədikləri halda, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə
bilər.
Bu baxımdan
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin təşkilati-hüquqi
formalarından olan məhdud məsuliyyətli cəmiyyətin əsas fərqli xüsusiyyətlərindən
biri onun təsis edilməsi zamanı iştirakçıları arasında maddi gəlirin əldə edilməsinə
yönələn münasibətlərlə yanaşı, müəyyən şəxsi əlaqələrin də mühüm rol
oynamasıdır. Belə ki, təsərrüfat cəmiyyətlərinin digər növü olan açıq səhmdar cəmiyyətlərində
səhmdarların çoxluğu və onların bir-birindən xəbərdar olmaması geniş yayılmış
bir təcrübə olduğu halda, məhdud məsuliyyətli cəmiyyətdə iştirakçılar, cəmiyyətin
gündəlik təsərrüfat fəaliyyətinin idarə edilməsində nisbətən daha aktiv rola
malikdirlər və buna görə də bir-biri ilə daha sıx və yaxın münasibətlərdə
olurlar. Strukturu və idarəetmə qaydası baxımından, məhdud məsuliyyətli cəmiyyət,
şərti olaraq, təsərrüfat ortaqlığı və səhmdar cəmiyyəti arasında aralıq mövqedə
yerləşən bir hüquqi şəxs formasıdır. Məhdud məsuliyyətli cəmiyyətin
yaranmasında iştirakçılar cəmiyyətin nizamnamə kapitalına müəyyən məbləğdə pul
vəsaiti, yaxud digər əmlak qoymaqla payçı olurlar. Lakin müvafiq cəmiyyətin təsisi
və idarə olunmasında yalnız maddi element deyil, həmçinin iştirakçıların şəxsi
xüsusiyyətləri, bacarıqları, aralarındakı qarşılıqlı inam və etimad da mühüm əhəmiyyət
daşıyır. Məhz buna görə açıq səhmdar cəmiyyətindən fərqli olaraq, məhdud məsuliyyətli
cəmiyyətdə hər kəs asanlıqla və birbaşa onun iştirakçısı ola bilməz.
Müraciətdə
qaldırılan məsələ ilə əlaqədar ilkin olaraq qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin
Plenumuna ünvanlanan mütəxəssis mülahizələrində problemin həlli üçün iki
yanaşmanın mövcudluğu qeyd olunur.
Bu kontekstdə, məhdud
məsuliyyətli cəmiyyətə hər hansı şəxsin iştirakçı qismində daxil olması və
korporativ hüquqlar əldə etməsi yalnız digər iştirakçıların iradəsinə əsasən
mümkündür. Belə ki, iştirak payı özgəninkiləşdirildikdə və ya qanunvericiliyə
uyğun olaraq digər şəxsə keçdikdə, yalnız digər iştirakçılar həmin payı əldə
etmək hüququndan istifadə etmədikdə belə şəxs iştirakçı ola bilər.
Bu yanaşmanın tərəfdarlarına
görə, ər-arvad münasibətləri çərçivəsində onların birinin mülkiyyətində hüquqi
şəxsdə iştirak payı vardırsa, bu hal onun ərini (arvadını) də avtomatik olaraq
korporativ hüquqların daşıyıcısına çevirmir. Bu səbəbdən paya mülkiyyət hüququ
tanınmış ər və ya arvadın, digər iştirakçıların razılığı olmadan cəmiyyətin
korporativ münasibətlərində iştirak hüququnu iddia etməsi yolverilməz hesab
edilməlidir.
Bununla belə, hüquqi
şəxsin nizamnaməsində məhdud məsuliyyətli cəmiyyət iştirakçılarından birinin ərinə
və ya arvadına pay hüquqları tanındıqda onların da korporativ münasibətlərdə
iştirak etmə imkanları və şərtləri ayrıca müəyyən edilə bilər. Bu halda
yuxarıda qeyd olunan məhdudiyyətlər tətbiq olunmur.
Belə ki, ümumi
mülkiyyət əsasında müəyyən edilən paydan irəli gələn hüquqlara korporativ
münasibətlərdə iştirak hüququ da daxildir. Həmin hüququn tanınmaması, mülki
hüququn məzmun və məqsədinə ziddir və hüququ formal xarakterli edir. Əgər bu
hüquq məhdudlaşdırılırsa, həmin məhdudiyyətin qanuni əsasları, məqsədi və zəruriliyi
qanunvericilikdə açıq şəkildə göstərilməlidir. Lakin Mülki Məcəllənin 93-cü
maddəsində bu cür məhdudiyyət nəzərdə tutulmamışdır.
Bu baxımdan, hüquqi
şəxsdə iştirak payı ilə bağlı hüquqların həyata keçirilməsində optimal və
hüquqa uyğun yol, ər-arvad arasında ümumi əmlak bölgüsü aparılarkən həmin payın
faktiki olaraq iştirakçı olan ər və ya arvadın şəxsi mülkiyyətinə verilməsidir.
Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələnin ədalətli həlli mülki
qanunvericilik normaları əsasında müvafiq münasibətlərin bütün iştirakçıların
maraqlarının nəzərə alınması ilə mümkündür. Yəni ümumi birgə mülkiyyətin
bölgüsü zamanı payçı olmayan ər və ya arvadın maraqları ilə digər həmtəsisçilərin
maraqları arasında ağlabatan uzlaşdırma aparılmalıdır.
Qeyd olunmalıdır ki,
müraciətdə göstərilən məsələnin yaranmasının səbəblərindən biri “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası
Qanununun bəzi müddəalarının məzmunu ilə bağlıdır.
Belə ki, həmin
Qanunun 5.1 və 5.2-ci maddələrinə əsasən, hüquqi şəxs statusu almaq istəyən
qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanına notariat qaydasında təsdiqlənmiş ərizə ilə müraciət
edilməlidir. Qanunun 5.3.1-ci maddəsinin məzmununa görə, ərizədə göstərilməli
olan məlumatların siyahısına fiziki şəxs olan təsisçi haqqında məlumatlar
sırasına bu şəxsin ailə vəziyyəti və müvafiq olaraq ümumi birgə mülkiyyəti barədə
hər hansı məlumatın təqdim edilməsi tələb olunmur.
Eyni zamanda həmin
Qanunun 12.8-ci maddəsində nəzərdə tutulmuş dövlət reyestrinin tərkibinə də təsisçilərin
ailə vəziyyəti və bundan irəli gələn ümumi birgə mülkiyyəti barədə məlumat
daxil edilmir. Bundan əlavə Azərbaycan Respulikası Nazirlər Kabinetinin “Hüquqi
şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydalarının,
habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə
bağlı sənədlərin təsdiq edilməsi haqqında” 2005-ci il 13 aprel tarixli qərarı
ilə təsdiq edilmiş qaydaların da 3.1.6-cı maddəsində də qurumun təsisçilərinin
payın nikah dövründə əldə edilməsi səbəbindən ona ümumi birgə mülkiyyətin müəyyən
edilməsi barədə məlumatın daxil olmaması bir daha öz əksini tapır.
Bu hal nəticə
etibarilə ona gətirib çıxarır ki, hüquqi şəxslər barədə dövlət reyestrində adətən
ər-arvaddan yalnız birinin adı qeyd olunur. Bu isə reyestr məlumatlarının pay
üzərində ümumi mülkiyyət hüququna dair reallığı əks etdirməsini şübhə
altına alır. Belə vəziyyətin yaranmasının səbəbi, digər həmtəsisçilərin yalnız
reyestrdə adı olan şəxsi hüquqi şəxsin iştirakçısı kimi qəbul etmələri və
müvafiq hüquqi öhdəliklərin yalnız həmin şəxslə məhdudlaşdığı qənaətinə gəlmələridir.
İştirak payı ilə
bağlı olaraq, pay üzərində ümumi birgə mülkiyyət hüququ müəyyən edildiyi halda
reyestrə yalnız bir mülkiyyətçinin adının daxil edilməsi nəticəsində həmin məlumatın
etibarlılığı şübhə doğurur və bu da öz növbəsində həm digər həmtəsisçilərin, həm
də mülki dövriyyənin digər iştirakçılarının hüquqi maraqlarına zərər vura bilər.
Burada söhbət, ilk növbədə, iştirakçının ailə vəziyyəti və bununla bağlı yarana
biləcək hüquqi risklər barədə həmin şəxslərin məlumatlandırılmamış olmalarından
gedir.
Bundan əlavə,
iştirak payının ümumi birgə mülkiyyət rejimində olmasına baxmayaraq, bu hüquqi
rejimin olduğu kimi dövlət reyestrində əks olunmaması ailə hüququ ilə
korporativ hüquq arasında mübahisəli vəziyyətlərin yaranmasına da səbəb olur.
Belə hallarda, təsisçi qismində reyestrdə adı göstərilməyən ər-arvadın
maraqları ilə hüquqi şəxsin digər həmtəsisçilərinin maraqları arasında ziddiyyətlər
meydana çıxır.
Bu ziddiyyət Ailə Məcəlləsinin
38-ci maddəsi üzrə həll edilə bilər. Belə ki, həmin maddəyə əsasən, nikah
müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və
ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən
sazişdir.
Yəni reyestrdə payın
ümumi birgə mülkiyyətçilərindən birinin adı qeyd olunan şəxs öz ər və ya arvadı
ilə Ailə Məcəlləsinin 38-ci maddəsinə uyğun olaraq nikah dövründə və ya nikah
pozulduqda nikah müqaviləsi bağlayıb orada müvafiq payın bölünməsi qaydasını müəyyən
etmişdirsə, həmin qayda tətbiq edilir və Ailə Məcəlləsi 31.2-ci maddəsinə əsasən
ər-arvadın əmlakının qanuni rejimi istisna olunur.
Lakin nikah müqaviləsi
olmadığı halda isə Ailə Məcəlləsinin 31–37-ci maddələrində nəzərdə tutulan
qanuni rejim tətbiq olunur. Bu zaman mülkiyyətin bölünməsi elə qaydada aparıla
bilər ki, pay adı reyestrdə öncədən qeydə alınmış şəxsin mülkiyyətində qalır,
onun ərinə (arvadına) mülkiyyətinə isə payın dəyərinə mütənasib ümumi birgə
mülkiyyətdə olan digər əmlak keçsin. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə
qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarının 6.5-ci abzasında da əks
olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, adıçəkilən qərarın 6.19-cu
abzasına uyğun olaraq ümumi əmlaka daxil olan hər predmet ərin və ya
arvadın payına təxsis edilməklə, onların hər birinin fərdi mülkiyyətinə veriləcək
şəkildə paylaşdırılır.
Əgər bu formada
bölgünün aparılması mümkün deyilsə və təsisçi olmayan ər (arvad) payçı olmaq
istəyində israrlıdırsa, bu zaman cəmiyyətin nizamnaməsində təsisçilərin pay
almaqda üstünlük hüququ olub-olmadığı müəyyən edilməlidir. Belə bir hüququn
nizamnamədə təsbit edildiyi təqdirdə, əvvəlcə mövcud təsisçilərə payın alınması
təklif olunmalıdır. Bu halda payın dəyəri mövcud bazar qiymətinə əsasən müəyyən
edilir. Məhdud məsuliyyətli cəmiyyətin təsisçilərindən (iştirakçılarından) heç
biri payı almadıqda, təsisçi (iştirakçı) olmayan ər və ya arvad həmin payı əldə
edir və həmtəsisçi olur.
Konstitusiya Məhkəməsinin
Plenumu onu da qeyd etməyi vacib bilir ki, müraciətdə qaldırılan məsələnin daha
səmərəli həlli üçün məhdud məsuliyyətli cəmiyyətin təsis olunmasını nizamlayan
qanunvericiliyin təkmilləşdirilməsi məqsədəmüvafiqdir.
Yuxarıda qeyd
olunduğu kimi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”
Qanunun 5.3.1-ci maddəsinin məzmununa görə ərizədə göstərilməli olan məlumatların
siyahısına fiziki şəxs olan təsisçi haqqında məlumatlar sırasına bu şəxsin ailə
vəziyyəti və müvafiq olaraq ümumi birgə mülkiyyəti barədə hər hansı məlumatın təqdim
edilməsi tələb olunmur. Bu baxımdan qanunverici tərəfindən həmin maddəyə
müvafiq düzəlişlərin edilməsi müraciətə səbəb olan mübahisələrin gələcəkdə
yaranmasının qarşısını ala bilər.
Digər tərəfdən qeyd
olunmalıdır ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Qanuna əsasən, hüquqi şəxsin təsis edilməsi zamanı notarius yalnız ərizənin
təsdiqində iştirak edir. Həmin Qanunun 5-2.4-cü maddəsinə əsasən, bəzi hallarda
sənədlərin notariat qaydada təsdiqi tələb olunmur və bu müddəa hüquqi şəxslərin
bəzi növlərinin dövlət qeydiyyatı zamanı yarana biləcək problemlər baxımından
müəyyən narahatlıqlara səbəb olur.
Həmçinin nəzərə
alınmalıdır ki, notariusun əsas funksiyalarından biri, fiziki şəxslərin hüquqi
statusu və əmlak vəziyyəti baxımından əhəmiyyətli olan əqdlərin bağlanması (məsələn,
Mülki Məcəllənin 146.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın alğı-satqısı,
Mülki Məcəllənin 1179.1-ci maddəsinə uyğun olaraq vəsiyyətnamənin tərtibi və
s.) zamanı müqavilə tərəflərini və digər maraqlı şəxsləri hüquqi maarifləndirmə
və hüquqi nəticələrin, o cümlədən əqdin doğurduğu öhdəliklərin və risklərin
izahından ibarətdir.
“Notariat haqqında”
Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə uyğun
olaraq, fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı
onların hüquq və vəzifələrini izah etmək, bu hüquqların həyata keçirilməsi və
qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməsi notariusun vəzifələrinə
aid edilmişdir.
Bununla da müvafiq əqdin
bağlanması zamanı həmin şəxslərin əsl iradəsinin ifadə olunması təmin edilir və
notarius həmin əqdlərin hüquqi nəticələri nəzərə alınmaqla qarşılıqlı razılıq əsasında
bağlandığını təsdiq edir.
Məhdud məsuliyyətli
cəmiyyətin və ümumilikdə hüquqi şəxsin təsis edilməsi də fiziki şəxslər (təsisçilər)
üçün ciddi hüquqi nəticələrə səbəb olduğuna görə, yuxarıda qeyd olunan əqdlər
kateqoriyasına aid edilə bilər. Buna görə də notarius kompleks hüquqi yoxlamanı
həyata keçirərək, təsdiq üçün təqdim olunmuş bütün sənədlərin hüquqi nəticələrini
subyektlərə izah etməli, əqdləri müvafiq qaydada rəsmiləşdirməklə hüquqi
dövriyyə iştirakçılarının maraqlarının qorunmasına xidmət etməlidir. Bu
baxımdan hüquqi şəxsin təsisi zamanı notariusun iştirakının qüvvədə olan
qanunvericiliklə minimum səviyyəyə saxlanılması qeydiyyat prosesində çevikliyi
artırsa da, təsisçilərin və maraqlı şəxslərin mənafelərinin müdafiəsini zəiflədə
bilər. Buna görə hüquqi şəxsin təsisi zamanı notariusun iştirakının genişləndirilməsi,
o cümlədən onun hüquqi nəticələr barədə tərəflərə ətraflı məlumat verməsi və
onların iradəsini təsdiqləməsi bu sahədə müvafiq şəxslərin hüquqlarının və
qanuni mənafelərinin təmin edilməsi baxımından faydalı ola bilərdi. Qeyd olunan
hüquqi müddəalar qanunvericiliyə daxil edildiyi təqdirdə məhdud məsuliyyətli cəmiyyətin
təsisi ilə bağlı mühüm əqdlərin bağlanması nəticəsində sonradan
yaranacaq mübahisələrin qarşısı alınmış olardı.
Yuxarıda göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Bakı
Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələlərə bu Qərardadla
aydınlıq gətirildiyindən, hazırkı vəziyyətdə müraciət üzrə Konstitusiya Məhkəməsi
Plenumunun ayrıca Qərarının qəbul edilməsinə ehtiyac duyulmur.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 49, 62, 68 və 69-cu maddələrini rəhbər
tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadında göstərilən
hallar nəzərə alınsın.
2. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı
hissəsində göstərilən əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin müraciəti üzrə
ayrıca Qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin
icraatına xitam verilsin.
3. Qərardadın
surəti 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
4. Qərardad
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin,
habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet
saytında yerləşdirilsin.
Sədr Fərhad Abdullayev