2008-10-22 Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən rəsmən elan olundu

Новости

2008 Oct

Oktyabrın 22-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilmişdir. İclas dövlətimizin və xalqımızın gələcəyi üçün taleyüklü əhəmiyyətə malik hadisənin – Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunmasına həsr edilmişdi. 

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq bildirdi ki, bu gün xüsusi Konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin rəsmən elan olunmasına dair işə baxılacaqdır.

Məhkəmə iclasının katibi İsmayıl İsmayılov bildirdi ki, iclasda xüsusi Konstitusiya icraatı üzrə maraqlı subyekt qismində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Svetlana Qasımova, katib Natiq Məmmədov, komissiyanın üzvləri və habelə ekspertlər – Bakı Dövlət Universitetinin konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, həmin kafedranın müəllimi Fuad Məhərrəmov, Dövlət Statistika Komitəsinin əməkdaşları Ulduzə Həmidova və Nərminə Quliyeva iştirak edirlər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmənin tərkibini elan etdi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında qanunun 43-cü maddəsində nəzərdə tutulmuş maraqlı subyektlərin qanuni nümayəndələrinin hüquq və vəzifələrini izah etdi. Bildirdi ki, qanuna əsasən, onlar Konstitusiya Məhkəməsi Plenumunun iclasında iştirak və çıxış edə, sübutlar və digər materialları təqdim edə, vəsatət və təkliflər verə, hakimlərə etiraz edə, şahid və ekspertlərin dəvət olunmasını xahiş edə və yekun sözlə çıxış edə bilərlər.

Sonra Konstitusiya Məhkəməsinin hakimi Sona Salmanova məruzə ilə çıxış edərək, Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiqi və rəsmən elan olunması qaydaları haqqında məlumat verdi. Bildirildi ki, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə beş il müddətinə seçilir. Beşillik müddətin başa çatdığı son ildə prezident seçkiləri təyin olunur və Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi gününü müəyyən edir. Bu normaya uyğun olaraq, Mərkəzi Seçki Komissiyası tərəfindən prezident seçkilərinin keçirilməsi 2008-ci il oktyabrın 15-nə təyin edilmiş və həmin gün seçkilər keçirilmişdir. 

Mərkəzi Seçki Komissiyası 2008-ci il 19 oktyabr tarixli qərarı ilə prezident seçkilərinin yekunu barədə protokolu təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə və Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, həmin protokol, qərar və onlara əlavə olunmuş sənədlər səsvermənin nəticələrinin təsdiq və rəsmən elan edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunmuşdur. Seçki Məcəlləsinin müvafiq müddəalarına əsasən və Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan qaydalara uyğun olaraq, bu gün Konstitusiya Məhkəməsi 2008-ci il oktyabrın 15-də keçirilmiş prezident seçkilərinin nəticələrinin təsdiq və elan edilməsinə dair məsələyə baxır. Azərbaycan Respublikası Prezidentinin seçkilərinin rəsmən elan edilməsinə dair icraatın xüsusiyyətləri Konstitusiya Məhkəməsi haqqında qanunun 56-cı maddəsində nəzərdə tutulmuşdur. 

Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze məruzə ilə çıxış edərək, işdə olan materialların mahiyyəti və Konstitusiya Məhkəməsinin bu məsələyə hazırlıq mərhələsində gördüyü tədbirlər barədə məlumat verdi. O dedi ki, Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlərin, ilk növbədə, yekun protokolunun Seçki Məcəlləsinin tələblərinə uyğun olub-olmamasını yoxladıqdan sonra seçkilərin nəticələrini təsdiq edir. Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilən seçkilərə Dövlət Statistika Komitəsinin əməkdaşları iş üzrə ekspert qismində cəlb edilmişlər. Seçkilərlə bağlı şikayətlərə baxılmanın nəticələrinə dair respublika Apelyasiya Məhkəməsinə və Ali Məhkəməyə sorğular göndərilmişdir. Alınan cavablardan məlum olub ki, həmin orqanlara prezident seçkilərinin nəticələrinə dair heç bir şikayət daxil olmamışdır.

Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi yekun protokolunu və qərarı komissiyanın səsvermə hüququ olan bütün üzvləri yekdilliklə imzalamışlar. Protokoldan göründüyü kimi, etibarlı hesab edilmiş 3 milyon 642 min 874 səsin 3 milyon 232 min 259-u və ya 88,73 faizi Əliyev İlham Heydər oğluna verilmişdir. 

Maraqlı subyektin qanuni nümayəndəsi, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxışında oktyabrın 15-də keçirilmiş seçkiləri Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyəti olan hadisə kimi qiymətləndirdi. O dedi ki, seçkilərin hazırlığı və təşkili ümumilikdə beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla təkmilləşdirilmiş, beynəlxalq standartlara cavab verən Seçki Məcəlləsi əsasında həyata keçirilmişdir. 

Komissiya bu seçkilərə hazırlıq işlərinə hələ seçkilərə start verilməmişdən öncə başlamışdı. 2007-ci ildə 125 dairə seçki komissiyasından 107-si yeni müasir tipli binalarla təmin edilmiş, digər dairələrin binaları yüksək səviyyədə təmir olunmuşdur. Bütün seçki komissiyaları zəruri mebel və texniki avadanlıqlarla təchiz edilmiş, onların normal işləmələri üçün bütün şərait yaradılmışdı. Milli Məclis Seçki Məcəlləsində mütərəqqi əlavələr və düzəlişlər edərək, seçkilər üçün təkmil hüquqi baza yaratmışdır. Mərkəzi Seçki Komissiyası da Məcəllənin həyata keçirilməsinə dair normativ xarakterli aktlar qəbul edərək onları dərc etdirmişdir. 

Seçkilərin vaxtı elan olunduqdan sonra MSK seçki ilə bağlı bütün zəruri tədbirləri seçki qanunvericiliyinə müvafiq olaraq təsdiq etdiyi Təqvim planına uyğun görmüşdür. Aşağı seçki komissiyaları üzvlərinin və ictimaiyyətin maarifləndirilməsi proqramını həyata keçirmişdir. 

MSK seçkilərin əsas sənədi olan seçici siyahılarının dəqiqləşdirilməsi üzərində yerli icra strukturları və bələdiyyələrlə birgə işləmişdir. Seçicilərlə bağlı məlumat bankı yaradılaraq, Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmişdi. 

Prezident seçkilərində iştirak etmək üçün MSK-ya müraciət etmiş 21 şəxsin hamısının namizədliyi təsdiq edilmiş və onlara imza vərəqələri verilmişdi. 21 nəfərdən 2–si namizədliyini geri götürmüş, 10-u imza vərəqələrini və digər zəruri seçki sənədlərini Komissiyaya təqdim etmişdi. Onların sənədləri araşdırılmış və yalnız 7-sinin qeydə alınması üçün əsaslar müəyyən olunmuşdu. Namizədliyi qeydə alınmış 7 nəfərin hamısına bərabər şəraitdə təşviqat aparmaq üçün bütün imkanlar yaradılmışdı. Qeydə alınmış namizədlərin seçicilərlə sərbəst görüşlər, toplantılar keçirmələri üçün respublikanın bütün ərazisində yerlər ayrılmış, hər bir namizədin xüsusi seçki hesabına dövlət büdcəsindən vəsait köçürülmüş, İctimai Teleradionun efirində və təsisçisi dövlət orqanları olan və ya büdcədən maliyyələşən dövri nəşrlərin səhifələrində pulsuz yer ayrılmışdı.

Namizədlər tərəfindən təşviqat kampaniyası sivil qaydada aparılmışdır. 

MSK-nın sədri daha sonra dedi ki, seçkilərin aşkarlığını təmin etmək üçün qanunla müəyyən olunmuş bütün tədbirlər görülmüşdür. 

MSK müşahidə aparmaq hüququ olan bütün yerli və xarici subyektlərə müsbət cavab vermiş, nəticədə 50 minə yaxın yerli, 44 nüfuzlu beynəlxalq qurumdan 1250 müşahidəçi qeydiyyatdan keçmişdi. 60-a yaxın xarici KİV MSK-da akkreditasiyadan keçmiş, yerli KİV-lərin seçkiləri heç bir maneə olmadan, azad şəkildə işıqlandırmasına şərait yaradılmışdı. Bundan əlavə, MSK nəzdində yaradılmış Müstəqil Mətbuat Mərkəzi jurnalistlərin fəaliyyətinə kömək etməklə yanaşı, gün ərzində seçkilərlə bağlı müxtəlif məlumatları çatdırırdı. 

Şəffaflığın daha geniş təmin edilməsi məqsədi ilə 500 seçki məntəqəsində veb-kamera quraşdırılmış və onların internetə çıxışı təmin olunmuşdu. Səsvermə günü arzu edən hər bir şəxs internet vasitəsilə həmin məntəqələrdə səsvermənin gedişini əvvəldən sonadək izləmək imkanı əldə etmişdi. 

Seçkilərdə şəffaflığı nümayiş etdirmək və səsvermənin nəticələrini operativ şəkildə dünyaya çatdırmaq üçün “Seçkilər” İnformasiya Mərkəzi çox səmərəli fəaliyyət göstərmişdir. 

Səsvermə günü seçki məntəqələrində seçki hərəkətləri qanuna uyğun aparılmışdır. Seçicilər böyük fəallıq nümayiş etdirmiş, səsvermə hüququ olan vətəndaşların 75,12 faizi səs vermişdir. 

Səsvermə başa çatdıqdan sonra səslərin sayılması prosesi də çox şəffaf şəraitdə həyata keçirilmişdir. Qısa müddət ərzində maraqlı tərəflərin, müşahidəçilərin və KİV nümayəndələrinin iştirakı ilə bu proses başa çatdırılaraq, məlumatlar dairə seçki komissiyalarına, oradan da müasir informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə operativ şəkildə Mərkəzi Seçki Komissiyasına ötürülmüş və komissiyanın internet səhifəsində yerləşdirilmişdir. Nəticələr ümumiləşdirilmiş və ümumi yekun protokolu hazırlanmışdır. 
Səsvermədən sonrakı üç gün müddətində Mərkəzi Seçki Komissiyasına qanun pozuntuları ilə bağlı heç bir müraciət daxil olmamışdır. Bundan sonra MSK-nın iclası çağırılmış və yekun protokol yekdilliklə təsdiq edilmişdir. 

Xarici müşahidəçilərin əksəriyyəti seçkilərə yüksək qiymət vermiş və bunu demokratik cəmiyyət quruculuğu istiqamətində irəliləyiş kimi dəyərləndirmişlər.

Qanunun tələbinə uyğun olaraq, MSK seçkilərin nəticələrini təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərmişdir. 
Sonra MSK sədri Konstitusiya Məhkəməsi hakimlərinin suallarına ətraflı cavab verdi. 

MSK sədrinin müavini Svetlana Qasımova və MSK-nın katibi Natiq Məmmədov çıxış edərək, Azərbaycan Prezidenti seçkilərinin keçirilməsi mərhələlərindən danışdılar. Bildirildi ki, oktyabrın 15-də 5359 seçki məntəqəsində səsvermə keçirilmişdir. Seçkilər çox nüfuzlu beynəlxalq təşkilatların - Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin, MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyətləri, səfirliklərin təmsilçiləri, çoxsaylı digər müşahidəçilər izləmiş bu seçkilərin təşkili və gedişi onlara müsbət təsir bağışlamışdır. 

Ümumilikdə, seçkilər şəffaf, azad, sərbəst keçmişdir. Ciddi qanun pozuntuları, yəni seçkilərin nəticələrinə təsir edə biləcək hansısa qanun pozuntuları barədə Mərkəzi Seçki Komissiyasına heç bir məlumat daxil olmamışdır. 

İlk dəfə olaraq ölkəmizdə “exit-poll” sorğusunu yerli qeyri-hökumət təşkilatları həyata keçirmişlər. 
Seçki başa çatdıqdan sonrakı proseslərə, o cümlədən dairə seçki məntəqələrində protokolların hazırlanmasına beynəlxalq müşahidəçilər tərəfindən nəzarət edilmiş, dairələrdən protokollar daxil olduqdan dərhal sonra Mərkəzi Seçki Komissiyası ilkin nəticələri Azərbaycan ictimaiyyətinə çatdırmışdır. 

5359 seçki məntəqəsindən yalnız 8-ində səsvermənin nəticələri dairə seçki komissiyaları tərəfindən etibarsız hesab edilmişdir. Səbəb isə odur ki, həmin məntəqə seçki komissiyalarının protokollarında sənədləşmənin düzgün aparılmamısıdır. Lakin bu, seçkilərin ümumi nəticələrinə heç bir təsir göstərməmişdir. 
Sonra MSK sədrinin müavini Svetlana Qasımova və MSK-nın katibi Natiq Məmmədov Konstitusiya Məhkəməsi hakimlərinin suallarına cavab verdilər. 

Dövlət Statistika Komitəsinin baş məsləhətçisi Ulduzə Həmidova, Bakı Dövlət Universitetinin konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov ekspert qismində çıxış edərək öz rəylərini açıqladılar. 

Onlar dedilər ki, 2008-ci il oktyabrın 15-də keçirilmiş prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının 19 oktyabr tarixli protokolunu yoxladıq, protokolun Seçki Məcəlləsinin müvafiq normalarına uyğunluğuna diqqət yetirdik. Müəyyən edildi ki, Seçki Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, Seçki Komissiyasının protokoluna seçicilər siyahısındakı seçicilərin ümumi sayı, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin sayı, məntəqə və dairə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı, səsvermə günü seçki bülleteni almış seçicilərin sayı və digər məlumatlar daxil edilmişdir. Mərkəzi Seçki Komissiyasının protokolunda Seçki Məcəlləsinin bütün tələbləri öz əksini tapmışdır. 

Protokolun hüquqi aspektlərinə toxunan ekspertlər bildirdilər ki, 2008-ci il oktyabrın 15-də keçirilmiş prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının 2008-ci il 19 oktyabr tarixli protokolu Seçki Məcəlləsinin 100, 108 və 203-cü maddələrinin tələblərinə tam uyğun tərtib edilmişdir.

Ekspertlərin rəyləri Konstitusiya işinə əlavə olundu. 

Məhkəmə araşdırmaları bitdikdən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan olunmasına dair qərarı oxudu.