Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci və 53-cü mad. əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb

Новости

2021 Dec

01.12.2021

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti məhkəmə iclası keçirilib.

İclasda Sumqayıt Şəhər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Sumqayıt Şəhər Məhkəməsinin hakimi F.Əliyevin, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri T.Şeyx-Zamanovun, mütəxəssislər - Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ş.Yusifovun, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri E.Rəhimovun mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinin “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəası yalnız həmin Məcəllənin 53-cü maddəsində göstərilən, mahiyyəti üzrə işə baxmadan və sübutları qiymətləndirmədən icraatı rədd edən halları ehtiva edir.

Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks edilmiş hüquqi mövqeyə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlər cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.