Постановления

14.12.21 “AG Global Logistic” MMC-nin şikayəti üzrə AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

“AG Global Logistic” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

14 dekabr 2021-ci il                                                                                        Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “AG Global Logistic” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin şikayətini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

“AG Global Logistic” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “AG Global Logistic” MMC) “Standart İnsurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “Standart İnsurance” Sığorta Şirkəti ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və sığorta müqaviləsi əsasında sığortalanmış yükün 28 iyul 2018-ci il tarixində itməsi ilə bağlı baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə sığorta ödənişinin və sığorta ödənişinin gecikdirilmiş hər gününə görə hesablanmış dəbbə pulunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 27 iyul 2018-ci il tarixli sığorta şəhadətnaməsi üzrə sığorta ödənişi, dəbbə pulu, vəkil xidmətinə görə çəkilmiş xərcin tutularaq “AG Global Logistic” MMC-yə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş məbləğin iddiaçı və cavabdehə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 6 avqust 2020-ci il tarixli qətnaməsi ilə “Standart lnsurance” Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq “AG Global Logistic” MMC-nin iddiası təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (bundan sonra –  Ali Məhkəmənin Kommersiya Kollegiyası) 9 fevral 2021-ci il tarixli qərarı ilə “AG Global Logistic” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

“AG Global Logistic” MMC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin  Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60, 125 və 127-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 445.5, 446.1 və 446.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 9.1, 9.2, 9.3, 13, 416, 417.1.3 və 418.1-ci  maddələrinə uyğun olmayan hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayətdə göstərilmişdir ki, “AG Global Logistic” MMC müştərilərin sifarişləri əsasında onlara məxsus yüklərin beynəlxalq daşımaları ilə bağlı risklərin sığortalanması məqsədilə mütəmadi olaraq “yük sığortası” məhsulundan istifadə etmişdir. Bu məqsədlə “All Star” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus məhsullar iddiaçı ilə cavabdeh arasında bağlanmış sığorta müqaviləsi əsasında “yük sığortası” növü üzrə sığortalanmışdır. Sığorta şəhadətnaməsinə əsasən, həmin yükün sığorta təminatı 26 iyul 2018-ci il – 9 avqust 2018-ci il tarixlərində, 15 gün müddətində müəyyən edilmiş, sığorta haqqının isə bir ay müddətində tam şəkildə köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 28 iyul 2018-ci il tarixində ərizəçinin Almaniya Federativ Respublikasında əməkdaşlıq etdiyi agent “Linkinpartner Europe GmbH” şirkəti tərəfindən müəssisəyə məlumat verilərək sığorta predmeti olan yükün Hamburq hava limanına daşınması zamanı itirildiyi bildirilmişdir.  “AG Global Logistic” MMC-nin əməkdaşları tərəfindən həmin tarixdə cavabdehə (sığortaçıya) bu barədə məlumat verilmiş, yükün hərəkəti və onun itirilməsinə dair müvafiq sənədlər təqdim edilmişdir.

Ərizəçi həmçinin qeyd etmişdir ki, o, sözügedən sığorta müqaviləsi üzrə müəyyən edilmiş sığorta haqqının köçürmə yolu ilə ödənilməsi üçün sığorta şirkətindən onun bank rekvizitlərinin əks olunduğu hesab-fakturanın, qanunvericiliyin tələbinə uyğun olaraq elektron qaimə-fakturanın təqdim olunmasını tələb etsə də, cavabdeh həmin sənədləri təqdim etməmiş və müxtəlif bəhanələrlə sığorta ödənişinin ödənilməsindən yayınmışdır. Beləliklə, sığorta şirkəti sözügedən sığorta hadisəsi ilə bağlı hər hansı araşdırma aparmadan, 28 noyabr 2018-ci il tarixli məktubla “AG Global Logistic” MMC-yə müraciət edərək sığorta şəhadətnaməsi üzrə sığorta haqqının ödənilmədiyini əsas götürərək müqavilənin ləğv edildiyini bildirmişdir. Halbuki, mübahisəli sığorta müqaviləsi üzrə sığorta haqqının vaxtında ödənilməməsi ərizəçinin təqsiri üzündən deyil, cavabdehin hərəkətsizliyi nəticəsində baş vermişdir.

Ərizəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində ehtimallara əsaslanmış, kassasiya instansiyası məhkəməsi isə həmin qərarı dəyişdirmədən saxlamışdır ki, nəticədə onun Konstitusiyanın 60-cı maddəsi ilə müəyyən edilmiş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə hüququ pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu məsələ ilə əlaqədar, ilk növbədə, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin müdafiəsinin ən əhəmiyyətli vasitələrindən biri olan sığorta institutunun sığorta müqaviləsi, sığorta hadisəsi, sığorta təminatı kimi təməl anlayışlarını müəyyən edən mülki qanunvericilik normalarının açıqlanmasını zəruri hesab edir. 

Mülki Məcəllənin 884.1-ci maddəsinə əsasən, sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.

Həmin Məcəllənin 883.1-ci maddəsində sığorta müqaviləsinin anlayışı açıqlanaraq göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 884.2-ci maddəsinə görə, sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Bu Məcəllənin 884.3 və  884.4-cü maddələri sığortaçını və sığortalını sığorta müqaviləsinin tərəfi kimi göstərmişdir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sığorta fəaliyyəti haqqında” Qanun) 1-ci maddəsində sığorta hüququnun bir sıra əsas məfhumların anlayışı təsbit edilmişdir. Həmin Qanunun 1.1.3, 1.1.4 və 1.1.5-ci maddələrində sığortaçı - bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs,  sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi, sığorta olunan isə sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs kimi müəyyən edilmişdir.

“Sığorta fəaliyyəti haqqında” Qanunun 1.1.14-cü maddəsinə əsasən isə sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.

Mülki Məcəllənin 888.1-ci maddəsinə görə, əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.

Həmin Məcəllənin 888.2-ci maddəsində göstərildiyi kimi, əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır.

Sığorta müqaviləsi yazılı və elektron sənəd formasında olur. Mülki Məcəllənin 899.1.1-899.1.3-cü maddələrinə müvafiq olaraq, sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır:

- tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;

- müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə;

- icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada.

Beləliklə, sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd kimi çıxış edir. Bu, həmçinin Mülki Məcəllənin 901.1-ci maddəsinin məzmunundan irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir.

Mülki Məcəllənin 903.4 və 903.5-ci maddələrinə uyğun olaraq, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Həmin maddəyə əsasən, hər bir halda, sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.

Həmin Məcəllənin 929-cu maddəsinə əsasən, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.

Mülki Məcəllənin sığorta təminatının qüvvədə olduğu dövrü müəyyən edən 906.1-ci maddəsinə görə, icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.

“Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.18-ci maddəsinə müvafiq olaraq, sığorta müqaviləsinin zəruri şərtlərindən olan sığorta riski sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir.

Mülki Məcəllənin 922.1-ci maddəsində sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal kimi göstərilmişdir.

Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi  baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

Beləliklə, sığorta təminatının müddəti ərzində sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranması ilə şərtlənən sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən maliyyə kompensasiyası, yəni sığorta ödənişi həyata keçirilir.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, “Standart İnsurance” Sığorta Şirkəti ASC tərəfindən “AG Global Logistic” MMC-yə 27 iyul 2018-ci il tarixli Yük Sığortası Şəhadətnaməsi verilmişdir. Tərəflər arasında sığorta haqqının sığorta müqaviləsi imzalandığı tarixdən bir ay müddətində ödənilməsi və yalnız yükün daşınması zamanı meydana gələn zərərlərə təminat verilməsi barədə razılıq əldə edilmişdir. Yükün sığorta təminatı 26 iyul 2018-ci il tarixindən başlamaqla 9 avqust 2018-ci il tarixinədək 15 gün müddətində müəyyən edilmişdir. 28 iyul 2018-ci il tarixində ərizəçinin Almaniyada əməkdaşlıq etdiyi agent “Linkinpartner Europe GmbH” şirkəti tərəfindən sığorta predmeti olan yükün itirildiyi bildirilmişdir. Cavabdeh 28 noyabr 2018-ci il tarixli məktubla ərizəçiyə müraciət edərək mübahisəli sığorta şəhadətnaməsi üzrə sığorta haqqının ödənilmədiyi əsası ilə müqavilənin ləğv edildiyini bildirmişdir. İmtinanı əsassız sayan “AG Global Logistic” MMC məhkəməyə müraciət etmişdir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin halları ilə sübuta yetirilən, tərəflər arasında aparılmış danışıqlardan göründüyü kimi, iddiaçı tərəfindən cavabdehdən elektron qaimə-fakturanın təqdim olunması barədə dəfələrlə xahiş edilmiş, lakin ərizəçinin bu xahişi nəzərə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli sığorta şəhadətnaməsi üzrə sığorta haqqının vaxtında ödənilməməsinin sığortalının təqsiri kimi nəzərə alınması yolverilməzdir.

Sığorta hadisəsi baş verən zaman mübahisəli Yük Sığortası Şəhadətnaməsinin qüvvədə olmasına dair məhkəmə qeyd etmişdir ki, şəhadətnamənin “Sığorta haqqı” bölməsində sığorta haqqının ödənilməsi üçün 1 (bir) ay müddət müəyyən edilmişdir. Sığorta hadisəsi baş verdikdən sonra isə iddiaçının (sığortalının) sığorta haqqını ödəmək arzusunda olmaması heç bir məntiqə sığmır. Məhkəmə cavabdeh tərəfindən “AG Global Logistic” MMC-yə elektron qaimə-fakturanın təqdim edilməməsi halını iddiaçıya sığorta haqqının ödənilməsi üçün müvafiq şəraitin yaradılmaması kimi qiymətləndirərək hesab etmişdir ki, cavabdeh hüququndan sui-istifadəyə yol vermişdir. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən isə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 6 avqust 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılması qət edilmişdir.

Məhkəmə kollegiyası qətnaməsində Yük Sığortası Şəhadətnaməsinin “Sığorta haqqı” bölməsinə istinad edərək göstərmişdir ki, tərəflər sığorta haqqının tam şəkildə köçürmə yolu ilə ödənilməsini, həmin məbləğ sığorta müqaviləsi imzalandığı tarixdən bir ay müddətində ödənilmədikdə sığorta müqaviləsinin qüvvəyə minməmiş hesab olunduğunu və heç bir hüquqi nəticə yaratmadan avtomatik ləğv olunduğunu razılaşdırmışlar.

Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 903.4-cü maddəsinə və sığorta müqaviləsinin qeyd olunan şərtlərinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında mübahisələndirilən müqavilə imzalansa da, sığorta haqqı iddiaçı tərəfindən müqavilə şərtinə uyğun qaydada ödənilmədiyindən müqavilə qüvvəyə minməmiş və sığorta müqaviləsi Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbi baxımından tərəflər, o cümlədən, cavabdeh üçün heç bir öhdəlik və hüquqi nəticə yaratmamışdır.

Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə bağlı qeyd edilməlidir ki, işin düzgün həlli baxımından sığorta hadisəsinin sığorta təminatı müddəti ərzində baş verib-verməməsinin müəyyən edilməsi mühüm rol oynayır. Bunun üçün isə sığorta müqaviləsinin şərtlərinin Mülki Məcəllənin müvafiq müddəalarının göstərişləri nəzərə alınmaqla təfsir edilməsi, tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin məzmununun müəyyən edilməsi zəruridir. Belə ki, sığorta təminatı qüvvəyə mindikdən sonra sığorta hadisəsinin baş verməsi halında sığortaçının ödəniş etmək öhdəliyi yaranmış olur.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları sığorta hadisəsinin sığorta təminatının qüvvədə olduğu müddət ərzində baş verməsi nəticəsinə gəlməyə imkan verir. Bu nəticə həm sığorta müqaviləsinin şərtlərindən, həm də Mülki Məcəllənin 901.1 və 903.4-cü maddələrinin müddəalarından irəli gəlir. Belə ki, həmin Məcəllənin 901.1-ci maddəsinə görə, sığorta şəhadətnaməsi tərəflər arasında sığorta müqaviləsinin şərtlərini bildirən və təsdiq edən sənəddir. Məcəllənin 903.4-cü maddəsinə əsasən isə müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Yəni tərəflər sığorta təminatının sığorta haqqının ödənilməsindən əvvəlki tarixdə də qüvvəyə minməsini razılaşdıra bilərlər və belə olan halda sığorta təminatı sığorta haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq tərəflərin razılaşdırdıqları andan qüvvəyə minir. Odur ki, “Standart lnsurance” Sığorta Şirkəti ASC tərəfindən “AG Global Logistic” MMC-yə verilən sığorta şəhadətnaməsi onlar arasındakı sığorta müqaviləsinin şərtlərini göstərən və təsdiq edən sənəddir. Həmin şəhadətnamədə isə sığorta müddəti 15 gün müəyyən edilmiş, bu müddətin 26 iyul 2018-ci il tarixində başlayıb 9 avqust 2018-ci il tarixində qurtardığı göstərilmişdir. Həmçinin sığorta şəhadətnaməsində sığorta təminatının müddətinin 15 gün olduğu qeyd olunmuşdur. Bu müddətlər (həm sığorta müddəti, həm də sığorta təminatının müddəti) məhz sığorta təminatının hansı dövrü əhatə etdiyini göstərir və beynəlxalq təcrübədə istifadə olunan “period of cover” ifadəsininin məzmunu ilə eynilik təşkil edərək sığorta riskinin sığortaçının təminatı altında olduğu dövrü ifadə edir. Hadisənin 28 iyul 2018-ci il tarixində baş verməsi nəzərə alınarsa, sığorta hadisəsinin sığorta təminatının qüvvədə olduğu müddət ərzində baş vermiş olması nəticəsinə gəlmək olar.

“AG Global Logistic” MMC-nin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli Qanununa istinadən sığorta haqqının ödənilməməsinin cavabdehin təqsiri üzündən baş verməsi (cavabdeh tərəfindən elektron qaimə-fakturanın verilməməsi) dəlilinə dair apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, tərəflər arasındakı sığorta müqaviləsinin “Sığorta haqqı” bölməsində sığortaçının qaimə-faktura vermə öhdəliyinin nəzərdə tutulduğu müəyyən olunmamış, sığorta haqqının yalnız köçürmə yolu ilə həyata keçirilməsi təsbit olunmuşdur.

Eyni zamanda qeyd edilmişdir ki, vergi qanunvericiliyinə edilən dəyişikliklər nəzərə alınsa belə, iddiaçının dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən həmin dəyişikliklər 1 yanvar 2017-ci il tarixindən qüvvəyə minmiş və mübahisəli sığorta müqaviləsi imzalanarkən həmin Məcəllənin 71-1.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə, bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Cavabdeh isə mal satan, xidmət göstərən təşkilat deyil, sığortaçıdır və onun “AG Global Logistic” MMC ilə bağladığı sığorta müqaviləsi xidmət müqaviləsi kimi təfsir oluna bilməz. Belə ki, Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu mülki prosessual qanunvericiliyin bir sıra müddəalarının qeyd edilməsini zəruri hesab edir. 

  Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin I hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

Məhkəmə müdafiəsi hüququ müstəqil hüquq olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı kimi çıxış edir.  Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin II  və VII hissələri).

Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələrinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməsini ərizəçi tərəfindən sığorta haqqının ödənilməməsi ilə əsaslandırmış və bu zaman Mülki Məcəllənin 903.4-cü maddəsinə, habelə sığorta müqaviləsinin şərtinə istinad etmişdir.

Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi sığortalı tərəfindən sığorta müqaviləsi üzrə sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməməsinin səbəblərini və ya sığortaçının (cavabdehin) sığortalıya sığorta haqqının ödənilməsi üçün müvafiq şəraitin yaradılmamasına dair təqdim edilmiş sübutları ətraflı araşdırmamış, sığorta haqqının vaxtında ödənilməməsinə görə hansı tərəfin məsuliyyət daşımasını müəyyən etməmişdir ki, bu da qəbul edilən qərarın ədalətliliyini şübhə altına alır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək mübahisənin qanuni və ədalətli həll edilməsi üçün lazımi tədbirləri görməmişdir.

Ərizəçinin konstitusiya şikayətindən göründüyü kimi, onun Yük Sığortası Şəhadətnaməsinin şərtlərinə əsaslanaraq, sığortaçıdan elektron qaimə-faktura və hesab-faktura tələb etməkdə məqsədi sığorta haqqının ödənilməsi üçün sığorta şirkətinin bank rekvizitləri barədə məlumatların əldə edilməsindən ibarət olmuş (telefon danışıqları və e-mail vasitəsi ilə), lakin sığortaçı bu məlumatları ona təqdim etməmişdir.

Qeyd olunduğu kimi, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır (Mülki Məcəllənin 445.5-ci maddəsi).

Həmçinin nəzərə alınmalıdır ki, qanunverici hüququn həyata keçirilməsində yarana biləcək laqeyd münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmiş müddəalar müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 560.3.2-ci maddəsində hüquqdan sui-istifadə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi kimi ifadə edilmişdir.

Lakin apellyasiya instansiyası məhkəməsi sığorta şirkətinin şikayətini təmin edərkən formal mülahizələrə əsaslanmış, müqavilənin şərtlərini və mülki qanunvericiliyin müddəalarını düzgün təfsir etməməklə, iddiaçının sığortaçı tərəfindən sığorta haqqının ödənilməsi üçün müvafiq şəraitin yaradılmaması və göstərilən maddi hüquq normalarının tələblərinə riayət edilməməsi barədə irəli sürdüyü dəlillərinə lazımi hüquqi qiymət verməmişdir.

Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institutunun mahiyyətinə və təyinatına uyğun deyildir. Sığorta hadisəsi baş verdiyi təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır. Bu halda sığortalının sığorta haqqını ödəməsinə hər hansı hüquqi və ya faktiki ehtiyac qalmır. Belə ki, Mülki Məcəllənin 929-cu maddəsinə görə, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.

Yuxarıda da qeyd olunduğu kimi, hazırkı iş üzrə tərəflər arasında sığorta təminatının müddəti  15 gün müəyyən edilmişdir. Odur ki, 15 günlük sığorta münasibəti baxımından bir ay müddət ərzində sığorta haqqının ödənilməməsinin sığorta müqaviləsinin ləğvi səbəbi kimi göstərilməsi tərəflər arasında sığorta münasibətlərinin mahiyyətinə uyğun olmamışdır. Mülki Məcəllənin 903-cü maddəsinin müvafiq göstərişi də məhz daha uzun müddətli sığorta təminatını nəzərdə tutan sığorta müqavilələri üçün keçərlidir. Nəticə etibarı ilə sığorta təminatının müddətinin bitməsindən sonra sığorta haqqının ödənilməməsinin müqavilənin ləğvinə səbəb kimi qiymətləndirilməsi sığorta münasibətlərinin mahiyyətinə və mülki qanunvericiliyin normalarının göstərişlərinə uyğun olmamışdır.

Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq edilməmiş hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sığorta müqaviləsinin sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minməsi mülahizəsinə əsaslanaraq iddianı rədd etməklə mülki və mülki prosessual qanunvericiliklərin yuxarıda göstərilən müddəalarını pozmuşdur.

Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu apellyasiya instansiyası məhkəməsinin sığorta müqaviləsinin və ya sığortaçının müqavilədən irəli gələn fəaliyyətinin xidmət müqaviləsi və ya xidmət kimi təfsir oluna bilməməsi mövqeyi ilə bağlı bildirir ki,  “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.9-cu maddəsində göstərilmişdir ki, sığorta risklərinin və zərərlərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması, həmçinin zərərlərin tənzimlənməsi ilə bağlı xidmətlər sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən həyata keçirildikdə də, bu fəaliyyət sığorta xidmətlərinin tərkib hissəsi hesab edilir.

Sığorta fəaliyyətinin mahiyyət etibarı ilə xidmət olduğu şübhəsizdir. Belə ki, mülki dövriyyədə həyata keçirilən fəaliyyətlər ya əmtəə istehsalı, ya da xidmət göstərilməsi şəklində təzahür edir. Sığorta fəaliyyəti əmtəə istehsalı olmadığından, xidmət sahəsinə aid fəaliyyət olaraq qiymətləndirilməlidir.

Mülki Prosessual Məcəllənin kassasiya instansiyasında işə baxmanın hədlərini müəyyən edən 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (Mülki Prosessual Məcəllənin 418.1-418.3-cü maddələri).

Lakin Ali Məhkəmənin Kommersiya Kollegiyası 9 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış qətnaməni dəyişdirmədən saxlamışdır ki, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “AG Global Logistic” MMC-nin “Standart İnsurance” Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416.1, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.              “AG Global Logistic” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Standart İnsurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski  raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 Sədr                                                                                                            Fərhad Abdullayev