Постановления

16.11.21 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

16 noyabr 2021-ci il                                                                Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və  33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının  yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Sumqayıt Şəhər Məhkəməsinin hakimi F.Əliyevin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini E.Əsgərovun mülahizələrini, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ş.Yusifovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin baş məsləhətçisi Ü.Yusiflinin mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Sumqayıt Şəhər Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra – 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi) əməkdaşları tərəfindən “Sumqayıt şəhər Təmizlik Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC) direktoru A.Rüstəmov barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair 26 avqust 2020-ci il tarixli protokol tərtib edilmişdir.

Həmin protokol əsasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin 3 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə A.Rüstəmov İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsinə görə cərimə edilmişdir.

Vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilmiş A.Rüstəmov Sumqayıt Şəhər Məhkəməsinə şikayət verərək barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq  etmə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

 Sumqayıt Şəhər Məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli qərarı ilə A.Rüstəmovun şikayəti təmin edilmişdir.

Məhkəmə hesab etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbləri pozularaq vəzifəli şəxs tərəfindən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsə 21 may 2020-ci il tarixli məcburi göstəriş rəsmi qaydada verilməmişdir. Qərarda eyni zamanda, həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbləri baxımından 541-ci maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar məhkəməyə hər hansı mötəbər sübutun təqdim edilməməsi göstərilmişdir.

4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, özünün 3 sentyabr 2020-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün materiallar Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, 26 avqust 2020-ci il tarixli inzibati xəta haqqında protokolda İnzibati Xətalar Məcəlləsinin 233.1 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi göstərilsə də, 3 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda Məcəllənin 233.1-ci maddəsində müəyyən edilən inzibati xətaya münasibət bildirilməmiş, birinci instansiya məhkəməsi isə bu halı araşdırmamışdır.

Sumqayıt Apellyasiya Məhkəməsi qərarında İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə istinad edərək hesab etmişdir ki, yeni məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hal hərtərəfli araşdırılmaqla qanunamüvafiq qərar qəbul edilməlidir.

Sumqayıt Şəhər Məhkəməsi işə təkrar baxarkən belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən səlahiyyətli orqanın şikayəti əsasında işə baxılaraq şikayətdə mübahisələndirilməyən, yəni səlahiyyətli orqanın qərarının qanuniliyi ilə bağlı başqa məsələlərin araşdırılması barədə göstəriş verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən o da müəyyən olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarında göstərilən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə bağlı halın araşdırılması şikayət vermiş şəxsin (A.Rüstəmovun) vəziyyətini pisləşdirir.

Odur ki, Sumqayıt Şəhər Məhkəməsi, barəsində inzibati tənbeh tətbiq edilmiş “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru A.Rüstəmovun Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra – Konstitusiya) ilə nəzərdə tutulmuş hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

Müraciətdə qeyd edilir ki, vəzifəli şəxs tərəfindən tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun həmin maddənin tətbiqi ilə bağlı qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əməl edilməməsi ehtimalı vardır. Belə halda məhkəmə tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilə bilər. Lakin bu halda İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsinin tələblərinə uyğun olmayan vəziyyətin yaranması baş verir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsində tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi göstərilmişdir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər.

Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mənafeyi baxımından və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi, səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya hakimin inzibati xəta haqqında iş üzrə qərarından verilən şikayətlərə baxılmasının oxşar və fərqli xüsusiyyətlərinə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin hüdudlarından kənara çıxılmasının mümkünlüyünə, şəxsin şikayəti əsasında özünün vəziyyətinin pisləşməsi ilə bağlı qərar qəbul edilməsinə İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsinin tələbləri baxımından aydınlıq gətirilməsi xahiş olunmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərin həlli üçün inzibati xətalar qanunvericiliyinin vəzifələrinin və prinsiplərinin açıqlanmasını, eləcə də İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılmasını tənzimləyən müvafiq normalarının nəzərdən keçirilməsini zəruri hesab edir.

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır (Konstitusiyanın 125-ci maddəsinin I hissəsi, 127-ci maddəsinin II hissəsi və 129-cu maddəsinin III hissəsi).

Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə, 71-ci maddəsinin I və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir.

Ədalət mühakiməsinin həyata keçirilməsinin, insan hüquq və azadlıqlarının təmin edilməsinin Konstitusiyada öz əksini tapmış təməl prinsipləri sahəvi qanunvericilik aktlarında, o cümlədən İnzibati Xətalar Məcəlləsində daha da inkişaf etdirilmişdir.

İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipini özündə ehtiva edən 6-cı maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.

İnzibati xəta haqqında iş üzrə icraatın yekununda səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən şəxsin hüquq və azadlıqlarını məhdudlaşdıra biləcək qərar qəbul olunur. Həmin qərarda şəxsin hansı inzibati xəta törətməsi müəyyən edilərək müvafiq inzibati tənbeh tədbiri (inzibati cəza) seçilir və bunun hüquqi nəticələri öz əksini tapır. Məhz bu baxımdan inzibati xəta törətmiş fiziki, hüquqi və vəzifəli şəxs barəsində seçilən tənbeh tədbiri həmin şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırdığına görə, qanunverici belə tədbirdən müdafiə mexanizmləri müəyyən etmişdir.

Bu məqsədlə İnzibati Xətalar Məcəlləsində inzibati tənbehin tətbiqi ilə bağlı səlahiyyətli orqanlar və məhkəmələr tərəfindən qəbul edilən qərardan şikayət və ya protest verilməsinin prosessual qaydaları nəzərdə tutulmuşdur. Məcəllədə inzibati xətalar haqqında işlər üzrə icraatın qanuniliyini, inzibati tənbehin tətbiqinin ədalətliliyini təmin etmək, ilkin icraat mərhələsində yarana bilən səhvlərin qarşısını almaq və ya digər qanuni məqsədlərə nail olmaq üçün proses subyektlərinə yuxarı məhkəmə instansiyasına (apellyasiya məhkəməsinə) şikayət və ya protest vermək imkanı yaradılmışdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarı).

İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması həmin qərarı qəbul etmiş orqanın səhvlərinin düzəldilməsinin vasitəsi kimi çıxış edir. Bu növ icraatda  məhkəmə (birinci və ya apellyasiya instansiyası məhkəməsi) araşdırması zamanı işin hallarının hərtərəfli və tam öyrənilməsinə, törədilmiş inzibati xətaya lazımi hüquqi qiymətin verilməsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının təmin edilməsinə maneə yaratmış qanun pozuntusu müəyyən edilərək aradan qaldırılır.

Bu isə məhkəməyə imkan verir ki,  səlahiyyətli orqan (vəzifəli şəxs)  və ya hakim tərəfindən qəbul olunmuş qərarın qanuniliyinin yoxlanılması nəticəsində həmin qərarın işin faktiki hallarına və ya inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun olmadığı təqdirdə onu dəyişdirsin, ləğv edərək yeni qərar çıxarsın və ya işin yenidən baxılması üçün göndərilməsi haqqında qərar qəbul etsin. Bununla da  səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya hakimin icraat zamanı yol verdiyi səhvlər aradan qaldırılır.

İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ, şikayət və ya protest vermə qaydası və müddətləri, şikayətə və ya protestə baxmağa hazırlıq, baxılma və baxılma nəticəsində hansı qərarın qəbul edilməsi, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar və s. İnzibati Xətalar Məcəlləsinin “İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma” adlı 17-ci Fəslində  göstərilmişdir. 

İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması şikayət və ya protestin olduğu təqdirdə mümkündür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən,  barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.

Həmin Məcəllənin 128.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir:

- hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə;

- kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə;

- səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə.

İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 134-cü maddəsində isə bu əsaslara müvafiq olaraq səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən qəbul edilə biləcək qərarların tam siyahısı göstərilmişdir.

İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların müəyyən olunması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır.

Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 137-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər.

İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan normalarının təhlilindən görünür ki, qanunverici səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalara dair iş üzrə qəbul etdiyi qərara yuxarı səlahiyyətli orqan və ya məhkəmə tərəfindən yenidən baxılması, məhkəmənin inzibati xətaya dair iş üzrə qərarından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması, o cümlədən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərara məhkəmədə yenidən baxılmasının prosedur qaydalarını fərqləndirməmiş və onları eyni Fəslin normaları ilə tənzimləmişdir. 

 Müraciətdən  göründüyü kimi, mübahisəli məsələ İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinin tətbiqi zamanı həmin Məcəllənin 135.2-ci maddəsinin göstərişinə riayət edilməsi ilə bağlıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsində tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması halı qərarın dəyişdirilməsi və ya ləğv edilərək yeni qərarın çıxarılması üçün əsas kimi göstərilmişdir.

İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsində isə müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan məsələlərə aydınlıq gətirilməsi üçün, ilk növbədə, inzibati xəta haqqında protokolun hüquqi mahiyyətinin və əhəmiyyətinin açıqlanmasını zəruri hesab edir.  

İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir.

Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir.

İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.

Qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokola məhkəmə tərəfindən baxılaraq müvafiq qərarın qəbul edilməsi ilə səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından verilən şikayətə məhkəmə tərəfindən baxılmasının qayda və şərtləri fərqlidir.

İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır.

 

Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.

Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır.

İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 

Lakin qanunverici inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən baxılmasının bəzi məhdudiyyətlərini müəyyən etmişdir. Bu məhdudiyyətlər, ilk növbədə, inzibati xətalar qanunvericiliyinin əsaslandığı prinsiplərdən irəli gəlir.

İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsində əks olunmuş qanunçuluq  prinsipinə əsasən, inzibati xəta haqqında işə yenidən baxan səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə əvvəlki icraat zamanı qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamaq səlahiyyətinə malik olsa da, bu araşdırma qərarın məzmununun hüdudları ilə məhdudlaşır.

İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxan səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin araşdırmasının digər zəruri şərti, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin vəziyyətinin pisləşdirilməsinin müəyyən şərtlərlə məhdudlaşdırılması ilə bağlıdır.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətə və ya protestə baxan məhkəmə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar qanunvericiliyində dairəsi dəqiq müəyyən edilmiş subyektlərin (zərər çəkmiş şəxsin, vəzifəli şəxsin və prokurorun) bu barədə müvafiq şikayəti və ya protesti olduqda bərəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəziyyətini ağırlaşdıran qərar qəbul edə bilər. Beləliklə, qanunverici şəxsin vəziyyətinin ağırlaşdırılması ilə bağlı qərar qəbul edilməsini  məhkəmənin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) öz təşəbbüsu ilə deyil, yalnız konkret subyektlərin bu barədə müvafiq şikayəti və ya protesti olduqda mümkün hesab etmiş və bu inzibati xəta haqqında iş üzrə  ilkin qərarın hüdudları ilə məhdudlaşdırılmışdır.

Müraciətdə qaldırılan digər məsələ inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətdə mübahisələndirilməyən və şəxsin vəziyyətinin pisləşməsinə səbəb olan halın həmin qərara yenidən baxan səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən yoxlanılması, yəni şikayətin hədlərindən kənara çıxmanın mümkünlüyü ilə bağlıdır.  

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati xətalara dair işlər üzrə icraatda apellyasiya baxışının hədləri ilə bağlı müvafiq tənzimetmə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. 

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərarında qeyd olunmuşdur ki, prosessual qanun məhkəmə baxışının hədlərini müəyyənləşdirərkən, onu yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittihamın hədləri ilə məhdudlaşdırır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Lakin qanunvericiliyin mənasına görə ittiham funksiyası olmadığından, məhkəmə təqsirləndirilən şəxsin hüquqi vəziyyətini məhkəmə baxışı zamanı ağırlaşdıra bilməz (təqsirləndirilən şəxsin əməlini məhkəmədə ona qarşı irəli sürülmüş və ya onun məhkəməyə verildiyi ittiham üzrə daha ağır cəza nəzərdə tutan normaya özü tövsif edə bilməz).

Həmçinin həmin Qərarda göstərilir ki, apellyasiya müraciətinin hüquqi məzmununu həmin müraciətdə əks olunmuş xahiş təşkil etdiyi üçün apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətində göstərilən xahişdən daha ağır nəticələrə gəlib çıxmamalıdır. Bunun üçün də məhkum edilmiş şəxsin müdafiəçisi həmin şəxsin xeyrinə apellyasiya müraciəti vermişdirsə və ya ittihamçının apellyasiya müraciətində müvafiq xahiş olmamışdırsa, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin hüquqi vəziyyəti ağırlaşdırıla (pisləşdirilə) bilməz. Apellyasiya müraciətini həmin şəxs özü vermişdirsə, apellyasiya icraatının nəticəsində bu şəxsin hüquqi vəziyyətinin pisləşdirilməsi mövcud qanunvericilik normalarına əsasən ümumiyyətlə yol verilməzdir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 91.7-ci maddəsi birmənalı müəyyənləşdirir ki, təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. 

O da qeyd olunmalıdır ki, pisləşməyə doğru çevrilmənin yolverilməzliyi prinsipinin mahiyyəti ondan ibarətdir ki, məhkum edilmiş şəxsin birinci instansiya məhkəməsinin hökmündən yuxarı məhkəməyə verdiyi şikayət onun üçün arzuolunmaz nəticələr doğura bilməz. İşə apellyasiya qaydasında baxılması zamanı hökmün ləğvindən sonra belə apellyasiya instansiyası məhkəməsi cəzanı artırmaq və ya ittihamı daha ağır və yaxud faktiki hallar üzrə əhəmiyyətli dərəcədə fərqlənən ittihamla əvəz etmək, habelə digər cinayət-hüquqi məsələləri həll edərkən məhkum edilmiş şəxsin vəziyyətini ağırlaşdırmaqda haqlı deyil. Əks təqdirdə məhkum edilmiş şəxsin öz vəziyyətini ağırlaşdırmaq təhlükəsi bu şəxsi hətta hökmün mübahisələndirilməsinə əsaslar olduğu halda  öz hüququndan istifadə etməkdən imtinaya məcbur edəcəkdir.

Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqelərə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla bağlı zərər çəkmiş şəxsin, İnzibati Xətalar Məcəlləsinin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. İnzibati xəta haqqında qərardan verilmiş şikayətin hüdudlarından kənara çıxılması yolverilməzdir.

Odur ki, barəsində qərar qəbul edilmiş şəxsin özünün şikayətinə əsasən inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı onun vəziyyətini pisləşdirən qərarın qəbul edilməsi qanunçuluq prinsipinin təminatı kimi İnzibati Xətalar Məcəlləsinin 61.1.6 və 128-ci maddələrində müəyyən edilmiş şəxsi qərardan şikayət vermək hüququnun realizəsindən çəkindirməklə onun ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına gətirib çıxara bilər.

Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulayır ki, inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, ictimai təhlükəsizliyi, ətraf mühiti qorumaq və s. vəzifələrinin icrasına nail olunması, prinsiplərinin həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq orqanlar inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət etməlidirlər.  

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

-  İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsinə uyğun olaraq, səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayətə baxılmanın predmeti həmin qərarla məhdudlaşır;

-  İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsinin mənasına görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı öz təşəbbüsü ilə deyil, yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, həmin Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər.

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti əsasında qəbul edilmiş qərara yenidən baxılarkən onun vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi yolverilməzdir;

-  müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir.

 Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsinə uyğun olaraq, səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayətə baxılmanın predmeti həmin qərarla məhdudlaşır.

2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsinin mənasına görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı öz təşəbbüsü ilə deyil, yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, həmin Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər.

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti əsasında qəbul edilmiş qərara yenidən baxılarkən onun vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi yolverilməzdir.

3. Müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                 Fərhad Abdullayev

 














Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 noyabr 2021-ci il tarixli Qərarından hakim İ.Nəcəfovun

 

XÜSUSİ RƏYİ

 

16 noyabr 2021-ci il                                                             Bakı şəhəri

 

Plenumun qərarına hörmətlə yanaşaraq, onun həm təsviri əsaslandırıcı, həm də ki nəticəvi hissəsiylə razı olmadığımı bildirirəm. Ona görə ki:

Plenum İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinin müddəasını, eləcə də, onun hüquqi əsası olan İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tənzim etmədə əhəmiyyətini, məqsədini nə izah etmiş, nə də ki İnzibati Xətalar Məcəlləsinin digər normaları ilə funksional əlaqəsini göstərməmişdir.

Halbuki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun normativ hüquqi aktların rəsmi şərh edilməsi qaydasını təsbit edən 90.2-ci maddəsinin müddəası  qeyd etdiklərimi tələb edir.

Plenum öz qərarında İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinə məhdudlaşdırıcı şəkildə şərh vermişdir. Məhdudlaşdırıcı şərhə yalnız normativ hüquqi aktın mətni və mənası arasında açıq-aşkar fərq olanda yol verilir. (“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, 90.4-cü maddə). Tədqiqat predmeti olan İnzibati Xətalar Məcəlləsinin şərh olunan normalarının, xüsusilə, 135.1.5 və 31-34-cü maddələrinin mətni və mənası arasında heç bir fərq yoxdur.

Müraciətedən – Sumqayıt Şəhər Məhkəməsi müraciətində, Konstitusiya Məhkəməsi qarşısında aşağıdakı məsələlərlə bağlı şərh verilməsini xahiş etmişdir.

-       Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin mənafeyi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi;

-       Səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında qərarından verilən və birinci instansiya məhkəməsinin inzibati xəta haqqında qərarından verilən şikayətlərə baxılmasının oxşar və fərqli xüsusiyyətləri, şikayətlərin hədlərinin bir-birindən fərqi;

-       İnzibati xəta haqqında qərardan verilən şikayətin hüdudlarından kənara çıxılmasının mümkünlüyü halları;

-       Şəxsin şikayəti əsasında öz vəziyyətinin pisləşməsi ilə bağlı qərar qəbul edilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsinin tələblərinə uyğunluğu.

İlk olaraq, bildirirəm ki, hər hansı bir şəxsin mənafeyi baxımından heç zaman normativ hüquqi aktlar rəsmən şərh edilmir.

Normativ hüquqi akt o zaman şərh edilir ki, onun məzmununda qeyri-müəyyənlik və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edilsin. (“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, 90.1-ci maddə).

İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinin məzmununda nə qeyri-müəyyənlik, nə də ki fərqlər yoxdur. Zənnimcə, bu norma tədqiq edilərkən, onun, Məcəllənin həm ümumi, həm də ki xüsusi hissəsinin həm maddi, həm də ki prosessual normalar ilə funksional əlaqəsi və ya bağlılığı nəzərə alınmamışdır.

Bu norma İnzibati Xətalar Məcəlləsinin “İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması” adlı XVII fəslinə daxil olan “inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar adlanan 135-ci maddəsinə daxildir. Bu maddəyə əsasən “tətbiq edilmiş tənbeh bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmazsa, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilə və ya ləğv edilərək yeni qərar çıxarıla bilər”. (İXM-nin 134.1.2-ci maddəsi).

Tənbehi özündə əks etdirən qərar “bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmazsa” o deməkdir ki, inzibati tənbeh, Məcəlləyə uyğun olmayaraq tətbiq edilibdir.

İnzibati Xətalar Məcəlləsinin 6.1 və 31.1-ci maddələrinin müddəaları da eyni məzmunda olmaqla, “İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir” müddəasını təsbit edir. Yəni, inzibati xətalara dair işlər üzrə icraatın bütün mərhələlərində qanunçuluq prinsipinin gözlənilməsi səlahiyyətli şəxsdən qanunun tələblərinə dönmədən, dürüst və eyni cür əməl etməsini tələb edir. Bu isə öz növbəsində, inzibati xətalar qanunvericiliyinin vəzifələrindən irəli gələrək, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qərarın vaxtında verilməsi, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-in 2-ci maddəsi).

Məcəllənin 34.1-ci maddəsinə əsasən “bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.

Norma öz xarakterinə görə imperativ normadır. İki və ya daha çox inzibati xəta törətmiş şəxin, törətdiyi hər hansı bir xətaya görə tənbehdən kənarda qalması yol verilməzdir. Bu hal qanunçuluq prinsipinin pozulmasıdır.

Gündəlik həyatda şəxsin təmasda olduğu, iştirak etdiyi ictimai münasibətlər demək olar ki, inzibati xətalar qanunvericiliyinin nəzarəti altındadır. Bu sahədə qorunan ictimai münasibətlərin pozulması halı faktı dərhal inzibati xətalar dair hüquq münasibətlərini törədir. İnzibati orqanlarla şəxsin arasında bu münasibətlər yaranır, hansı ki, bu da inzibati xətalar üzrə işlərin predmetini təşkil edir.

İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən “inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.”

Qanunverici maraqlı şəxslərə şikayət hüququ verməklə, inzibati xəta haqqında iş üzrə həm icraatı təmin etmək, həm də ki icraat gedişində, və eləcə də, onun sonunda şəxsin tənbeh edilməsi barədə qərar çıxarıldıqdan sonra öz hüquqlarını, eləcə də, məhkəmə nəzarəti ilə müdafiə etmək imkanını vermişdir.

İnzibati xəta haqqında qərardan verilmiş şikayətlərə, ilk olaraq, səlahiyyətli orqan (vəzifəli şəxs), məhkəmələr, sonra isə apellyasiya məhkəmələri baxır.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, “Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər.”

Yuxarıda qeyd etdiklərimə əsasən deyə bilərəm ki, şikayət əsasında nəzarət qaydasında inzibati xətalara dair işlərə baxan məhkəmələr əsas diqqəti inzibati xətalara dair işlər üzrə icraatda inzibati orqan (vəzifəli şəxs) tərəfindən qanunçuluğun tələblərinə dönmədən əməl edib-etməmələrinə yönəltməlidirlər. Zira, qanunçuluq – qanunun müddəalarına ciddi və dönmədən əməl olunmasıdır.

Qanunverici, İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinin müddəasında inzibati orqan tərəfindən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmadığı təqdirdə, şikayətə baxana, o cümlədən məhkəməyə Məcəllənin 134.1.2-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul etmək vəzifəsi verməklə, yalnız qanunçuluğun təmin edilməsi məqsədini güdmüşdür. 

Qeyd edilən normalar qarşılıqlı surətdə bir-birilə funksional əlaqədə olub, hüquqi tənzimetmənin eyni növünün müxtəlif aspektlərini tənzim edirlər. Belə ki, Məcəllənin 31-34-cü maddələri yüksək dərəcəli ümumiləşdirmə və sabitliklə səciyyələnir. Bu isə öz növbəsində həmin maddələrin müddəalarının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində ifadə olunan normalarının istifadəsi üçün hüquqi əsas yaradır (“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, 31.2.3-cü maddə).

Məcəllənin 135-ci maddəsində ifadə olunan norma öz mahiyyətinə və hüquqi təyinatına görə qanunverici tərəfindən inzibati işə baxan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulmuş, icrası məcburi olan bir vəzifədir. Başqa sözlə, şikayət və ya protest əsasında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin maddənin bütün bəndlərində qeyd edilən əsasların işdə mövcud olub-olmamasını müəyyən etməyə borcludur.

Bu məqsədlə, İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə nəzər yetirdikdə, həmin inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən daha əvvəl inzibati xəta törədilməli, şəxsə bu barədə xəbərdarlıq edilməli və şəxs yenidən həmin tələbləri pozmaqla xəta törətməlidir. Hazırki halda, isə şəxsə edilmiş xəbərdarlıq Məcəllənin 233-cü maddəsinin dispozisiyası ilə müəyyən edilmiş hüquqi faktın baş verməsi ilə əlaqədardır. Ona görə də, şəxsin inzibati məsuliyyəti həmin maddələrdə qeyd olunmuş inzibati xətanın törədilməsi ilə yarandığından, Məcəllənin 541-ci maddəsində qeyd edilən inzibati xəta özü-özlüyündə mövcud ola bilməz. Belə olan halda isə Məcəllənin 135.1.4-cü maddəsinə əsasən işə verilmiş şikayət əsasında yenidən baxılarkən qərarın predmeti dəyişmir.

Belə ki, Məcəllənin 135.1.4-cü maddəsi hakimə səlahiyyət verir ki, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmədikdə qərarı ləğv edərək yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul etsin.

İnzibati xəta haqqında protokol bir sıra hallarda inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının əsası kimi çıxış edir. İnzibati xəta haqqında protokolun hüquqi mahiyyətinə dair normalar ilk öncə, İnzibati Xətalar Məcəlləsinin 100-cü (inzibati xəta haqqında protokol), 43.2, 43.2-1, 43.3-cü  (inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı), 101-ci (inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri), 54.2, 99.3-cü (protokolun tərtib edilməməsi, yəni inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərarın qəbul edilməsi) və s. maddələrinin müddəalarında nəzərdə tutulmuşdur. 

Eyni zamanda Məcəllənin 75, 100.1.4-100.1.10 və 115.1.3-115.1.7-ci   maddalərinin mənasına görə, inzibati xətaya dair protokolda inizbati xəta haqqında işlərə baxılması üçün  zəruri və kifayət qədər məlumatlar əks olunmalıdır.

Belə ki,  Məcəllənin 75-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir.

Məhz bu baxımdan, inzibati xəta haqqında işə baxılarkən qəbul edilmiş qərarda işinə baxılan şəxs haqqında məlumat; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsinin göstərilməsi vurğulanmışdır (Məcəllənin 115.1.3-115.1.7-ci maddələri).

İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən qanunverici, şəxsə inzibati xətalara dair qərardan şikayət vermək hüququ verməklə, inzibati qanunvericilik üzərində məhkəmə nəzarətini müəyyən etmişdir. Məhkəmə nəzarətinin nədən ibarət olmasını Məcəllənin 135-ci maddəsində göstərmişdir. Həmin maddədə göstərilir ki, aşağıda qeyd edilən əsaslardan biri olduqda, məhkəmə inzibati tənbeh barədə qərarı ya ləğv edir, ya da dəyişdirir. Bura: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması aid edilmişdir.

İnzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinə əməl olunması məhkəmə nəzarəti qaydasında təmin edilərkən, məhkəmə (birinci instansiya) və apellyasiya instansiyası məhkəməsi araşdırması zamanı işin hallarının hərtərəfli və tam öyrənilməsinə, törədilmiş inzibati xətaya lazımi hüquqi qiymətin verilməsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının təmin edilməsinə təsir etmiş və ya təsir edə biləcək qanun pozuntusu müəyyən edilərək aradan qaldırılır. Bu zaman səlahiyyətli orqanın inzibati xəta üzrə icraat zamanı yol verdiyi və məhkəmə baxışında düzədilməsi mümkün olan maddi və prosessual hüquq səhvləri məhkəməyə əsas vermir ki, iş üzrə ədalət mühakiməsinə xələl gətirən qərarlar qəbul etsin.

Məcəllənin 134.1.2 və 134.1.4-cü maddələri də məhz, bu ideyaya xidmət edir.

İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edilə bilməsi göstərilmişdir.

Bu müddəa inzibati xətalar qanunvericiliyində əksini tapmış ədalətlilik və təqsirsizlik prezumpsiyası prinsiplərinin mahiyyətindən irəli gəlir. İnzibati xətalar qanunvericiliyi xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbehin ədalətli olmasını tələb edir. Yəni, tənbeh inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi).

Lakin bu o demək deyildir ki, Məcəllənin 135.1-ci maddəsində ifadə olunan normalar məhdud şəkildə təfsir olunmalı və bu zaman hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasından imtina edilməlidir.

Belə ki, inzibati xəta haqqında iş üzrə qəbul olunmuş qərara şikayət əsasında məhkəmədə yenidən baxılarkən, səlahiyyətli orqan tərəfindən (vəzifəli şəxsin) inzibati xətalar qanunvericiliyin tələblərinin pozulması aşkar edilərsə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edərək, işin yenidən baxılması üçün  səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi (İXM-nin 134.1.4-cü maddəsi), barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin vəziyyətinin hələ birmənalı şəkildə ağırlaşdırılması demək deyildir.

Çünki, Məcəllənin 31-34-cü maddələri yüksək dərəcəli ümumiləşdirmə və sabitliklə səciyyələnir. Bu isə öz növbəsində həmin maddələrin müddəalarının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində ifadə olunan normalarının istifadəsi üçün hüquqi əsas yaradır (“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, 31.2.3-cü maddə).

Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinin müddəalarından görünür ki, məhkəmə nəzarəti qaydasında inzibati xətalara dair qəbul edilmiş qərarları şikayət əsasında yoxlayarkən heç də, şikayətin mahiyyəti, şikayətin məzmununda göstərilən hallarla kifayətlənmir. Yəni, məhkəmələrin həll edəcəyi məsələ şikayətin predmetindən nəzərə çarpacaq dərəcədə genişdir. Və bu hal da, inzibati xətalara dair işlər üzrə icraat zamanı qanunçuluq prinsipinin tələblərinə cavab verir. Yəni, qanunçuluq faktiki olaraq, məhkəmə nəzarətini şikayətin predmeti ilə məhdudlaşdırmır.

Göstərilənlərə əsasən hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinin 134 və 135-ci maddələrinin müddəalarına əsasən, qanunverici, şikayət əsasında məhkəmə nəzarəti qaydasında inzibati xətalar üzrə qəbul olunmuş qərara baxarkən şikayətin predmeti ilə öz funksiyasını məhdudlaşdırmır.

  

Hakim                                                                           İsa Nəcəfov