Qeydlər, Rəylər

27.07.16 Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Xüsusi rəy

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Plenum qərarı üzrə hakim İsa Nəcəfovun Xüsusi Rəyi.

 

Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına hörmətlə yanaşaraq, eyni zamanda hüquqi mövqeylərinin əsaslandırılmasında bəzi fikir və mülahizələrimi qeyd etmək istərdim.

1.   Cəbrayıl rayon məhkəməsinin 21 aprel 2016-cı il tarixli müraciətindən görünür ki, məhkəmə Konstitusiya Məhkəməsindən “Yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunlarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi) 76, 78 və 112-ci maddələri ilə nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilib-edilməməsinin mümkünlüyünün şərh edilməsini xahiş etmişdir.

Hər bir qanunun tənzim edəcəyi ictimai münasibətlərin mahiyyəti və xüsusiyyətinə tam uyğun olan adı olduğundan Konstitusiya Məhkəməsinin də qərarlarının öz mahiyyət və xüsusiyyətinə tam uyğun olan adı olmalıdır.  

 Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından görünür ki, Plenum müraciətdə qoyulan məsələ ilə əlaqədar yalnız Ailə Məcəlləsinin 76, 78, 112-ci və digər normalarını izah etmiş, onları dəqiqləşdirmiş və onların bu qanunvericilikdə yerlərini göstərmişdir.

Onların “Yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununları ilə funksional və başqa əlaqələri olub-olmamasını müəyyən etməmişdir.

Hətta bu qanunun müvafiq maddələrini belə tədqiq etməmişdir. Bununla da, Plenum “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 5.1-ci (konstitusiya qanununun tətbiqi dairəsi haqqında) və 90.2-ci (normativ hüquqi aktların şərh edilməsi qaydası haqqında) maddələrinin tələblərini nəzərə almamışdır.

2. Qərarın Təsviri hissəsi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edirəm.

a) məhkəməni düşündürən bir çox məsələlər müraciətdə göstərilsə də, qərarda onlar çox səthi qeyd edilmişdir. Ona görə də, həmin məsələlərin zəruri olanlarını rəyimdə göstərməyi vacib sayıram.

 Müraciətdə göstərilir ki, “məhkəmələr tərəfindən “alimentin minimal miqdarı” kimi müəyyən il üçün “Yaşayış minimumu haqqında” Qanunun tətbiqinin zərurəti onunla izah edilir ki, valideynlər kifayət qədər maddi imkanının olub-olmamasından asılı olmayaraq, öz uşaqlarını saxlamağa borclu olan şəxslərdir. “Alimentin minimal miqdarı”  valideynin uşağa ödəyəcəyi alimentdən əhəmiyyətli dərəcədə artiq ola bilər. Lakin bu halda biz alimentin minimal miqdarı konsepsiyasındakı çatışmazlıqla üzləşirik. Valdeynlərin öz uşaqlarını kifayət qədər saxlamağa borclu olmalarına baxmayaraq, hazırkı demokratik cəmiyyətdə onları bunu etməyə məcbur etmək imkanı yoxdur. Əgər onların gəlirləri yoxdursa və ya gəlirləri yaşayış minimumunun miqdarından azdırsa, onları artıq qazanc əldə etməyə məcbur etmək olmaz.

Əgər valideynin gəliri və əmlakı ola-ola onları gizlədirsə, bu halda alimentin tutulmasının həmin əmlaka yönədilməsi və hətta valideynin aliment ödəməkdən qərəzli boyun qaçırmağa görə cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür. Əgər valideynin kifayət qədər gəliri və ya əmlakı yoxdursa, aliment ödənilməsi üçün onları məcburi əməyə cəlb etmək olmaz. Belə ki, Konvensiyaya ziddir və insan hüquqlarını pozur. Bu səbəbdən alimentin miqdarı müəyyən edilərkən ödəyicinin imkanları ilə hesablaşmalı olursan”.

Məhkəmənin fikrincə, Ailə Məcəlləsində “alimentin minimum məbləği” anlayışı nəzərdə tutulmamışdır.

Konstitusiya Məhkəməsinin Plenum qərarında Ailə Məcəlləsinin 76, 78,112-ci və digər maddələri ətraflı izah edildiyindən, dəqiqləşdirildiyindən, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin hansı qrupunun müxtəlif aspektlərini tənzimetməsi göstərildiyindən, bu haqda başqa mövqeyim olmadığından məhkəmənin müraciətdə göstərdiyi “Yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunlarının aliment münasibətlərinə aid edilib-edilməməsinin mümkünlüyünün şərh edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi vacib sayıram.    

b) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 30.1-ci maddəsində normativ hüquqi aktların struktur elementlərinin preambuladan, bölmədən, fəsildən, maddədən, hissədən, bənddən, yarımbənddən və abzasdan ibarət olması göstərilmişdir.

         Həmin Qanunun 30.3-cü maddəsində isə göstərilir ki, normativ hüquqi aktın preambulası onun qəbul edilməsinin səbəblərini, şərtlərini və məqsədini əks etdirən giriş hissəsidir.

         Preambulaya normativ göstərişlərin daxil edilməsinə yol verilmir.

         “Yaşayış minimumu haqqında” Qanunun preambulasında göstərilir ki,  bu Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksədilməsinin prinsiplərini və qaydalarını müəyyən edir.

         Həmin Qanunun 2.0-ci maddəsinə əsasən yaşayış minimumundan aşağıdakı məqsədlər üçün istifadə olunur.

         Qanunun yaşayış minimumunun təyinatı adlanan 2-ci maddəsinə əsasən, yaşayış minimumunun müəyyən olunmasında əsas məqsəd aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin formalaşdırılması və tətbiqi, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi və proqnozlaşdırılması, fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılması, dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının formalaşdırılmasıdır. Bir sözlə, yaşayış minimumu iqtisadi kateqoriya kimi aztəminatlılığın həddini müəyyən edir.

       “Yaşayış minimumu haqqında” Qanun yaşayış minimumunu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma kimi müəyyən edir. Başqa sözlə yaşayış minimumunun əsasını minimum istehlak səbəti (insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu) təşkil edir.

       Bazar iqtisadiyyatına keçid mərhələsində əhalinin, xüsusən aztəminatlı vətəndaşların sosial müdafiəsini gücləndirmək üçün dövlət bir sıra kompleks tədbirləri həyata keçirir. İndiki şəraitdə əhalinin sosial təminatı həyat səviyyəsinə dair sosial normativlər əsasında və ən əvvəl yaşayış minimumu bazasında qurulmalıdır. Yaşayış minimumu dedikdə, insanın əsas fizioloji və sosial-mədəni ehtiyaclarına müvafiq olaraq, onun ərzaq və qeyri-ərzaq mallarına, eləcə də müxtəlif xidmətlərə minimal tələbatının natura və dəyər formasında ifadəsi nəzərdə tutulur. Yaşayış minimumunun dəyər şəklində kəmiyyəti cəmiyyətdə qərarlaşmış istehlak səviyyəsində ayrıca bir fərdin həyat fəaliyyətini təmin edən qida məhsullarının və qeyri-ərzaq mallarının əldə edilməsi və xidmətlərdən istifadə edilməsi ilə bağlı minimal tələbatı ödəmək üçün zəruri məsrəflər səviyyəsi deməkdir.  Adından da bəlli olduğu kimi yaşayış minimumu, minimum gəlirə malik olan əhali qrupunun həyat dəyərini, tələbatını müəyyən etməyə imkan verən bir balansdır.

         Bundan əlavə, yaşayış minimumu əhalinin əsas sosial-demoqrafik qrupları üzrə ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq olunur. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə aztəminatlılığın həddini müəyyən edir, yaşayış minimumuna daxil olan minimum istehlak səbətinin tərkibi isə üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir.

         Göründüyü kimi, bu Qanun sosial təminat sisteminə daxil olmaqla valideynlərlə uşaqlar arasında olan aliment öhdəliklərindən yaranan ictimai münasibətlərə onun aidiyyəti yoxdur.

         Əmək haqqının minimum məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edən, ölkə üzrə təsdiq olunmuş “yaşayış minimumunun” aliment münasibətlərinə tətbiq edilməsi hüquqi məntiqə ziddir və ailə qanunvericiliyi və onun əsaslarını (mənbəyini) təşkil edən Ailə Məcəlləsinin 1.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olar.

         Belə ki, bu maddədə göstərilir ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.  “Yaşayış minimumu haqqında” Qanun isə göründüyü kimi Ailə Məcəlləsinə uyğun olaraq qəbul edilməmiş, predmeti isə tam başqa münasibətlərdir.

         Ailə Məcəlləsinin 4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir.

         Bundan əlavə, ölkə üzrə yaşayış minimumu mütəmadi olaraq bu Qanunun tələblərinə uyğun olaraq dəyişdiyindən valideynlərlə uşaqlar arasında olan aliment münasibətlərinə bu qanunların tətbiq edilməsi iddialar üzrə məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələrin stabilliyi, dəyişməməzliyi (yeni məbləğin qəbulu ilə əlaqədar əvvəlki qətnamələrə yenidən baxılması və dəyişdirilməli olması və sair) kimi prinsiplərin pozulmasına səbəb olar (belə ki, azyaşlı uşaqlar üçün yaşayış minimumu 2016-cı il üçün 117 manat, 2015-ci il üçün 108 manat, 2014-cü il üçün 103 manat, 2013-cü il üçün 93 manat və sair müəyyən olunmuşdur).

         c) yuxarıda da qeyd edildiyi kimi, qanunverici Ailə Məcəlləsinin bilavasitə özündə ümumiyyətlə alimentin minimum miqdarına dair hər hansı definisiya müəyyənləşdirmir. Əksinə, bu Məcəllənin təhlilindən aydın olur ki, uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı valideynlərin (tərəflərin) ailə, maddi vəziyyəti və  diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla qazancın və (və ya) başqa gəlirlərinin uşaqların sayından asılı edilən pay nisbətilə tənzimlənmişdir. Bu Məcəllənin normalarında isə alimentin miqdarının  yaşayış minimumu ilə əlaqəli təyin olunmasını əks etdirən hər hansı qayda  mövcud deyildir. Göstərilən normanın məzmunu isə belə qənaətə gəlməyə əsas verir ki, qanunvericinin bazar iqtisadiyyatı mühitində sosial–iqtisadi inkişafın  səviyyəsini, məşğulluq  göstəricilərini və sair nəzərdən qaçırmayaraq  məntiqi baxımdan, alimentin miqdarının təyin olunması zamanı, uşaqlarla yanaşı valideynlərin (tərəflərin) də qanuni maraqlarının təmin olunmasına  yönələn  qayda müəyyənləşdirməklə aliment münasibətlərində  sabit  meyyar kimi yalnız payları nəzərdə tutulmuşdur. Doğrudur, adı çəkilən Məcəllənin 78-ci maddəsində  uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasına dair qayda da mövcuddur. Bununla belə yuxarıda vurğulandığı kimi, alimentin miqdarının (sorğuda göstərilən minimum miqdarının) qanun və ya hər hansı digər normativ hüquqi aktın müddəalarından irəli gələn tələb kimi yaşayış minimumu ilə əlaqə və asılılığının olmaması həm paylara uyğun, həm də sabit pul məbləğində təyin edilən alimentin miqdarının minimum yayayış həddi məbləğindən yuksək, ona bərabər olmaqla yanaşı daha aşağı səviyyədə müəyyənləşdirilməsini də qaçılmaz edir.                                                     Bu baxımdan Məcəlləni həcmə görə geniş şərh etməklə onun özündə birbaşa nəzərdə tutulmayan, digər ictimai münsibətləri nizamlayan və ailə qanunvericiliyinə aidiyyəti olmayan normativ hüquqi akta əsaslanaraq “alimentin minimum miqdarı” definisiyası ilə zənginləşdirmək hüquqi nöqteyi nəzərdən xətalı sayılmaqla yanaşı, aliment münasibətlərində valideynlər (tərəflər) barəsində qanunda nəzərdə tutulduğundan daha artıq öhdəliyin yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, bu cür yanaşma təcrübədə valideynlərin (tərəflərin) himayəsində olan digər şəxslərin maraqlarının məntiqi baxımdan inkarına da səbəb olur. Bununla belə onu da qeyd edirəm ki,  həmin Məcəllənin 76.2-ci maddəsinə uyğun olaraq aliment payların miqdarının artırılıb-azadılması ilə əlaqədar məhkəmələrə edilən müraciətlərdə  yaşayış minimumu əsaslandırılma kimi istifadə oluna bilər.         

         Beləliklə, hesab edirəm ki, valideynlərlə uşaqlar arasında aliment öhdəliklərindən əmələ gələn ictimai münasibətlər Ailə Məcəlləsinin müddəaları (maddələri) ilə tənzimlənir.

         Uşaqların saxlanması üçün alimentin məhkəmələr tərəfindən sabit pul məbləği ilə müəyyən edilməsi, həmçinin məhkəmələr tərəfindən alimentin miqdarı (minimum miqdarı) müəyyən edildikdən sonra alimentin miqdarının dəyişdirilməsi barədə tələblərə məhkəmələr tərəfindən baxılarkən tutulmalı olan alimentin miqdarı məhkəmə tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin tələblərinə müvafiq olaraq müəyyən edilməlidir.

         “Yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununlarına əsasən, məhkəmələrin aliment işlərinə baxarkən təcrübədə formalaşdırdığı “alimentin minimum məbləği” müddəası Ailə Məcəlləsinə müvafiq deyildir. Onun məhkəmə qərarlarında aliment münasibətlərinə aid edilməsi yolverilməzdir. Çünki bu, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin III hissəsinə ziddir.

 

 

İ.Nəcəfov


Qərarın mətninə keçid