Qeydlər, Rəylər

10.10.17 “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Xüsusi rəy

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair      10 oktyabr  2017-ci il  tarixli Qərarından hakim İ.Nəcəfovun 

 

Xüsusi rəyi

 

Plenumun qeyd edilən qərarına hörmətlə yanaşaraq bildirirəm ki, onun nəticəsiylə qismən razıyam, ona görə də bu müraciətlə bağlı öz mövqeyimi bildirirəm. Plenumda müraciət edənin nümayəndəsi və digər iştirakçılar “İcra haqqında” Qanunun tətbiqində  çox saylı problemlərin olduğunu vurğuladılar.

Ona görə də müraciətin bəzi məqamlarını xüsusi rəyimdə göstərməyi vacib sayıram.

Müraciətə səbəb, 8 il ərzində icra olunmayan işə bərpaya dair məhkəmə qətnaməsinin icra məmuru tərəfindən xitam olunmasına dair qəbul edilmiş qərardan tələbkarın şikayətinə baxılma aidiyyətində yaranan hüquqi problemlər olmuşdur.

 Müraciətdə qeyd edilmişdir ki, bu cür problemlər “İcra haqqında” AR-nın Qanununa 16 oktyabr 2012-ci il və 30 dekabr 2016-cı il tarixli Qanunlarla edilmiş dəyişiklikdən sonra yaranmışdır. Buna görə də hakimlər arasında da fikir ayrılıqları mövcuddur.

Birincisi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı (İcra haqqında qanun, 20-ci maddəsi) mülki, iqtisadi və ya inzibati işin bilavasitə davamıdır. Və bu baxımdan da tərəflərin həmin qərardan verdikləri şikayətə səlahiyyətli məhkəmə kimi icra sənədini vermiş məhkəmənin özü baxmalıdır. Çünki həmin məhkəmə tərəfindən şikayətə daha tez və səmərəli baxılacağı mübahisəsizdir. Bütün şikayətlərə inzibati-icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılması əhəmiyyətli vaxt itkisinə səbəb olmaqla yanaşı, həm də inzibati sahəyə aid olmayan işin araşdırılmasının effektivliyi baxımından da səmərəli olmaya bilər; - Ikincisi, icra sənədinin icrası üzrə həyata keçirilən icra hərəkətləri zamanı ortaya çıxan çoxsaylı məsələlər: əmlak üzərinə həbsin qoyulması (İcra haqqında qanun, 50-ci mad.), borclunun məcburi gətirilməsi (İcra haqqında qanun, 84.2-ci mad.), icra sənədi üzrə icraatın dayandırılması (İcra haqqında qanun, 18-ci mad.), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması (İcra haqqında qanun,     84-1.1-ci mad.)  və sair məsələlərə icra sənədini vermiş ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən baxılır.

Bundan başqa məhkəmə hüquq islahatlarını həyata keçirməkdə əsas məqsəd ədalət mühakiməsinin “əlçatanlığını” təmin etməkdir. Bu halda isə həmin prinsip pozulmuş olur. Çünki ümumi yurisdiksiyalı məhkəmələr AR-nın bütün rayonlarında fəaliyyət göstərdiyi halda, inzibati-iqtisadi məhkəmələr yalnız (Bakı istisna olmaqla) regional apellyasiyaların yerləşdiyi şəhərlərdə fəaliyyət göstərir.

“İcra haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə 30 dekabr 2016-cı il tarixli qanuna əsasən icra sənədi üzrə icra icraatına xitam verilməsinin icra məmurunun səlahiyyətinə aid edilməsində (İcra haqqında qanun, 20-ci mad.) başlıca məqsəd məhkəmələrin iş yükünün müəyyən dərəcədə azaldılması olmuşdur. Lakin təcrübə göstərir ki, icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə icra məmurlarının qərarlarından şikayətlərin inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılması, qanunun qəbulunda güdülən məqsədə münasibətdə tamamilə əks effekt vermiş olacaq. Məhkəmənin vermiş olduğu icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarəti nəzərdə tutan “İcra haqqında” Qanunun 26-cı maddəsinin tələbi əhəmiyyətsiz olacaq və məhkəmələr özlərinin verdikləri icra sənədlərinin icrasına bilavasitə nəzarət imkanlarını itirəcəklər. Müraciət edən dediklərinə yekun vuraraq Konstitusiya məhkəməsindən müraciətdə sadalanmış “İcra haqqında” qanunun bir çox normalarının fövqündə onun 20.5-ci maddəsindəki “müvafiq məhkəmə” müddəasının şərh edilməsini xahiş etmişdir.

Müraciətin materiallarını və bu sahədə ictimai münasibətləri tənzim edən müvafiq normativ hüquqi aktların müvafiq normalarını qarşılıqlı şəkildə öyrənərək aşağıdakıları qeyd etməyi özümə borc bilirəm.

Konstitusiyanın 125-ci maddəsində deyilir ki, AR-da məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

Zənnimcə bu o deməkdir ki, icraat vasitəsindən və ya qaydasından asılı olaraq hər bir işə bir məhkəmədə baxılır. Ikincisi bir eyni səviyyəli məhkəmənin, başqa bir məhkəmədə icraatı başlanmış işlərə müdaxilə etməsinə və ya hansısa icraat mərhələsində qoşulub hər hansı bir prosessual hərəkət edilməsinə yer verilmir. Bunu məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi tələb edir. 

Icra məmuru ədalət mühakiməsinin iştirakçısı olmaqla məhkəmənin nəzarəti altında, qəbul edilmiş məhkəmə aktlarının icrasını təmin və icra edən müvafiq hüquq və vəzifələrə malik proses iştirakçısıdır.

 “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90-cı maddəsində “Normativ hüquqi aktların rəsmi şərh edilməsi qaydası” təsbit edilmişdir. Həmin maddədə deyilir ki, normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər nomalar ilə funksional və başqa əlaqələri müəyyən edilir. (90.2-ci mad.)

 “İcra haqqında” Qanunun “İcra sənədləri üzrə icraat zamanı tələbkarın, borclunun və digər şəxslərin hüquqlarının müdafiəsi” adlı XII fəslinin  87-ci maddəsində göstərilib ki, bu qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər.

 87-ci maddə ilə 20-ci maddə arasında funksional  əlaqə olduğu üçün deyə də bilərik ki, 20.5-ci maddədə göstərilmiş “müvafiq məhkəmə” anlayışı 87-ci maddəyə edilən dəyişiklikdən sonra “inzibati-iqtisadi məhkəmə” kimi anlaşılır.

 Deməli, “İcra haqqında” AR-nın Qanununun 87-ci  maddəsinə 16 oktyabr 2012-ci il tarixli Qanun ilə edilmiş dəyişiklik  AR-nın Konstitusiyasının 125-ci maddəsinə, və “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10.4-cü maddəsinə və habelə İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında konvensiyanın 6-cı maddəsinə uyğun deyildir. “İcra haqqında” qanunun 20.5-ci maddəsinin şərh edilməsi məqsədi ilə “İcra haqqında” qanunun, “İcra məmurları haqqında” qanunun, MPM-nin, İPM-nin və digər əlaqəli qanunların bir sıra normalarına diqqət yetirilməsi zəruridir, çünki bunu “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.2-ci maddəsi tələb edir.

Konstitusiyanın 129-cu maddəsində qeyd edilmişdir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icrası ədalət mühakiməsinin tərkib hissəsidir. Bu hal Plenum qərarında tam və ərtaflı yer tutduğundan buna geniş yer verməyi lüzumsuz sayıram.

“İcra məmurları haqqında” Qanunun 11-ci maddəsində göstərilib ki, məhkəmələrin mülki, inzibati və iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların düzgün və vaxtında icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

“İcra haqqında” Qanunun 26-cı maddəsində də qeyd olunub ki, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Digər tərəfdən icra məmuruna icra sənədi üzrə icraata xitam verilməsi və ya dayandırılması haqqında səlahiyyət verilməsi bu sahədə məhkəmə nəzarətini daha da zəiflədəcəkdir.

Əgər məhkəmə qərarlarının icrasının xitamı və ya dayandırılması icra məmuruna verilirsə, bu o deməkdir ki, qanunverici məhkəməni öz hakimiyyətini ədalət mühakiməsi yolu ilə həyata keçirmək imkanından məhrum etmiş olur və bu hakimiyyət yalnız formal olaraq mövcuddur. Qəbul edilmiş məhkəmə qərarlarının icra edilməməsi Konstitusiya ilə müəyyən olunmuş məhkəmə təminatı hüququnun pozulması olmaqla ədalət mühakiməsinin mahiyyətini yox edir.

MPM-nin 1.3-cü maddəsində göstərilib ki, mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini pozan... qanunvericilik aktları qəbul edilə bilməz.

 İcra sənədi üzrə icraata xitam verilməsi və ya dayandırılması səlahiyyəti əgər icra məmuruna verilibsə, deməli məhkəmənin müstəqilliyi pozulmuşdur. Və icra məmurunun qərarından tərəflər şikayəti işə baxan məhkəməyə deyil, başqa məhkəməyə verirlərsə, deməli bir işə iki fərqli məhkəmədə baxılacaq bu da məhkəmələrin ikihakimiyyətliliyinə gətirib çıxaracaqdır.

Şərh zamanı ümumi və xüsusi normaların mütənasibliyinin müəyyən edilməsi zəruridir. Ümumi norma dedikdə əsas, ixtisaslaşdırılmış normativ müddəalar, həmçinin yüksək dərəcəli ümumiləşdirmə və sabitliklə səciyyələnən və xüsusi normaların istifadəsi üçün hüquqi əsas yaradan ilkin normativ müddəalar başa düşülür. Xüsusi normalar isə mümkün və lazımi davranışın (hüquq və vəzifələrin) növünü və ölçüsünü əks etdirir. Xüsusi normalar ümumi normaların fəaliiyət dairəsini məhdudlaşdırır. Əgər xüsusi norma varsa, ümumi norma tətbiq edilmir (“Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 31-ci maddəsi).

“Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10-cu maddəsi normativ hüquqi aktların kolliziyasının həlli qaydasına aiddir. 10.4-cü maddədə qeyd olunub ki, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.

“İcra haqqında” Qanunun 87-ci maddəsi ümumi norma sayılır, çünki, burada konkret olaraq icra məmurunun hansısa hərəkət və hərəkətsizliyindən şikayətin verilməsi deyil, ümumi olaraq icra məmurunun bütün hərəkət və hərəkətsizliyindən şikayətin hansı məhkəməyə verilməsi göstərilmişdir. 20-ci və bunun kimi digər maddələrdə isə konkret olaraq göstərilir ki məhz hansı hərəkətdən müvafiq məhkəməyə şikayət verilir. Bu da onu deməyə əsas verir ki, belə olan halda bunlar xüsusi normalardır.

Azərbaycan dilinin izahlı lüğətində “müvafiq” sözünün anlayışından biri də “uyğundur”. “İcra haqqında” Qanunun 20.5-ci maddəsində və eləcə də digər maddələrində göstərilmiş “müvafiq məhkəmə” müddəasında qanunverici inzibati-iqtisadi məhkəməni yox, aidiyyatı üzrə uyğun məhkəməni nəzərdə tutmuşdur.

“İcra haqqında” Qanunun 87-ci maddəsinə edilən dəyişiklik nəticəsində onunla xüsusi normaları arasında kolliziya yaranmışdır. 87-ci maddə ümumi norma olsa da, “İcra haqqında” Qanunun xüsusi normalarının istifadəsi üçün hüquqi əsas yaratmır. Bu halda yaranmış problemlər “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Yəni, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyinə dair tərəflər icra sənədini verən məhkəməyə müraciət etməlidirlər.

Qanunverici məhkəmənin iş yükünü azaltmaq məqsədi ilə insan və vətəndaş hüquqlarının bərpasında süni bürokratik qaydalar müəyyən edərək məhkəmə aktlarının icrasını uzatmaq və ya təxirə salmaq, hüquqi dövlətin cəmiyyətdə bərqərar etmək istədiyi ədalət siyasətinə qəsdir, məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolunda ən böyük əngəldir. Məhkəmə hakimiyyətini mərkəzi icra hakimiyyətindən asılı vəziyyətə salmaqdır. Qanunverici tərəfindən qanunda ediləcək dəyişikliklərin hansı neqativ nəticələrə gətirib çıxaracağı öyrənilmədiyindən “İcra haqqında” qanunda edilən dəyişikliklər mülki icraatda gözlənilməz əks, neqativ və arzuolunmaz nəticələr törətmişdir. Plenum iclasında maraqlı subyektin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun qeyd etdiyi statistik məlumata görə beş məhkəmə aktından dördünün icrası dayandırılır.

 Əslində məhkəmənin iş yükünün çoxluğu hakimlərin sayca az olması ilə əlaqədardır. Əgər rayon-şəhər məhkəmələrində hakimlərin sayı artırılarsa məhkəmələrin iş yükü də kifayət qədər azalmış olar.

“İcra haqqında” qanunun bir çox normasında özünə yer tutan “müvafiq məhkəmə” müddəası da şərhdən kənar qalmamalıdır.

 “İcra haqqında” qanunun ilkin versiyasında icra sənədinin vaxtında və düzgün icra edilməsinə məhkəmə nəzarətinin  bir forması kimi icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayətlərə məhkəmədə baxılması iqtisadi məhkəmələr tərəfindən verilmiş icra sənədi ilə əlaqədar həmin məhkəməyə, digər icra sənədləri üzrə isə icra məmurunun olduğu yerin məhkəməsinə (müvafiq qərarı qəbul etmiş məhkəməyə) şikayət verilməli olması nəzərdə tutulmuşdur.

16 oktyabr 2012-ci il tarixli Qanun ilə 87-ci maddəyə edilən dəyişikliklə düzgün olmayaraq icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) bütün hallarda icra məmurunun olduğu yer üzrə İnzibati-İqtisadi məhkəməyə şikayət verilməsi müəyyən olunmuşdur.

 Lakin qanunun bir çox maddələrində qanunverici “müvafiq məhkəmə” terminini dəyişdirməmişdir.  Və bu da yuxarıda qeyd etdiyimiz kimi, “İcra haqqında” Qanunda həll olunmaz kolliziya yaratmışdır. Məhkəmələr arasında fikir ayrılıqlarına da səbəb bu olmuşdur.

“Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun “Normativ hüquqi aktların icrasına nəzarət” adlı 92-ci maddəsində normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər) və müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilməsi göstərilmişdir.

Qeyd etdiyimiz Konstitusiya Qanununa əsasən normayaratma orqanları (vəzifəli şəxslər) və digər səlahiyyətli xüsusi orqanlar (şəxslər) normativ hüquqi aktların icrasına nəzarət və onun yoxlanılması, habelə müraciətlərin təhlili əsasında normativ hüquqi aktların qüvvədə olmasının keyfiyyətini, qanuniliyini və səmərəliliyini müəyyən edirlər. Normativ hüquqi aktlarda boşluqlar, daha yüksək hüquqi qüvvəyə malik olan aktlarla ziddiyyətlər, habelə daxili ziddiyyətlər və ya digər nöqsanlar aşkar edildikdə normayaratma orqanı (vəzifəli şəxslər) onları aradan qaldırmalı, digər səlahiyyətli xüsusi orqanlar (şəxslər) isə səlahiyyətli orqanlara müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilməsi və ya onların ləğv edilməsi barədə təkliflər verməlidirlər (93-cü maddə).

Deməli, “İcra haqqında” Qanuna edilən 16.10.2012 tarixli dəyişiklikdən sonra qanunverici orqan həmin qanunun nə cür işləməsinə nəzarət etməli və yoxlamalı idi. Və bu yoxlamalar nəticəsində təhlillər apararaq dəyişikliklərin qanuniliyini, onların ictimai münasibətlərə tətbiqi zamanı keyfiyyətini və səmərəliliyini müəyyən etməli idi. Çünki, Konstitusiya qanununun 93-cü maddəsi qanunverici orqanın üzərinə yuxarıda qeyd edilən vəzifələri qoymuşdur. Əgər qanunverici orqan öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsəydi, qanuna 30.12.2016 tarixli əlavə və dəyişiklik olunmazdı. Və məhkəmə qərarlarının icrasında bugünkü mövcud olan problemlər də olmazdı.

Mütləq məhkəmə hakimiyyəti hüququna malik olan məhkəmə, mülki mühakimə icraatını başlayır, aparır və qərar qəbul edir. İcra işinə onun icra sənədi əsasında başlanılır. İcra işinin xitamı da yalnız mütləq hüquq kimi ona məxsusdur. Çünki bunu Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsi tələb edir.

Məhkəmə ədalət mühakimə hakimiyyətinə məxsusdur, icra orqanı isə yox.

Müraciətə səbəb olmuş 8 il ərzində icra olunmayan işə bərpa haqqında məhkəmə qərarının xitam olunması faktı da ona dəlalət edir ki, Respublikamızda məhkəmə aktlarının icrası üzərində məhkəmə nəzarəti layiqli səviyyədə deyildir.

Hakimlərin 5 ildən bir yenidən təyin edilməsini və iş yerlərinin dəyişdirilməsini nəzərə alsaq, uzun müddət icra edilməyən məhkəmə qərarları yeni təyin edilmiş hakimlər üçün naməlum və maraqsız olduğundan icrası nəzarətsiz qalacaqdır.

Belə hesab edirəm ki, “İcra haqqında” Qanununda 16.10.2012-ci il tarixdə və 30.12.2016-cı il tarixdə edilən dəyişikliklər AR-sı Konstitusiyasının 125 və 129-cu maddələrinə, “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 90-cı maddəsinə, AR-sı Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin 3-cü bəndinə, “İcra məmurları haqqında” Qanunun 11-ci maddəsinə, “İcra haqqında” Qanunun preambulasına, 26-cı maddəsinə zidd olduğundan qüvvədən salınmalıdır.

  

Hakim                                                                                            İsa Nəcəfov 


Qərarın mətninə keçid