Qeydlər, Rəylər

18.03.19 Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Xüsusi rəy

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il  tarixli Qərarından hakim İ.Nəcəfovun

 

Xüsusi rəyi

 

         18 mart 2019-cu il                                                                                        Bakı şəhəri

 

        Plenum Qərarının təsviri və əsaslandırıcı hissəsində öz əksini tapan “Hüquqi həqiqət” prinsipi və ona dair müddəalarla razı deyiləm. Qərarın qalan təsviri əsaslandırıcı hissəsi ilə razıyam.

        Plenum Qərarının nəticəvi hissəsinin birinci bəndi ilə qismən, ikinci bəndi ilə isə tam razıyam.

        Həqiqət özlüyündə fəlsəfi anlayış olduğu qədər də hüquqi faktdır. Tarixən həqiqətə can atmaq istəyi, nəinki hakimlərin, hökmdarların, hətta adi bir insanın belə amalı olmuşdur. Bəlkə, bütünlüklə bəşəriyyətin varlığı da bununla bağlı olmuş və bağlı olmaqda da qalır.

        Afinanın çarı, qanunvericisi və hakimi Salona, özlərini gətirdikləri bir körpə uşağın anası olduğunu iddia edən iki gənc qadın müraciət edirlər. Hər birisi ayrı-ayrılıqda körpənin ona məxsus olduğunu iddia edərək, dəlillər gətirirlər. Həqiqəti müəyyən etmək üçün digər sübut və dəlil olmadığını gördükdə bir qədər  fikirləşdikdən sonra, Salon körpə uşağın ikiyə bölünüb, hərəsinə bir hissəsinin verilməsi barədə qərar qəbul edir. Doğma ana qışqıraraq körpəsinin sağ qalması üçün ona yox, iddiaçıya məxsus olduğunu deyərək iddiasından imtina edir. Salon uşağın ona verilməsi barədə hökm verir.

        Tarixin ən böyük fatehlərindən olan Əmir Teymurun möhründə “güc həqiqətdədir” kəlamı həkk edilmişdir.

        Ulu öndər Heydər Əliyev hamıdan ona, “şirin yalan yox, yalnız acı həqiqəti” söyləməyi tələb edirdi.

        Gətirdiyimiz misallardan görürük ki, “həqiqət” həqiqətən də, ədalətlə çox sıx bağlıdır.

        Plenumda qeyd edildiyi kimi, “həqiqət” iki mənada fərqləndirilir. Mütləq və nisbi. Eləcə də, dərk edilən və dərk edilməyən. Mütləq həqiqət obyektiv həqiqətdir. Hansı ki, o mövcuddur, onun məzmunu, mahiyyəti, xarakteri dərk ediləndir. Ona görə də deyə bilərik ki, Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyası bizim üçün mütləq – obyektiv həqiqətdir. Onun məzmunu, mahiyyəti, xarakteri dərk edilən və başa düşüləndir.

        Konstitusiyada təsbit edilən “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” (Konstitusiyanın III fəsli, 24-71-ci maddələr) da obyektiv həqiqətdir.

        Məhkəmə hakimiyyətinin ən başlıca vəzifəsi də qeyd edilən hüquq normalarında təsbit edilən hüquq və azadlıqlarının  müdafiəsidir.

        1995-ci il Konstitusiyası əsasında  2000-ci ildə yeni Mülki Prosessual Məcəllə qəbul edildikdən sonra, 2009-cu ildə Konstitusiyanın 125-ci maddəsinə  VII hissə - “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası əlavə edilmişdir.

        Lakin Plenum bu müddəanın  nə üçün əlavə olunmasının məqsəd və niyyətlərini öz qərarlarında qeyd etməmişdir. Plenum,  Konstitusiyanın həmin norması ilə MPM-nin 14.2-ci maddəsini funksional əlaqələrini qarşılıqlı təhlil etsəydi, görərdi ki, bu iki norma arasında ziddiyyət mövcuddur. Bu ziddiyyəti Konstitusiya Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarında da görmək olur.

        Mülki icraatın gedişində icrası gözlənilən bütün prinsiplər ədalət mühakiməsində iş üzrə “obyektiv həqiqətin müəyyən edilməsi” vəzifəsinin həyata keçirilməsinə xidmət edir.

        Çünki Konstitusiyaya edilən qeyd etdiyimiz əlavə, hüquqi təbiətinə görə, həm də məhkəmə hakimiyyəti qarşısına qoyulan tələbdir.

        Plenum qərarında göstərmişdir ki, “... məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıbdır.

        Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq, bu həqiqətin mahiyyəti də hüquqidir.”

        Plenumun bu mövqeyi ilə tam razıyam. Lakin Plenum, nədənsə, mülki mühakimə icraatında işlədilən bütün söz və ya anlayışların da hüquqi mahiyyətini unudur. Əgər Plenum Qərarında “mülki mühakimədə həqiqətə nail olmaq” müddəasını işlədirsə, nə üçün onda həqiqətin müəyyən edilməsini ədalət mühakiməsinin məqsədi yox, onu ədalət mühakiməsinin prinsipi hesab edir? (səhifə 5, aşağıdan 3-4-cü abzas). Və nədənsə Plenum özünün qurduğu düzgün mühakimələrindən yanlış nəticə - “hüquqi həqiqət prinsipi” çıxardır.

        Hətta mülki prosesdə yol verilən bütün mümkün hüquqlardan və vəzifələrdən tərəflər istifadə etsələr də, bəzən  çəkişmə  “həqiqətin”  müəyyən edilməsinə gətirib çıxartmır. Bəs onda məhkəmə nə etməlidir? Bu suala Plenumun qərarında cavab tapmaq mümkün deyil.

        Fikrimizcə, Plenum Konstitusiyanın 125-ci maddəsininVII hissəsində təsbit edilən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəasının, Konstitusiyanın 127-ci maddəsinin II (Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar) və IV (Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir), 129-cu maddəsinin III hissəsi ilə (Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır) funksional əlaqəsini düzgün müəyyən etməmişdir. Plenum qeyd edilən konstitusion institutların yazılı ifadəsini qrammatik təhlil etsəydi və ya məntiqin qanun-qaydalarını nəzərə alsaydı,  birincinin – 125-ci maddənin VII hissəsinin digərlərinə münasibətdə rəhbər və təminedici funksiyası daşıdığını görərdi.

           Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi – “Məhkəmə icratı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası məhkəmə hakimiyyəti qarşısında qoyulan konstitusion vəzifədir. Məhkəmə icraatının nail olmaq istədiyi məqsəddir. Məhkəmə qərarının ədalətliliyinin, qanuni və əsaslılığının təminatıdır.

        Məhkəmə mülki mühakimə icraatı, bu vəzifənin – obyektiv həqiqətin müəyyən edilməsi təminatının aliliyini, məhkəmə icraatının bütün mərhələlərində gözləməlidir.

        Bir sözlə, Konstitusiyanın şərhə məruz qalan normasının müddəası  Konstitusiyanın mühakimə icraatına dair digər normalarına münasibətdə rəhbəredici mövqeyə malikdir. Obyektiv həqiqət -  məhkəmə icraatında məhkəmə hakimiyyətini həyata keçirən hakimin bütün icraat boyu əldə etmək və ya nail olmaq istədiyi yeganə məqsəddir.

        Yalnız bu məqsədə çatmaqla ədalətli qərar qəbul etmək mümükündür.

        Hüquqi həqiqət mülki mühakimə icraatının prinsipi ola bilməz. Çünki, hüquqi prinsiplər – qanunçuluq, qanun və məhkəmə qarşısında bərabərlik, çəkişmə, məhkəmə baxışının aşkarlığı dəqiq reqlamentliyə və həyata keçirilmə mexanizminə malikdir. Hüquqi həqiqət prinsipinin isə belə reqlamentliyi və həyata keçirmə mexanizmi yoxdur.

          Biz belə zənn edirik ki, qanunverici Konstitusiyada təsbit edilən əsas insan və vətəndaş hüquqları və azadlıqlarının (Konstitusiyanın 24-71-ci maddələri) məhkəmə müdafiəsi sahəsində hakimlərin məsuliyyətini artırmaqla cəmiyyətdə hüququn aliliyinə nail olmaq üçün Konstitusiyanın 125-ci maddəsinə qeyd edilən VII hissəsini əlavə edilməsi ideyasının zəruriliyini əldə rəhbər tutmuşdur.

        Konstitusiyanın qeyd edilən müdəası qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının qanunlarında, o cümlədən də, MPM-də müvafiq dəyişikliklər edilməli idi.

        Plenum öz qərarında bu hüquqi fakta toxunmamışdır.

        Halbuki, bu sahədə qəbul edilmiş qərarlar (həqiqət dair) qüsurlu olduğundan qarşıya çıxan eyni məzmunlu mülki münasibətlərin hüquqi tənzim etməsindəki problemləri aradan qaldırmamışdır.

        Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə əsasən, MPM-in 14.2-ci maddəsinə müvafiq dəyişikliklər edilməzsə, bu problemlərin ortaya çıxması xroniki xarakter daşıyacaqdır.

          Fikrimizcə, obyektiv həqiqətin müəyyən edilməsinin təminatı, qanunların adilliyindən çox, ədalət mühakiməsini həyata keçirən hakimlərdən asılıdır.

        Qeyd edilənlərə əsasən deyə bilər ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası – ədalət mühakiməsi yolunda, məhkəmə hakimiyyəti qarşısında qoyulan ən əsas vəzifə olaraq, iş üzrə obyektiv həqiqətə nail olmaq məqsədinə çatmaqla, məhkəmə aktının ədalətliliyini təmin edə biləcək mühüm konstitusion institutdur.  

       

        Hakim                                                                                              İsa Nəcəfov


Qərarın mətninə keçid