Qeydlər, Rəylər

19.04.18 Z.Nəsirovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Xüsusi rəy

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 aprel 2018-ci il  tarixli Qərarından hakim İ.Nəcəfovun

 

Xüsusi rəyi

 

Konstitusiya Məhkəməsi Plenumunun qərarına hörmətlə yanaşaraq qərarın nəticəsi ilə tam, əsaslandırıcı hissəsi ilə qismən razılaşıram. Lakin xüsusi rəydə qalmağımın səbəbini izhar etməyi vacib sayıram.

Qeyd etmək istəyirəm ki, Konstitusiyanın və Mülki Prosessual Məcəllənin aşağıdakı institutları məhkəmə hakimiyyəti üçün ehkam xarakterlidir.

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir (Konstitusiyanın 125-ci maddəsinin I və VII hissələri).

Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 127-ci maddəsinin II hissəsi).

Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır (Konstitusiyanın 129-cu maddəsinin III hissəsi).

Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi).

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Onu da qeyd etməyi vacib sayıram ki, Rusiya Mülki Prosessual Məcəlləsindən fərqli olaraq (67.3-cü maddə), Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (88-ci maddə) məhkəmənin sübutları hansı meyarlar əsasında qiymətləndirməsi nəzərdə tutulmamışdır. Ona görə də bu məsələyə xüsusi diqqət yetirməyi özümə borc bilirəm. Çünki iş üzrə qəbul ediləcək məhkəmə aktının birinci növbədə yuxarıda qeyd edilən konstitusiya tələblərinə cavab verməsi, sübutların qiymətləndirilməsi meyarlarından və onlara əməl olunmasından asılıdır.

Məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir: 1) sübutların aidliyi, 2) sübutların mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayətliyi, 5) sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi.

Sübutların aidliyi dedikdə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (Mülki Prosessual Məcəllənin 80-cı maddəsi).  Sübutların mümkünlüyü dedikdə yalnız qanuna və digər normativ aktlara əsasən işin hallarını təsdiq edən sübutetmə vasitələri başa düşülür (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Sübutların həqiqiliyi bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərliyidir. Sübutların kifayətliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qərar qəbul etməyə imkan verən xüsusiyyətdir. Sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi isə onların zəncirvari, ardıcıl olaraq birinin digərinə bağlılığı və ya birinin digərini təsdiqi və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasıdır.

Məhkəmə qətnaməsi o zaman qanuni və əsaslı ola bilər ki, o aidiyyət və mümkünlük əlamətlərinə malik olan sübutlar əsasında qəbul edilmiş olsun.  

Mülki Prosessual Məcəllənin qeyd edilən normalarının müddəaları Konstitusiyanın yuxarıda qeyd edilmiş institutları ilə qırılmaz funksional əlaqəyə malikdir və onların şərtsiz icrasının təminatlarıdır.

Konstitusiyanın 125, 127 və 129-cu, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 80, 81 və 88-ci maddələrinin qarşılıqlı funksional əlaqələrini məntiqi təhlil edərək belə nəticəyə gəlirəm ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi birtərəfli qaydada məhkəmələr tərəfindən tətbiq edilərsə, ədalət mühakiməsi yolunda mülkiyyət hüququnun müdafiəsində qeyri-obyektivliyə, qanunsuzluğa gətirib çıxaracaqdır. Çəkişmə prosesində tərəflər hüquqi status baxımından bərabər olsalar da, hüquqi savad, təfəkkür və mühakimə icraatının iştirakçısı kimi peşəkarlıq baxımından qeyri-bərabər qabiliyyətə malik olurlar.

Ona görə də Konstitusiya tələb edir ki, məhkəmə öz hakimiyyətini ədalət mühakiməsi yolu ilə həyata keçirməlidir və Mülki Prosessual Məcəllə də burada bir vasitədir. Əgər vasitədə naqislik varsa Konstitusiyanın norması üstün tutulmalıdır.

Konstitusiya məhkəmədən iş üzrə həqiqətin müəyyən edilməsini tələb edir və bunu onun üzərinə icrası məcburi olan bir vəzifə kimi qoyur.

 Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin müddəası isə məhkəmənin bu vəzifəsinin icrasına zahirən çətinlik törədir.

Lakin Mülki Prosessual Məcəllənin qeyd etdiyimiz normasının müddəası nəqli cümlə olmaqla məhkəmənin mühakimə icraatında görəcəyi işi təsvir edir. Məhkəmənin bu halda tərəflərin təqdim etdiyi sübutları araşdırarkən və onlarla bağlı yoxlanılması zəruri olan faktları müəyyən edərkən, hər hansı bir prosessual hərəkət etməsi və hərəkətlərdə bulunması prosessual qanunvericiliklə qadağan olunmur. Məhkəmə sübutları qiymətləndirmədən öncə onları yoxlamalıdır. Bu isə məhkəmənin prosessual hərəkətlər etməsinə rəvac verilməsidir.

Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi məhkəmələr tərəfindən yalnız o halda tətbiq oluna bilər ki, tərəflərin təqdim etdiyi sübut vasitələri və sənədlər ona iş üzrə obyektiv həqiqəti müəyyən etmək imkanı versin və qanuni, əsaslı, ədalətli qərar qəbul edilə bilsin.

Məhkəmə hakimiyyətinin çoxpilləli iyerarxiyası, ilk növbədə, məhkəmə səhvlərinin aradan qaldırılması məqsədinə xidmət edir. Bu istər Konstitusiyada, istərsə də Mülki Prosessual Məcəllədə öz əksini tapmışdır.

Konstitusiyaya əsasən məhkəmə iyerarxiyasında xüsusi yer tutan Ali Məhkəmə kassasiya şikayətlərinə baxarkən, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Mülki Prosessual Məcəllənin 416-cı maddəsi).

Kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılmış işin materiallarını tam öyrənərək, hər iki məhkəmə tərəfindən işin faktiki hallarına əsasən hüquqi faktlara və sübutlara verilmiş qiymətləndirməni müqayisəli şəkildə analiz edib yoxlamaqla, apellyasiya məhkəməsi tərəfindən prosessual və maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini müəyyən etməlidir. Bu isə Ali Məhkəmə tərəfindən öz hakimiyyətinin konstitusiya tələblərinə müvafiq olaraq ədalət mühakiməsi yolu ilə həyata keçirilməsini ehtiva edir.  Çünki məhkəmə təcrübəsi təsdiq edir ki, apellyasiya instansiyası məhkəməsi bir sıra hallarda apellyasiya şikayətinə baxarkən nə iş üzrə həqiqəti müəyyən edə bilir, nə də  onun qəbul etdiyi akt qanuni və əsaslı olur.

Konstitusiya Məhkəməsinin Plenumunda müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi heç bir hüquqi əsas və dəlil gətirmədən qətnaməsində birinci instansiya məhkəməsi qətnaməsinin maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyini göstərmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası da birinci instansiya məhkəməsinin, həqiqətən maddi və prosessual normaları pozmaqla qətnamə qəbul etməsi faktını araşdırmamışdır.

Halbuki, apellyasiya məhkəməsi qətnaməsini aidiyyəti və mümkünlüyü olmayan sübutlar əsasında qəbul etmişdir. Bu Konstitusiya Məhkəməsi Plenumunun qərarından açıq-aşkar görünür. Maddi və prosessual hüquq normalarının düzgün tətbiqi sübutların qiymətləndirilməsindən üzvü surətdə bağlıdır.

Konstitusiya Məhkəməsi məhkəmə hakimiyyətində ən yüksək mövqe tutur. Bu Konstitusiya və qanunlarla onun səlahiyyətinə aid edilən məsələlərin vacib və xüsusilə mühüm əhəmiyyət kəsb etməsi ilə izah olunur. Məhz buna görə də, məhkəmənin qərarları digər məhkəmə hakimiyyətinin qərarlarından məzmun və mənaca özünəməxsus məntiqi yanaşma xüsusiyyəti və mühakimələrinin fəlsəfi dərinliyi ilə səciyyələnməlidir.

Məhkəmələrin daşıdığı ən məsuliyyətli vəzifə yükü, işin araşdırılan halları və faktları əsasında tərəflərin təqdim etdiyi dəlil və sübutlara qiymət verməsidir. Məhkəmənin qəbul etdiyi aktın qanuni və əsaslı olması bundan asılıdır. Yalnız bu prosessual sənədə əsasən apellyasiya, Ali və Konstitusiya Məhkəmələri müəyyən edə bilər ki, ədalət mühakiməsi hansı səviyyədə həyata keçirilmişdir. Məhkəmə işə tam, hərtərəfli və obyektiv yanaşmışdır, ya yox.  

Məhkəmə hakimiyyəti pilləli həyata keçirilsə də, baxılan işin materiallarında danılması və təkzib olunması mümkün olmayan sübut vasitəsi varsa, onun digər məhkəmə hakimiyyət pilləsində işə baxılarkən qəbul edilməsi zəruridir. Bu nəzərə alınmazsa, mühakimənin ədalətlə həyata keçirilməsi şübhə altında qalacaqdır (Birinci instansiya məhkəməsinin iş üzrə mülkiyyət hüququnun kimə məxsus olmasını təsdiq edən sənədin Dövlət Reyestr Xidmətindən götürülməsi).

  

Hakim                                                                                   İsa Nəcəfov 


Qərarın mətninə keçid