Qeydlər, Rəylər

15. 11. 19 AR Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Xüsusi rəy

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci  maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 noyabr 2019-cu il tarixli Qərarından hakim İ.Nəcəfovun

 

XÜSUSİ  RƏYİ

 

15 noyabr 2019-cu il                                                         Bakı şəhəri

 

Konstitusiya Məhkəməsinin Plenumunun 15 noyabr 2019-cu il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci  maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına hörmətlə yanaşaraq, aşağıdakı mövqeyimi bildirirəm.

Müraciətdə göstərilir ki, Alışanov Təbib Natiq oğlu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 320.1-ci maddəsi ilə təqsirləndirilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatına verilmişdir. Ittiham ondan ibarətdir ki, Göygöl rayon sakini T.Alışanov Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin 2-ci kursunda oxuyarkən, o  Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi  tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə II ixtisas qrupu üzrə 26 iyul 2018-ci il tarixdə keçiriləcək növbəti qəbul imtahanında abituriyent qismində iştirak edəcək Quliyev Hidayət Zahid oğlunun əvəzinə həmin imtahanda iştirak etməsinə dair təkliflə razılaşmışdır. Buna görə də H.Quliyevin şəxsiyyət vəsiqəsini və Dövlət İmtahan Mərkəzi tərəfindən sonuncunun adına təqdim edilən imtahana buraxılış vərəqəsini əldə edərək Gəncə şəhəri 44 nömrəli bağça-məktəb-lisey kompleksində keçirilən imtahana H.Quliyevin əvəzinə getmiş və həmin sənədləri Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına təqdim edib onları özünün H.Quliyev olmasına inandırmağa çalışmışdır. Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən onun H.Quliyev olmadığı müəyyən olunaraq imtahan zalına buraxılmasının qarşısı alınmışdır.  İbtidai istintaq orqanını T.Alışanlını AR CM-in 29 (cinayət etməyə cəhd) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə tərsirli bilinib ittiham edilmişdir.

 Müraciətdə qeyd edilən CM-nin 320.1-ci maddəsindəki “saxtalaşdırma” ifadəsinin hansı hərəkətləri ehtiva etdiyini göstərmək üçün ilk növbədə həmin maddənin dispozisiyasında sadalanan anlayışların hər birini ayrı-ayrılıqda təhlil etmək zəruridir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi idarəetmə qaydası əleyhinə olan cinayətlərə aid edilərək, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməyə görə məsuliyyət nəzərdə tutur. Həmin  maddənin dispozisiyası rəsmi sənədə bilavasitə anlayış verməsə də, onu “hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənəd” kimi təsnif edir. Hüquq ədəbiyyatında sənədin rəsmi mənada təsnif edilməsi üçün onun iki əlamətə malik olması qeyd edilir – bunlara sənədin rəsmiliyi, yəni sənəd dövriyyəsinə daxil və təqdim edilə bilən olması aiddir.

Daxilolma sənədin rəsmi orqan (dövlət orqanları, yerli özünüidarəetmə orqanları, dövlət və bələdiyyə qurumları) tərəfindən verilməsidir. Qüvvədə olan qanunvericilik sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” 935 saylı Təlimat”-ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir.

Sənədin təqdim edilə bilmə qabiliyyəti - onun belə sənəddən istifadə edən şəxsə və ya üçüncü şəxslərə hüquqları verə bilməsi və ya vəzifələrdən azad etmə imkanında ifadə olunur. Sənəd, idarəetmə sahəsindəki münasibətlərində səlahiyyətverici xüsusiyyətlərə malik ola, bu barədə göstəriş olmadıqda isə konkret hüquq və vəzifələri əhatə edə bilər.

Saxtalaşdırma dedikdə hüquq verən və ya vəzifədən azad edən, məzmunu tamamilə saxta olan sənədin (vəsiqənin və ya digər rəsmi sənədin) hazırlanması, saxta olmayan sənədin mətninə yalan məlumatların daxil edilməsi və ya boş blankın belə məlumatlarla doldurulması, yaxud saxta olmayan sənədin mətnində düzəlişlərin edilməsi, tarixin dəyişdirilməsi, mətnin bir hissəsinin məhv olunması və sair kimi qanunsuz hərəkətlərin edilməsi yolu ilə dəyişdirilməsi başa düşülür. “Sənədlərin saxtalaşdırılması” anlayışının açıqlanmasına olan yanaşmalardan biri də onun hüquqazidd və qanunsuz aldatmanın müxtəlif növlərindən biri kimi çıxış etməsində özünü göstərir.

Aldatma - şəxsi yanıltmaq məqsədilə bilərəkdən yalan məlumatın ötürülməsi və ya faktların gizlədilməsini bildirir. Bununla yanaşı, sənədin təkcə həqiqiliyini təhrif etmək və ya saxta sənədin bilavasitə hazırlanması hələ onun saxtalaşdırıldığını bildirmir. Belə ki, saxta sənəd hələ öz-özlüyündə heç kəsi yanıltmağa sövq etmir. Qəti aldatma isə belə saxta sənədin təqdim edildikdən sonra istifadəsini nəzərdə tutur.

Rəsmi sənədlər və ya blanklar qanunsuz yolla hazırlanarkən, onların belə istifadəsi üçün lazımi hüquqi qüvvə yaratmadıqda saxtalaşdırma hesab oluna bilməz. Bununla da, qanunverici ədalət mühakimə həyata keçirən orqanlara hər bir konkret haldan asılı olaraq sənədin xüsusiyyətlərini qiymətləndirməyə və onu hüquqlar verən (və ya vəzifələrdən azad edən) sənəd kimi tanımağa səlahiyyətləndirir. Məhz bundan asılı olaraq, hər bir halda sənədin saxta sənəd kimi istifadə edilməsinə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsinə qərar verilir.

Bilə-bilə saxta rəsmi sənədin istifadəsi onun təqdim edilməsi (bu və ya digər hüququn mövcudluğunu təsdiqləmək üçün səlahiyyətli şəxsə sənədin verilməsi) və ya nümayiş olunmasından (sənəd onun səlahiyyətində qaldıqda, sənədin müvafiq şəxsə çatdırılması) ibarətdir. İstifadənin məqsədi sənədin faydalı xüsusiyyətlərini əldə etməkdən ibarətdir. Bu mənada, RF CM-nin 327-ci maddəsində nəzərdə tutulmuş cinayət, onu törədən şəxsin hüquqlar əldə etməsinə və ya vəzifələrindən azad olunmasına nail olmasından asılı olmayaraq, sənədin təqdim və ya nümayiş edildiyi andan sona çatır. Satış, saxta rəsmi sənədi əvəzli və ya əvəzsiz qaydada başqa şəxsə ötürülməsindən ibarətdir. Belə ötürməyə satış, hədiyyə, dəyişmə və ya girov aid ola bilər. Satış, sənədi saxtalaşdıran şəxsin sahibliyindən çıxdığı və yeni sahibinə istifadəyə verildiyi andan etibarən başa çatır.

Cavabdehin qeyd edilən hərəkətləri CM-in 320.1-ci maddəsinin dispozisiyasında ifadə olunmuş cinayət tərkibinin müəyyən elementlərini ehtiva etsə də, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinin yaranması üçün cinayət qanunvericiliyinin tələblərinə əsasən, həmin maddədəki cinayət tərkibinin bütün elementlərinin iştirak etməsinə ehtiyac duyulur. (CM-nin 3-cü maddəsi). Hazırki müraciətdə qaldırılan məsələ, qanunsuz olaraq başqa şəxsin adından həmin şəxsə aid olan məlumatları hüquq verən rəsmi sənədə daxil edilməsini və bununla da həmin sənəddən qanunsuz yolla istifadə  edilməsinə cəhdi əhatə edir. Hərəkətin özünün qanunsuz olması isə hələ onun nəticəsində əldə olunmuş rəsmi sənədin saxta olmasını deməyə əsas vermir.

Belə ki, sənədi saxtalaşdırma və ya qanunsuz hazırlama, mövcud olan sənədin orijinalının əsasında ona bənzər, lakin rəsmi tələblərə cavab verməyən, cavabdehin mülahizəsi və öz bacarıqları əsasında hazırladığı sənədi bildirir. Təqdim edilmiş materiallardan isə, imtahan zalına daxil olmaq üçün verilmiş imtahana buraxılış vərəqəsi və ya şəxsiyyət vəsiqəsinin saxta olması qeyd olunmur. Eynilə, iş materiallarından göründüyü kimi, imtahanda istər cavabdeh, istərsə də iştirak etməsi nəzərdə tutulan şəxsin iştirak etdiyi təqdirdə, cavab kartına daxil edilmiş məlumatlar həqiqi olduğundan, hər iki halda, əldə olunan sənəd saxta deyil, qanuni sənəd olacaqdı.

Bilə-bilə saxta rəsmi sənədin istifadəsi yuxarıda qeyd etdiyim kimi sənədin təqdim edilməsi (bu və ya digər hüququn mövcudluğunu təsdiqləmək üçün səlahiyyətli şəxsə sənədin verilməsi) və ya nümayiş olunmasından (sənəd onun səlahiyyətində qaldıqda, sənədin müvafiq şəxsə çatdırılması) ibarətdir. İstifadənin məqsədi sənədin faydalı xüsusiyyətlərini əldə etməkdən ibarətdir.

Müraciətdə qeyd edilən cavabdehin hərəkətlərinin AR CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş “saxtalaşdırma” əməlini ehtiva edib-etməməsi ilə əlaqədar hesab edirəm ki, cavabdehin özünü H.Quliyev kimi inandırmağa çalışması hələ onun bilavasitə sonuncunun şəxsiyyətini saxtalaşdırmağa olan niyyətini ifadə etmir. Bunu, həmçinin onun imtahanda iştirak etdiyi təqdirdə, cavab kartına H.Quliyevə aid olan məlumatları yazmaq niyyətinin olduğu təsdiq edir. Eynilə, iş materialları cavabdehin qanunsuz yolla əldə edilən sənəddən prosessual qanunvericilikdə göstərildiyi qaydada - gələcəkdə özünün istifadəsini deyil, onun hərəkətlərindən xəbərsiz H.Quliyevin xeyrinə istifadə etməsi niyyətinin olduğunu göstərir.

CM-nin 320.1-ci maddəsi məsuliyyət müəyyən edərkən, qanunsuz hərəkətlərin dairəsini dəqiq müəyyən edərək cinayət məsuliyyətinin tərkibinə həm də bu sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaq və ya qanunsuz hazırlama və ya bu cür sənədi satmaq daxil etmişdir. İşin hallarından görünür ki, cavabdeh H.Quliyevin şəxsiyyətini saxtalaşdırmaq məqsədilə, ona məxsus şəxsiyyət vəsiqəsini və ya imtahana buraxılış vəsiqəsini saxta və ya qanunsuz üsullarla hazırlamamış yaxud satmamışdır.

Göstərilənlərə əsasən hesab edirəm ki, cavabdeh abituriyentin rəsmi sənədini saxtalaşdırmamışdır. Dövlət İmtahan Mərkəzi tərəfindən o, abituriyent H.Quliyevə verilmiş imtahana buraxılış vəsiqəsindən və onun şəxsiyyət vəsiqəsindən istifadə edərək, qəbul imtahanında iştirak etmək üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına özünü H.Quliyev kimi təqdim edərək, onları aldatmağa cəhd etmişdir.

Bununla da, Alışanlı Təbib Natiq oğlu, tamah niyyəti ilə H.Quliyevin ali təhsil ocağına qəbul olunması məqsədiylə onun əvəzindən, onun abituriyent adını mənimsəməklə, Dövlət İmtahan Mərkəzinin rəsmi sənədlərindən və şəxsiyyət vəsiqəsindən istifadə etmək cəhdi, həm normativ hüquqi aktlarla, həm də normativ xarakterli aktlarla qorunan ictimai münasibətlərə süi-qəsd kimi qiymətləndirilməlidir.  

Lakin onun əməlinin ictimai təhlükəlilik dərəcəsi yalnız qanunverici orqan tərəfindən müəyyən edildikdən sonra əməlin xarakterinə hüquqi qiymət verilə bilər.

Çünki istər İnzibati Xətalar Məcəlləsində, istərsə də Cinayət Məcəlləsində qeyd edilən hüquqi fakt üzrə yaranmış münasibətləri tənzim edən müvafiq maddi hüquq norması yoxdur.

Digər tərəfdən hesab etmək olar ki, cinayət təqibi orqanının cavabdehin hərəkətlərinin son nəticəsi olan,  ali təhsil sənədini qanunsuz yolla əldə etməsi, sənədlərin saxta və ya uydurma olması ilə bağlı gəldiyi mövqe, ümumi qəbul edilən olsa da, qanunvericiliyin yuxarıda tədqiq olunmuş normaları əsasında deyə bilərik ki, ibtidai istintaq orqanına birtərəfli qaydada, CM-in 320.1-ci maddəsinə əsasən, həmin əməlin nə kriminallaşdırılmasına, nə də ki həmin fakt üzrə cinayət təqibinin başlanmasına əsas vermirdi. 

 

Hakim                                                                               İsa Nəcəfov


Qərarın mətninə keçid