Qeydlər, Rəylər

15. 11. 19 AR Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Xüsusi rəy

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına dair hakim Ceyhun Qaracayevin xüsusi rəyi

 

“15” noyabr 2019-cu il                                                 Bakı şəhəri

 

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı ilə ümumilikdə razıyam.

1.    Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə mərkəzləşdirilmiş tələbə qəbuluna dair qaydalar mütərəqqi xarakter daşıyır. Mərkəzləşdirilmiş qəbul qaydaları təhsil sahəsində neqativ halların qarşısının alınmasına, ədalətli rəqabətin artmasına, gələcəkdə peşəkar mütəxəssislərin hazırlanmasına və nəhayət biliyin və təhsilin inkişafına xidmət edir. Bu sahədə hər hansı bir hüquq pozuntusunun məsuliyyətsiz qalması yeni yaranmış idarəetmə münasibətlərinin zəifliyinə xidmət etmiş olar. Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsi hüququn aliliyi prinsipinə əsaslanaraq müəyyən edir ki, Konstitusiyanın və qanunların pozulması qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhz bu baxımdan hər hansı hüquq pozuntusunu törətmiş şəxs müvafiq qaydada məsuliyyətə cəlb edilməlidir. Məsuliyyətin əsasları isə ictimai təhlükəli hüquqpozuntusuna mütənasib qaydada qanunvericilklə aydın şəkildə müəyyən edilməlidir.

Beləliklə bu nəticəyə gəlmək olar ki, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin müraciətinə səbəb olmuş cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlləri ali təhsil müəssisələrinə mərkəzləşdirilmiş tələbə qəbuluna dair qaydaların pozulması kimi qiymətləndirilə bilər.    

2.    Hüquqi məsuliyyətə cəlb edilmə prosesində konstitusiya hüququ baxımından əhəmiyyətli olan “hüquqi müəyyənlik” prinsipinin təmin edilməsi olduqca vacibdir. Xüsusi ilə hüquqi məsuliyyətlə bağlı normativ-hüquqi aktlar birmənalı və aydın başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin şərh edilməsi ilə əlaqədar bildirmişdir ki, Konstitusiya Məhkəməsinin “hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi mütləqdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüququ tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir”.

Hüquqi müəyyənlik prinsipinin (hüquq normasının şübhəsiz və tərəddüdsüz tətbiq edilməsi) qorunması baxımından əhəmiyyətli və fərqli başa düşülən hüquqi terminlərin qanunvericilikdə normativ definisiyası verilir. Ümumilikdə Azərbaycan qanunvericiliyində bu prinsipin qorunması məqsədi ilə, xüsusi ilə cinayət və cinayət-prosessual qanunvericiliyində kifayət qədər termin və anlayışları aydınlaşdıran  definisiyalar öz əksini tapmışdır.

Lakin, Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin tam aydın şərhi üçün tələb olunan “rəsmi sənəd” anlayışının cinayət qanunvericiliyində definisiyası mövcud deyil. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın “Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər” adlı 3-cü paraqrafın 24-cü bəndində göstərir ki, “sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədi ilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi və ona möhür vurulması vasitəsi ilə həyata keçirilir”. Həmin paraqrafın 25-ci bəndində bildirilir ki, “bir qayda olaraq, sənədin bütün nüsxələri imzalanır. İmzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, soyadı və adı daxildir”.

Beləliklə, belə qənaətə gəlmək olar ki, hər hansı bir sənəd (o cümlədən blank, imtahan kartı və s.) sənəd rəsmi sənəd kimi yalnız hər hansı bir məzmun daşıdıqda (yəni hüquqi faktı əks etdikdə) və bu məzmun müvafiq qaydada rəsmi (vəzifəli) şəxs tərəfindən qiymətləndirilib imzalandıqda və ya elektron sistem vasitəsi ilə ümumi qaydada qiymətləndirildikdən sonra hesab edilir.

Təhsil sahəsində şagird, tələbələrin biliklərini qiymətləndirən sənədlər sırasında müxtəlif rəsmi sənəd mövcuddur. Onlara imtahan cədvəli, zaçot kitabçası, diplom və s. aid etmək olar. Təbii ki, ali təhsil müəssisəsinə qəbul üçün nəzərdə tutulan imtahan cavab kartı da rəsmi sənədə çevrilə bilər. Bunun üçün yalnız həmin imtahan qəbul kartı müvafiq vəzifəli şəxs tərəfindən rəsmi qiymətləndirilməlidir. Həmin vəzifəli şəxs (müəllim və ya nəzarətçi) tərəfindən imtahan qəbul kartında qiymətləndirilən cavab vəzifəli şəxsin iradəsini ifadə etmiş olur. Bununla imtahan qəbul kartı rəsmi sənəd statusunu alır.

Gəncə şəhər Kəpəz rayon məhkəməsinin müraciətinə səbəb olmuş cinayət işi üzrə təqsirləndirilən şəxs digərinin əvəzinə imtahan zalına daxil olmaq istəyərək sonuncunun əvəzinə imtahan suallarına cavab verməyə cəhd göstərmişdir. Ola bilər ki, onun cavabı faktiki olaraq suala düzgün cavab kimi qiymətləndirilməsin və qəbul üçün qənaətbəxş sayılmasın. Deməli həmin şəxsin cavabı hələ hüquqi fakt kimi hesab edilə bilməz.

Nəzərə alsaq ki, rəsmi sənəd - hüquqların verilməsi və ya məhrum edilməsi, vəzifələrin verilməsi və ya vəzifədən azad edilməsi, hüquq və vəzifələrin həcmindəki dəyişikliklərə səbəb olan faktları təsdiqləyən və hüquqi nəticəyə səbəb olan sənəddir. Deməli hər hansı bir şəxsin xüsusi qəbulu üçün vərəqədə (blankda) imtahan suallarına cavabının qənaətbəxş sayılması və müvafiq hüquqi nəticə yaratması, həmin cavabın rəsmi qaydada müsbət cavab kimi qiymətləndirən vəzifəli şəxsin imzasından və ya elektron sistem vasitəsi ilə müsbət cavab kimi qəbul edilməsindən asılıdır.  

Belə halda yalnız imtahan qəbul kartının müvafiq qaydada qiymətləndirilməsindən və bununla rəsmi sənədə çevrilməsindən sonra (yəni daha rəsmi şəxs tərəfindən imzalanmış sənədin) həmin rəsmi sənəd üzərində aparılan düzəliş və ya əlavələr rəsmi sənədin saxtalaşdırılması kimi qiymətləndirilə bilər.

3.    Azərbaycan Respublikasında mərkəzləşdirilmiş imtahan qaydaları nisbətən yeni sahədir. Bu sahədə qanunçuluğunun təmin edilməsi olduqca vacib vəzifədir. Təbii ki, konstitusiya nəzarəti qaydasında qeyd edilən sahədə törədilən hüquqpozuntuların ictimai təhlükəliliyinin səviyyəsini tam qiymətləndirmək mümkün deyil, bu birbaşa qanunverici orqanın səlahiyyətindədir. Yalnız qeyd etmək olar ki, mərkəzləşdirilmiş imtahan qaydaları tətbiq edən əksər ölkələrdə (məsələn, Rusiya) bu sahənin qorunması üçün üstünlük inzibati xətalar qanunvericiliyinə verilir. Azərbaycan qanunvericiliyinin bu istiqamətdə islahatların aparılması məqsədəmüvafiq olardı.

4.    Gəncə şəhər Kəpəz rayon məhkəməsinin müraciətinə səbəb olmuş cinayət işi üzrə təqsirləndirilən şəxs neqativ əməl törətməyə cəhd göstərmişdir. Məhz bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyi ilə razılaşmaq olar ki, həmin şəxs məsuliyyətdən yayınmamalıdır.

Lakin bu cür neqativ əmələ görə xüsusi məsuliyyət növü (inzibati xəta) nəzərdə tutulmalıdır. Qanunvericilikdə isə xüsusi məsuliyyət növünün yaradılmasınadək cinayət təqibi orqanları və habelə məhkəmələr mərkəzləşdirilmiş imtahan qaydaları sahəsində törədilən hüquqpozmalara görə cinayət məsuliyyətinə cəlb etmədən çəkinməklə və bu sahənin dekriminallaşdırılmasını təmin etməklə, törədilmiş əməllə məsuliyyət növü arasında mütənasibliyi qorumuş olardı.  

 

 

Hakim                                                      Ceyhun Qaracayev



Qərarın mətninə keçid