ANA SƏHİFƏ » 2010-10-29 Konstitusiya Məhkəməsində AŞPA nümayəndə heyəti ilə görüş olmuşdur

Oktyabrın 20-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2010-cu il noyabrın 7-də Milli Məclisə keçiriləcək parlament seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri ilə görüş keçirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir. 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə və hüquq sahəsində islahatlar ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanılmışdır.

Vurğulanmışdır ki, Azərbaycanın sıx əməkdaşlıq etdiyi Avropa Şurası ölkəmizdə demokratik təsisatların inkişafına və demokratik proseslərə öz töhfələrini əsirgəmir. 

F.Abdullayev Azərbaycan dövlətinin noyabrın 7-də Milli Məclisə seçkilərin demokratik, ədalətli keçirilməsində maraqlı olduğunu və bunun üçün bir sıra tədbirləri həyata keçirdiyini diqqətə çatdırmışdır. Konstitusiya Məhkəməsinin Azərbaycanda keçirilən seçkilərlə bağlı vəzifələri barədə qonaqlara ətraflı məlumat verilmişdir. AŞPA müşahidəçilərinin həmişə öz obyektivlikləri ilə fərqləndiyini vurğulayan F.Abdullayev, bu dəfə də seçkilərlə bağlı missiyanın tam obyektiv, qərəzsiz mövqe nümayiş etdirəcəyinə inandığını bildirmişdir. 

Görüş üçün təşəkkürünü bildirən müşahidə missiyasının rəhbəri Pol Vill bildirmişdir ki, səfərdən məqsəd parlament seçkilərini müşahidə etməkdir. Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işləri, Mərkəzi Seçki Komissiyasının aşağı seçki strukturları üçün təşkil etdiyi maarifləndirici tədbirləri təqdir edən qonaq, müşahidə missiyalarına seçkini izləmək üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir. Pol Vill qeyd etmişdir ki, müşahidə missiyası öz fəaliyyətində obyektiv olacaqdır. 

Görüşdə Azərbaycanda seçkiqabağı vəziyyət, seçki ilə bağlı məhkəmə-hüquq sisteminin fəaliyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.