ANA SƏHİFƏ » 2010-05-12 Konstitusiya Məhkəməsində Böyük Vətən Müharibəsi veteranlari ilə görüş keçirilmişdir

Mayın 3-də Konstitusiya Məhkəməsində 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə veteranlarla görüş keçirilmişdir.

Görüş iştirakçıları əvvəlcə Böyük Vətən müharibəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Qələbə gününün bütün sülhsevər xalqlar kimi, azərbaycanlılar üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. O demişdir ki, müstəqilliyimizin ilk illərində respublikamızda bu müharibəyə münasibət birmənalı olmamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Böyük Vətən müharibəsinin tarixdə rolu və yeri düzgün müəyyən edilmiş, habelə müharibə veteranlarının sosial müdafiəsi gücləndirilmişdir. Ulu öndər Heydər Əliyev müharibə qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsini, veteranlara qayğı göstərilməsini daim diqqət mərkəzində saxlamışdır və hazırda bu xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

1941-1945-ci illər müharibəsində Azərbaycan xalqı tarixin ağır sınaqlarına sinə gərməyi, bu sınaqlardan üzüağ çıxmağı bacaran qəhrəman xalq olduğunu sübut etmişdir. Azərbaycan xalqının bu Qələbəni təntənə ilə qeyd etməyə haqqı vardır. Çünki o zaman təxminən 3 milyonluq Azərbaycan əhalisinin 700 mini ön cəbhəyə yola düşmüşdür. Alman faşizmi üzərində böyük Qələbənin qazanılmasında Bakı neftinin misilsiz rolu olmuşdur. Bakı nefti 1941-1945-ci illərdə keçmiş SSRİ üzrə çıxarılan ümumi neftin təxminən 80 faizini təşkil etmişdir.

Ölkəmizdə yaşayan veteranların dinclik illərində də xalqa sədaqətlə xidmət göstərdiyini deyən F.Abdullayev bildirmişdir ki, onlar böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində daim fəal ictimai iş aparırlar. Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Əlövsət Baxışov da Böyük Vətən müharibəsinin tarixindən, faşizm üzərində Qələbənin qazanılmasında Bakı neftinin rolundan, döyüşçülərimizin rəşadətindən söhbət açmışdır.

Ə.Baxışov Ermənistan ilə müharibə şəraitində yaşayan Azərbaycanda faşizm üzərində Qələbənin 65 illik yubileyinin təntənə ilə qeyd olunmasını həm tarixi nöqteyi-nəzərdən, həm də böyüməkdə olan gənc nəslin mənəvi-psixoloji tərbiyəsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirmişdir. Görüşdə veteranlar Çingiz Həsənov, Əmirəl Əmirəliyev, Konstitusiya Məhkəməsinin hakimi Ələddin Sultanov da müharibə ilə bağlı xatirələrini danışmışlar.

Veteranlar bir daha zəngin və şərəfli tarixə malik olan Azərbaycan xalqının İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında böyük xidmətlərini vurğulamışlar. Bildirilmişdir ki, müstəqilliyimizin ilk illərində bir sıra tarixi hadisələr kimi, İkinci Dünya müharibəsinə yanaşmada da fərqli fikirlər meydana çıxmışdır. Lakin hansı cəhətdən yanaşılmasından asılı olmayaraq, bu müharibədə əldə olunmuş Qələbə bəşəriyyətin faşizm üzərində qələbəsidir. Bu Qələbənin təmin olunmasında iştirak edən Azərbaycan övladlarının göstərdikləri böyük fədakarlıqların üstündən xətt çəkmək, onlara qara yaxmaq yolverilməzdir. Yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra məsələyə baxış dəyişmişdir və indi hər il mayın 9-u ölkəmizdə yenidən Qələbə bayramı kimi qeyd olunur. Veteranlar vurğulamışlar ki, hazırda bu diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən də göstərilir. Dövlətimizin başçısının keçən il imzaladığı “1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”la bağlı Sərəncamı da bunun bariz nümunəsidir.

Veteran Ə.Əmirəliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 65 illiyinə həsr olunmuş “Mənalı ömür yolu” kitabını Konstitusiya Məhkəməsinə hədiyyə etmişdir.

Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev bir daha veteranları təbrik etmiş, onlara bayram hədiyyələrini təqdim etmişdir.