ANA SƏHİFƏ » 2009-11-13 Azərbaycan Respublikasi Konstitusiyasinin qəbul edilməsindən on dörd il ötür

 


XXI əsrdə biz müasir dünyanın mənzərəsinin köklü dəyişikliklərə məruz qaldığının şahidi oluruq. Bu gün demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət ayrılıqda hər bir dövlətdə, bütövlükdə isə beynəlxalq münasibətlərdə müəyyənedici amillər kimi çıxış edir.

İstənilən demokratik cəmiyyətin əsasını insan hüquq və azadlıqlarının tanınması və onların səmərəli təminatı mexanizmlərinin mövcudluğu təşkil edir. Cəmiyyətin inkişafı, onun maddi və mənəvi çiçəklənməsi, vətəndaş sülhü yalnız insanın ali dəyər, onun hüquq və azadlıqlarının təmin edilməsinin isə dövlətin başlıca vəzifəsi və əsas təyinatı olaraq qəbul edildiyi şəraitdə mümkündür. 

Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri siyasi-hüquqi sistemin kökündən demokratikləşmə istiqamətində əsaslı surətdə dəyişdirilməsindən ibarət olmuş, həm də bu proses mahiyyət etibarı ilə dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir. Şübhəsiz ki, bunların əsasında dünya şöhrətli siyasi xadim,, ümummilli liderimiz Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası durur. Məhz Konstitusiya ölkədəki köklü dəyişikliklərə müsbət təsir göstərmiş, hüquqi dövlət quruculuğu prosesinin əsas istiqamətlərini müəyyən etmişdir. 

Ümumiyyətlə, «konstitusiya» anlayışının özü latın mənşəli «constitutio» sözündən olub təsis etmək, qurmaq mənasını daşıyır. Ənənəvi olaraq bu termin ictimai və dövlət quruluşunu, seçki sistemini, hakimiyyət və idarəetmə orqanlarının təşkili və fəaliyyəti prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini təsbit edən dövlətin əsas qanunu ehtiva edir. Məhz bu termin Konstitusiyanın təsisedici xarakterini müəyyən edir. 

Müasir anlamda ilk konstitusiya aktları və yaxud konstitusiyalar məhz XVII-XVIII əsrlərdə yaranmışdır, baxmayaraq ki, dövlətçiliyin yaranma tarixi daha əvvəlki dövrlərə gedir. Bu onunla əlaqədardır ki, məhz qeyd olunan dövrdə insanlıq şəxsi azadlığının ali dəyərini anlayaraq dövləti qoyulmuş qaydalara tabe olmağa məcbur etmişdir. Konstitusiya haqqında təsəvvürlər bir qədər əvvəllər meydana gəlsə də, həmin dövrdə bu təsəvvürlər əsasən demokratiya və ədalət anlayışı əsasında dövlət hakimiyyətinin səmərəli təşkili məsələləri ətrafında qurulmuşdu. Artıq Konstitusiyanın qəbulunda məqsəd dövlət hakimiyyətinin həyata keçirilməsində sərhədi müəyyənləşdirmək, bu hakimiyyəti müəyyən çərçivə daxilində məhdudlaşdırmaq və bu hakimiyyətin həyata keçirilməsi zamanı mövcud hakimiyyət qollarının həm bir-birinə qarşı, həm də insan şəxsiyyətinə münasibətdə hörmətin bərqərar edilməsi olmuşdur. 

Digər normativ aktlardan fərqli olaraq Konstitusiya demək olar ki, bütün müasir dövlətlərin əsas qanunudur. Çünki, ölkənin sosial-iqtisadi strukturunda, ictimai-siyasi həyatında baş verən bütün dəyişikliklərin məzmunu bu və ya digər formada Konstitusiyaya uyğun aparılır. Konstitusiyanın inkişafı ümumilikdə cəmiyyətin və dövlətin özünün inkişaf mərhələlərinə müvafiq olur. Konstitusiya cəmiyyətin və dövlətin bütün təbəqələrinə ümumi şəkildə siraət etdiyinə görə, o, özündə həyatın bütün sahələrini əhatə edən müddəaları əks etdirir. Onun mətnində həm bəyanatlar, həm proqram şəkildə həyata keçirilən tədbirlər siyahısı, həm də bəzi məqamlarda tarixi istinadlar da öz əksini tapa bilər. Lakin bütün bununla yanaşı Əsas Qanun normativ hüquqi xarakter daşıyır, yəni nə qədər müxtəlif sosial hadisələrlə əlaqədar olsa da, Konstitusiya hüquq normaları sistemidir və bütün hüquq sisteminə xas olan tənzimləmə, qoruma funksiyalarını yerinə yetirir. Konstitusiya həm də qanunvericilik sistemində bütün digər normaların keyfiyyət və xarakterinin müəyyən edilməsi üçün başqa heç bir hüquqi aktın malik olmadığı funksiyanı - hüquq normalarının hüquqa uyğunluğunun qiymətləndirilməsi, müəyyənləşdirilməsi funksiyasını yerinə yetirir. Bu mənada, o digər qanunlardan fərqlənir. Konstitusiyanın əsas qanun olması özünü digər aspektlərdə də biruzə verir. Əsas müddəaları dövlətin və cəmiyyətin inkişafının faktiki olaraq bütün sahələrini əhatə etsə də Konstitusiya daha çox ümumi tənzimetməni müəyyənləşdirir, bütün digər qanunlardan daha çox cəmiyyətə, xalqa, sosial təbəqələrə, ümumilikdə insana və vətəndaşa ünvanlanır. Konstitusiya üçün ümumi tənzimetmə daha səciyyəvidir. 

Konstitusiya əsas sosial-siyasi institutlara verilən tələbləri müəyyən etməklə onları formalaşdırır və bununla da, belə demək mümkünsə, bütün sistemin əsasını təşkil edir. O, qanunvericilik sisteminin yaradılması və dəyişdirilməsi qaydalarını, onun məzmununu müəyyən edir. Bir sözlə Konstitusiya mövcud sistemin konkret olaraq necə olduğunu və necə olmalı olduğunu ortaya qoyur. 

Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bərpa etsə də, ölkədə mövcud olan ictimai-siyasi qeyri-sabitlik, vətəndaş itaətsizliyi, xaos, hakimiyyət uğrunda zorakılığa söykənən mübarizə və anarxiya yeni Konstitusiyanın qəbul edilməsinə ciddi əngəllər yaradırdı. Həmin vaxt ilk növbədə cəmiyyətdə sabitliyi bərpa edə biləcək yeni Konstitusiyanın əsasını təşkil edən ideya və dəyərlər üzərində razılıq əldə edilməsini təmin edən siyasi iradə və müdrikliyə çox böyük ehtiyac var idi. Həqiqət ondan ibarətdir ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə xalqın təkidli tələbləri ilə qayıdışınadək Azərbaycan vətəndaş müharibəsi astanasına sürüklənmiş, milli dövlətçiliyimiz məhv olmaq təhlükəsilə üzbəüz qalmışdı. Məhz belə bir məqamda Heydər Əliyev öz böyük xarizması və peşəkarlığı hesabına xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirərək özünün tarixi missiyasını yerinə yetirdi. Tədricən ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunçuluq və hüquq qaydası bərqərar edildi. Bütün bunlar isə Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi şəraitin yaradılması ilə nəticələndi. 

Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının yaradılması ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, dəfələrlə layihənin açıq müzakirəsini təşkil etməklə onun müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf etmişdir. 

Nəhayət, Konstitusiyanın layihəsi ümumxalq müzakirəsi üçün 1995-ci il oktyabrın 15-də dərc edilmiş və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 94,8 faizi Konstitusiyanın qəbul edlməsinin lehinə səs vermişlər. Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir. 

Konstitusiyanın qəbul edilməsi xalqımızın tarixi ənənələrinə uyğun olan və eyni zamanda ölkəmizdə müasir dünyanın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşdırılması, siyasi sistemdə və hüquq sistemində möhkəm özülün yaradılması işində mühüm addım olmuşdur. 

Azərbaycan Respublikasının Konstitusiyası ənənəvi Konstitusiya anlayışının ehtiva etdiyi bütün təməl prinsipləri özündə əks etdirir. 

Əsas Qanunda Azərbaycan Respublikası hüquqi dövlət kimi müəyyən edilir. İnsan və vətəndaşın hüquq və azadlıqları, onların tanınması, müdafiə və təmin edilməsi qanunvericiliyin, onun tətbiq edilmə təcrübəsinin hüquqi xarakterinin əsas və təyinedici meyarı kimi təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan və vətəndaşın hüquq və azadlıqlarının prioritet prinsipi dövlət hakimiyyətinin bütün sahələrinə ünvanlanaraq onları bu hüquqlarla əlaqələndirir və onlar üçün müəyyən vəzifələr yaradır. 

Ölkə Konstitusiyasının 147-ci maddəsi birbaşa şəkildə təsbit edir ki, «Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır». Əgər ölkədəki çoxsaylı hüquqi aktları bir-birilə qarşılıqlı və əlaqəli şəkildə fəaliyyət göstərən bütöv bir sistem kimi təsəvvür etsək bu zaman Konstitusiya bu sistemin əsası, özəyi, həmçinin bütün hüquq sisteminin inkişafının mənbəyidir. Belə ki, Konstitusiyanın əsasında həm əvvəllər mövcud olmuş ənənəvi hüquq sahələri inkişaf etdirilərək müasir dövrün tələblərinə uyğunlaşdırılmış, həm də iqtisadiyyatda, sosial inkişafda, siyasətdə və mədəniyyətdə baş verən dəyişikliklərlə əlaqədar yeni hüquq sahələri təşəkkül tapmışdır. 

Ölkəmizin ümumbəşəri dəyərlərə sadiqliyinin, hamılıqla qəbul olunmuş hüquq normalarına hörmətinin ifadəsi kimi Konstitusiyamız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri ölkənin hüquq sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirir. 

Müasir dövlət üçün Konstitusiya ondan ötrü labüddür ki, onda dövlətin ilkin prinsipləri və təyinatı, funksiyaları və təşkil olunma əsasları, fəaliyyətinin forma və metodları əks olunur. Konstitusiya ictimai inkişafın, dövlətin insan və vətəndaşla qarşılıqlı münasibətlərinin bütün sahələrində dövlət tənzimetməsinin sərhədlərini və xarakterini təsbit edir, cəmiyyətin bütün üzvlərinin hüquqi statusunun əsasını müəyyən edir və bununla da dövlətlə fərd arasındakı əlaqələrin ümumi konturlarını cızır. Ən əsası isə Konstitusiya insanın əsas hüquq və azadlıqlarına ali hüquqi qüvvə verir, onun şərəf və ləyaqətini müdafiə edir. Bu gün dünya təcrübəsində insan hüquq və azadlıqları, onun şərəf və ləyaqətinin qorunması ən ali dəyər kimi ön plana çəkilməkdədir. Məhz bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi bəyan etmişdir. 

Azərbaycan üçün Konstitusiya bu gün çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan cəmiyyəti Konstitusiya vasitəsilə həm yeniləşən dövlətçiliyə dair baxışlarını, həm də müəyyən çərçivə daxilində özünün mili ideyalarını realizə edir. Təbii ki, Konstitusiya siyasi proqramların və fəlsəfi konsepsiyaların məcmusu deyil, öz təyinatına və ölkə həyatındakı roluna müvafiq olaraq Əsas Qanuna xas bütün əlamətlərə və xüsusiyyətlərə malik olan hüquqi aktdır. Konstitusiyaya hüquq sistemindəki ən önəmli yer verilmişdir. Onda cəmiyyətin xarakterini müəyyən edən ideya və prinsiplər, iqtisadiyyat, siyasət, sosial sahə, dövlət və hüququn baza prinsipləri öz əksini tapır. Konstitusiya cəmiyyətin inkişafında üzərinə düşən funksiyasını nə qədər uğurla yerinə yetirirsə, o, milli fikrə bir o qədər yaxınlaşır, onun məqsədini daha dəqiq və aydın ifadə edir. Milli fikirdən ayrılan, onu təcrid edən, hətta milli fikrin əleyhinə gedən Konstitusiyanın cəmiyyət tərəfindən anlaşılacağına və qəbul ediləcəyinə heç vaxt ümid edilə bilməz. 

Əsas Qanunun başlıca hüquqi əlaməti stabillik, yəni məzmununun sabitliyi olan, uzunmuddətli fəaliyyətə malik aktdır. Konstitusiyanın stabilliyi - qanunçuluq rejiminin sabitliyinin, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin, şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtidir. Bütün demokratik cəmiyyətlərdə Konstitusiyanın sabitliyi başlıca meyar kimi çıxış edir və dövlətin gələcək inkişafında da Konstitusiya dövlətə deyil, dövlət Konstitusiyaya uyğunlaşdırılır və inkişaf edir. Bunun üçün isə cəmiyyətdə qanunçuluq rejiminə ciddi əməl olunma, hər hansı hüquq pozuntusuna qarşı dözümsüzlük kimi xüsusiyyətlər tərbiyəndirilməli və Konstitusiyanın səmərəli müdafiə mexanizmi işlənib hazırlanmalıdır. Lakin Konstitusiyanın sabitliyi heç də onun tamamilə dəyişməzliyi demək deyildir. Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, sosial, iqtisadi və siyasi vəziyyət müəyyən müddət keçdikcə dəyişə bilər. Bütün bunlar da öz növbəsində ali qanunun sabitliyi prinsipinə riayət etmək şərtilə onun baş verən dəyişikliklərə uyğunlaşdırılmasını tələb edir. 

Milli Konstitusiya qəbul edildikdən sonra ölkəmizdə iki konstitusiya islahatı aparılmışdır. 2002-ci il avqustun 24-də keçirilmiş referendumla Əsas Qanunun mətninə cəmiyyətin inkişafından doğan və Konstitusiyanın, qanunların, bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsi, demokratikləşdirmə proseslərinin dərinləşdirilməsi və insan hüquqlarının daha səmərəli müdafiə edilməsi zərurətindən irəli gələn bir sıra dəyişikliklər edilmişdir. Bu dəyişikliklər butövlükdə ölkəmizin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından, məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn öhdəliklərə əməl edilməsi, Milli Məclisin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və dövlət hakimiyyəti orqnları arasında fəaliyyətin və qarşılıqlı əlaqənin konstitusiya mexnizmlərinin daha da təkmilləşdirilməsi zərurətindən irəli gəlmiş və sadalanan məqsədlərə xidmət etmişdir. 

Eyni zamanda ölkəmizdə həyata keçirilən irimiqyaslı qanunvericilik və institusional islahatlar, sürətli beynəlxalq inteqrasiya və sosial-iqtisadi inkişaf yeni konstitusiya islahatlarının reallaşdırılması zərurətini ortaya qoymuşdur. Bu məqsədlə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2008-ci il dekabrın 26-da hüquqi nöqteyi-nəzərdən Konstitusiyanın bir çox normalarını təkmilləşdirmək məqsədi daşıyan, əsasən dövlətin sosial yönümlüyünün artırılmasına, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiə və təmin olunmasına, o cümlədən bir şəxsin iki dəfədən artıq Prezident seçilməsi ilə bağlı hüquqi cəhətdən əsaslandırılmamış və ictimai tələblərə cavab verməyən məhdudiyyətin aradan qaldırılmasına, ali dövlət hakimiyyəti orqanlarının, habelə məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin, qanunvericilik sisteminin təkmilləşdirilməsinə yönəlmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi qəbul edilmişdir. 2009-cu il marftın 18-də həmin akt ümumxalq səsverməsində Azərbaycan xalqının böyük əksəriyyəti tərəfindən dəstəklənmiş və keçirilmiş referendumla zamanın tələbindən irəli gələrək Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər onun çox mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsi ilə nəticələnmişdir. 

1995-ci il Konstitusiyasının milli hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də Əsas Qanunun ehtiva etdiyi dəyərlərin müdafiəsinin və dövlətin hüquqa bağlılığının təmin edilməsinin mühüm vasitələrindən biri kimi Konstitusiya Məhkəməsinin yaradılması olmuşdur. 

Konstitusiya Məhkəməsi bir qayda olaraq cəmiyyətdə və dövlətdə sabitliyin başlıca amili kimi qəbul olunan bir təsisatdır. Demokratiya şəraitində bir sıra kəskin hüquqi problemlər məhz bu orqan sayəsində Konstitusiya çərçivəsində və əsasında həll edilə bilər. Konstitusiya Məhkəməsi milli məhkəmə orqanı kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə, ölkə Konstitusiyasına uyğun olaraq konstitusiya məhkəmə icraatı vasitəsilə insan və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini həyata keçirir. Konstitusiya Məhkəməsinin fəaliyyətinin əhəmiyyəti ilə bağlı hüquq ədəbiyyatında belə bir fikir də vurğulanır ki, dövlətin bütöv hüquq sisteminin gələcək inkişaf istiqamətləri konstitusion yurisdiksiya aktlarında müəyyən olunmuş hüquqi mövqelərdən asılıdır. 

Konstitusiya nəzarəti (konstitusiya ədalət mühakiməsi) vasitəsilə qanunvericilik sistemində olan kolliziyalar aradan qaldırılır, hüququn tətbiqi praktikasında ahəngdar, məntiqi inkişaf təmin olunur, müvafiq subyektlər arasındakı konfliktlərin qarşısı alınır. 

Qeyd edildiyi kimi, Konstitusiya Məhkəməsi insan hüquqlarının təmin edilməsi üzrə ən mühüm institutlardan biridir. Belə ki, hüquq və azadlıqların pozulması yalnız dövlət hakimiyyət orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə deyil, həm də qanunların özünün konstitusiyaya zidd olması ilə bağlı ola bilər. Buna görə də, dövlət hər kəsin öz hüquq və azadlıqlarını (o cümlədən qanunun konstitusiyaya zidd olması hallarından) müdafiə etməsi üçün real imkanlar yaratmalıdır. Məhkəmə müdafiəsi hüququnun təzahür formalarından biri də şəxsin yalnız ümumi yurisdiksiyalı məhkəmələrə deyil, həm də konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət etməsi imkanıdır. 

Müasir dövrdə konstitusiya nəzarəti institutlarının fəaliyyətinin səmərəliliyi və məqsədyönümlüyü müraciət edən subyektlər dairəsindən əhəmiyyətli surətdə asılıdır. Məhz bu səbəbdən də ölkəmizdə mövcud olan - konstitusiya nəzarətinin bütün subyektlərinin, o cümlədən vətəndaşların (öz konstitusion hüquqlarının müdafiəsi məsələsi üzrə) konstitusiya nəzarətini həyata keçirən orqana müraciət etmək hüququ verən konstitusiya nəzarəti modeli ən yaxşı model sayıla bilər. 

Ədalət mühakiməsi orqanı kimi Konstitusiya Məhkəməsinin əhəmiyyəti yalnız qeyd edilənlərlə bitmir. Öz qərarlarında insan hüquq və azadlıqlarının pozuntusu ilə bağlı ümumi problemlərə baxan Konstitusiya Məhkəməsinin konkret iş üzrə qərarı hüquq tətbiqedici orqanlar, o cümlədən məhkəmələr üçün hüququn mənbəyi qismində çıxış edir. Konstitusiya nəzarəti orqanının presedenti məhkəmələrin düzgün istiqamətlənməsinə və prosessual pozuntuların qarşısının alınmasına kömək edir. 

Bəzən Konstitusiyanın özünün müdafiə mexanizmi kimi xarakterizə edilən Konstitusiya Məhkəməsinin səlahiyyətləri normativ hüquqi aktların, məhkəmə və bələdiyyə aktlarının Konstitusiyaya və müvafiq olaraq qanunvericilik iyerarxiyasında özündən yuxarıda duran normativ hüquqi aktlara uyğunluğunun yoxlanılmasından, Konstitusiya və qanunların şərh olunmasından, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həllindən, Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsindən ibarətdir. 

Öz fəaliyyəti dövründə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmiş, qəbul etdiyi qərarları ilə hər kəsin Konstitusiyamıza və qanunlara hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə, demokratiyanın və hüquqi mədəniyyətin inkişafına öz dəyərli töhfəsini vermişdir. 

Konstitusiya Məhkəməsi yeri gəldikcə öz qərarlarında Əsas Qanunun mətnində təsbit olunmuş, yaxud onun konsepsiyasından və məzmunundan irəli gələn, hüquqi dövlət ideyalarının, ümumiyyətlə hüquqi fikrin inkişafına, hüquq təcrübəsinin düzgün istiqamətlənməsinə yönəlmiş hüquqi mövqelərini ifadə edir. Məsələn, Məhkəmə 2005-ci il 25 yanvar tarixli Qərarında göstərmişdir ki, məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Hakimlər öz funksiyalarını qanuna uyğun, dəqiq, ağlabatan müddətlərdə, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən həyata keçirməklə, qanunda nəzərdə tutulmayan fərqlər qoymadan işdə iştirak edən bütün şəxslərə hörmət göstərməklə, tərəflərin bərabərliyi və çəkişməsinə əməl etməklə, işlərə hərtərəfli və sübutların əsasında baxaraq hər kəsin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməlidirlər. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmərəliliyinin təminatıdır. 2005-ci il 21 oktyabr tarixli Qərarında isə Konstiutsiya Məhkəməsi qeyd etmişdir ki, insan hüquqlarına dair beynəlxalq hüquqi aktlar üçün ayrı-ayrı hüquqların qanuni şəkildə və demokratik cəmiyyətdə zəruri hallarda məhdudlaşdırılmasına aid müddəalar xarakterikdir. Ümumiyyətlə, yalnız tam, aydın və demokratik cəmiyyətdə zəruri məhdudiyyətlərin qanunla müəyyənləşdirilməsindən sonra insan hüquqlarının səmərəli reallaşdırılması mümkündür. Bu, həm də demokratik nailiyyətlərin qorunmasının əsas təminatıdır. 2008-ci il 8 may tarixli Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir. Bu mövqeyin daha inkişaf etdirildiyi 2008-ci il 13 iyun tarixli Qərarda isə Məhkəmə vurğulamışdır ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. 

Yeri gəlmişkən, müasir dövrdə milli və beynəlxalq hüquq sistemləri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində də Konstitusiya Məhkəməsi mühüm rol oynayır. 

Ədalət mühakiməsi orqanı kimi Konstitusiya Məhkəməsinin fəaliyyətində əsas yeri Konstitusiyanın aliliyinin təmin edilməsi tutur. Bu və ya digər ölkədə Konstitusiyanın hüquqi müdafiəsi mexanizmində konstitusiya ədalət mühakiməsi institutunun rolunu və yerini yalnız milli amilləri və məhkəmə praktikasını nəzərə almaqla müəyyən etmək olar. Lakin danılmaz faktdır ki, hazırda bu institut demokratik hüquqi dövlətin ayrılmaz atributuna, Konstitusiyanın hüquqi müdafiəsi mexanizminin əsas elementinə çevrilmişdir. 

Daha geniş anlamda isə bu gün ölkə həyatını Konstitusiyanın tələblərinə uyğun qurmaq və onun tətbiqini, xüsusilə də ölkə ərazisində ali və birbaşa hüquqi qüvvəsini təmin etmək həm dövlət orqanları, həm də ictimaiyyət qarşısında duran əsas tələblərdən biridir. Məhz Konstitusiya dəyərləri əsasında göstərilən fəaliyyət, ümumi mənafelərin həyata keçirilməsi üçün şəxsiyyət, cəmiyyət və dövlət arasında Konstitusiyanın müəyyən etdiyi çərçivələrdə birgə əməkdaşlıq Əsas Qanunun qarşıya qoyduğu məqsədlərin tam reallaşdırılmasına imkan verəcəkdir. 

Son illər ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən başlanmış və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən, cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən siyasi-hüquqi, sosial-iqtisadi, humanitar-mədəni islahatlar prosesi və artıq əldə olunmuş əhəmiyyətli göstəricilər Azərbaycan Respublikasının parlaq gələcəyinə olan inamı bir daha artırır. Bu islahatlar milli səviyyədə bir çox taleyüklü problemlərin həllinə ciddi imkanlar açmaqla yanaşı, həm də ölkəmizin inkişaf etmiş dünya birliyində layiqli yerini tutması prosesini sürətləndirir, ölkənin beynəlxalq nüfuzunu artırır. 

Fürsətdən istifadə edərək xalqımızı əlamətdar bayram - Konstitusiya Günü münasibətilə səmimi təbrik edir, ölkəmizə xoş rifah və əmin-amanlıq arzulayıram. 

Fərhad Abdullayev 
Azərbaycan Respublikası 
Konstitusiya Məhkəməsinin sədri