ANA SƏHİFƏ » 2009-10-08 Slovakiya Respublikasi Konstitusiya Məhkəməsinin Sədri Azərbaycanda səfərdədir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin dəvəti ilə Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir.

Oktyabrın 6-da qonaqlar və başda sədr Fərhad Abdullayev olmaqla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirmiş, məzarı önünə əklil qoymuşlar. 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülmüşdür. 

Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anmış, “Əbədi məşəl” kompleksinin önünə gül dəstəsi qoymuşlar. 

Şəhərimizin ən yüksək nöqtəsindən paytaxtın mənzərəsini seyr edən qonaqlara Bakıda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir. 

Ölkəmizə səfərinin məqsədi barədə məlumat verən Slovakiya Konstitusiya Məhkəməsinin sədri İvetta Matsejkova demişdir ki, Azərbaycan Konstitusiya Məhkəməsinin sədri ilə müxtəlif beynəlxalq tədbirlərdə, konfranslarda tez-tez görüşür, fikir mübadiləsi aparırıq. Bizi daha çox Azərbaycan Konstitusiya Məhkəməsinin daxil olmuş ərizə və müraciətlər əsasında qəbul etdiyi qərarlar sahəsindəki təcrübəsi maraqlandırır. Azərbaycanlı həmkarımla belə qərara gəlmişik ki, qazanılmış təcrübənin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlər daha faydalı ola bilər. Səfər ərəfəsində mən Azərbaycan Konstitusiya Məhkəməsinin ölkədəki mövqeyini, konkret məsələlərlə bağlı qəbul etdiyi qərarları yaxından öyrənmişəm. Bu sahədə Slovakiya ilə Azərbaycan arasındakı oxşar və fərqli cəhətləri təhlil etmişəm. Sabah Konstitusiya Məhkəməsində keçirəcəyimiz görüşdə də bu məsələləri daha ətraflı müzakirə etməyi nəzərdə tuturuq. 

Azərbaycan haqqında təəssüratlarını bölüşən xanım İvetta Matsejkova bildirmişdir ki, sizin çox gözəl ölkəniz, inkişaf etmiş paytaxtınız, valehedici insanlarınız vardır. Azərbaycanlılar çox mehriban və qonaqpərvər xalqdır. Bildirmək istəyirəm ki, biz sizin aranızda özümüzü çox yaxşı hiss edirik.