ANA SƏHİFƏ » 2007-11-09 Noyabrın 8-də Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları üçün ATƏT-in ekspertinin iştirakı ilə seminar keçirilmişdir

Seminarı Aparatın rəhbəri Arif Zeynalov açaraq tədbirin məqsəd və əhəmiyyətindən, Konstitusiya Məhkəməsinin beynəlxalq məhkəmələrlə, ATƏT-in Bakı ofisi ilə əməkdaşlıq əlaqələrindən danışmışdır. Aparatın rəhbəri qeyd etmişdir ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmuş, dərhal Strasburq Məhkəməsinin yurisdiksiyasını tanımışdır. Konstitusiya Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentinə daim böyük maraq göstərməsi və qərarların qəbulunda həmin məhkəmənin təcrübəsinə istinad etməsi xüsusilə vurğulanmışdır.

ATƏT-in eksperti xanım Anna Cilen seminarda çıxış edərək iştirakçılara Azərbaycana qarşı qəbul olunmuş qərarlar, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 1-ci maddəsinə əsasən məhkəməyə müraciət qaydaları, müdafiə sistemi, qəbul olunmuş qərarlar, Azərbaycandan qaldırılmış iddialar, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə işlərin təqdim edilməsi prosedurları, presedent hüququnun tətbiqi barədə ətraflı məlumat vermişdir.

Xanım A.Cilen seminar iştirakçılarının suallarını cavablandırmışdır.

Seminar çərçivəsində ATƏT-in eksperti Anna Cilen Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ilə görüşmüşdür.

Qonağa Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə ətraflı məlumat verən Fərhad Abdullayev bildirmişdir ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra demokratik və dünyəvi dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar həyata keçirilmişdir.

Konstitusiya Məhkəməsinin ATƏT-in Bakı ofisi ilə sıx əlaqələrini qeyd edən sədr bu qurumla birgə bir sıra tədbirlər həyata keçirəcəyini demişdir.

Avropa Məhkəməsi ilə əlaqələrə böyük önəm verildiyini söyləyən F.Abdullayev vurğulamışdır ki, ölkəmizdə genişmiqyaslı məhkəmə hüquq islahatları aparılır, Azərbaycanın Konstitusiya Məhkəməsi beynəlxalq məhkəmələrlə əlaqələrin, həmçinin inkişaf etmiş ölkələrin konstitusiya məhkəmələri ilə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir.

Xanım Anna Cilen ətraflı məlumata görə təşəkkür edərək, Konstitusiya Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və digər məhkəmələrlə əlaqələrini, onların təcrübəsini öyrənməsini, ölkəmizin əsas beynəlxalq konvensiyalara qoşulmasını yüksək qiymətləndirmiş və Azərbaycanın Konstitusiya Məhkəməsinin qərarların qəbulu zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasından da istifadə etməsi haqqında məlumatı olduğu bildirmişdir. O, bunun çox gözəl fakt olmağını, bu işin getdikcə genişləndirilməsini, qarşılıqlı əlaqələrin hamı üçün faydalı olmasını söyləmişdir.

F.Abdullayev qonağı maraqlandıran sualları cavablandırmış, ona xatirə hədiyyəsi, Konstitusiya Məhkəməsinin fəaliyyətinə dair Azərbaycan, ingilis və rus dillərində çap olunmuş kitab vermişdir.