ANA SƏHİFƏ » 2019-05-23 Konstitusiya Məhkəməsində Rusiyanın Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib

Ölkəmizdə səfərdə olan Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Rusiya Federasiyası Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, akademik Taliya Xabriyevanın başçılıq etdiyi nümayəndə heyəti ilə mayın 23-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib.

Görüşdə nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu bildirən Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev səfər çərçivəsində keçirilən səmərəli görüşlərin ölkələrimiz arasında elm sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verən Fərhad Abdullayev bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasından dərhal sonra məhkəmə-hüquq sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsinə başlanılıb. Konstitusiyanın qəbulundan üç il sonra - 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi formalaşdırılıb və bu sahədə mütərəqqi beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətə başlayıb.

Sədr vurğulayıb ki, Konstitusiya Məhkəməsi fəaliyyətində ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin prioritetini - “hər şey xalq üçün, hər şey insanlar üçün” prinsipini əsas götürərək Konstitusiya Məhkəməsinə vətəndaşlar tərəfindən verilən şikayətlərə, digər müraciətlərə xüsusi diqqətlə yanaşır.

Nümayəndə heyətinin rəhbəri, Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru Taliya Xabriyeva bu görüşün böyük önəm daşıdığını deyib. Qonaq ölkələrimiz arasında hüquqi sahədə təcrübə mübadiləsinin vacibliyini qeyd edərək, eləcə də elm sahəsində mövcud olan ənənəvi əlaqələrin əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı əsas olduğunu bildirdi. Taliya Xabriyeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ilə yaxın günlərdə keçirilən görüşü xatırladaraq xoş təəssüratlarından danışıb.

Rusiya Federasiyası Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun fəaliyyəti barədə ətraflı məlumat verən qonaq ölkələrimizin Konstitusiya sistemlərində oxşarlığın olduğunu diqqətə çatdırıb. Yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevə minnətdarlığını ifadə edən qonaqlar Azərbaycanın sürətli inkişafından və ölkəmizin gözəlliyindən məmnunluqlarını bildiriblər.

Sədr Fərhad Abdullayev Rusiya elminin son illər əldə etdiyi nailiyyətlərə toxunaraq, ölkələrimiz arasında elm sahəsində münasibətlərin uğurlu inkişafı, əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Görüşdən sonra qonaqlar Konstitusiya Məhkəməsinin inzibati binası ilə tanış olublar.