ANA SƏHİFƏ » 2019-01-28 Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Strasburq şəhərində səfərdə olub

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Quido Raimondinin dəvəti ilə yanvarın 23-dən 26-dək “Məhkəmə hakimiyyətinə etimadın gücləndirilməsi” mövzusunda keçirilmiş beynəlxalq məhkəmə-hüquq seminarında, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2019-cu il məhkəmə ilinin açılışına həsr edilmiş rəsmi tədbirlərdə iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdə olub.

Tədbirdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə milli yuxarı məhkəmələr arasında əlaqələr, Avropa Məhkəməsinin presedent hüququnun milli məhkəmələr tərəfindən tətbiqinə dair və digər məsələlər ətrafında çıxışlar edilib, fikir mübadiləsi aparılıb.

Səfər zamanı bir sıra Avropa ölkələrinin Konstitusiya Məhkəmələrinin sədrləri və Avropa Məhkəməsinin hakimləri ilə görüşlər keçirilib, qarşılıqlı məhkəmə hüquq əməkdaşlığının praktiki məsələləri müzakirə edilib.