ANA SƏHİFƏ » 2018-11-06 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qanunvericiliyin şərhinə dair bəzi qərarlarının obyektiv şəkildə anlaşılması ilə bağlı qeydlər

Məlum olduğu kimi, 2018-ci ilin may ayında Bakı Apellyasiya Məhkəməsi konkret mülki mübahisəyə əsasən xarici valyutada verilmiş kredit öhdəliyi kontekstində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin rəsmi şəkildə şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Mülki Məcəllənin qeyd olunan maddəsində müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verməsi nəzərdə tutulmuşdur. Bakı Apelyasiya Məhkəməsi milli valyuta məzənnəsinin dəyişməsi kontekstində bu maddənin rəsmi şəkildə şərh edilməsi ilə bağlı məsələ qaldırmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətə baxarkən müvafiq  qanunvericiliyi, eyni zamanda milli qanunvericilikdə əks etdirilən beynəlxalq müqavilələri diqqətlə təhlil etmişdir. Qeyd etmək lazımdır ki, müasir dövrdə iqtisadi qloballaşma, elmi-texniki əməkdaşlıq, dünya siyasi hadisələri iqtisadi sanksiyalara səbəb olur, bazar iqtisadiyyatı zəncirvari inkişaf edir, böyümə mərhələləri, inflyasiya sıçrayışları, mübadilə çöküşləri, iqtisadi tənəzzül devalvasiya ilə nəticələnir. Hər kəs bu şəraitdə dərk etməlidir ki, müqavilə üzrə götürulən öhdəliklərin icrasının iqtisadi turbulent dövrə təsadüf etməyəcəyinə heç bir zəmanət yoxdur. Demək olar ki, hər gün qonşu dövlətlərdə milli valyutanın devalvasiyası haqqında xəbərlər eşidirik. İnflyasiya və devalvasiya prosesleri elə bir haldır ki, onları əvvəlcədən görmək mümkün deyil.

"Mərkəzi Bank haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, manatın məzənnəsi xarici valyutaya qarşı vaxtaşırı tənzimlənir.

Konstitusiya Məhkəməsinin Plenumu tam əsaslı şəkildə Mülki Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan müqavilənin dəyişdirilməsi üçün əsasların olmaması qənaətinə gəlmişdir. Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, tərəflər arasında razılaşdırılmış şərtlər əsasında bağlanmış kredit müqaviləsi könüllü qəbul olunur.

Borc alanlar müqavilənin bağlanmasından imtina etmək və digər kredit təşkilatına müraciət etmək imkanlarından məhrum deyildir.

Müqavilə azadlığı prinsipi tərəflərin  könüllü şəkildə üzərinə götürdüyü əqdlər üzrə öhdəliklərin icrasından birtərəfli imtina mümkünlüyünü nəzərdə tutmur.

Bir tərəfin bu və ya digər xarici valyutada borc faydalılığı, tərəflərin valyuta  məzənnəsinin dəyişməsini qabaqcadan görməməsi öz-özlüyündə yanlış ehtimal sayılır.

Bundan əlavə, müqaviləyə müvafiq dəyişikliklər edilməsi, yəni kredit məbləğinin daha aşağı məzənnə ilə ödənilməsi kredit məbləğinin tam ödənilməməsi deməkdir ki, bu da kreditorun mülkiyyət hüquqlarını pozur.

Konstitusiya Məhkəməsi işə baxarkən vətəndaşların maraqlarını və bankların mənafelərini qarşı-qarşıya qoymamış və hüquqi dilemmanı öyrənmişdir.

Ayrı-ayrı şəxslərin  qarşıdurma təfsirinin haradan qaynaqlanması məlum deyil. Bank-vətəndaş? Bank nəyə deyilir? Sadə dildə desək, banklar - resursu olan vasitəçilərdir. Bank əmanətləri isə əmanətçilərin mülkiyyətidir.

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin II hissəsinə və 59-cu maddəsinə əsasən, dövlət, özəl və bələdiyyə mülkiyyəti eyni dərəcədə qorunur və mülkiyyətin toxunulmazlığı tanınır, hər kəs  öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək, azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Məhz  bu müddəalara əsaslanaraq, Konstitusiya Məhkəməsinin Plenumu 24 dekabr 2014-cü il və 14 may 2015-ci il tarixli qərarlar qəbul etmişdir. Həmçinin, çətin vəziyyətdə olan əhalinin maraqlarını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu  14 may 2015-ci il tarixli Qərarının nəticəvi hissəsində qeyd etmişdir ki, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin.

Qeyd olunan 7 sentyabr 2018-ci il tarixli Qərarda Məhkəmə  əhalinin maraqlarını nəzərə almaqla müqavilənin şərtlərinə banklar tərəfindən yenidən baxılmasını təkidlə tövsiyə etmişdir. Bəzi mübahisələrin həllində məqsədə uyğunluq prinsipi qanunun göstərişi ilə tam üst-üstə düşür. Maliyyə böhranı obyektiv amildir, böhran şəraitinə bütün fəaliyyət göstərən subyektlər cəlb olunurlar.

Borcalan müqaviləyə görə, xarici valyutaya bərabər ödənilməli olan məbləğlə razılaşarsa, o şüurlu şəkildə valyuta məzənnəsinin artırılması və ya azaldılması üçün iqtisadi riskləri üzərinə götürmüş olur.

Məhkəmə qərarı ilə müqavilənin dəyişdirilməsinə müstəsna hallarda o zaman yol verilir ki, müqavilənin pozulması ictimai maraqlara zidd və ya dəymiş ziyan tərəflər üçün zərərə səbəb olduqda, məhkəmənin qərarı müqavilənin icrası üçün zəruri olan xərcləri xeyli üstələmiş olsun.

Müqavilə azadlığı prinsipinin məhdudlaşdırılmasına məhkəmələrin cəlb olunması, iqtisadi proseslərin mövcud hallara söykənməsinin etiraf edilməsi, ümumilikdə müqavilə münasibətlərinin pozulmasına təhlükə yaradır. Kəskin surətdə artan məhkəmə iddialarının qarşısını almaq mümkün olmayacaq. Hər bir “əlverişli” halda, Mülki Məcəllənin 422-ci maddəsi ilə bağlı məhkəməyə müraciət olunacaq. Həqiqətən də, dünya miqyasında qeyri-sabitlik müasir iqtisadiyyatın permanent vəziyyətinə çevrilmişdir.

Bəli, müəyyən hallarda, inflyasiya və məzənnənin dəyişməsi, müqavilənin ağırlaşması tərəflərdən biri üçün ədalətsiz görünür, bu zaman maraqların balansının bərpasına köməklik etmək arzusu yaranır. Amma təəssüf ki, hüququ emosional istəklərlə deyil, hüquqi, sosial və siyasi nəticələrə əsaslanaraq formalaşdırmaq lazımdır.

Konstitusiya ədalət mühakiməsinin müasir dünya praktikasında bir sıra nümunələri vardır ki, konstitusiya nəzarəti orqanı maliyyə-iqtisadi aspektləri nəzərə almadan sosial məsələlər üzrə qərarlar qəbul etmişdir ki, bu qərarların da hüquqi maneələrə və praktiki olaraq icrasının mümkünsüz olmasına gətirib çıxarırdı.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qəbul etdiyi qərarlarda mümkün riskləri, hüquqi və iqtisadi-maliyyə nəticələrini qabaqcadan nəzərə almağa çalışır.

Bizə elə gəlir ki, vətəndaşlar banklara müqavilə şərtlərinin dəyişdirilməsi, borcunun restrukturlaşdırılması xahişi ilə müraciət etməlidirlər. Qeyd olunduğu kimi, Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında banklara tam şəkildə aydınlıq gətirdi ki, onlar maliyyə imkanları daxilində, milli valyutada kurs dəyişikliklərini nəzərə alıb, xarici valyutada kredit götürən borcalanlara yardım göstərsinlər. Müzakirə olunan qərarda göstərildiyi kimi, gələcəkdə bağlanacaq müqavilələri diqqətlə oxumaq, mövcud riskləri qiymətləndirmək, xarici valyutanın məzənnəsinin qalxması, tərəflər üçün müqavilə üzrə öhdəlikləri yerinə yetirməkdən azad edən hal sayılması imkan daxilində müqaviləyə şərt kimi daxil olmalıdır. Müqavilənin şərtlərinin mətnini diqqətlə nəzərdən keçirmək lazımdır.

Biz hamımız dünyada güclü maliyyə-iqtisadi böhranın şahidi olduq. Hətta iqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələr hələ də onun təsirini hiss edirlər.

Azərbaycan - beynəlxalq iqtisadi və maliyyə sisteminə inteqrasiya olmuş müasir dövlətdir. Cəmiyyətimiz hansısa bir məqamda böhran burulğanının təsirindən yan keçməmişdir. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz iqtisadi böhranın dərin nəticələrinin qısa müddətdə qarşısını almış və gələcək inkişaf kursuna davam etmişdir.

Yaradılması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olan Konstitusiya Məhkəməsi 20 illik fəaliyyəti dövründə məhkəmə-hüquq sisteminin ayrılmaz hissəsi olmuşdur.

Ali dövlət hakimiyyəti orqanı olan Konstitusiya Məhkəməsi daşıdığı məsuliyyəti anlayaraq, qəbul etdiyi qərarlarda hüquqi münasibətlərin praktiki olaraq bütün sahələrini əhatə edir və bu onların inkişaf vektoruna qaçılmaz təsir edə bilər. Ötən dövr ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul olunmuş 382 qərar əyani şəkildə göstərir ki, onların qəbul edilməsi üçün yeganə əsas ölkə Konstitusiyasının aliliyini təmin etmək olmuşdur.

  

Rauf Quliyev

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin

Aparat rəhbəri 

 

 

Humay Əfəndiyeva

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin

Aparatının şöbə müdiri