ANA SƏHİFƏ » 2018-05-22 Konstitusiya Məhkəməsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər keçirib

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

Ümummilli lider Heydər Əliyev  milli hökumətin dövlətçilik tariximizdə tutduğu yerə xüsusi qiymət verərək bildirmişdi: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biridir”.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun həyata keçirdiyi tədbirlərə yüksək qiymət verən ulu öndər Heydər Əliyev Cümhuriyyətin dərslərindən də nəticə çıxarmağı tövsiyə edərək qeyd etmişdi: “1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin həyatında olmuş çəkişmələr, hakimiyyət mübarizəsi və şəxsi mənafeyinə görə ümummilli mənafeyə zərbələr vurulması acı həqiqətdir. Biz keçmişimizdən ibrət götürməliyik, keçmişimizin zərərli tərəflərinin yenidən cücərməsinə yol verməməliyik”.

1993-cü ilin kəşməkeşli iyun ayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyəti qurucularının  müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, möhkəm dövlətçilik təsisatlarının siyasi, hüquqi, iqtisadi  bünövrəsini qoydu, ölkəni parçalanmadan və müstəqilliyimizi itirilmə təhlükəsindən qorudu. Möhkəm təməllər üzərində qurulan Azərbaycan Respublikası artıq dünyanın önəmli və müasir ölkələrindən birinə çevrilərək dünya birliyində öz layiqli yerini tutub.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlər xalqımızın tarixi-hüquqi yaddaşını özünə qaytardı, müstəqil dövlətçilik ənənələrinin inkişafına təkan verdi. Bu dövr Azərbaycan dövlətinin qurulması ilə yanaşı, ölkədə demokratiyanın inkişafı, insan haqlarının qorunması, siyasi-iqtisadi və sosial islahatların reallaşdırılması ilə əlamətdardır.

Mayın 21-də Konstitusiya Məhkəməsinin kollektivinə, Sədr və hakimlərlə birlikdə olmaqla Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkilən Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun  rəhbərliyi ilə  Paris Sülh Konfrasına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” adlı film “Cinema Plus” kinoteatrında nümayiş etdirilmişdir. Yaradıcı heyət filmin hazırlanması üçün bir il yarım müddətində BakıTbilisi, MoskvaSankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb.

Sonra isə Məhkəmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə iclas keçirilmişdir.

Tədbiri açan Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev 100 il bundan əvvəl 28 may tarixində müsəlman Şərqində yaradılmış ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən və Cümhuriyyət rəhbərlərinin xidmətlərindən söhbət açıb.

Sədr Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olduğunu, həmin tarixin hər il Respublika Günü kimi təntənə ilə qeyd edildiyini, Azərbaycan tarixində ilk parlament  respublikası olan Xalq Cümhuriyyətinin həm də bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğunu diqqətə çatdırıb.

Fərhad Abdullayev Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan xalqının müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadir olduğunu sübut etdiyini bildirib. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhiriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli və dini bərabərsizliyi ortadan qaldırdı. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Sədr qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta  uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.

İclasda bildirilmişdir ki, Azərbaycan xalqı müstəqilliyinin bərpasına nail olarkən, müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qalmış və Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etmişdir.              

Sədr ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini, onun siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək, 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin və bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsinin 28 may tarixinə göstərilən diqqətin bariz təzahürü olduğunu bildirib. Həmçinin, 2017-ci il may ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi və bununla bağlı bir sıra tədbirlərin həyata keçirilməsi məqsədilə Sərəncam imzalamışdır. Hər il dövlət başçısı tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinə hörmət əlaməti olaraq  “28 may” memorialının qarşısına əklil qoyulur.