ANA SƏHİFƏ » 2017-11-24 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndələri Cocuq Mərcanlıya səfər etmişlər

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda 2016-cı ilin aprel döyüşləri ölkəmizin tarixində xalqımızın, ordumuzun parlaq qələbəsi kimi yer tutur. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızın bir hissəsini erməni əsgərlərindən azad edərək, zəbt olunmuş bütün torpaqlarımızı çox qısa zaman ərzində azad etməyə hazır olduqlarını bütün dünyaya sübut etdilər. Üzərində dövlətimizin suverenliyi bərpa edilən bir sıra yaşayış məntəqələrindən biri də Cəbrayıl rayonu, Cocuq Mərcanlı qəsəbəsi olub. 

İşğalçı ordudan təmizlənmiş yaşayış qəsəbəsi bütün cəmiyyətimizə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə qürur hissi bəxş etdi.

Məhz bu hisslərlə yerli əhaliyə öz dəstək və qayğısını çatdırmaq üçün noyabrın 24-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakim və Aparatın əməkdaşlarından ibarət nümayəndə heyəti Cocuq Mərcanlıya səfər etmişdir.

Səfərdən öncə Konstitusiya Məhkəməsində keçirilən iclasda Sədr Fərhad Abdullayev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qarşısında qoyulan bütün vəzifələri yerinə yetirməyə qadir olan müasir Azərbaycan ordusu yaradılıb. 

Sədr Dövlət Başçısının rəhbərliyi ilə respublikamızın Əsas Qanunu – Konstitusiyanın hüquqi qüvvəsinin Azərbaycanın bütün ərazisində tezliklə bərpa olunacağına əmin olduğunu xüsusilə vurğulamışdır. İclasın sonunda Cəbrayıl rayoununun əhalisinə müraciət hazırlayıb, Cocuq Mərcanlı qəsəbəsinə Kostitusiya Məhkəməsinin nümayəndələrinin yola düşməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı qəsəbəsinə səfər edən Konstitusiya Məhkəməsinin kollektivi əvvəlcə Füzuli və Cəbrayıl rayonlarının rəhbərliyi ilə birgə Horadiz şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar. Sonra “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib.

Daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı tam orta məktəbinin kollektivi və sakinlərlə görüş keçirilib. Qonaqlar sinif otaqlarını, fənn kabinetlərini gəzib, müəllim və şagirdlərlə həmsöhbət olublar.

Məhkəmənin hakimi Ceyhun Qaracayev işğaldan azad olunmuş torpaqlara gəldikləri üçün böyük qürur hissi keçirdiyini bildirib. Diqqətə çatdırılıb ki, düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı Prezident İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrilib.

Məhkəmənin Aparat rəhbərinin müavini Səbinə Əliyeva dövlətimiz tərəfindən məktəbdə hər cür şərait yaradıldığını, təhsil ocağının bütün zəruri avadanlıqlarla təmin olunduğunu, bununla belə, Konstitusiya Məhkəməsi kollektivi adından da hədiyyələr gətirildiyini bildirib.

Sonra təhsil ocağına hədiyyələr təqdim olunub.

Məktəbin direktoru Zamin Həziyev qəsəbəyə gəldiklərinə, sakinlərə mənəvi dəstək olduqlarına görə Konstitusiya Məhkəməsinin kollektivinə minnətdarlığını ifadə edib.

Qonaqlar Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə də gəlib, şəhidlərin ruhuna dua oxuyublar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Əlizadə Nəcəfov və Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə Cocuq Mərcanlı qəsəbəsinin yenidən qurulmasını və sakinlərin 24 ildən sonra doğma yurdlarına qayıtmasının Böyük Qayıdışın başlanğıcı olduğunu diqqətə çatdırıb, bütün məcburi köçkünlərin ata-baba torpaqlarına qayıdacaqlarına əminliklərini bildiriblər.

Görüşlərin sonunda Konstitusiya Məhkəməsinin Sədrinin Cəbrayıl rayonunun azad olunmuş torpaqlarında yaşayan soydaşlarımıza ünvanlanmış müraciəti təqdim edilib.