ANA SƏHİFƏ » 2017-06-14 Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Konstitusiya Məhkəməsində olublar

İyunun 13-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predan və Stefan Şennak ilə görüşüb.

Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyətindən danışan F.Abdullayev bildirib ki, 1998-ci ildə fəaliyyətə başladığı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hələ ilk dövrlərdə, hətta Azərbaycan Avropa Şurasına üzv olmazdan əvvəl belə öz qərarlarında İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasından istifadə edərək onlara istinad edib. 2002-ci ildə Azərbaycanda keçirilən referendum nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilib, ombudsmanın, ümumi məhkəmələrin və şəxslərin Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ təsbit olunub. Konstitusiya Məhkəməsinin Plenumu bu günə kimi qəbul etmiş 350 qərarı müxtəlif hüquq sahələrinə aiddir və Azərbaycan ərazisində mütləq hüquqi qüvvəyə malikdir.

Konstitusiya Məhkəməsinin Sədri xüsusilə vurğulayıb ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan Respublikasının qanunvericiliyi və Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilən qərarların tətbiqi qeyri-münkündür və həmin ərazilərdə separatçılar tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq qeyri-ligitim məhkəmələr yaradılıb.

F.Abdullayev qonaqlara Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlər, habelə keçən dövr ərzində Plenum tərəfindən qəbul edilmiş qərarların mahiyyəti haqqında məlumat verib.

F.Abdullayev vurğulayıb ki, Konstitusiya Məhkəməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasını diqqətlə izləyir və  Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilən qərarların əksəriyyətində Strasburq Məhkəməsinin presedent hüququna istinadlar edilir.

Qonaqlar ətraflı məlumata görə minnətdarlıq edərək Konstitusiya Məhkəməsinin icraatında olan işlər, şikayətlərinə baxılması qaydası ilə maraqlanıblar. Onlar, həmçinin 2016-cı il sentyabrın 26-da keçirilmiş ümümxalq səsvermə-referendum nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş dəyişikliklər və əlavələr  barədə suallar veriblər.

Konstitusiya Məhkəməsinin sədri sualları ətraflı cavablandıraraq konstitusion hüquqların təmin olunmasının əhəmiyyətini qeyd edib, bu sahədə insan hüquq və azadlıqların müdafiəsi sahəsində konstitusiya təminatlarından toxunub.

Görüşdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.