ANA SƏHİFƏ » 2017-02-24 Xocalı faciəsinin soyqırımı olmasını beynəlxalq hüquq normaları da təsdiqləyir

 

Xocalıda azərbaycanlılara qarşı düşmən erməni silahlı dəstələrinin həyata keçirdiyi kütləvi qırğının soyqırımı olmasını beynəlxalq hüquq normaları da təsdiqləyir. Bu faciə tarix boyu yaddaşlardan silinməyəcək və bu qətliamı törədənlər layiqli cəzalarını alacaqlar.

Bu fikirlər Azərbaycanın ən yaxın tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 23-də Konstitusiya Məhkəməsində keçirilən anım mərasimində səslənib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ötən 25 il ərzində xalqımızın bu faciəni hər il böyük kədər hissi ilə andığını qeyd edib və Xocalıda baş verən dəhşətlərin bütün dünyaya çatdırılması istiqamətində görülən işlərdən danışıb.

Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixdə Azərbaycan xalqına qarşı ən dəhşətli və qanlı faciə - Xocalı soyqırımı törədilib. Həmin gecə Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə-yeksan edilib. Dinc əhaliyə amansız divan tutulub, 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl və qocalar olub.

Sədr Fərhad Abdullayev Xocalı soyqırımının erməni şovinistlərinin azərbaycanlılara qarşı XIX-XX əsrlərdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. O, Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini diqqətə çatdırıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider bu soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atıb. BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini çatdıraraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.

F.Abdullayev Xocalı soyqırımının və ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə sistemli iş aparıldığını vurğulayıb. Bildirib ki, 2012-ci ildə faciənin iyirminci ildönümü ilə əlaqədar Bakıda on minlərlə insanın iştirakı ilə keçirilən ümumxalq yürüşü və dünyanın müxtəlif ölkələrində çoxsaylı tədbirlərin təşkili bu soyqırımının tanıdılması istiqamətində işlərin dövlət səviyyəsində uğurla həyata keçirilməsindən xəbər verir. Prezident İlham Əliyev faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsini, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsini həmişə diqqət mərkəzində saxlayır.

Konstitusiya Məhkəməsinin sədri diqqətə çatdırıb ki, Azərbaycanın yürütdüyü məqsədyönlü siyasət nəticəsində artıq dünya birliyi Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırımı barəsində məlumatlıdır. Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondu mühüm layihələr həyata keçirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu sahədəki misilsiz xidmətləri xüsusi vurğulanmalıdır. Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğınla bağlı bir sıra ölkələrdə silsilə tədbirlər keçirilib, anım mərasimləri təşkil olunub. Məhz bu uğurlu fəaliyyət nəticəsində hazırda dünyanın bir sıra ölkələri, ABŞ-ın 20-dən çox ştatı, həmçinin bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Bu səylərin nəticəsində artıq dünya ictimaiyyəti Xocalı faciəsi, torpaqlarımızın zəbt edilməsi ilə bağlı daha çox məlumatlıdır.

F.Abdullayev Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, məhz Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayıb. Bu kampaniya çərçivəsində hər il yüzdən çox ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çəkilən və bir çox beynəlxalq mükafata layiq görülmüş “Sonsuz dəhliz” (Endless Corridor) sənədli filminin müxtəlif ölkələrdə nümayiş etdirilməsi Xocalı soyqırımı ilə bağlı həqiqətlərin tanınması baxımından böyük əhəmiyyət kəsb edir.

Anım tədbirində həmçinin Konstitusiya Məhkəməsi Aparatının əməkdaşlarının məruzələri dinlənilib.

Məruzələrdə Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərdən biri olaraq Xocalını seçməsinin heç də təsadüfi olmadığı vurğulanıb. Qeyd olunub ki, bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir. Xocalı soyqırımının törədilməsinə görə bilavasitə Ermənistanın hazırkı rəhbərliyi məsuliyyət daşıyır.

Anım tədbirinə yekun vuran F.Abdullayev deyib ki, hər bir azərbaycanlı Xocalı soyqırımı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün səylərini artırmalıdır. Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşıdır. Xocalı soyqırımının tanınması istiqamətində əldə olunan nəticələr deməyə əsas verir ki, bu faciəni törədənlər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər. Buna görə də dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşməli, onun apardığı siyasətə dəstək olmalı, ölkəmizin haqq səsini dünyaya yaymaq istiqamətində çalışmalıyıq.

Konstitusiya Məhkəməsinin sədri bildirib ki, aprel döyüşləri zamanı torpaqlarımızın bir qisminin işğaldan azad edilməsi, Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı Sərəncam, azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmaları istiqamətində görülən işlər xalqımızın böyük qayıdış gününün uzaqda olmadığına inamını daha da gücləndirir.

Anım mərasimində Xocalı soyqırımı ilə bağlı AZƏRTAC-ın hazırladığı sənədli film nümayiş olunub.