ANA SƏHİFƏ » 2016-09-28 Səfir İsmail Alper Coşkunun Azərbaycandakı diplomatik fəaliyyəti yüksək qiymətləndirilib

​Sentyabrın 28-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyənin ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri İsmail Alper Coşkunu qəbul edib.

Dost və qardaş ölkənin səfiri İsmail Alper Coşkunu səmimi salamlayan Fərhad Abdullayev diplomatın Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafındakı xidmətlərini xüsusi qeyd edib. Ölkələrimiz arasında məhkəmə-hüquq sahəsində əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini söyləyən Fərhad Abdullayev bu münasibətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyləri ilə xalqlarımızın ümumi milli mənafelərinə uyğun olaraq daha da möhkəmləndiyini vurğulayıb. Türkiyənin bu ilin iyulunda baş vermiş dövlət çevrilişinə cəhdin qarşısını qətiyyətlə alaraq, demokratiya yolu ilə uğurla irəlilədiyini söyləyib.

Sədr bildirib ki, Azərbaycanın Konstitusiya Məhkəməsi Türkiyənin yüksək məhkəmə orqanları ilə həm ikitərəfli qaydada, həm də üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir, qarşılıqlı təcrübə mübadiləsi aparılır.

Fərhad Abdullayev iki ölkə arasında hüquqi sahədə qarşılıqlı fəaliyyətin daha da intensivləşdiyini, Türkiyənin ali və konstitusiya məhkəmələri, ədliyyə və prokurorluq orqanlarının rəhbərlərinin Azərbaycana məhsuldar səfərlərini, ölkəmizdə, o cümlədən Konstitusiya Məhkəməsində keçirilən səmərəli görüşləri xatırladıb, əlaqələrimizin inkişafında səfir İsmail Alper Coşkunun xidmətlərini vurğulayıb. Türkiyəyə səfərləri və müxtəlif tədbirlər çərçivəsində keçirdiyi məhsuldar görüşləri xatırladan Konstitusiya Məhkəməsinin sədri qardaş ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini məmnunluqla diqqətə çatdırıb. Bu qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha bir göstəricisi olduğunu, məhkəmə-hüquq sahəsində münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Səfirə gələcək işlərində uğurlar arzulayan F.Abdullayev bildirib ki, uğurlu diplomatik missiyası dövründə İsmail Alper Coşkun Türkiyənin və Azərbaycanın Konstitusiya Məhkəmələri arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə böyük səy göstərib.

Diplomatik fəaliyyəti dövründə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etməsinə çalışdığını deyən İsmail Alper Coşkun əlaqələrin bütün sahələrdə bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Bu dövrdə həm Türkiyəyə, həm də Azərbaycana xidmət etdiyini, burada yeni təcrübə qazandığını vurğulayan İsmail Alper Coşkun dost, qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə çatmasından məmnunluq duyduğunu bildirib və qeyd edib ki, Azərbaycandakı diplomatik fəaliyyətindən qürur duyur və bu qardaş ölkəyə sevgi qəlbində daim yaşayacaq.

Qarşılıqlı səfərlərin əhəmiyyətindən danışan İsmail Alper Coşkun ötən müddətdə, həmçinin Azərbaycanın Konstitusiya Məhkəməsi ilə faydalı əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.

Azərbaycanın dinamik inkişafının şahidi olduğunu da diqqətə çatdıran diplomat ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladıb. İsmail Alper Coşkun diqqətə çatdırıb ki, xalqlarımız üzləşdiyi bütün məsələlərdə bir-birinə hərtərəfli dəstək verirlər. Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycan xalqının və Prezident İlham Əliyevin belə bir çətin məqamda qardaş ölkənin yanında olması dostluq və qardaşlığımızın daha bir əyani təzahürüdür. Fərhad Abdullayev Azərbaycan və Türkiyə arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsində göstərdiyi səylərə görə səfirə bir daha təşəkkürünü bildirib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

İsmail Alper Coşkun, həmçinin Konstitusiya Məhkəməsi ilə səfirliyin səmərəli qarşılıqlı fəaliyyətinə imkan yaradıldığına görə minnətdarlığını bildirib, Azərbaycandan xoş təəssüratla ayrıldığını söyləyib.

Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.​