ANA SƏHİFƏ » 2016-06-13 Konstitusiya Məhkəməsinin sədri Qırğızıstanda beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Qırğız Respublikası Konstitusiya Palatasının sədri Mukambet Qasıməliyevin dəvəti ilə “Konstitusiya nəzarəti orqanlarının yeri və əhəmiyyəti və dövlət orqanları arasında nəzarət və tarazlıq sisteminin səmərəli fəaliyyəti” mövzusunda keçirilmiş Beynəlxalq konfransda iştirak etmək üçün iyunun 9-10-da Qırğızıstanda səfərdə olub.

Tədbirdə Qırğız Respublikası Prezidentinin Aparatı, Nazirlər Kabineti və digər ali dövlət orqanları, habelə Türkiyə, Rusiya, Bolqarıstan, Latviya, Litva, Ukrayna, Rumıniya, Tailand, İndoneziya, Özbəkistan və digər ölkələrin Konstitusiya məhkəmələrinin sədrləri və hakimləri iştirak ediblər.

Konfransın açılışında Qırğızıstan Prezidenti Almazbek Atambayevin tədbir iştirakçılarına ünvanlanmış məktubu oxunub.

İştirakçılar konstitusiya ədalət mühakiməsinin yeni meyilləri, məhkəmə qərarlarının ədalətliliyi, vətəndaşların məhkəməyə müraciət etmək hüququ, Konstitusiya Məhkəməsinin digər dövlət orqanları ilə işbirliyi məsələləri ətrafında müzakirələr aparıblar.

Konfransda sədr Fərhad Abdullayev Azərbaycan Respublikasında qanunun aliliyinin təmin olunmasında konstitusiya ədliyyəsinin rolu haqqında geniş məruzə ilə çıxış edib.

Tədbir çərçivəsində digər ölkələrdən olan iştirakçılarla Asiya konstitusiya nəzarəti orqanlarının növbəti konfransının xüsusiyyətləri, mövzu və hüquq məsələləri müzakirə edilib.

Konfransdan sonra Qırğız Respublikası Konstitusiya Palatasının sədri, hakimləri və Aparatın rəhbərliyi ilə görüşlər keçirilib, konstitusiya ədalət mühakiməsi məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.