ANA SƏHİFƏ » 2016-06-01 Azərbaycan Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Buxarestdə beynəlxalq konfransda iştirak ediblər

  

Rumıniya Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə 31 may və 1 iyun 2016-cı il tarixlərində Buxarest şəhərində hakim köməkçilərinin, müşavirlərinin, katiblərinin fikir və təcrübə mübadiləsi aparmaları məqsədilə “Konstitusiya məhkəmələrinin ədalət mühakiməsinin həyata keçirilməsində hakim köməkçilərinin rolu” mövzusunda elmi sessiya şəklində Beynəlxalq Konfrans keçirilmişdir.

Həmin tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Aparat rəhbərinin müavini Səbinə Əliyeva və Aparatın Cinayət və inzibati hüquq şöbəsinin müdiri Humay Əfəndiyeva təmsil etmişdilər.

Konfransa 27 ölkənin Konstitusiya Məhkəmələrinin və eləcə də Avropa İttifaqı və Avropa Şurası Venesiya Komissiyasının nümayəndələri qatılıblar. İki gün keçən tədbirdə qeyd olunan mövzu ətrafında xeyli sayda məruzələr dinlənildi və müzakirələr aparıldı.

Azərbaycan Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva "Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində Konstitusiya Məhkəməsi Aparatının fəaliyyəti" mövzusunda çıxış edib. O, çıxışında Azərbaycanda Konstitusiya Məhkəməsinin yarandığı müddətdən bəri keçdiyi inkişaf yoluna nəzər salıb, onun fəaliyyəti haqqında konfrans iştirakçılarına daha ətraflı məlumat verib. 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti, həmçinin Konfransda təmsil olunan bir sıra ölkələrin Konstitusiya Məhkəmələrinin nümayəndələri ilə hüquqi əməkdaşlıq məsələləri müzakirə etmiş, fikir mübadiləsi aparmışdılar.