ANA SƏHİFƏ » 2016-05-26 Türkiyə Konstitusiya Məhkəməsinin sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bakıda səfərdə olan Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın başcılıq etdiyi nümayəndə heyəti mayın 25-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsi ziyarət olunub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib, önünə əklil qoyub.