ANA SƏHİFƏ » 2016-05-05 Konstitusiya Məhkəməsində ümummilli lider Heydər Əliyevə həsr olunan hüquq elmi-nəzəri konfransı keçirilib

Mayın 5-də Konstitusiya Məhkəməsində İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birlikdə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Hüquq elminin müasir problemləri: Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin yeni meyilləri” mövzusunda VI hüquq elmi-nəzəri konfransı keçirilib.

Konfransın açılışında çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirin müvafiq qurumlar arasında səmərəli əməkdaşlığın aparılması, təcrübə mübadiləsinin genişləndirilməsi və Azərbaycanda fəaliyyət göstərən çoxsaylı təsisatlar və hüquq nəzəriyyəçiləri üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycanın memarı və qurucusu olduğunu vurğulayan F.Abdullayev ölkəmizin keçdiyi inkişaf yolunun, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin məhz Əsas Qanuna – Konstitusiyaya söykəndiyini diqqətə çatdırıb. Konstitusiya Məhkəməsinin sədri Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə yaradılmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə dövlətçiliyin inkişafı, hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynadığını bildirib.

Fərhad Abdullayev Konstitusiyanın Azərbaycanın hüquqi inkişaf və müasir dövlət quruculuğu prosesində əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq, Konstitusiya Məhkəməsi bu gün Azərbaycan Konstitusiyasının aliliyini qoruyaraq, hüquqi düşüncənin və hüquq mədəniyyətinin inkişafına töhfələr verərək onun keşiyində durur. Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli mənəvi dəyərlərini əks etdirir.

Konstitusiya Məhkəməsinin sədri son vaxtlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımlar, qəbul olunmuş dövlət proqramları, məhkəmə-hüquq islahatları barədə iştirakçılara geniş məlumat verib. Konfransın mövzusunun aktuallığından söz açan sədr deyib ki, burada dinləniləcək məruzələr hüquq elminin müasir problemlərinin araşdırılmasına və öyrənilməsinə dəyərli töhfə verəcək.

Bu gün dünyada Konstitusiya ədalət mühakiməsi institutunun əhəmiyyətini qeyd edən Fərhad Abdullayev deyib: “Təcrübə göstərib ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilən qərarlar hüququn müxtəlif sahələrinə geniş təsir edir. Bunların hər biri Azərbaycanda hüququn müasir inkişafına çox böyük təsir göstərir”.

Cəmiyyətdə insan hüquqları üzrə müvəkkil təsisatının önəmini xüsusi vurğulayan F.Abdullayev bildirib ki, Ombudsman İnstitutunun əməkdaşları hüquqlarının müdafiəsinə ehtiyac duyan insanlara fəal kömək edir. Yarandığı gündən ombudsman tərəfindən Konstitusiya Məhkəməsinə təqdim edilən sorğuların hamısı mühüm əhəmiyyətə malikdir. Bu baxımdan Ombudsman təsisatının fəaliyyəti və rolu təqdirəlayiqdir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova çıxışında ulu öndər Heydər Əliyevin xalqımızın tarixində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi əbədi yer tutduğunu vurğulayaraq deyib: “Bu il müstəqiliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən qanunvericilik sahəsində də mühüm islahatlar həyata keçirilib”.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafındakı əvəzsiz rolundan danışan Elmira Süleymanova bildirib ki, 1995-ci ilin noyabrında müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması dahi şəxsiyyətin xalq və dövlət qarşısında misilsiz xidmətlərindəndir. E.Süleymanova Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyi münasibətilə ötən il beynəlxalq konfransın yüksək səviyyədə keçirildiyini xatırladaraq deyib: “Azərbaycan demokratik dəyərlərə böyük önəm verir. Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya insan hüquq və azadlıqlarının təmin edilməsi üçün əlverişli şərait yaradıb. Məhz görkəmli şəxsiyyət Heydər Əliyevin humanizminin nəticəsi kimi, ölkəmizdə ölüm hökmü ləğv edilib”.

Diqqətə çatdırılıb ki, yaşamaq hüququnun təmini baxımından ölkəmizdə dəfələrlə elan olunan əfv və amnistiya aktları xüsusi əhəmiyyət kəsb edir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

E.Süleymanova çıxışının sonunda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin nəinki ölkə daxilində, xaricdə də yüksək qiymətləndirildiyini bildirib. Qeyd edib ki, Ombudsman Aparatı Konstitusiya Məhkəməsi ilə fəal və səmərəli əməkdaşlıq edir.

Məruzələrdən sonra Konstitusiya Məhkəməsinin hakimləri və Aparatının əməkdaşları, Ombudsman Aparatının nümayəndələri, dəvət olunan alimlər müxtəlif hüquqi mövzular ətrafında müzakirələr aparıblar.

Tədbirin sonunda F.Abdullayev dinlənilən məruzələrin və aparılan müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirib. O, ulu öndər Heydər Əliyevin yaratdığı müasir müstəqil Azərbaycanın tərəqqisi yolunda hər bir vətəndaşımızın yorulmadan və səylə çalışmasının vacibliyini bildirərək, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü naminə beynəlxalq və dövlətdaxili səmərəli fəaliyyətinə ölkəmizin hər bir hüquqşünası tərəfindən dəstək verilməsinin önəmini qeyd edib.