ANA SƏHİFƏ » 2016-04-28 Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 25-26-da Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın dəvəti ilə “Konstitusiya şikayətlərinə dair qərarların icrası” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Ankarada səfərdə olub.

Konfransın açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu və Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman iştirak ediblər.

Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan Almaniya, Rusiya, İspaniya, Makedoniya, Bolqarıstan, Gürcüstan, Rumıniya, Monteneqro və digər ölkələrin Konstitusiya Məhkəmələrinin nümayəndə heyətlərinin, habelə Avropa Şurası Venesiya Komissiyasının sədrinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədr müavininin qatıldıqları konfransda açılış nitqi ilə çıxış edib. O, ölkənin Konstitusiya Məhkəməsinin 2015-ci il üzrə fəaliyyətinə toxunub, qəbul olunan qərarları təhlil edib.

Sonra Türkiyə Respublikası Konstitusiya Məhkəməsində fərdi şikayətlərin baxılması, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozan normativ hüquqi aktların qüvvədən düşməsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarlarının icra edilməsi, habelə digər məhkəmə-hüquq məsələləri ətrafında məruzələr səsləndirilib, fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində, həmçinin Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan ilə görüş keçirilib. Görüşdə Zühtü Arslan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin tezliklə azad edilməsinin bütün Türkiyə xalqının böyük arzusu olduğunu vurğulayıb. O, Türkiyənin Azərbaycana daim dəstək olduğunu, Prezident İlham Əliyevin Ankarada baş vermiş terror aktlarından dərhal sonra Türkiyəyə səfərinin qardaş ölkənin ictimaiyyəti tərəfindən dərin hörmət hissi ilə qarşılandığını, bunun unudulmaz tarixi səfər olduğunu qeyd edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əlaqələrin, o cümlədən məhkəmə-hüquq əməkdaşlığının inkişaf etdiyi qeyd olunub. Ölkələrimizin yüksək məhkəmə orqanları arasında münasibətlərin daim genişlənəcəyi vurğulanıb.

Ankaraya səfər çərçivəsində, həmçinin Türkiyə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın rəhbərliyi ilə hüquqi məsələlər ətrafında görüşlər keçirilib, fikir mübadilələri aparılıb.