ANA SƏHİFƏ » 2016-04-07 Azərbaycanda konstitusiya ədalət mühakiməsinin inkişafı haqqında avropalı qonağa məlumat verilib

Azərbaycanda işgüzar səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak aprelin 7-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ilə görüşüb.

F.Abdullayev ölkəmizdə Konstitusiya Məhkəməsinin tarixi və fəaliyyəti, konstitusiya ədalət mühakiməsinin inkişafı barədə məlumat verib.

Vurğulanıb ki, həyata keçirilmiş məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycanda şəffaf şəkildə fəaliyyət göstərən müstəqil məhkəmə sistemi yaradılıb. Bu prosesdə beynəlxalq təcrübəyə xüsusi diqqət yetirilir.

Azərbaycanın son illərdə dinamik inkişaf etdiyini bildirən Fərhad Abdullayev bu tərəqqinin digər istiqamətlərlə yanaşı, məhkəmə-hüquq sahəsində də aşkar müşahidə olunduğunu vurğulayıb. Qeyd edilib ki, Konstitusiya Məhkəməsi beynəlxalq məhkəmə-hüquq əməkdaşlığına xüsusi diqqət yetirərək, qəbul etdiyi bir çox qərarlarında öz hüquqi mövqeyini əsaslandırmaq məqsədilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edib.

Son illərdə Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan qonaq bu tərəqqinin digər istiqamətlər kimi, məhkəmə-hüquq sahəsində də müşahidə olunduğunu bildirib. Azərbaycanda insan hüquqları sahəsində irəliləyişlərin Avropa Şurası tərəfindən yaxından müşahidə edildiyini diqqətə çatdıran Stefan Şennak dövlətimizin başçısının bu yaxınlarda imzaladığı əfv sərəncamının insan hüquqlarının təminatı baxımından əhəmiyyətini yüksək qiymətləndirib. O, Azərbaycanda məhkəmə-hüquq sistemindəki islahatların, bu sahədə yaradılan mükəmməl infrastrukturun təmsil etdiyi qurum və digər ölkələr tərəfindən də böyük maraqla qarşılandığını diqqətə çatdırıb.

Söhbət zamanı, həmçinin məhkəmə praktikası ilə bağlı bəzi məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç və Monitorinq Komitəsinin katibi xanım Delfin Freyman da iştirak ediblər.