ANA SƏHİFƏ » 2016-02-12 Konstitusiya Məhkəməsi çoxmənzilli binalarda göstərilən xidmətlərə görə ödənişlərə aydınlıq gətirdi

Əhalinin müasir mənzil təminatı və kommunal xidmət sahəsində aparılan geniş miqyaslı islahatları nəzərə alaraq, mənzil sahibləri ilə çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların (şirkətlər) fəaliyyəti ilə bağlı yaranan mübahisələrə dair, vətəndaşların məhkəmələrə şikayətlə müraciət etmə halları artmışdır.

Bu günlərdə vətəndaş Valentina Ələsgərovanın şikayəti ilə bağlı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı qüvvəyə minmişdir.  Məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarla razı olmayan ərizəçinin qənaətinə görə, çoxmənzilli binalarda LLC "Almaniya-İnvest" tərəfindən göstərilən xidmət haqqının real dəyərinin mütənasibliyi lazimi qaydada qiymətləndirilməmişdir.

Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında çoxmənzilli binalarda göstərilən xidmətlərin qaydaları ilə bağlı qanunvericiliyin tələblərinə izah verilmişdir.  Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə müvafiq olaraq çoxmənzilli binaların idarə edilməsi yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçilərin müştərək cəmiyyəti  və ya ixtisaslaşmış təşkilat tərəfindən təşkil olunmalıdır. Çoxmənzilli binanın idarə edilməsinin tam həcmdə mənzillərin mülkiyyətçilərinə məxsus olduğunu nəzərə alaraq, kommunal xidmətləri həyata keçirən təşkilat coxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağında seçilməlidir.

Beləliklə, kommunal xidmətləri həyata keçirən təşkilat binaların sakinlərinə çoxmənzilli binanın saxlanılmasına görə həyata keçirdiyi iş və xidmətlər ilə bağlı mütəmadi olaraq hesabat verməlidir.

Konstitusiya Məhkəməsinin Qərarının vacib tələbi kommunal ödənişlərdə qanunvericiliyə uyğun olaraq, Tarif Şurası ilə tənzimlənən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinə əlavə ödənişlərin qoyulmasının  yolverilməzliyi ilə bağlıdır.

Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə  uyğun olaraq, mülkiyyətçilər çoxmənzilli yaşayış binalarının ümumi istifadəsində olan sahələrə kommunal xidmətlərə görə ödənişlərdə ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ümumi sahənin baxılmasına və təmirinə ödəniş etməklə iştirak etməlidirlər.

Bu halda, ödəniş real qiyməti əks etdirməli və yaşayış evinin sahibləri ilə razılaşdırılmalıdır, həmçinin yaşayış sahəsinin mülkiyyətçisinin sosial, iqtisadi və maliyyə vəziyyəti nəzərə alınmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu öz Qərarında belə bir nəticəyə gəlmişdir ki, məhkəmələr kommunal xidmətləri həyata keçirən subyektlər və coxmənzilli binaların sakinləri arasında mübahisələrin həllində təklif olunan xidmətlərin müqabilində kommunal ödənişlərin mütənasibliyinə obyektiv şəkildə qiymət verməlidirlər.

Konstitusiya Məhkəməsi həmçinin onu da qeyd etmişdir ki, çoxmənzilli binaların mənzil və digər sahələrinin mülkiyyətçiləri ilə ümumi əmlakın saxlanmasına dair xidmətləri həyata keçirən idarəedici təşkilatlar arasında müqavilə bağlanarkən bu Qərarda formalaşdırdığı hüquqi mövqeləri nəzərə alınmalıdır.

Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyi Konstitusiyanın normalarına və Azərbaycan Respublikasının qanunlarına əsaslanır.