ANA SƏHİFƏ » 2015-10-02 Belaruslu hakim azərbaycanlı həmkarlarının faydalı təcrübəsini öyrənməyə ümid bəsləyir

Oktyabrın 2-də Bakıda xarici dövlətlərin məhkəmə sistemləri nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Konstitusiyasının 20 illiyinə həsr edilmiş “Fərdi şikayətlər vasitəsilə insan hüquqları və azadlıqlarının Konstitusiya Məhkəməsi tərəfindən müdafiəsi” mövzusunda konfrans keçirilib.

Konfransda Belarus Respublikası Konstitusiya Məhkəməsinin hakimi Tadeuş Voronoviçin “İnsan və vətəndaş hüquqları və azadlıqlarının Belarus Respublikası Konstitusiya Məhkəməsi tərəfindən müdafiəsi“ mövzusunda məruzəsi dinlənilib.

Hakim T.Voronoviç AZƏRTAC-a məxsusi müsahibəsində Belarusun hüquq sistemində “Konstitusiya şikayəti” kimi müdafiə mexanizminin olmaması faktını vurğulayıb. O, Bakı konfransını bu problemin həllində faydalı təcrübə əldə etmək imkanı kimi dəyərləndirərək deyib: “Burada həmin problemin həlli yolları nəzərdən keçiriləcək və bu hüquqi təsisatın yaradılması məsələləri müzakirə ediləcək”.

T.Voronoviç azərbaycanlı həmkarlarını qarşıdan gələn əlamətdar hadisə - Azərbaycan Konstitusiyasının 20 illiyi münasibətilə təbrik edib. Bakını qonaqpərvər, mehriban və müasir şəhər adlandıran belaruslu hakim ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əmin olduğunu bildirib.