ANA SƏHİFƏ » 2015-08-28 Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Qazaxıstan Konstitusiyasının 20 illiyi münasibətilə Astanada keçirilən beynəlxalq konfransda iştirak etmişdir

Avqustun 28-də Astanada “Müstəqillik” sarayında Qazaxıstan Konstitusiyasının qəbul edilməsinin 20 illiyi münasibətilə “Konstitusiya: birlik, sabitlik, tərəqqi” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin də iştirak etdiyi konfransa BMT, ATƏT, Avropa İttifaqının, digər beynəlxalq təşkilatların nümayəndə heyətləri, tanınmış hüquqşünas alimlər, politoloqlar, ekspertlər, həmçinin 28 ölkənin məhkəmə, prokurorluq və hüquq mühafizə idarələrinin, konstitusiya nəzarəti orqanlarının rəhbərləri də qatılıblar.

Konfransın açılışında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Əsas Qanunun qəbulundan keçən 20 ildə ölkədə aparılan siyasi, hüquqi islahatlar, dövlətin konstitusiya əsaslarının möhkəmləndirilməsi, dövlət quruculuğunun müasirləşdirilməsi sahəsində görülən işlərdən danışıb.

Dövlət başçısı deyib: “Mən bu gün fəxrlə bildirirəm ki, biz qanun çərçivəsində yaşayan ölkəyik. Konstitusiya bütün nailiyyətlərimizin mənbəyidir, dövlətçiliyin və sabitliyin təməlində ali qanundur. Qazaxıstan üçün bu tarixi gün böyük əhəmiyyət kəsb edir və bununla bağlı bir çox tədbirlər təşkil olunur”.

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev AZƏRTAC-a müsahibəsində deyib: “Bir neçə aydan sonra Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 20 ili tamam olur. Müəllifi ulu öndər Heydər Əliyev olan bu Konstitusiya müstəqil Azərbaycanın fundamental hüquqi aktıdır. Bu gün Azərbaycan dünyada baş verən maliyyə və iqtisadi böhranlara baxmayaraq, inkişaf yolu ilə gedir. Bu inkişaf Azərbaycan Respublikası Konstitusiyasının qarantı olan Prezident İlham Əliyevin uğurlu siyasəti ilə bağlıdır”.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə Qazaxıstan Respublikasının Konstitusiya Şurası arasında sıx əməkdaşlığının mövcudluğunu və bu əməkdaşlığın inkişaf yolu ilə irəlilədiyini ifadə edən F.Abdullayev Qazaxıstanın və Azərbaycanın müstəqillik yolu ilə inkişafında oxşar məqamların olduğunu vurğuladı. Bu oxşar cəhətlər iqtisadi inkişaf, sabitlik və demokratik proseslərin möhkəmləndirilməsidir.

Konfransda “Konstitusiya ölkənin uğurlu inkişafının hüquqi əsasıdır”, “Konstitusiya: Cəmiyyətin və dövlətin sabitliyi, dinamik inkişafı”, “Konstitusiya və sosial dövlət” mövzularında məruzələr dinlənildi, maraqlı müzakirələr aparıldı.

Sonda mükafatlandırma mərasimi oldu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Qazaxıstan Konstitusiyası-20 il” yubiley medalı ilə təltif olundu.