ANA SƏHİFƏ » 2015-05-06 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Konstitusiya Məhkəməsində tədbir keçirilib


Xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 6-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində iclas keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mənalı həyatı və zəngin siyasi fəaliyyəti ilə bağlı AZƏRTAC-ın hazırladığı sənədli filmə baxıblar.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanı SSRİ məkanında sosial, iqtisadi baxımdan digər respublikalardan geri qalan ölkədən çiçəklənən diyara çevirməsi istiqamətində misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, Ulu Öndərin fədakarlığı, cəsarəti, dahi şəxsiyyət olması dünyanın məşhur siyasi xadimləri tərəfindən də hər zaman yüksək qiymətləndirilib.

Qeyd edilib ki, Azərbaycan müstəqilliyinin bərpasından sonrakı ilk illərdə hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, hüquqi qeyri-müəyyənlik və digər problemlərlə qarşı-qarşıya qalmışdı. Belə bir məqamda qətiyyət və güclü siyasi iradə nümayiş etdirərək ölkənin milli maraqlarını təmsil edə biləcək ümummilli liderə və tarixi şəxsiyyətə ehtiyac özünü büruzə verirdi. Məhz belə bir şəraitdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizdə siyasi sabitliyin təmin olunmasına və dövlətimizin həyatının bütün sahələrində genişmiqyaslı islahatların aparılmasına şərait yaratdı. Bu dövrdən başlayaraq, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin bərqərar edilməsi Azərbaycan Respublikasının inkişafının əsas istiqamətləri kimi müəyyənləşdirildi.

Sədr Fərhad Abdullayev vurğulayıb ki, bütün mənalı ömrünü Azərbaycanın tərəqqisi işinə həsr etmiş ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də onun birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanması olub. Bu gün biz fəxr edirik ki, Ulu Öndərin bizə miras qoyduğu müstəqil Azərbaycan dövlətində yaşayırıq. Gənclərimiz Ulu Öndərin siyasi irsini öyrənir. Bu gün ölkədəki sağlam ictimai-siyasi mühit, bütün sahələrdə uğurlu inkişaf, qazanılmış nailiyyətlər, dövlətimizin artan nüfuzu Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində mümkün olub.

Dahi rəhbərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafındakı xidmətlərindən danışan Fərhad Abdullayev ilk milli Konstitusiyanın ulu öndər Heydər Əliyevin dərin zəkası, zəngin təcrübəsi sayəsində hazırlandığını diqqətə çatdırıb. Konstitusiya Məhkəməsinin sədri Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə yaradılmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə dövlətçiliyin inkişafı, hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynadığını deyib.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir. Dahi şəxsiyyət Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik edib, dəfələrlə layihənin açıq müzakirəsini təşkil etməklə, onun müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf edib.

Diqqətə çatdırılıb ki, Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli mənəvi dəyərlərini əks etdirir. Eyni zamanda, xüsusilə qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə inkişaf edən Azərbaycanın daxili və xarici siyasəti, ölkəmizin dünya birliyində layiqli yer tutması, respublikamızda aparılan yeni abadlıq-quruculuq işləri ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamı kimi qiymətləndirilir.

Konstitusiya Məhkəməsinin sədri son vaxtlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının hüquqi müdafiəsi istiqamətində atılan addımlar barədə iştirakçılara məlumat verib.

Sədr vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu inamla davam etdirən, onun ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlar qazanmaqdadır. Artıq dünyanın inkişaf etmiş dövlətləri sırasında qərarlaşan Azərbaycan regionun lider dövlətinə çevrilib.

Konstitusiya Məhkəməsinin sədri bildirib ki, iyunda keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi hüququnun məhz Azərbaycana verilməsi beynəlxalq ictimaiyyətin ölkəmizdə görülən bütün müsbət işlərə, o cümlədən idman sahəsində əldə edilən nailiyyətlərə verdiyi yüksək qiymətdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hazırlıq işlərini qısa zamanda yüksək səviyyədə başa çatdırıb. Bu Oyunlarda iştirak etmək, eləcə də yarışları izləmək üçün ölkəmizə gələcək qonaqlar Azərbaycandakı inkişaf proseslərinin bilavasitə şahidi olacaqlar.

Tədbirin sonunda Böyük Vətən müharibəsində iştirak edən veteranlara, həlak olanların ailə üzvlərinə ulu öndər Heydər Əliyevin hər zaman yüksək diqqət və qayğı göstərdiyini bildirən Konstitusiya Məhkəməsinin sədri məhz dahi rəhbərin təşəbbüsü ilə faşizm üzərində Qələbənin ölkəmizdə geniş qeyd edilməsinə başlandığını vurğulayıb. Qeyd olunub ki, müharibə iştirakçılarına, onların ailələrinə qayğı göstərilməsi bu gün dövlətimizin başçısı İlham Əliyevin də diqqət mərkəzindədir və ölkədə həyata keçirilən sosial siyasət bu qayğının bariz nümunəsidir.