ANA SƏHİFƏ » 2005-10-27 Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 10 ili tamam olur

“Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Hər bir vətəndaşın Konstitusiyasıdır. Bu gün ən mühüm vəzifə Konstitusiyanı daha dərindən mənimsəmək və onun verdiyi təminatlardan bəhrələnməkdən ibarətdir…”

Heydər Əliyev


Azərbaycan Respublikasının müstəqillik tarixində, milli dövlət quruculuğunda müstəsna yeri olan ilk demokratik Konstitusiyamızın qəbul edilməsinin 10 ili tamam olur. On il əvvəl - 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Əsas Qanunumuz haqqında ümummilli liderimiz Heydər Əliyevin müdrikcəsinə dediyi “... bu, uzunömürlü Konstitusiya olacaqdır və Azərbaycanın dövlət müstəqilliyini təmin etmək üçün, Azərbaycan xalqının rifahını təmin etmək üçün çox gözəl yollar açır və açacaqdır” kəlamı bu gün həqiqətə çevrilmişdir, tarix və zaman bu fikrin həqiqiliyini təsdiqləmişdir.

Azərbaycan xalqı öz müstəqil dövlətini qurmaq uğrunda tarix boyu azadlıq mübarizəsi aparmışdır. Əsrin əvvəllərində ölkəmizdə baş verən dərin siyasi proseslər xalqımızın öz müstəqil dövlətini qurmaq əzmini sarsıda bilməmişdir. 1918-ci ilin mayın 28-də bütün müsəlman Şərqində qurulan ilk demokratik respublika - ADR xarici və daxili düşmənlərə qarşı 23 aylıq mübarizədə davam gətirə bilməyərək dövlət müstəqilliyini itirmişdir. O zaman Azərbaycan Demokratik Respublikası obyektiv səbəblərdən öz Konstitusiyasını qəbul edə bilməmişdi. Yalnız 1919-cu ildə müstəqillik haqqında qəbul olunmuş akt təxminən Konstitusiyanı əvəz edirdi. Bundan sonra isə 1921-ci ildə keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü konstitusiyaları qəbul olunmuşdur.

Keçmiş Sovetlər İttifaqı dövründə qəbul olunmuş bütün konstitusiyalarda hakim ideologiyaya uyğun olaraq dövlət və cəmiyyət həyatının bütün sahələrinin tənzimlənməsində sinfi baxış əsas götürülürdü. Konstitusiyada hakimiyyətin bölünməsi prinsipi nəzərdə tutulmamışdı. Azərbaycan Sovet Sosialist Respublikası fəhlə və kəndlilərin sosialist dövləti elan edilmişdi, dövlətin siyasi əsasını xalq deputatları sovetləri, iqtisadi əsasını isə sosialist təsərrüfat sistemi və sosialist mülkiyyəti təşkil edirdi, kommunizm ideologiyası cəmiyyətdə yeganə hakim ideologiya idi.

Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində keçmiş Sovetlər İttifaqının dağılması prosesi gedirdi və bu zaman tale xalqımıza dövlət müstəqilliyi qazanmaq üçün yeni bir imkan vermişdir və xalqımız dünya birliyində özünəlayiq yerini tuta bilmək üçün demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yoluna qədəm qoymuşdur. Belə bir dövlət isə milli xüsusiyyətlərimiz nəzərə alınmaqla dünya təcrübəsindən bəhrələnən qanunlar əsasında yaradılmalı idi, yəni qurulacaq dövlətin hüquqi təməlinin yaradılması vəzifəsi qarşıya çıxmışdı.

Azərbaycan parlamenti 1991-ci il avqustun 30-da müstəqillik haqqında bəyanat, həmin il oktyabrın 18-də isə Konstitusiya Aktı qəbul etmişdi. Bu sənəddə Azərbaycanın müstəqilliyi və dövlət quruculuğu haqqında müddəalar öz əksini tapmışdır.

Müstəqil Azərbaycan Respublikası milli dövlətçilik ənənələrini inkişaf etdirmək və yeni dünya düzənində ölkənin özünəməxsus strateji inkişaf xəttini müəyyənləşdirmək üçün əsaslı islahatlar aparmalı idi. Məsələnin mürəkkəbliyi həm də onda idi ki, Azərbaycanda həyatın müxtəlif sahələrindəki münasibətləri tənzimləməyə imkan yaradan yetkin hüquqi baza formalaşmamışdı. Bu vəzifəni həyata keçirmək missiyasını məhz ümummilli lider Heydər Əliyev üzərinə götürdü.

Ulu öndərimiz Heydər Əliyev Konstitusiya islahatlarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi və digər ciddi tədbirlərin aparılması məqsədi ilə xüsusi Hüquqi İslahat Komissiyasının yaradılması barədə Fərman imzaladı.

Millətimizin tarixi gələcəyi, tərəqqisi və inkişafı üçün böyük əhəmiyyət kəsb edən Konstitusiyanın hazırlanmasında xalqımızın lideri, müdrik siyasi xadim Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Məhz elə buna görədir ki, ümummilli liderimiz Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il noyabrın 10-da keçirilən iclasındakı çıxışında demişdir: “Bu gün hamımız mənəvi rahatlıq hissi keçirə bilərik. Çünki tarixi bir iş görülmüşdür. Tarixi bir sənəd yaradılıbdır. Bu gün biz ölkəmizin bütün ictimaiyyəti qarşısında belə deyə bilərik ki, biz tarixi bir sənədin yaradılmasının iştirakçılarıyıq… biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, xalqımızın, respublikamızın tarixində bu, ilk, tamamilə sərbəst, müstəqil şəkildə yaranmış Konstitusiyadır. Konstitusiya layihəsi indiyə qədər olan bütün konstitusiyaların, qanunların hamısından fərqlənir. Ona görə fərqlənir ki, bu, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır”.

1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Konstitusiya xalqın suverenliyinin, hakimiyyətlər bölgüsünə əsaslanan müstəqil, dünyəvi, demokratik, hüquqi dövlətin, eləcə də insan hüquqlarının prioritetinin və bazar iqtisadi münasibətlərinin əsaslarının təsdiq edildiyini, mülkiyyət hüququna dövlət tərəfindən təminat verildiyini bəyan etdi. Azərbaycan Respublikasının bu Konstitusiyası bəşər tarixinin onilliklərlə, yüzilliklərlə sınaqlarından keçmiş, beynəlxalq normaya çevrilmiş dəyərlərə - insan hüquqları, milli suverenlik, demokratiya və hüququn aliliyi prinsiplərinə əsaslanmışdır.

Müstəqil respublikamızın ilk Konstitusiyasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyətləri təcəssüm olunub.Digər tərəfdən, Konstitusiyamız həm vətəndaşların dövlət, həm də dövlətin vətəndaşlar qarşısında məsuliyyət və vəzifələrini əks etdirən yeni münasibətlər sistemi yaradılmasını nəzərdə tutur. Konstitusiyanın mühüm cəhətlərindən biri də ümumazərbaycan vətəndaşlığı ideyasının ön plana çəkilməsidir.

Hazırkı Konstitusiya Azərbaycan tarixində ilk dəfə olaraq xalqımızın öz müqəddəratını sərbəst, müstəqil olaraq həll etmək və öz idarəetmə formasını müəyyən etmək hüququnu təntənəli surətdə bəyan edir. Burada göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublika olmaqla, öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli, şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Konstitusiyanın 3-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunması və ona dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi məsələləri yalnız referendum yolu ilə həll oluna bilər. Konstitusiyanın 147-ci maddəsi isə Əsas Qanunumuzun Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olduğunu təsbit etmişdir.

Konstitusiyada əsas diqqət verilən məsələlərdən birincisi insan və vətəndaşların hüquq və azadlıqlarının tanınması və onların təminatı mexanizmlərinin müəyyənləşdirilməsidir. Təsadüfi deyildir ki, Konstitusiyamızda insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Azərbaycan Respublikası Konstitusiya normalarını rəhbər tutmaqla insan hüquqları ilə bağlı bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulmuş, bu aktların həyata keçirilməsindən irəli gələn qanunvericilik aktları qəbul etmişdir.

Əsas Qanunumuz, həmçinin siyasi quruluşun sabitliyinin əsas təminatlarından biridir və bu mənada sabit, demokratik, hüquqi dövlətin özülü kimi çıxış edir, ölkədə təşəkkül tapmış dövlətçilik ənənələrinin, hüquq qaydasının, demokratik nailiyyətlərin qorunmasına xidmət edir. Konstitusiya həm də ölkədə milli həmrəyliyə zəmin yaradan mühüm sənəddir. Bu mənada, ona cəmiyyətin bütün sosial qrupları arasında ölkənin ümumyaşayış qaydalarına dair böyük razılaşma kimi də baxmaq olar. Həmin razılaşma isə, mövcud qaydaların elə çərçivəsini müəyyən edir ki, ondan kənaraçıxmalar cəmiyyətin özünün mövcudluğuna təhlükə yaradır. Aydındır ki, Konstitusiya qeyd olunan qaydaların tam siyahısını əks etdirmir. Onlardan əlavə, ayrı-ayrı qanunlardan irəli gələn qaydalar, əxlaq qaydaları, ideya və ideallar mövcud olur. Lakin bütün bunlar Konstitusiyanın imkan verdiyi hədlərdə, Konstitusiya çərçivəsində fəaliyyət göstərir və həqiqətdə belə də olmalıdır.

Ötən 10 il ərzində cəmiyyətimizdə baş verən proseslərdə Konstitusiyanın əhəmiyyətli rolu olmuşdur. Əminliklə qeyd etmək olar ki, ölkə həyatının ən müxtəlif sahələrində aparılan irimiqyaslı islahatlar öz mənbəyini Konstitusiyadan götürmüşdür. Məhz Konstitusiya normalarında müəyyən edilmiş ümumi prinsip və istiqamətlər ölkəmizdə siyasi, hüquqi, iqtisadi və digər islahatların həyata keçirilməsinə, Əsas Qanunda təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının konkretləşdirilməsini və həyata keçirilməsini təmin edən fundamental normativ bazanın yaradılmasına səbəb olmuşdur. Ciddi siyasi, iqtisadi, hüquqi dəyişikliklərlə müşayiət olunan bu islahatların həyata keçirilməsi ölkəmizin demokratik Avropada yaranmış hüquqi dövlət standartlarına istiqamətlənmək niyyətindən irəli gəlirdi. Artıq ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası formalaşmışdır. Ötən dövr ərzində həm də Azərbaycanda genişmiqyaslı məhkəmə-hüquq islahatları həyata keçirilmiş, hüquqi dövlət üçün zəruri olan yeni demokratik təsisatlar yaradılmış, ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlara inteqrasiyası istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycan Respublikasının Konstitusiyasının xarakterik xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, məhz bu Konstitusiya dövlətçilik tariximizdə ilk dəfə olaraq həm də yeni institutların yaranmasına rəvac verdi. Həmin institutlardan biri də Konstitusiya Məhkəməsidir.

Konstitusiya Məhkəməsinin başlıca məqsədi Konstitusiyanın aliliyini təmin etmək, əsas vəzifəsi isə normativ-hüquqi aktların Konstitusiyaya uyğunluğuna nəzarəti həyata keçirmək, hakimiyyətin qolları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri həll etmək, Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətlərin icrasına nail olmaqdan ibarətdir.

Məlumdur ki, 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ölkəmizdə dövlət və cəmiyyət həyatının bütün sahələrində əsaslı islahatların həyata keçirilməsinin başlanğıc nöqtəsi olmuşdur. Ciddi siyasi, iqtisadi, hüquqi dəyişikliklərlə müşayiət olunan bu islahatların həyata keçirilməsi ölkəmizin demokratik Avropada yaranmış hüquqi dövlət standartlarına istiqamətlənmək niyyətindən irəli gəlirdi. Lakin Azərbaycanda həyata keçirilən demokratikləşmə prosesləri, insan hüquq və azadlıqlarının müdafiəsinin hüquqi mexanizmlərinin gücləndirilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi, Avropa Şurası ilə bağlı götürülmüş öhdəliklərin yerinə yetirilməsi ölkəmizin qarşısına yerinə yetirilməli olan keyfiyyətcə yeni tələblər çıxarmışdır. Məhz bunları nəzərə alaraq, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci il avqust ayının 24-də keçirilmiş referendumla Konstitusiyanın mətninə yuxarıda qeyd edilən məsələlərin həlli baxımından zəruri olan bir sıra əlavə və dəyişikliklər edildi. Diqqətəlayiqdir ki, bununla Konstitusiya Məhkəməsinin səlahiyyətlərində də əhəmiyyətli dəyişikliklər edilərək, məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsi xeyli genişlənmişdir. Artıq Prezident, Milli Məclis, Nazirlər Kabineti, Ali Məhkəmə, Baş Prokurorluq, Naxçıvan MR-in Ali Məclisi ilə yanaşı, Ombudsman, məhkəmələr və vətəndaşlar da bilavasitə Konstitusiya Məhkəməsinə müraciət hüququ əldə etmişlər. Sözsüz ki, vətəndaşların Konstitusiya Məhkəməsinə bilavasitə müraciət etmək hüququna malik olmaları onların hüquqlarının müdafiəsi baxımından olduqca əhəmiyyətli vasitənin əldə edilməsi deməkdir. Məlum olduğu kimi, əvvəllər mövcud olan prosedura görə məhkəmələr və vətəndaşlar yalnız Ali Məhkəmənin vasitəsilə Konstitusiya Məhkəməsinə müraciət edə bilərdilər. Bunun bir sıra prosessual çətinlikləri vardı və təcrübədə arzuedilən səmərəni vermirdi. 2003-cü il dekabrın 23-də “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanun qəbul ediləndən sonra vətəndaşların şikayətlərinə Konstitusiya Məhkəməsində baxılmağa başlanılmışdır. Yeni Qanun konstitusiya şikayətinə dair tələbləri təfsilatı ilə tənzimləmiş, vətəndaşların şikayətləri əsasında Konstitusiya Məhkəməsində həyata keçirilən icraatın prosedur qaydalarını dəqiq müəyyən etmişdir.

Fərdi şikayətlərə baxılmağa başlanılması ilə Konstitusiya Məhkəməsinin fəaliyyətinin keyfiyyətcə yeni dövrünün başlandığını söyləmək mümkündür. Bu, ilk növbədə, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konstitusiya ədalət mühakiməsi orqanının potensialından istifadə imkanının yaradılması deməkdir. Onu da nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinə verilən fərdi şikayətlərlə bağlı Azərbaycan bu gün dünyanın ən qabaqcıl modellərindən birini qəbul etmişdir. Təcrübəmiz təsdiq edir ki, vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət hüquqlarından fəal istifadə edirlər. Konstitusiya Məhkəməsi isə icraatına qəbul etdiyi fərdi şikayətlər əsasında çıxardığı qərarlarla insan hüquq və azadlıqlarını müdafiə etmiş, onların pozulmasına son qoymuş və insan hüquqları ilə bağlı Konstitusiya baxımından əsası olmayan məhdudiyyətlərin qarşısını almışdır.

Konstitusiyanın qəbul edilməsindən ötən on il ərzində dövlət quruculuğu və idarəetmə sahəsində kifayət qədər təcrübə toplanıb, insan hüquq və azadlıqlarının tənzimlənməsi, təmin olunması və müdafiəsi ilə bağlı proseslər genişlənib və dərinləşib. Bu gün ölkəmizdə kifayət qədər sabit konstitusion şərait təşəkkül tapmışdır. Dövlətin bütün institutları Konstitusiyanın tələbləri əsasında formalaşaraq fəaliyyət göstərir. Konstitusiyamızın verdiyi geniş imkanlardan bəhrələnərək dövlət idarəçiliyinin, iqtisadiyyatın, demokratikləşmə proseslərinin müasir dünya standartları səviyyəsinə yüksəldilməsi dövlətimizin siyasətinin əsasını təşkil edir. Ötən illər ərzində Konstitusiyamız özünü tam doğrultmuş, yüksək hüquqi keyfiyyətə malik bir sənəd kimi ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların əsasını təşkil etmişdir. Təkcə siyasi, iqtisadi və sosial sahələrdə deyil, həm də dövlət idarəçiliyi sistemində mütərəqqi əsaslı islahatlar həyata keçirilib və proses bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Konstitusiya həm də qanunçuluğun və hüququn aliliyinin bərqərar edilməsi, hüquqi mədəniyyətin yüksəlməsi üçün şərait və imkan yaratmışdır. Təqdirəlayiq haldır ki, müstəqil Azərbaycan bu yolda çox böyük nailiyyətlər qazanmışdır. Konstitusiyamız bu nailiyyətlərin əldə olunmasını stimullaşdıran əsas hüquqi baza kimi çıxış edir.

Müasir dünyamız dəyərlər üzərində qurulan dünyadır. Sivil ölkələr və xalqlar arasındakı münasibətlərdə də həlledici olan məhz bu amildir. Avropa Şurasının Nizamnaməsində bu dəyərlər aydın ifadə edilmişdir - demokratiya, hüquqi dövlət və əsas azadlıqların müdafiəsi. Azərbaycan Respublikası da öz inkişafını qarşılıqlı əlaqəli bu üç idealın həyata keçirilməsi üzərində qurmuşdur. Bu yolda əsas istiqamətverici sənəd isə şübhəsiz ki, Azərbaycan Respublikasının Konstitusiyasıdır.

Konstitusiyanın ayrı-ayrı normaları müxtəlif dairələrdə müzakirə və mübahisə predmeti ola bilər və bu, plüralist cəmiyyət üçün səciyyəvi xüsusiyyətdir. Lakin bu zaman bir amili nəzərdən qaçırmaq olmaz ki, Konstitusiya ayrı-ayrı siyasi və ictimai zümrələrin məhdud maraqlarını deyil, hamı üçün ümumi qaydaları özündə əks etdirir. O, təkcə dünənin və bu günün deyil, həm də gələcəyin ən müxtəlif münasibətlərini tənzimləyən mühüm sənəd - Əsas Qanun, ümummilli dəyərdir.

  

 

Müsəddiq Məmmədov,

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İnsan hüquqları məsələləri üzrə şöbə müdiri.