ANA SƏHİFƏ » 2007-11-12 Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanin qəbulu ölkəmizdə demokratik dəyişikliklərin əsasini qoymuşdur

Noyabrın 12-də Konstitusiya Məhkəməsinin mərkəzi aparatında Konstitusiya Gününə və “Konstitusiya, şəxsiyyət və hüquqi dövlət” mövzusunda keçirilən olimpiadanın qaliblərinin mükafatlandırılmasına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ şöbəsinin müdiri, olimpiadanın təşkilat komitəsinin sədri Dürdanə Məmmədova olimpiadanın gedişi və keçirilməsi haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli və “2007-ci ilin “Gənclər ili” elan edilməsi haqqında” 2007-ci il 9 fevral tarixli sərəncamlarına uyğun olaraq, Konstitusiya Məhkəməsində nəzərdə tutulan tədbirlər çərçivəsində keçirilən bu olimpiadanın məqsədi gənclərin hüquqi bilik səviyyəsinin öyrənilməsindən və artırılmasından ibarətdir. Olimpiadada iştirak edən ali və orta məktəb komandalarını maraqlandıran ilkin suallara ətraflı izahatlar verilmiş, təşkilati məsələlərlə bağlı müzakirələr aparılmış, onlara hazırlaşmaq üçün vaxt və lazımi hüquqi ədəbiyyatlar verilmişdir. İki turdan ibarət olimpiadanın qaliblərini Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul işçilərindən ibarət 5 nəfərlik münsiflər heyəti müəyyən etmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək, iştirakçıları Konstitusiya Günü münasibəti ilə təbrik etmiş, olimpiadanın gənclərin hüquqi tərbiyəsinin yüksəldilməsinə, onların Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş əsas müddəalar, xüsusilə insan hüquq və azadlıqlarının təmin edilməsinə aid maddələr barədə məlumatlandırılmasına, konstitusiya nəzarətinin mahiyyəti, prinsipləri, ölkəmizin qanunvericilik aktları haqqında biliklərinin artırılmasına, dövlət quruculuğu prosesində gənclərin iştirakının fəallaşdırılmasına şərait yaradacağını söyləmişdir.

Müstəqil Azərbaycanın demokratik dəyərlərə əsaslanan Əsas Qanununun qəbul olunmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayan Fərhad Abdullayev, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan Konstitusiyanın qəbulunun növbəti ildönümünün respublikamızda böyük ruh yüksəkliyi və təntənə ilə qeyd olunduğunu bildirmişdir.

Konstitusiya Məhkəməsinin sədri demişdir ki, 1995-ci ildə özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsi, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsi istəyi ilə keçirilmiş ümumxalq səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul etmişdir. Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə böyük yol açmış, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan vermişdir. Xalqımızın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan və eyni zamanda, ölkəmizdə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım olmuşdur.

F.Abdullayev qeyd etmişdir ki, 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk dövrdən üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmış, insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə qısa müddətdə ictimaiyyətin etimadını qazanmışdır. Konstitusiya Məhkəməsi yarandığı gündən beynəlxalq əlaqələrə, xarici ölkələrin Konstitusiya məhkəmələri və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük diqqət yetirir.

Münsiflər heyətinin üzvləri - Konstitusiya Məhkəməsinin hakimi Ələddin Sultanov və məhkəmə Aparat rəhbərinin müavini Şahin Rüstəmov bütün məhkəmə proseslərində iştirak edən ali və orta təhsil müəssisələrinin tələbə və şagirdlərinin gördükləri işləri yüksək səviyyədə nümayiş etdirməyi bacardıqlarını söyləmişlər.

Olimpiadada yüksək intellektual potensiala malik uşaqların iştirak etdiyini, gənclərin yüksək səviyyədə hüquqi biliyə sahib olması üçün yaxşı şəraitin yaradıldığını, belə səviyyəli tədbirlərin davamlı təşkilinin zəruriliyini vurğulayan natiqlər ali təhsil müəssisələri tələbələrinin hakim, orta məktəb şagirdlərinin cavabdeh və sorğuverən orqan qismində iştirakı, münsiflər heyətini maraqlı fikirləri, məntiqi çıxışları ilə tamamilə qane etmişdir.

Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İntiqam Babayev iştirakçıları Konstitusiya günü münasibətilə təbrik edərək, Əsas Qanunun hazırlanmasında ulu öndər Heydər Əliyevin tarixi fəaliyyətini yüksək dəyərləndirmiş və söyləmişlər ki, dünyanın ən mütərəqqi sənədlərindən olan konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsi Azərbaycan dövlətinin demokratik ənənələrə sadiqliyini, vətəndaş cəmiyyətinə qovuşmaq istəyinin ifadəsidir.

Onlar müvəffəqiyyətlə başa çatmış olimpiadanın əhəmiyyətindən danışaraq bildirmişlər ki, yüksək səviyyədə keçirilmiş olimpiadaya qoşulan tələbə və şagirdlər ölkəmizin müstəqillik tarixini dərindən bildiklərini fəal nümayiş etdirmişlər.

Bu bilik yarışının tələbə və şagirdlərin həyatında mühüm rol oynadığını diqqətə çatdıran natiqlər əminliklə demişlər ki, olimpiada iştirakçıları arasından gələcəkdə ölkəmizə və dövlətimizə layiqli kadrlar yetişəcəkdir. Konstitusiya Məhkəməsi gənclərimizin maarifləndirilməsi, onların hüquqi biliklərə yiyələnmələri istiqamətində mühüm işlər görür. Bütün görülən işlər vətəndaş cəmiyyətinin qurulmasına və hüquqi dövlətin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Prezidenti tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi ölkəmizdə gənclərin hərtərəfli inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Sonra “Konstitusiya, şəxsiyyət və hüquqi dövlət” mövzusunda keçirilən olimpiadanın qalibləri mükafatlandırılmışlar. Birinci dərəcəli diploma Bakı Dövlət Universitetinin və Bakı şəhəri 214 nömrəli orta məktəbinin komandaları, 2-ci yerə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Universitetinin, Bakı şəhəri 239 və 284 nömrəli orta məktəblərin komandaları, 3-cü yerə isə Odlar Yurdu Universitetinin və paytaxtın 212 nömrəli məktəbin komandaları layiq görülmüşlər.

Bundan başqa, 6 orta məktəbə və Azərbaycan Universitetinə diplom, Bakı Dövlət Universitetinin bir tələbəsi və Bakının 214, 83, 284 və 156 nömrəli orta məktəblərini təmsil edən dörd şagird fərdi diplomlarla təltif olunmuşlar.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev mərasimə yekun vurmuş, qaliblərə müvəffəqiyyət arzulamışdır.