ANA SƏHİFƏ » 2008-11-11 12 Noyabr Konstitusiya günüdür Azərbaycan Respublikasinin Konstitusiyasi milli-mənəvi və bəşəri dəyərləri özündə birləşdirən ali hüquqi sənəddir

 


XX əsrin sonlarında tarixi əhəmiyyətinə görə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə müqayisə edilə biləcək əlamətdar hadisələrdən biri də ilk milli Konstitusiyanın qəbul olunmasıdır. 1995-ci ildə Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında məsuliyyətini anlayaraq ümumxalq səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin təşəbbüskarı ulu öndərimiz Heydər Əliyev olmuşdur. Ümummilli liderimizin birbaşa rəhbərliyi altında hazırlanaraq 13 il əvvəl qəbul olunmuş Konstitusiya bu gün sözün həqiqi mənasında Əsas Qanuna çevrilmiş, cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən geniş qanunvericilik və institusional islahatların mənbəyi kimi çıxış etmişdir.

Müasir cəmiyyətlərin həyatında vətəndaş, cəmiyyət və dövlət arasında mühüm ictimai münasibətləri tənzimləyən, ictimai quruluşun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini müəyyənləşdirən konstitusiyalar xüsusi yerə malikdir.

Konstitusiya özündə hüquqi və siyasi sistemin təməlini əks etdirir. Onun ən yüksək və ali hüquqi qüvvəyə malik olan normaları bütün hüquqi tənzimləmə sisteminin əsasında durur, qəbulu, xüsusən də davamlı olaraq reallaşdırılması ictimai münasibətlərin inkişafında sabitlik, müəyyənlik amili kimi çıxış edir. Başlıca təyinatı konstitusiya quruluşunun, insan hüquq və azadlıqlarının müdafiəsi olan bu ümummilli sənəd cəmiyyətin aparıcı institutlarının tanınması və hüquqi əsaslarının yaradılması kimi mühüm təsisedici funksiyaya malikdir. Qeyd olunan funksiyanı yerinə yetirməklə yanaşı, Konstitusiya dövlət hakimiyyəti orqanlarının və konstitusiya hüququnun digər vacib subyektlərinin hüquq və vəzifələrinin konkret siyahısını əks etdirir və bununla da onların Əsas Qanunun ümumi konsepsiyasına müvafiq fəaliyyətini istiqamətləndirmiş olur.

Konstitusiya cəmiyyətin və dövlətin inkişafının strateji məqsəd və vəzifələrini müəyyənləşdirir, hüquqi xarakterlə yanaşı siyasi aspektə də malik olmaqla siyasi proseslərə və siyasi münasibətlərə tənzimləyici təsir göstərən siyasi akt rolunu oynayır.

Milli strateji sənəd olan Konstitusiya dövlət hakimiyyətinin təşkilinin konseptual başlanğıcını müəyyən edir, insan hüquqları, siyasi plüralizm, mülkiyyət formalarının çoxnövlüyü və bərabərliyi, hakimiyyətin qanuni məhdudlaşdırılması və hamılıqla qəbul olunmuş digər demokratik dəyərləri özündə cəmləşdirir. Bu mənada Konstitusiya həm də ideoloji funksiyanı həyata keçirmiş olur. Lakin bu ideologiya totalitar rejimlərdə olduğu kimi, hər hansı qrupun və ya siyasi qüvvənin mövqelərinin qorunmasına deyil, ümumilikdə cəmiyyətin demokratik-hüquqi inkişafının təmin edilməsinə yönəlmiş olmalıdır.

Konstitusiyaların cəmiyyətdə çox mühüm birləşdirici funksiyaya malik olması da mühüm şərtlərdəndir. Xüsusilə də müasir dünyanın reallıqları milli Konstitusiyalar qarşısında siyasi radikalizmin cəmiyyəti qarşıduran tərəflərə bölən ən kəskin formaları ilə mübarizə aparmaq, dövlətin vahidliyini və bölünməzliyini təmin etmək, onun parçalanmasının qarşısını almağa hazır olmaq kimi vacib tələblər qoyur.

Azərbaycanın keçmiş Sovetlər İttifaqının tərkibində olduğu dövrlərdə bir neçə dəfə Konstitusiyası qəbul edilsə də, həmin sənədlər totalitar sistemin ümumi tələb və prinsiplərinə uyğun olduğu üçün xalqın iradəsini, milli maraqlarını əks etdirmir, insan hüquqları sahəsində beynəlxalq normaların tələblərini tam ehtiva etmirdi.

Ötən əsrin sonlarında postsovet məkanında və bütün dünyada baş verən irimiqyaslı sosial-siyasi dəyişikliklər, bu geosiyasi məkanda bir çox dövlətlərin, o cümlədən Azərbaycanın öz müstəqilliyini elan etməsi yeni dünya düzümünün ortaya çıxmasını şərtləndirməklə yanaşı, müstəqillik əldə etmiş ölkələr üçün də bir sıra vəzifələr yaratdı. Bu vəzifələr isə ilk növbədə hüquqi və siyasi sistemin hamılıqla qəbul edilmiş dəyərlər üzərində yenidən təşkili ilə bağlı idi.

Bu mənada 1991-ci ildə Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsindən sonra qarşıda duran həyati vacib məsələlərdən biri ölkənin gələcək inkişafının müasir dövrün tələblərinə uyğun əsas istiqamətlərinin müəyyən olunmasından ibarət idi. Bu isə öz növbəsində ölkənin idarə olunmasının təməl prinsiplərini, inkişaf strategiyasının konsepsiyasını əks etdirən Əsas Qanunun – Konstitusiyanın qəbulunu şərtləndirirdi. Hələ 1991-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ölkəni rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika elan etmiş, Azərbaycan xalqının öz idarəetmə formasını seçmək, başqa xalqlarla öz münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək hüququnu bəyan etmişdi. Buna baxmayaraq, Konstitusiya aktı bir növ keçid sənədi olduğu üçün Konstitusiyanı əvəz etmirdi, bir sıra vacib məsələlər öz konseptual həllini gözləyirdi.

Məlumdur ki, bir müddət bu mühüm addımın atılması mümkün olmadı. Müstəqilliyimizin ilk illəri göstərdi ki, doğrudan da əldə olunmuş istiqlaliyyəti qoruyub saxlamaq, inkişaf etdirmək, ən azı, onu əldə etmək qədər çətin və şərəfli vəzifədir. Hadisələrin inkişafı Konstitusiyanın qəbulu üçün zəruri olan ictimai mühit və siyasi sabitliyin, nəhayət xalqın mənafelərini əks etdirən siyasi iradənin mövcud olmadığını göstərirdi.

Məhz Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi sabitliyin əldə olunması, ölkənin bütövlüyünü təhdid edən radikal meyillərin qarşısının alınması nəticəsində Əsas Qanunun qəbuluna imkan verən zəruri mühit yaradıldı. 1994-cü ilin iyul ayında Milli Məclisin iclasında ölkə Prezidentinin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiyanın fəaliyyətə başlaması qərara alındı. Komissiya tərəfindən hazırlanmış layihənin cəmiyyətin ən müxtəlif təbəqələrinin iştirakı ilə ümumxalq müzakirəsi aparıldıqdan sonra 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Ulu öndər Heydər Əliyevin yeni Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin əməyi və misilsiz xidmətləri olmuşdur. Prezident Konstitusiya komissiyasının sonuncu iclasında bu mühüm məsələnin məsuliyyətini xüsusi vurğulayaraq demişdir: «Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm».

Beləliklə, yeni Konstitusiyanın qəbulu Azərbaycanın müstəqil dövlət kimi özünü təsdiq etməsi, dövlətçiliyin möhkəmləndirilməsi baxımından çox mühüm ictimai-siyasi hadisə oldu.

1995-ci il Konstitusiyasının əsasında hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi bəyan edilməsi, beynəlxalq hüququn milli qanunvericilik üzərində üstünlüyü kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideyalar dayanmışdır.

Öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi tanıyan Konstitusiya Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan etmişdir.

Əsas Qanun ənənəvi hüquqi dövlət ideyalarını özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə almış, onları özünəməxsus milli dəyərlər və artıq təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirmişdir.

Konstitusiyanın dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkilini müəyyən edən 7-ci maddəsi, həmçinin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət göstərməsi və öz səlahiyyətləri çərçivəsində müstəqil olması barəsində prinsipi də əks etdirir.

Milli Konstitusiya Azərbaycan Respublikası Prezidentinin icra hakimiyyətinin rəhbəri olması ilə yanaşı, onun dövlət başçısı kimi xüsusi statusunu da müəyyən edir. Belə ki, ölkə daxilində və xarici münasibətlərdə dövləti təmsil edən Azərbaycan Respublikasının Prezidenti, həmçinin xalqın vahidliyini təcəssüm etdirir, dövlətçiliyin varisliyini təmin edir, dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi çıxış edir.

Konstitusiyamızın ən mühüm nailiyyətlərindən biri isə şübhəsiz ki, insan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsi, Əsas Qanunun normalarında hamılıqla qəbul edilmiş insan hüquq və azadlıqlarının geniş təsbit olunmasıdır. Belə normalar bu və ya digər şəkildə, lakin tamamilə fərqli doktrinada ölkəmizdə qüvvədə olmuş əvvəlki konstitusiyalarda da əks edilirdi. Sadəcə olaraq, həmin əsas qanunlarda bu hüquqları vətəndaşlara dövlət verirdi. Yeni Konstitusiyanın əvvəlkilərdən əsas və prinsipial fərqi də məhz onda ilk növbədə, insan hüquq və azadlıqlarının prioritetinin, üstünlüyünün bəyan edilməsidir. Dövlətin mahiyyəti, ali məqsədi isə bu hüquqları tanımaqdan, müdafiə və təmin etməkdən ibarətdir - Konstitusiyanın 12-ci maddəsinin birinci hissəsinə uyğun olaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

Bu gün artıq insan hüquq və azadlıqlarının təmin edilməsi ayrı-ayrı dövlətlərin müstəsna daxili işi deyil, bütün beynəlxalq birliyin ümumi problemi kimi qəbul edilir. İnsan hüquqlarının qorunması probleminin beynəlxalq hüququn ümumi prinisplərindən biri kimi nəzərdən keçirilməsi də bu fikri bir daha təsdiq edir. Həqiqətən də, müasir dövrdə hər hansı dövlətin hüquq sistemini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən kənar təsəvvür etmək mümkün deyildir. Bu mənada, Konstitusiyamızın Azərbaycanda dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını, başqa dövlətlərlə münasibətlərinin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsipləri əsasında qurduğunu nəzərdə tutan müddəaları xüsusilə diqqətəlayiqdir. Bu müddəalar ölkəmizin dünya birliyinə inteqrasiyasına geniş imkanlar açır, eyni zamanda beynəlxalq hüquq normalarının, xüsusilə də insan hüquqlarına dair normaların ölkəmizdə maneəsiz tətbiqinə əlverişli şərait yaradır.

Konstitusiyada beynəlxalq hüququn milli qanunvericiliyə implementasiyası və birbaşa tətbiqi ilə bağlı çox mühüm və kifayət qədər mütərəqqi prinsiplər öz əksini tapmışdır. Əsas Qanun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri ölkənin hüquq sisteminin ayrılmaz tərkib hissəsi olaraq nəzərdən keçirir. Konstitusiya, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin (Konstitusiya və referendum yolu ilə qəbul edilən aktlar istisna olmaqla) ölkəmizin qanunvericilik sisteminə daxil olan aktlar üzərində üstünlüyünu tanıyır və belə bir mühüm göstərişi əks etdirir ki, onda sadalanan insan və vətəndaş hüquq və azadlıqları ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməlidir. Bu normalar belə deməyə əsas verir ki, Azərbaycan beynəlxalq hüquq normalarının tanınması məsələsində müstəsna olaraq monistik mövqedən çıxış edir və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarının milli məhkəmələrdə birbaşa tətbiqi üçün dövlətdaxili aktın qəbul edilməsi tələb olunmur.

Qeyd etmək lazımdır ki, insan hüquq və azadlıqlarının beynəlxalq müqavilələrə uyğun tətbiqi özündə bu hüquqların maneəsiz və hər hansı qanunsuz müdaxilələrdən kənar həyata keçirilməsini nəzərdə tutmaqla yanaşı, həm də demokratik cəmiyyətdə onlara qoyulan zəruri və qanunla nəzərdə tutulmuş məhdudiyyətləri də ehtiva edir. Başqa sözlə, müasir beynəlxalq hüquq insan hüquqlarının ölkənin milli maraqları naminə, digər şəxslərin hüquq və azadlıqlarının qorunması, əxlaq və mənəviyyatın mühafizəsi üçün qanuni və əsaslı məhdudlaşdırılmasını hüquqi dövlətin sabitliyinin ayrılmaz elementi kimi nəzərdən keçirir. Bu müasir yanaşma, Konstitusiyanın 24-cü maddəsində də dəqiq ifadə olunmuşdur. Belə ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olduğunu təsbit edən həmin maddə müəyyən edir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Yeri gəlmişkən, Konstitusiya Məhkəməsi də 2005-ci il 25 oktyabr tarixli qərarında bu mühüm məsələ ilə bağlı öz hüquqi mövqeyini ifadə etmişdir: «Yalnız tam, aydın və demokratik cəmiyyətdə zəruri məhdudiyyətlərin qanunla müəyyənləşdirilməsindən sonra insan hüquqlarının səmərəli reallaşdırılması mümkündür. Bu, həm də demokratik nailiyyətlərin qorunmasının əsas təminatıdır».

Bu baxımdan Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya uyğunlaşdırmaq məqsədi ilə qəbul edilmiş, Konstitusiyanın ayrılmaz hissəsi olan «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Konstitusiya Qanunu da mühüm əhəmiyyət kəsb edir. Konstitusiya Qanununda insan hüquq və azadlıqlarının həyata keçirilməsinin əsas şərtləri, məhdudlaşdırılması qadağan olunan insan hüquqları, insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər (yalnız hüquq və azadlıqların müdafiəsi məqsədi ilə qanunla nəzərdə tutulması, onların mahiyyətini dəyişməməsi, qanuni məqsədə yönəlməsi və məqsədə mütənasib olması və s.), habelə ayrı-ayrı konkret hüquqlarla bağlı beynəlxalq hüquqa uyğun məhdudiyyətlərin mümkünlüyü öz əksini tapmışdır.

1995-ci il Konstitusiyasının ideyasını təşkil edən əsas prinsiplərdən biri də mülkiyyətin toxunulmazlığı və heç bir növünə üstünlük verilməməsi konsepsiyasıdır. Dövlət mülkiyyətinin üstünlüyünə söykənən planlı iqtisadiyyatdan xüsusi mülkiyyətin aparıcı rola malik olduğu azad vətəndaş cəmiyyətinə keçid dövrünun təmin edilməsi baxımından bu konsepsiya müstəsna əhəmiyyətə malik olmuşdur və bu gün də uğurla inkişaf etdirilməkdədir.

Əsas Qanun, həmçinin sosial dövlət və humanizm prinsiplərindən çıxış edərək xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalmağı; mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərməyi, ölkənin təbiətini, xalqın tarixini, maddi və mənəvi irsini qorumağı dövlətin mühüm vəzifələri sırasına daxil edir.

Göründüyü kimi, Konstitusiyanın qəbulu Azərbaycan Respublikasında 1995-ci ildən başlamış və bu gün də uğurla davam etdirilən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün ali hüquqi baza yaratmışdır. Bu sənəd əsasında hüquqi və siyasi sistemdə genişmiqyaslı islahatlar aparılmış, ölkəmiz üçün yeni olan mühüm institutlar təsis edilmişdir. Ötən dövr ərzində birbaşa xalq tərəfindən seçilən, müasir dövlətçilik tələblərinə cavab verən parlament və prezidenlik institutu formalaşıb, Konstitusiya əsasında cəmiyyət və dövlət həyatının ən müxtəlif sahələrini əhatə edən yüzlərlə normativ hüquqi akt qəbul edilib, dövlət hakimiyyəti orqanlarının səmərəli fəaliyyətinin təşkili üçün onların təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ölkəmiz artıq onun qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan 300-ə yaxın çoxtərəfli beynəlxalq müqaviləyə tərəfdar çıxmışdır, xüsusilə diqqətəlayiqdir ki, bu sənədlərin böyük əksəriyyəti birbaşa və ya dolayısı ilə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır.

Dövlətin Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların təsirli mexanizmlər vasitəsilə təmin edilməsində maraqlı olduğu qeyd olunan qanunvericilik aktlarının, o cümlədən bir sıra konstitusiya qanunlarının qəbul edilməsi ilə bir daha təsdiqlənir. Onu da qeyd etmək lazımdır ki, ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv olması, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına tərəfdar çıxması və bununla İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıması da belə mexanizmlərin yaradılmasına təkan verən mühüm amillərdən olmuşdur.

1995-ci ildən sonra davamlı şəkildə həyata keçirilmiş məhkəmə-hüquq islahatları nəticəsində üçpilləli məhkəmə sistemi formalaşmış, məhkəmə hakimiyyətinin və ümumilikdə ədliyyə sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün ciddi islahatlar aparılmış, hakimlərin peşəkarlıq səviyyəsinin və müstəqilliyinin gücləndirilməsinə yönəlmiş konkret tədbirlər görülmüşdür.

Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) təsisatı, yerli özünüidarəetmə institutu – bələdiyyə orqanları yaradılmış və fəaliyyətə başlamışdır.

Konstitusiyanın sosial dövlət konsepsiyasına xidmət edən müddəalarının reallaşdırılması istiqamətində həyata keçirilmiş ən mühüm işlərdən biri də ölkənin iqisadi qüdrətinin getdikcə güclənməsi və xalqın rifahının yaxşılaşdırılması ilə bağlıdır. Ötən dövrdə xüsusi mülkiyyət institutu və ümumiyyətlə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı təminatlar inkişaf etdirilmiş, ölkədə bir neçə mərhələdə özəlləşdirmə prosesi həyata keçirilmişdir. Bütün bunların nəticəsində isə mülkiyyət münasibətləri subyektlərinin dairəsi xeyli genişlənmiş, mülki dövriyyə zənginləşmiş, yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüş, əhalinin xüsusi mülkiyyətinin həcmi və gəlirləri əhəmiyyətli dərəcədə artmışdır.

Mövcud inteqrasiya prosesləri və hüququn müasir inkişafı şəraitində Əsas Qanun heç bir dəyişikliklərə məruz qalmayan doqma ola bilməzdi. Bu ümumi proseslərin gedişində, eyni zamanda, Konstitusiyanın özünün də təkmilləşdirilməsi və tamamlanması kimi mühüm tədbirlər həyata keçirilmişdir. Həmin tədbirlər isə ilk növbədə məhz Konstitusiyanın özündə müəyyən edilmiş konsepsiyanın gerçəkləşdirilməsindən, Azərbaycan hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasından, ölkəmizin beynəlxalq birliyə inteqrasiyasından irəli gəlmişdir.

2002-ci il avqustun 24-də keçirilmiş referendumda qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktına uyğun olaraq, Konstitusiyaya bir sıra dəyişikliklər edilmişdir. Bu dəyişikliklər ilk növbədə, cəmiyyətimizin inkişafından doğan və Konstitusiyamızın, qanunlarımızın, bütövlükdə hüquq sistemimizin təkmilləşdirilməsinə, demokratikləşdirmə proseslərinin dərinləşdirilməsinə və insan hüquqlarının daha səmərəli müdafiə edilməsinə xidmət etmiş və Əsas Qanunun çox mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsi ilə nəticələnmişdir.

1995-ci il Konstitusiyasının ölkə hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də Azərbaycanda ilk dəfə konstitusiya nəzarəti orqanının – əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin hüquq və azadlıqlarını müdafiə etməkdən ibarət olan Konstitusiya Məhkəməsinin yaradılması və fəaliyyətə başlaması olmuşdur.

Bu il fəaliyyətə başlamasının on illik yubileyi təntənəli şəkildə qeyd olunmuş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyəti dövründə ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmiş, qəbul etdiyi qərarları ilə hər kəsin Konstitusiyamıza və qanunlara hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə, demokratiyanın və hüquqi mədəniyyətin inkişafına, konstitusionalizm ideyalarının həyata keçirilməsinə öz dəyərli töhfəsini vermişdir.

Konstitusiya Məhkəməsinin qanuni təyinatına müvafiq olaraq, Konstitusiyanın aliliyinin təmin edilməsi onun fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir. Məhkəmə həm norma nəzarəti, həm də Konstitusiyanın və qanunların rəsmi şərhi üzrə qəbul etdiyi qərarlarında konstitusionalizm ideyalarının inkişafına təkan verir, yeri gəldikcə konstitusiya normalarının Konstitusiyanın ümumi konsepsiyasına uyğun mənasını açır, həmçinin Əsas Qanuna uyğun olmayan qanunları və digər normativ hüquqi aktları qanunvericilik sistemindən çıxarır və ya onların konstitusiya hüquqi məzmununu şərh edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiya Məhkəməsinin 10 illik yubileyi münasibətilə Məhkəməyə ünvanladığı təbrik məktubunda onun ötən dövrdəki fəaliyyətinə qiymət verərək qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi qəbul etdiyi qərarlarla hüquq sisteminin inkişafına və hüquq mədəniyyətinin artırılmasına təsir göstərir, bütövlükdə dövlətin hüquqi əsaslarının gücləndirilməsində fəal iştirak edir.

Bu günədək Konstitusiya Məhkəməsinə konrket Konstitusiya normalarının rəsmi şərhi ilə bağlı iki sorğu daxil olmuş və həmin sorğular əsasında Konstitusiyanın 49-cu və 100-cü maddələrinə rəsmi şərh verilmişdir.

2003-cü il 1 avqust tarixli qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin «…başqa dövlətlər qarşısında öhdəliyi olmayan…» müddəasının hüquqi mənası vətəndaşın xarici dövlətlərlə bağlılığına və onlardan asılılığına səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərinin olmamasını ehtiva edir. Məhkəmə hesab etmişdir ki, belə öhdəliklər uzun müddət ərzində xaricdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. kimi, habelə siyasi hüquqi və bu cür öhdəliklər də ola bilər.

Konstitusiyanın 49-cu maddəsinin şərhinə dair 2005-ci il 21 oktyabr tarixli qərarında Konstitusiya Məhkəməsi Konstitusiyanın 12-ci maddəsinin II hissəsi, 24-cü maddəsinin II hissəsi, 71-ci maddəsinin II hissəsi, 72-ci maddəsinin II hissəsi, 155-ci maddəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Konstitusiya Qanununun 3-cü maddəsi və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsinin II hissəsinin müddəaları baxımından belə rəyə gəlmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığı hüququna demokratik cəmiyyətdə zəruri olan və qanunla müəyyən edilmiş məhdudiyyətlər qoyula bilər.

Məhkəmə fərdi şikayətlər üzrə qəbul etdiyi qərarlarında Konstitusiya normalarının məzmununun, xüsusən də hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatını təsbit edən 60-cı maddəsinin inkişaf etdirilməsi baxımından gərəkli hüquqi mövqelər formalaşdırmışdır.

Konstitusiya Məhkəməsi 2004-cü il 23 aprel tarixli qərarında 60-cı maddə ilə təminat verilən məhkəmə müdafiəsi hüququnun beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi qəbul olunduğunu qeyd etməklə həmin maddənin konstitusiya hüquqi məzmununu daha da zənginləşdirmişdir. Digər, 2004-cü il 24 may tarixli qərarda isə konkret məhkəmə icraatı növlərinə münasibətdə səhv məhkəmə aktına yenidən baxılması imkanının olmaması, şəxsin məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilmişdir. R.Aslanovun şikayəti üzrə 2004-cü il 26 iyul tarixli qərarda Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş təminatın mahiyyətinə toxunan Məhkəmə göstərmişdir ki, bu təminatın əsas mahiyyəti həm də ondan ibarətdir ki, işə baxan məhkəmə yalnız qanunla nəzərdə tutulan səlahiyyətlər çərçivəsində hərəkət etməlidir.

E.Əlizadə və digərlərinin şikayəti üzrə qəbul etdiyi qərarda Konstitusiyanın 58-ci maddəsinin məzmununa toxunan Məhkəmə, həmin maddədə təsbit olunmuş birləşmək hüququnun hər kəsin ictimai birlik yaratmaq, bu birliyə sərbəst daxil olmaq (və ya olmamaq) və ondan çıxmaq hüququnu özündə əks etdirməsi barədə mövqeyini ifadə etmişdir.

Konstitusiya Məhkəməsi 2004-cü il 20 sentyabr tarixli qərarında Konstitusiyanın 59-cu maddəsinin (azad sahibkarlıq hüququ) məzmunu ilə bağıl qeyd etmişdir ki, bu maddə hər bir fərdin iqtisadi fəaliyyətini sahibkarlıq sahəsində onun şəxsi azadlığının təzahürü kimi qəbul edir və iqtisadi fəaliyyət azadlığı prinsipini inkişaf etdirir.

Ümumiyyətlə, yuxarıda sadalanan və digər qərarlarında konkret məsələlərə dair Konstitusiyanın konsepsiyasından, məzmun və mahiyyətindən irəli gələn hüquqi mövqeyini ifadə etməklə Konstitusiya Məhkəməsi hüquq yaradıcılığı prosesində iştirak edir və hüquq tətbiqetmə təcrübəsinə müsbət təsir göstərir.

Bütövlükdə konstitusiya hüququnun inkişafına xidmət edən bu məsələlərdə Konstitusiya Məhkəməsinin üzərinə mühüm vəzifə düşür. Bu mənada, Konstitusiya normalarının şərhinə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində fəal tətbiq olunan şərhin təkamül prinsipindən yanaşılmalıdır. Məhz belə yanaşma əsasında Konstitusiya normaların statik məcmusu olmaqdan çıxır, konstitusion dəyər və prinsiplər zamanın tələbləri çərçivəsində şərh edilir. Bununla da Konstitusiya ictimai inkişafın mütəmadi ortaya çıxan yeni tələbatlarının qarşılanmasında canlı alət rolunu oynayır. Bu isə öz növbəsində ona cəmiyyətdəki yeniliklərə adekvat təsir imkanı verən xüsusi dinamizm qazandırır, Konstitusiyanın məzmunu daim yeniləşdirilir, bütövlükdə isə konstitusiya hüququ müasir cəmiyyətin sosial, siyasi, mənəvi və texnoloji təkamülü baxımından mütərəqqi inkişaf edir.

Sözsüz ki, Konstitusiyanın müddəalarının tam reallaşdırılması prosesi bu gün də davam etməkdədir, ümummilli liderimiz Heydər Əliyevin başladığı şərəfli missiya bu siyasi kursun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin Prezidentinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının ehtiva etdiyi mütərəqqi dəyərlərə sadiqlik, onların qorunub saxlanılması və inkişaf etdirilməsi üzərində qurulmuşdur. Oktyabrın 15-də dövlətimizin başçısı İlham Əliyevin böyük üstünlüklə növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi bir daha həyata keçirilən dövlətçilik kursuna xalqın etimadının və inamının yüksək ifadəsidir.

Fürsətdən istifadə edərək, bu əlamətdar bayram – Konstitusiya günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, xoşbəxt rifah və əmin-amanlıq diləyir, Konstitusiyanın müəyyənləşdirdiyi milli-mənəvi və bəşəri dəyərlərin reallaşdırılması işində uğurlar arzu edirəm.


Fərhad Abdullyev,

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri